“Paşinyanı ölkədən didərgin salacaqlar” – Yaqub Məmmədovla müsahibə

“Paşinyanı ölkədən didərgin salacaqlar” – Yaqub Məmmədovla müsahibə

Azərbaycan Ali Sovetinin sabiq sədri, professor Yaqub Məmmədovla müsahibəni təqdim edirik:

- Yaqub müəllim, hazırda Rusiya ilə Ukrayna arasında ciddi qarşıdurma müşahidə olunur. Ruslar Ukrayna ilə sərhəddə hərbi texnika cəmləşdirib. Bu vəziyyəti necə qiymətləndirirsiniz?

- Mən baş verən hadisəni çox mənfi hal kimi qiymətləndirirəm. Bu, əsla yaxşı bir proses deyil. Rusiya və Ukrayna iki qardaş dövlət və xalq olub. İndi bu qardaş xalqları bir-birilə qarşılaşdırıb düşmən edirlər. Ruslar və ukraynalılar tarix boyu birgə yaşayıblar, birgə dövlətləri olub, hər sahədə əməkdaşlıq və dostluq ediblər. İndi isə müəyyən xarici qüvvələr bu işləri qaynadır, dost xalqları bir-birinə qarşı qoyurlar. Məsələnin görünən tərəfi Azov dənizindəki qarşıdurmadır. Ancaq dərin qatlarda bu xalqları bir-birinə ömürlük düşmən etmək niyyəti və məqsədi var. Biz bu halları pisləyirik.

- Sizə görə, bu qarşıdurmadan qalib kim çıxacaq?

- Mən, belə bir qarşıdurmanın baş verdiyinə təəssüf edirəm. İkincisi, hesab edirəm ki, bu qarşıdurmadan qalib çıxan tərəf olmayacaq. Zənnimcə, müəyyən vaxt keçdikdən sonra ruslar və ukraynalılar yenidən yaxınlaşacaq və qardaşlaşacaq. Sadəcə olaraq, siyasətçilər ancaq öz maraqları haqqında deyil, xalqlar haqqında da düşünməlidirlər. Təəssüflər olsun ki, indi belə siyasətçilər çox azdır. Nə vaxtsa hər iki tərəf qarşıdurmanın heç bir xalqa müsbət təsiri olmayacağından nəticə çıxaracaq.

- Siz, bu qarşıdurmada kimi daha çox haqlı hesab edirsiniz?

- Əslində həm Rusiyanın, həm də Ukraynanın bu qarşıdurmada günahı və haqlı olduğu tərəflər var. Belə münaqişələr birtərəfli olmur. Bununla yanaşı hesab edirəm ki, Ukrayna tərəfi daha çox günahkardır.

- Niyə?

- Əgər, bu qarşıdurmanı yaratmaq ukraynalıların, bu xalqın qərarı olsaydı, bu başqa məsələ. Ancaq iş ondadır ki, qarşıdurmanı yaratmaq, onu inkişaf etdirmək sadə xalqın deyil, siyasətçilərin əməlləridir. Siyasət və vəzifə həvəskarları, başqa maraqların arxasınca gedənlər qarşıdurmanı yaradır və inkişaf etdirirlər. Onların da nə rus, nə də Ukrayna xalqına müsbət təsiri olmayacaq. Yalnız ziyanı olacaq.

- Bu qarşıdurmanın nəticəsi olaraq Ukraynanın Rusiya təsirindən tam çıxaraq Avropaya doğru getməsi baş verə bilərmi?

- Yaxın perspektiv üçün Ukrayna Rusiyadan tam ayrıla bilər, amma uzaq perspektivdə bu iki xalqlar yenidən bir yerdə olacaq. Mən, bu xalqların tarixi kökləri, adət-ənənələrini, əsirlər boyu birgə fəaliyyətlərini nəzərə alaraq bunu deyirəm. Həmişə bu xalqlar birgə olublar və dövlətləri də bir olub. İndi qarşıdurmalar, kəskin münasibətlər, hətta bəzən silahların danışması kimi hallar olsa da, zamanla bu xalqların dostlaşma prosesi müşahidə olunacaq.

- Ermənistanda Paşinyanla bağlı başlayan prosesi necə qiymətləndirirsiniz?

- Bu da, təxminən Ukrayna-Rusiya məsələsi kimidir. Ermənistanda gec-tez belə bir hadisə olmalı idi və nəhayət oldu. Ancaq birmənalı demək olmaz ki, bütün erməni xalqı müharibənin tərəfdarıdır, qəddardır, başqa millətlərə qarşı amansızdır və s. Əlbəttə, ermənilərin içərisində qeyri-sağlam qüvvələrlə yanaşı sağlam qüvvələr də var. Orada gec-tez partlayış olmalı idi. Fikrimcə, orada gərginlik bir müddət davam edəcək, sonda ağıllı insanlar başa düşəcək ki, qonşu dövlətlərlə və xalqlarla düşmənçilik etmək olmaz. Çünki bunun perspektivi yoxdur.

- Paşinyanın erməni cəmiyyətini düzəldəcəyi, bu ölkəyə demokratiya gətirəcəyi haqda fikirlərə münasibətiniz necədir?

- Mən hesab etmirəm ki, Paşinyan Saakaşvili kimi siyasi xadim olacaq. Amma düşünürəm ki, Saakaşvilinin başına gələnlər Paşinyanın da başına gələcək.

- Devriləcək?

- Bəli, geci-tezi var. Bir qədər zaman lazımdır ki, bu məsələlər öz həllini tapsın. Saakaşvilinin başına oyun açdılar, onu Gürcüstandan didərgin saldılar. Böyük ehtimalla Paşinyanın da taleyi elə olacaq. Əgər, Paşinyan o yolla getsə, ağıllı siyasət yürütməsə, taleyi pis olacaq.

- “Ağıllı siyasət” deyəndə nəyi nəzərdə tutursunuz?

- Milli maraqların tələbinə uyğun siyasət aparsa, qonşu dövlətlərlə sağlam dostluq-qardaşlıq münasibəti yarada bilsə, hakimiyyətinə davam edəcək. Yox, əgər xarici qüvvələrin dəstəyi ilə qonşularla müharibə, qarşıdurma və düşmənçilik siyasəti aparsa, sonu olmayacaq.

- Qarabağ münaqişəsinin həlli baxımından Paşinyandan hansısa gözləntilər ola bilərmi?

- Mənim ondan müsbət bir gözləntim yoxdur. Düzdür, bu adam Sərkisyan və Köçəryan kimi müharibədə iştirak etməyib. Amma iş ondadır ki, münaqişənin taleyini bir adam həll etmir. Bu prosesdə müəyyən qüvvələr, dairələr, xaricdə oturanlar, prosesi idarə edənlər var. Bu mənada Paşinyandan müsbət heç nə gözləmirəm. Qarabağ münaqişəsi təkcə Ermənistanda oturanlardan asılı deyil. Bu münaqişəni yaradan qüvvələr və bu gün də onu idarə edib saxlayanlar var.

- Hazırda şimal qonşumuza qarşı ciddi sanksiyalar tətbiq olunur, Rusiya faktiki olaraq beynəlxalq izolyasiya həddinə yaxınlaşır. Sizcə, bu yolla Rusiyanı zəiflətmək və sıradan çıxarmaq mümkün ola bilərmi?

- Bu sanksiyalar ola bilsin ki, Rusiya üçün zərbə və itki olacaq. Ancaq tarixi təcrübə göstərir ki, rus xalqı belə hadisələri çox görüb və bu kimi hallara öyrəşib. Fikrimcə, sanksiyalarla rus xalqını dizi üstə çökdürmək mümkün olmayacaq və tarix boyu da olmayıb.

- Ancaq Rusiya da sakit dayanmır, Suriyada müharibə aparır, Əfqanıstanda, Ukraynaya əzələ nümayişi etdirir, MDB-də mövcud olan münaqişələri idarə edir. Bu baxımdan Rusiyanı dayandırmaq üçün nə etmək lazımdır?

- İndi niyə təkcə Rusiya haqqında danışılır? Bəyəm qeyd etdiyiniz münaqişələri yaradan təkcə Rusiyadırmı? Axı başqa qüvvələr də var, başqa maraqlar da toqquşur. Heç soruşan yoxdur ki, Amerika sənin Yaxın Şərqdə nə işin var, müsəlman ölkəsini niyə qaynadırsan? Yəni demək istəyirəm ki, bütün bu məsələlər birtərəfli deyil, ikitərəflidir. Bu mənada təkcə bir tərəfi günahlandırmaq doğru deyil. Axı digər tərəf də öz maraqlarını təmin etmək üçün oyun oynayır.

- Siz hesab edirsiniz ki, Rusiya sanksiyalar burulğanından çıxacaq?

- Bəli, hesab edirəm ki, ruslar bu mərhələni adlaya biləcəklər. Rusiyanın böyük imkanları, təbii sərvətləri var. Rus xalqının yaşayış tərzinə baxanda məlum olur ki, elə də böyük tələbatı yoxdur.

- Cənub qonşumuz İran da sərt sanksiyalar təsirinə düşüb. İranın gələcəyini necə görürsünüz?

- 1979-cu ildə İranda inqilab baş verdikdən sonra, demək olar ki, bu ölkə sanksiyalar altında yaşamalı olub. Ancaq İranı da diz üstə çökdürə bilmədilər. Əvəzində İran özünün milli iqtisadiyyatını qura və inkişaf etdirə bildi. Bir sözlə, İran ona qarşı tətbiq edilən embarqolara rəğmən, yaşaya bilib. Nəzərə almaq lazımdır ki, İranın böyük tarixi, dövlətçilik ənənəsi, yaşayış tərzi var. Fikrimcə, belə də davam edəcək. İndi iqtisadi sanksiyalar qəbul edirlər. Ancaq İran da bu durumdan çıxa bilər.

- İrana qarşı hərbi güc faktorundan istifadə oluna bilərmi?

- Mən bunun baş verəcəyinə inanmıram. Çünki hərbi gücün tətbiqi qlobal müharibəyə gətirib çıxara bilər. Ağıllı və təcrübəli siyasətçi İrana qarşı hərbi gücdən istifadə etmək fikrinə düşə bilməz.

- Niyə dünyada nizam-intizam belə kobud şəkildə pozulub, BMT kimi mötəbər qurum faktiki olaraq hadisələri idarə etmək əvəzinə, baş verənlərin arxasınca sürünür?

- Bilirsinizmi, bu heç də ürəkaçan bir mənzərə deyil. Əslində tarixən dünya bu kimi vəziyyətlərdən keçərək, bu günə qədər gəlib çıxıb. Hesab edirəm ki, indi dünyada müşahidə olunan qarışıqlıq zamanla düzələcək, bunun həlli yolları ortaya qoyulacaq. İndi elə zaman yetişib ki, dünyada yeni düzən qurulmalı, müasir əlaqələr yaranmalıdır. Dünyanın hər yerində maraqlar toqquşur. Bu maraqları təmin etmək üçün yəqin ki, sülh yaranmalı, nəsə olmalıdır. Mənə elə gəlir ki, dünyada müşahidə etdiyimiz qarmaqarışıq vəziyyət müvəqqətidir və gec-tez öz həllini tapacaq. \\Teleqraf.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA