Paşınyanın İran səfəri hansı gerçəkləri ORTAYA ÇIXARDI? - TƏHLİL

Paşınyanın İran səfəri hansı gerçəkləri ORTAYA ÇIXARDI? - TƏHLİL

İran bütün zamanlarda Ermənistana iki Türk dövləti arasında geosiyasi çöğrafi əngəl məkanı olaraq baxıb və indi də bu əngəlin aradan qaldırılmasına, bu iki Türk Cumhuriyyətlərinin fiziki olaraq həmsərhəd olmasına razı deyil

Ədalət İranın Azərbaycanın yanında olmasını gərəkdirir, daha xəyanətkar Ermənistanın deyil!

Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 27-də İrana səfəri hələ də müzakirə predmeti olaraq qalır. Bu, Paşinyanın baş nazir vəzifəsində İrana ilk rəsmi səfəri olsa da, qeyri-adekvatlığı ilə xüsusi olaraq diqqətləri cəlb etdi. Müxalifət.az xəbər verir ki, ilk olaraq bu səfərin nə əvvəl, nə də bir həftə sonra deyil, məhz Xocalı Soyqırımının yaşandığı gün ərəfəsində baş verməsi təbii diqqətlərdən qaça bilməzdi. Zənnimizcə, səfərin məhz bu günə müəyyənləşdirilməsi həm Ermənistanın, həm də ona havadarlıq edən İranın Azərbaycana verdiyi ilk mesaj oldu.

Digər bir mesaj Paşinyanın səfəri ərəfəsində İran prezidenti Ruhaninin “Azərbaycanın İran torpaqları olması” ilə bağlı verdiyi açıqlama idi. Ermənistanın maraqlarına xidmət edən bu açıqlama, həm də Azərbaycan dövlətinə qarşı iddia və rəsmi Bakıya “həddini bildirməyə” hesablanmışdı. Çünki bu açıqlama o zamanda edilmişdi ki, həmin vaxt axarında mətbuatda Azərbaycanın İsrail və Rusiyadan yeni silahlar alması ilə bağlı informasiya dolaşırdı. Odur ki, Ruhaninin bu açıqlaması İranın Azərbaycanın güclənməsinə, həm də İsraillə münasibətinə qıcıq reaksiyası kimi dəyərləndirilə bilər.

Paşinyan bu səfərə çox önəm verirdi. Çünki inqilabdan sonra tökülən “daşların” yığılmasına ehtiyac vardı ki, bu yöndə də müəyyən problemlərin olduğu bəllidir. Belə ki, Qərbdən, xüsusilə də ABŞ-dan parlament seçkilərindən sonra yeni maliyyə “yastıqlarının” olacağı ümidi ilə yaşayan Paşinyan, ziddiyyətli siyasi manevrləri ilə bu maliyyə imkanlarını tükətdiyi üçün çətin duruma düşüb. İkincisi, Rusiyanın Ermənistana verdiyi enerjidaşıyıcıların qiymətlərini artırması və maliyyə dəstəyini kəsməsi də inqilabçı Paşinyan hökümətini çətin vəziyyətə salıb. Üçüncü bir çıxışı olmayan Paşınyan üçün təbii ki, İran çox cəlbedici bir ölkə kimi görünür və düşdüyü iqtisadi “izolyasiya”dan tək çıxış yolunu Tehranda görürdü.

Doğrudur, İranla Ermənistan arasındakı ticarət mübadiləsi o qədər də yüksək məbləğ təşkil etmir. Söhbət 364 milyon dollarlıq ticarət mübadiləsindən gedir. Ancaq burada da əhəmiyyətli olan odur ki, İran Ermənistana daha çox satır, nəinki alır. Və bu da təbiidir. Çünki Ermənistan daha çox kənd təsərrüfatı məhsulları ilə bazara çıxır ki, bu da qonşu İran üçün o qədər də cəlbedici deyil. Ermənistan bir də emal sənayesi olan şərab və konyak istehsalı ilə də tanınır ki, bunun da müsəlman İran bazarına leqal girməsi mümkün deyil. Hər bir halda, Paşinyan İrana böyük ümüdlərlə gedirdi.

Paşinyanın İrandan gözləntiləri

Paşinyanın əsas məqsədi İranla iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional, mümkün olarsa, qlobal layihələri reallaşdırmaqdır. Təbii ki, bu yalnız Paşinyanın xam xəyallarıdır.

Birincisi ona görə ki, İran Paşinyanın bu istəklərini Ermənistana verəcək vəziyyətdə deyil və ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalarla boğulmaqdadır. Bir çox sosial problemlə üzləşən İranın yeni regional layihələrə investisiya ayırması mümkün deyil. Ona görə də Paşinyanın bu yöndəki arzusu elə xəyal olaraq da qalacaq.

İkincisi, İranın bir enerjidaşıcı mənbələrinə məxsus olması da dünya üçün hələlik cəlbedici deyil və Paşinyan bu arqumentdən qlobal layihələr üçün yararlana bilməz. Çünki ABŞ-ın tətbiq etdiyi sanksiyalar buna imkan vermir.

Üçüncüsü, Azərbaycan və qardaş Türkiyənin razılığı olmadan belə qlobal layihələrin Ermənistandan keçməsi də mümkünsüz görünür. Əgər bu günədək mümkün olsaydı, təbi ki, keçmiş erməni hakimiyyəti bunu edərdi.

Dördüncüsü, Rusiya İran-Ermənistan enerjidaşıcı layihələrinin həyata keçirilməsində maraqlı deyil. Bunun üstünə bir də ABŞ-ın Ermənistana sanksiyaları dəlməklə bağlı təzyiqləririni düşünəndə, bu xəyalların sadəcə bir xəyal olaraq da qalacağı heç kimdə şübhə yaratmır.

Ortada bir də Paşinyanın qeyri-leqal, qaçaq yollarla İranın neftinin satılmasından söhbət gedə bilər. Çox ehtimal ki, Paşinyan bu yöndə İran rəhbərliyi ilə müzakirələr aparıb. Çünki bu qaçaq ticarətin yalnız Gürcüstan üzərindən aparılması mümkündür ki, bu yöndə də Paşinyanın İran səfərindən öncə qeyri-rəsmi olaraq Gürcüstanın Bölnisi bölgəsinə getməsi, bəzi işgüzar görüşlər keçirməsini xatırlayın. Onu da unutmayaq ki, Gürcüstan hakimiyyətinin xaç atası İvanişvili bütün kapitalını kriminal yollarla qazanıb və bu baxımdan belə qaçaq oyunlarına açıqdır. Və əgər bu yöndə Paşinyanın İran rəhbərliyi ilə razılaşması varsa, onda bu, ən azından şəxsi zəmində Nikolun qazancı sayıla bilər.

O ki qaldı Qarabağ probleminə, Paşinyanın Moskvadan fərqli olaraq Tehranda Qarabağ münaqişəsinin həllini ciddi müzakirə edəcəyi gözlənilirmirdi. Əvvəla bu məsələdə rəsmi Tehran da maraqlı deyil. Çünki ortada qonşu Azərbaycan geosiyasi amili var. İkincisi, Bakıya gələn iranlı rəsmilər və generallar “Qarabağ Azərbaycanındır” fikirlərini daima təkrarlayırlar. O cümlədən, İranın ali dini rəhbəri Xamneyinin “Qarabaq islam torpağıdır” ifadəsi heç kimin yadından çıxmayıb. Doğrudur, bunlar hələlik sözdə olaraq deyilir və qardaş Türkiyə kimi birmənalı hədəfə yönəlik açıqlamalar deyil. Bu da fars siyasətinin tərkib hissəsi sayılır. İran indiki şəraitdə nə Qarabağ probleminin həllini, nə də Ermənistanın Azərbaycanın ayağı altında əzilməsini istəmir. Çünki İran bütün zamanlarda Ermənistana iki Türk dövləti arasında geosiyasi çöğrafi əngəl məkanı olaraq baxıb və bu gün bu əngəlin aradan qaldırılmasına, bu iki Türk Cumhuriyyətlərinin fiziki olaraq həmsərhəd olmasına razı deyil. İranın bu baxımdan Ermənistanın ən çətin “boğulduğu” vaxtlarda süni nəfəslik rolu oynaması da məhz bu üzdəndir. Ayrıca İranın Qarabağ məsələsindən məsafə saxlaması Ermənistana da sərf edir və ermənilər Tehranın neytral siyasətindən razılıqlarını gizlətmirlər.

Paşinyan İrana səfərindən nə ilə qayıtdı?

İran prezidenti Həsən Ruhani Paşinyanla görüşdə Ermənistana qaz tədarükünün artırılmasına etiraz etmədiklərini bildirib. Bu da təbii qarşılana bilər. Birincisi, ABŞ-ın sanksiyaları çərçivəsində İranın öz enerjidaşıyıcılarını satmağa ehtiyacı var. Ancaq bunun reallaşacağı ilə bağlı şübhələr var. Çünki İran Ermənistana verdiyi qazın əvəzini “svop” qaydada Rusiyadan alır. Buna görə də Rusiya Ermənistanın İrandan əlavə qaz almasına qarşıdır. İkincisi, ortada bir də ABŞ sanksiyaları var ki, bu Ermənistanın əl-qolunu bağlayır. Ona görə də Ermənistana veriləcək qazın artırılması məsələsi daha çox siyasi oyun olaraq görünür və Rusiyaya təzyiq xarakteri daşıyır. Çünki Paşinyan Rusiyadan alınan qazın qiymətinin qaldırılmasının erməni ictimai rəyində onun hökümətinin əleyhinə işləyəcəyini bilir. İranı da alternativ qaz mənbəyi kimi göstərməklə qiymətin aşağı salınmasına Rusiyanı təhrik etmək istəyir.

Bundan başqa, Paşinyan daha bir istəyinə nail olub. İranın azərbaycanlı dini lideri Əli Xamaneyi ilə görüşüb. Doğrudur, bu Paşinyana siyasi-iqtisadi-hərbi yöndə heç nə qazandırmasa da, səfərin sanballı görünməsi baxımından lazım idi və daha çox ictimai rəy üçün hesablanmışdı. İrana rəsmi səfər edən Ermənistanın hər bir prezidenti dini lider Əli Xamneyi ilə də görüşmək istəyir. Dini liderlə görüş ermənilərə piar baxımından vacibdir. Azərbaycan torpaqlarını işğal edən dövlətin liderinin milliyətcə azərbaycanlı dini liderlə görüşüb, şəkil çəkdirməsi erməni siyasətçi üçün uğur sayıla bilər. Təbii ki, bu günkü reallıqda hər bir erməni ailəsinin soyuducusundakı ərzaqa bu görüşün təsiri yoxdursa, bunun nə qədər uğur olması da şübhəlidir.

Paşinyana Tehranda mövcud olan “Ararat” idman-sağlamlıq mərkəzində İranda yaşayan erməni icmasının nümayəndələri ilə görüşmək imkanı da tanındı. Həmin görüşdə zalda “Qondarma Dağlıq Qarabağ Respublikası”nın bayrağı və “Qarabağ Ermənistanındır” şüarı nümayiş etdirildi. Bu, İran ərazisində Azərbaycana qarşı təxribatı idi və həm Ermənistan, həm İran tərəfindən düşünülərək edilmişdi. Çünki İran elə bir despotik rejimdir ki, orada İranın xüsusi xidmət orqanlarının nəzarətindən kənarda belə şeylərin olması mümkün deyil. Və bu təxribat bir növ prezident Ruhaninin “Azərbaycan İran torpağıdır” açıqlamasının tərkib hissəsi və davamı sayıla bilər. Ancaq məsələyə mahiyyət etibarı ilə baxsaq, görərik ki, bu siyasi şou daha çox Paşinyanın Ermənistan səfərinin uğursuzluqlarını örtmək üçün edilmişdi. Çünki hələlik Paşinyan hökümətinin əlində uğursuzluqları örtmək üçün bu cür populist səhnələrdən savayı başqa alət yoxdur.

İranın çıxarmalı olduğu nəticə

İranın Ermənistana münasibətdə İslam qayəsinə uyğun davranmaması Fars siyasətinin ikiüzlü və riyakar olduğunu növbəti dəfə göstərdi.

İkincisi, bu cür davranış Azərbaycanla münasibətlərə də xələl gətirməmiş deyil. Azərbaycan İranın sanksiyalardan boğulduğu bütün zamanlarda qardaş Türkiyə ilə birgə İranın yanında olub.

Üçüncüsü, Azərbaycannın təşəbbüsü ilə həyata keçirilən Şimal-Cənub kimi yeni kommunikasiya sistemlərindən biri məhz İran üzərindən keçir və bu kontekstdə rəsmi Bakı qonşu müsəlman ölkəsinə 500 milyon dollar kredit də ayrılıb.

Dördüncüsü, Azərbaycan İran üçün Qərb bazarına çıxa biləcək ən yaxın qapıdır. Və bu qapı da Qərb-Şərq ikinci yeni kommunikasiya sitemini təşkil edir.

Beşincisi, Azərbaycan İranın təhlükəsizlik sistemi baxımından da strateji mövqeyə sahib bir ölkədir. Bu yöndə Azərbaycanın İran düşməni sayılan ölkələrinin hərbi bazalarının ölkə ərazisində yerləşməsinə, yaxud İrana qarşı bu ərazilərdən bir plasdarm kimi istifadə olunmasına icazə verməməsi İran üçün böyük geosiyasi qazanc sayıla bilər.

Altıncısı, Azərbaycanın Cənub Qaz Dəhlizi və digər enerjidaşıyıcı layihələrin mərkəzinə çevrilməsi İran üçün gələcəkdə neft və qazını məhz bu kəmərlər vasitəsilə Qərb bazarlarına alternativ çıxış imkanı tanıyır.

Yeddincisi, sosial-siyasi-mədəni və hərbi baxımdan da Azərbaycan İran üçün Ermənistana nisbətdə çox önəmli ölkədir. Və fövqəladə bir vəziyyət vəziyyətində İrana yardım üçün qaçan ilk ölkə Ermənistan deyil, məhz Azərbaycan olacaq.

Bütün bunlar ortada olan gerçəklərdir. Ancaq bunlara rəğmən İran kağızda İslam dövləti və şəriəti ilə idarə olunun ölkə olsa da, Azərbaycanın maraqlarını çox rahatlıqla xristian Ermənistanına qurban verir. Bu isə nə İslam qayəsinə, ədalətinə sığacaq bir şey deyil. İslamda hər şeyin bir əxlaqı olduğu kimi, siyasətin də bir əxlaqı vardır. Və İslamda siyasət bir şərəfsizlik məktəbi deyil, ədaləti bərqərar etmək məktəbi sayılır. Ədalət isə İranın Azərbaycanın yanında olmasını gərəkdirir, daha xəyanətkar Ermənistanın deyil!

Hazırladı: RƏŞAD, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA