"Cadunu pozmaq üçün ceyran dərisi alacaqdı" - Sabiq nazirlik əməkdaşının dələduzluq işi

"Cadunu pozmaq üçün ceyran dərisi alacaqdı" - Sabiq nazirlik əməkdaşının dələduzluq işi

Dələduzluqda və falçılıqda ittiham edilən sabiq nazirlik əməkdaşı hakim qarşısına çıxarılıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, İbrahim Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edib. Bir neçə vətəndaşdan işə düzəltmək adı ilə külli miqdarda pul alıb.

Amma İ.Bağırov elan olunmuş ittihamla özünü təqsirli bilmir. O deyir ki, zərərçəkmişlər onu şərləyib.

Prosesdə sərbəst ifadə verən İ.Bağırov FHN-də inspektor vəzifəsində işlədiyini deyib.

O bildirib ki, heç kimdən işə düzəltmək adı ilə pul almayıb.

İttihamda yazılan zərərçəkmiş Qaratel Əhmədovadan qızıl-zinət əşyaları alması epizodunda münasibət bildirən İ.Bağırov qeyd edib ki, həmin qadından qızılları saxlamaq üçün alıbmış. O bildirib ki, sonradan qızılları qadının ərinə qaytarıb.

Məhkəmə iclasında zərərçəkmiş Qaratel Əhmədova ifadə verib.

Zərərçəkmiş bildirib ki, İbrahimlə atasının il mərasimində tanış olub və münasibət də buradan yaranıb:

"İbrahim dedi ki, yaxşı işlərə adam düzəldir. Söhbət zamanı bizə cadu edildiyini dedi. Bizə falçılıq edirdi. Həmin ərəfədə biz qorxduq".

Zərərçəkmişin dediyinə görə, İ.Bağırov ceyran dərisi almaq, cadu pozmaq adı ilə ondan pul və qızıl əşyaları alıb: "İbrahimin qohumlarımla da münasibət yarandı. Qardaşıma və onun uşaqlarını da işə düzəldəcəyini demişdi. Hamısından da pul aldı. Deyirdi ki, bu gün-sabah işə çıxacaqsınız".

Hakim zərərçəkmişə sual verib ki, niyə ətrafında olan şəxslərə İbrahimin onları işə düzəldəcəyini deyib.

Q.Əhmədova bunu təsdiqləyib və qohumlarına İbrahimin onları işə düzəldəcəyini dediyini bildirib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı olan İ.Bağırov Qaratel Əhmədova və onun qohumlarına qarşı dələduzluq etməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.