“Park Azur”, “AAAF Park”, “Kristal Abşeron”... - Tikinti oliqarxlarının milyonları əllərindən çıxır

  • 2019-02-27 13:32:27
  • |
  • Ölkə /

“Park Azur”, “AAAF Park”, “Kristal Abşeron”... - Tikinti oliqarxlarının milyonları əllərindən çıxır

Ölkədə, xüsusilə paytaxt Bakıda yeni yaşayış binalarının tikintisi sürətlə davam edir.

Bu günə qədər də çox sayda yeni tikililər inşa edilib, istifadəyə verilib. Amma uzun zamandır ki, bir çox hündürmərtəbəli binalardan ev alan, yaşayan sakinlər mənzillərinə sənəd ala bilmirdi. Mənzillərə mülkiyyət haqqında çıxarış (“kupça”) verilmədiyi üçün vətəndaşlar halal mülklərinin real sahibi olmurdular. Mənzil Tikinti Koorperativləri (MTK) isə inşa etdikləri binaları satdıqdan sonra da binanın sahibi olaraq qalırlar və aylıq kommunal və digər ödənişlərin toplanmasından külli miqdarda gəlir əldə edirlər.Amma son olaraq prezidentin sərəncamı ilə bu cür problemlərin həlli istiqamətində irəliyə doğru addım atıldı.

Xatırladaq ki, Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanıb. Fərmanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir.

Prezidentin bundan öncəki sərəncamı isə MTK-ların binaların idarəçiliyindən çıxarılması haqqında idi. Belə ki, Prezident İlham Əliyevin 16 yanvar 2019-cu il tarixində imzaladığı Fərmanla İnzbati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, məcəllədə mənzil qanunvericiliyinin pozulmasına görə əlavə cərimələr tətbiq edilməsi nəzərdə tutulub. Belə ki, MTK-lar bir ay müddətində ləğv edilərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MMMC) çevrilməli və ya həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görməlidirlər. Əks halda, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 5000 manat cərimə ediləcək. Bunun üçün kooperativ binanın tikintisi tam başa çatmalı və həmin binada yaşayan sakinlərin 50%-dən çoxunun "kupçası" olmalıdır.

Amma bu məsələdə diqqətçəkən digər məqamlar da var. Məsələn, artıq tikinti bazarında tanınan böyük şirkətlər var ki, onlar həm bina tikirlər, həm satırlar, həm də həmin binaları bir növ şirkət kimi işlədirlər. “Park Azur”, “YENİ HAYAT”, “AAAF Park”, “Kristal Abşeron”, “Melisa Park”, “AF Mall”, “Grand Hayat” və digər şirkətlər bu qəbildən olan biznes sahibləridir. Məlumdur ki, bu cür şirkətlər sadə iş adamlarının deyil. Bu cür şirkətlər ya birbaşa oliqarx məmurlara məxsusdur, ya da onların nəzarətində fəaliyyət göstərirlər. Bu şirkətlərin şəhərin müxtəlif yerlərində binaları var və bu gün də həmin binalar məhz bu şirkətlər tərəfindən idarə olunur. MTK-ların ləğv olunması və idarəetmənin sakinlərə verilməsi ilə bağlı prezidentin sərəncamından sonra bu şirkətlərin taleyi necə olacaq?

Məsələn, “AAAF Park” yaşayış kompleksi uzun zamandır fəaliyyət göstərir, lakin hələ də sakinlərə satılan mənzillərin “kupça”sı yoxdur. Bununla yanaşı, həmin yaşayış kompleksilə bağlı mütəmadi olaraq kifayət qədər şikayətlər səslənir. Sözügedən şirkətlərin inşa etdikləri yaşayış komplekslərində yaradılan istirahət mərkəzləri, oyun parkları, restoranlar və digər iaşə obyektləri də məhz həmin koorperativlərin idarəsindədir. Ekspertlər iddia edir ki, tikinti şirkətləri inşa etdikləri bir binadan orta hesabla hər ay 10 min manat gəlir əldə edirlər. Burada söhbət ancaq yaşayış üçün nəzərdə tutulan binalardan gedir. “Park Azur”, “YENİ HAYAT”, “AAAF Park”, “AF Mall”, “Grand Hayat” kimi komplekslərdə bu məbləğ daha çoxdur. Əslində, tikinti şirkətləri məhz bu gəlirə görə tikintidən sonra da binaların idarəedicisi kimi özləri qalmaqda maraqlıdır.

Onlar aylıq minlərlə manat təmiz gəlirdən imtina etməkdə maraqlı deyillər. Amma ölkə başçısının son sərəncamında bütün məsələlər konkret olaraq göstərilib. Doğrudur, müəyyən olunan 2-5 min manat civarında cərimələr tikinti şirkətləri üçün ciddi rəqəm hesab oluna bilməz.

Ekspertlər də hesab edir ki, 2-5 min manat cərimə milyonlarla manatlıq binanın idarəedicisi üçün çox cüzi məbləğdir. Bu tip cərimələrlə böyük tikinti şirkətlərini binalardan qoparmaq çətin olacaq./Cebhe.info/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA