“Paşinyanı öz ərazimizdə həbs etmək və ya öldürmək Azərbaycanın haqqıdır” - Əlövsət Allahverdiyev

“Paşinyanı öz ərazimizdə həbs etmək və ya öldürmək Azərbaycanın haqqıdır” - Əlövsət Allahverdiyev

Əlövsət Allahverdiyev: “Birbaşa beynəlxalq hüquq normalarına ziddir”

Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirməsi və Dağlıq Qarabağda hərbi xidmət keçən oğlu ilə fotosunu paylaşması Azərbaycan tərəfin ciddi etirazına səbəb olub. Torpaqlarımızda erməni nazirin öz əraziləri kimi hərəkət etməsi yönündə ən müxtəlif müzakirələr açılıb.

Azərbaycan tərəfin buna dərhal sərt reaksiya verməsi barədə çağırışlar durmadan artır. Hətta Paşinyanı Xankəndində əsir götürmək və ya olduğu yerə zərbələr endirməklə bağlı da tələblər getdikcə çoxalır. Beynəlxalq hüququn buna icazə verib-vermədiyi yönündə ciddi suallar yaranıb.

Hurriyyet.org bildirir ki, beynəlxalq hüquq üzrə mütəxəssis Əlövsət Allahverdiyev “Yeni Müsavat”a açıqlamasında məsələyə bu cür şərh verdi: “Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycan ərazisinə icazəsiz səfəri və burada iclas keçirməsi beynəlxalq səviyyədə qınağa çevrilməli və bununla bağlı tədbir görülməlidir. Burada “icazəsiz” ifadəsi bir qədər qəribə səslənir, yəni ərazimiz işğal olunubsa hər hansı icazədən yox, zorakılıqdan söhbət gedə bilər. Paşinyanın Azərbaycanın işğal olunmuş ərazisinə gəlməsi və Xankəndində iclas keçirməsi, bunu dünyaya nümayiş etdirməsi birbaşa beynəlxalq hüquq normalarına ziddir. Bu, həm də ATƏT və digər beynəlxalq təşkilatların münaqişənin sülh və dinc yolla həlli təklifini alt-üst edir. İkincisi, bu addım Ermənistanın özünü çətin duruma salır. Həmişə Ermənistan iddia edirdi ki, Dağlıq Qarabağla bağlı məsələdə Ermənistan tərəf deyil, tərəf kimi qondarma respublikanı göstərirdilər. Sual yaranır, əgər münaqişənin Ermənistana aidiyyəti yoxdursa, bu gün Ermənistan baş nazirinin Dağlıq Qarabağda nə işi var və nə üçün orada Təhlükəsizlik Şurasının iclasını keçirir? Bu sadəcə həm də güc tətbiqinin bir formasıdır. Qaldı ki, Azərbaycan öz ərazisində olan Paşinyanı həbs etməsi və ya öldürməsi məsələsinə, sadəcə bizim ölkə münaqişənin alovlanmamasına görə bu addımı atmaq niyyətində deyil, amma istəyərsə bu, onun haqqıdır, beynəlxalq hüququn güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinə uyğun olaraq özünümüdafiə tədbiridir. Sadəcə biz beynəlxalq birliyin bu məsələyə reaksiyasını gözləyirik. Hesab edirəm ki, bunun da bir nəticəsi olmayacaq. Beynəlxalq birlik də bu günə qədər nə addım atıb ki, bundan sonra da ondan nə gözləyək.

Bu problemlə məşğul olan ATƏT və digər beynəlxalq təşkilatlar dərhal Paşinyanın bu səfərinə münasibət bildirməli və pisləməlidir. Bilirsiz, bu səfər zamanı beynəlxalq hüququn həm də ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri pozulmuş olur. Hüquqi müstəvidə məsələnin mübahisələndirilməsinə gəldikdə isə hesab edirəm ki, bu beynəlxalq səviyyədən daha çox Azərbaycanın qanunları ilə tənzimlənməlidir. Söhbət Azərbaycan ərazisindən getdiyi üçün və dövlətlər də Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün məhz bu məsələyə öncə Azərbaycan hüquq mühafizə orqanlarında baxılmalı və qiymətləndirilməlidir. Beynəlxalq hüquqa görə dövlət öz ərazisində ərazi başçılığı prinsipinə malikdir. Bu baxımdan Paşinyan və onun tərəfdarları bizim qanunlar çərçivəsində məsuliyyətə cəlb olunmalıdırlar”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA