Paşinyan Davos görüşünün detallarını NİYƏ GİZLƏYİR?

Paşinyan Davos görüşünün detallarını NİYƏ GİZLƏYİR?

İlqar Vəlizadə: “Paşinyan qorxur ki, detallar açıqlansa, Ermənistanda vəziyyət qarışar”

Son günlər Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyan Davos görüşü Azərbaycanın işğal olunmuş rayonlarımızın və Dağlıq Qarabağın qaytarılması məsələsini gündəmə gətirib. Buna baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan “feysbukda”da canlı yayımda Azərbaycan prezidenti İlham Əliyevlə Davosdakı 1,5 saatlıq görüşünü şərh edərək deyib ki, prezident İlham Əliyevlə görüş və müzakirələr danışıqlar prosesinin rəsmi başlanğıcı, rəsmi mərhələsi demək deyil: “Davosda forum təşkilatçıları bizim ikimizin də orada olduğunu görüb “Görüş təşkil olunmasına qarşı deyilsiniz ki?” deyə soruşdular. Biz də qarşı olmadığımızı dedik. Görüşümüz hər ikimizin razılığı əsasında baş tutdu. Biz əgər eyni yerdə oluruqsa, görüşməkdən çəkinmirik”.

Paşinyan onu da qeyd edib ki, indiyədək olan 3 görüşdə danışıqlar prosesinin tarixini müzakirə ediblər: “Əlbəttə, tənzimlənmə prosesinin şərtləri və imkanları haqda da danışırıq. Konkret detal haqda isə müzakirə aparmırıq. Sadəcə fikirlərimizi bölüşürük. Bu isə fikir mübadiləsi və danışıqlar prosesinin qarşılıqlı anlayış şəraitində aparılması imkanı deməkdir”.

Əslində, N.Paşinyan “tənzimlənmə prosesinin şərtləri və imkanları haqda da danışırıq, konkret detal haqda isə müzakirə aparmırıq” dedikdə erməni xalqından ehtiyat etdiyi aydın olur. Çünki Davosada prezident Əliyevlə görüşdən sonra 7 rayonun qaytarlması məsələsi həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində ciddi müzakirə olunur. Hətta Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib ki, Qarabağla bağlı sülh danışıqları prosesi Azərbaycanın ssenarisi əsasında aparılır: “Əgər hər şey bu cür getsə, Nikol Paşinyan hətta Serj Sərkisyanın imtina etdiyi variantı da əldə edə bilməyəcək. Aparılan danışıqlar əslində sülh haqqında razılaşma deyil, sadəcə, dəfələrlə bəhs edilən qətnamədir. Yəni ərazi qarşılığında status yox, təhlükəsizlikdən bəhs edilir. Təhlükəsizliyin necə olmasından asılı olmayaraq, bu, hər bir halda status deyil. Bir sözlə, bu, problemin siyasi həlli deyil. Onlar indi, ən azından, həmsədrlər ciddi şəkildə razılaşmanın mətni üzərində çalışır”.

“1997-ci ildəki mərhələli həll yekun həll variantı deyil, amma bu variantın fəlsəfəsi, onun bir sıra elementləri dəyişdirilə bilər. Fəlsəfə status-kvonun dəyişdirilməsidir. Hansısa rayonlar Azərbaycana status əsasında yox, yalnız təhlükəsizlik qarşılığında veriləcək”,- deyə o bildirib.

Erməniyönlü rus politoloq Stanislav Tarasov isə deyib ki, son aylar gedən proses, bir neçə saat davam edən görüşlər göstərir ki, ciddi müzakirələr aparılır və konkret layihə üzərində “bazarlıq” gedir, bu layihə danışıqlar masasındadır:“İlham Əliyev sevincli görünür, Paşinyan isə məzlumdur. Paşinyan dəfələrlə Qarabağın danışıqlarda tərəf kimi göstərilməsindən danışıb, ancaq bunun üçün heç bir addım atılmayıb. Bu, o deməkdir ki, İlham Əliyev hazırkı mərhələdə qələbə qazanır. Onlar hazırda etibar mexanizmlərindən danışırlar”.

“İstənilən ciddi, savadlı konfliktoloq bunu sizin üçün aydınlaşdıra bilər, hətta Beynəlxalq Münasibətlər fakültəsinin ikinci kurs tələbəsi sizə deyə bilər ki, münaqişələrin həlli prosesində tərəflər etibar mexanizmlərinin hazırlanmasından danışmağa başlayırlar, sülhdən yalnız müəyyən mərhələdə, daha doğrusu, üçüncü və ya dördüncü mərhələdə danışırlar. İndi onlar üçüncü, dördüncü mərhələdən danışırlar, birinci mərhələni isə aydınlatmırlar. Qarabağsız münaqişənin həll edilməyəcəyini düşünən erməni politoloqlar və romantik ekspertlər görməlidir ki, bu, mümkündür”,- deyə o bildirib.

Tarasov hətta iyun ayında Paşinyanla Əliyevin razılaşma imzalayacağını və bir neçə işğal edilmiş rayonun Azərbaycana qaytarılacağını vurğulayıb. Ekspertin sözlərinə görə, bundan sonra Ermənistan-Türkiyə protokolları Türkiyə parlamentinə qaytarılacaq və sənəd ratifikasiya ediləcək, diplomatik əlaqələr qurulacaq. Onun sözlərinə görə, İrəvan Azərbaycana torpaqların qaytarılmasından bəhs etməsəydi, Əliyev heç vaxt Paşinyanla söhbət etməzdi.

“Paşinyan qorxur ki, Qarabağ klanı Qarabağda aktivləşər”

Картинки по запросу İlqar Vəlizadə

Nikol Paşinyanın Davos görüşündən sonrakı açıqlamasını şərh edən politoloq İlqar Vəlizadə “Hürriyyət”ə dedi ki, Ermənistanın baş nazirini müəyyən dərəcədə anlamaq olar: “O, qorxur ki, detallar açıqlansa, Ermənistanda vəziyyət qarışar, müxalifət müəyyən platfaorma qazanar ki, ona qarşı çıxışlar mütəşkkil şəkildə aparılsın. Həm də qorxur ki, Qarabağ klanı Qarabağda aktivləşər. Ona görə də danışıqlarda məxfiçilik var, açıqlamaq istəmir. Amma özü də deyirsə ki, müəyyən şərtləri danışırıq. Şərtlər nə ola bilər? Şərtlər odur ki, siz bunu etsəniz, biz də bunu etməyə hazırıq. Bu ifadəni bu cür qəbul etmək olar. Tutaq ki, bizim əhalinin təhlükəsizliyini təmin edə bilərsinizsə, biz 5 rayondan qoşunları geri çəkə bilərik. Bax, bu, şərtdir, detallardır. Sadəcə olaraq, danışıqlarda kimsə bunu şərt, kimsə də detal hesab edir. Amma mahiyyət etibarilə eynidir”.

“Şahnazaryan və keçmiş Respubulika Partiyasının digər rəsmiləri 20 ildir öz xalqını aldadıb”

“Doğurdanmı, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryanın qeyd etdiyi kimi, Qarabağla bağlı sülh danışıqları prosesi Azərbaycanın, İlham Əliyevin ssenarisi əsasında aparılır” sualına İ. Vəlizadə belə cavab verdi: “Danışıqlar prosesində Azərbaycanın torpaqlarının qayıtması məsələsi bu və ya digər şəkildə öz əksini tapıb və indiki görüşlər bu və ya digər şəkildə məsələnin müzakirəsini nəzərdə tutur, onda onlara elə rahatdırsa, biz belə də deyə bilərik ki, şərti olaraq Əliyevin ssenarisi üzərində aparılıb. Amma əslində, Şahnazaryan və keçmiş Respubulika partiyasının digər rəsmiləri 20 ildir öz xalqını aldadıb. Ona görə, aldadıblar ki, həqiqəti heç vaxt deməyiblər. Həqiqət də bundan ibarətdir ki, Sərkisyan, hətta keçmiş xarici işlər naziri Edvard Nalbandyan özü belə Azərbaycan həmkarları ilə danışıqlar aparanda bu məsələni müzakirə ediblər. Lukaşenko keçən ilin sonlarında açıq demişdi ki, təklif var, 5 rayonu qaytarmalısınız, sonra Ermənistan ətrafı yollar açılmalıdır. Ancaq rus nümayəndləri heç vaxt deməyiblər ki, müzakirə olunan məsələlərin içində bu rayonların qaytarılması tələbi də var. Lakin Amerika həmsədrləri, Orlik, ondan sonrakılar ara-sıra belə ifadələr səsləndirirdilər. Hətta Amerikanın axırıncı səfiri İrəvanda demişdi ki, mən başa düşə bilmirəm ki, Ermənistan cəmiyyəti 5 rayonun, yaxud Azərbaycanın neçə rayonunun qaytarılmasını eşitmək belə istəmir. Çünki bu danışıqlar predmetidir. Necə indiyə qədər cəmiyyətin bundan xəbəri yoxdur. Belə bəyanatlarla çıxış etmişdi. Bu, o deməkdir ki, bu insanlar, Şahnazaryan və digərləri xalqı aldadırlar. Amma indiki hakimiyyət özünü daha realist aparmağa çalışır. Bu, həm daxili, həm də xarici siyasətdə özünü göstərir. Daxili siyasətdə artıq o senzuralar ləğv olunub. Bu və digər şəkildə Qarabağ prosesinin tənzimlənməsinə təsir göstərir. Çünki onlar dərk edirlər ki, tezi-geci bu məsələ açılacaq. Görürsünüz, son vaxtlar hətta rəsmi səviyyədə cəmiyyətləri sülhə hazırlamaqla bağlı çağırışlar edilir. Bu, onu göstərir ki, tərəflər o dərcədə bu məsələyə yaxınlaşıblar ki, artıq bu barədə danışmaq olar. Sülhə nə vaxt insanları hazırlaşdırmaq olar, o vaxtkı qarşıdurmadan tərəflər artıq dislokasiya fazasına gəlib çıxırlar. Prezidentlər, xarici işlər nazirləri deməli, dislokasiya fazadan danışırlar. Diskolasiya fazası o vaxt mümkündür ki, tərəflər predmetli şəkildə bu məsələni müzakirə edirlər. Yəni konfliktin çözülməsi ilə bağlı söhbətlər aparılır. Konfliktə hansı məsələlər səbəb olub? Azərbaycan torpaqlarının zəbt olunması, Dağlıq Qarabağın Azərbaycandan güclə alnması məsələsi. Bu olmasaydı, konflikt də olmazdı. Deməli, dislokasiya konfliktin həll olunması məsələsidir və tərəflər tədricən onun həllinə yaxınlaşırlar”.

“Tarasov köhnə provakatordur”

Rus politoloq Tarasovun açıqlamasına gəlincə, İ. Vəlizadə vurğuladı ki, o, köhnə provakatordur: “Tarasov bu ifadələrlə bir şey istəyir. Ermənistan cəmiyyətində hansısa bir xof yaratmağa çalışır. Çünki anti-Azərbaycan yazılarına görə o, Ermənistan oxucularının rəğbətini qazanıb. Əslində, bunu Tarasov deməməlidir, Ermənistan rəsmiləri belə qərar verməlidirlər. Tarasov heç vaxt bilə bilməz ki, bu razılşama iyunda, yaxud mayda olacaq, yaxud da heç olmayacaq. İş orasındadır ki, təcrübə göstərir ki, tərəflər hər zaman məsələlərin həllinə yaxın olanda müəyyən destruktiv proseslər yaranırdı və tərəflərin razılaşması pozulurdu. Bu dəfələrlə olub və daha çox Ermənistan tərəfindən olub. Yəni orada ya parlamenti güllələyirdilər, ya da dövlət çevrilişi cəhdləri olurdu v.s. Ona görə, onların keçmiş hakimiyyəti həmişə qorxurdu. İndi Tarasov bunu deməklə cəmiyyəti hazırlayır ki, cəmiyyətdə bu cür fikirlərə anti-reaksiya olsun. Yəni bunlar desinlər ki, amandır bizim “torpaqlarımız” verilir və biz nəsə etməliyik. Bunu bir təzyiq forması kimi qəbul etmək olar”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA