"ABŞ və Avropa Birliyi Ankaranın siyasəti qarşısında pat vəziyyətə düşüb" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"ABŞ və Avropa Birliyi Ankaranın siyasəti qarşısında pat vəziyyətə düşüb" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"Vaşinqtonun Türkiyəyə qarşı sanksiya bəyanatları sabun köpüyüdür"

"Türkiyənin Suriyanın şimal-şərq hissəsində PKK-nın Suriya qolu olan YPG terror təşkilatına qarşı "Barış Pınarı" hərbi əməliyyatına qarşı Avropa Birliyinin etirazı əsasən Ankaranın regional gücdən qlobal siyasətə təsir edən bir ölkə statusuna malik olması narahatlıqlarından irəli gəlir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq hesab edir ki, artıq Türkiyə xarici siyasətində kifayət qədər müstəqil hərəkət edərək, öz milli təhlükəsizliyini və suverenliyini qorumaqda prinsipiallıq göstərir: "ABŞ və Avropa Birliyi ölkələri də məhz Ankaranın bu siyasəti qarşısında pat vəziyyətə düşüblər. Avropa İttifaqı və ABŞ Türkiyənin terror təşkilatına qarşı hərbi əməliyyatına görə narahat deyillər. Ankranın onlarla hesablaşmadığından narahatdırlar. Bundan əlavə, bu hərbi əməliyyatlarla Ərdoğanın siyasi nüfuzunun kifayət qədər yüksəlməsindən əndişəlidirlər. Çünki Ərdoğan Qərbin qarşısında Türkiyəni kifayət qədər müstəqil edib. Türkiyə 911 km Suriya sərhədini nəzarətə götürərək, öz geosiyasi maraqlarını kifayət qədər gücləndirəcək. Rusiya, İran və ABŞ-dan daha da artıq Ankara Suriyada hərbi əməliyyatlar aparmaqda haqlıdır. ABŞ Rusiya və İran sərhədləri olmayan uzaq bir Suriyada nə gəzir?! Vaşinqtonun Türkiyəyə qarşı sanksiya bəyanatları sabun köpüyüdür. ABŞ Suriyada nə axtarırsa, Ankara da Suriyada onu edir. Artıq Rusiya, İran kimi Ankara da Suriya məsələsində söz sahibidir".

Məhəmməd Əsədullazadənin fikrincə, bununla da Türkiyə böyük bir areala nəzarət etməklə kürd separatizminin və terrorizminin qarşısını almış oldu: "Bu əməliyyat həmçinin, Suriyanın ərazi bütövlüyünün qorunması deməkdir. Əgər Türkiyə bu əməliyyata başlamasaydı, burada YPG kvazi dövləti yaradılıb, Suriyanın və Türkiyənin ərazi bütövlüyünü təhdid edəcəkdi. Qeyd edim ki, bu əməliyyata YPG terrorçuları müqavimət göstərsə də nəticəsiz qalacaq. YPG terrorçularının Əsəd rejimi ilə danışıqlara gedib, Türkiyəyə qarşı ittifaq qurmaq təşkilifi Dəməşq tərəfindən qəbul edilməyəcək. Türkiyənin bu əməliyyatından sonra Moskvanın vasitəsiylə Əsəd rejimi ilə əlaqələri bərpa edilə bilər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org