Pensiya yaşına çatmış müəllimlər Azərbaycan cəmiyyətinə gərək deyil?

Pensiya yaşına çatmış müəllimlər Azərbaycan cəmiyyətinə gərək deyil?

Nadir İsrafilov: "Məktəb direktorları da 1 illik müqavilə ilə işləyirlər, amma onların müqaviləsi hər dərs ilinin sonunda təzələnir"

"Əslində pensiyaçı müəllimlər üçün də bu qayda tətbiq olunmalıdır"

Məlum səbəblərdən adlarının məxfi saxlanmasını istəyən bir qrup pensiyaçı müəllim “Hürriyyət”ə ünvanladıqları məktubda uzun illər cani-dildən çalışdıqları məktəblərdə onlara qarşı saymazyana, hörmətsiz münasibət göstərildiyini bildirir. Və bizdən bu məsələyə aydınlıq gətirməyi xahiş edirlər.

Məsələ ondadır ki, 2018-ci ildən yaşı 65-ə çatmış ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil müəllimləri ilə müddətli əmək müqaviləsinin bağlanılması həyata keçirilir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Sözügedən məktub müəlliflərinin iddiasına görə, pensiya yaşına çatmış müəllimlərlə müddətli əmək müqaviləsi, bir qayda olaraq, dərs ilinin sonunadək bağlanılmalı olduğu halda, nədənsə bir qayda olaraq dərs ilinin ilk günü, sentyabrın 15-i bağlanılır. Bu da pensiyaçı müəllimləri bir sıra problemlərlə üz-üzə qoyur. Əvvəla, müqavilə olmadığına görə yay tətilində əmək haqqı ala bilmirlər, bundan əlavə, dərs ili başlayanadək, siniflər paylaşdırıldığından, dərs saatları və dərs cədvəli müəyyən olunduğundan onlara yetərincə dərs saatı verilmir, dərs cədvəlinin müəyyən olunmasına, dərs proqramının tutulmasına da xeyli vaxt sərf olunur ki, bu da həm işin keyfiyyətinə mənfi təsir göstərir, həm də yaşlı insanların əsəb gərginliyi yaşamasına səbəb olur.

Ömrünün payızını yaşayan təcrübəli müəllimlər bizə ünvanladıqları məktubda sual edir: “Ölkə üzrə yaşı 65-ə çatan müəllimlərin sayı o qədərmi çoxdu ki, onlara yay tətilində əmək haqqı vermək dövlət büdcəsinə zərər versin? Ya bəlkə taleyini vətən övladlarının savadlandırılmasınahəsr edən bu şərəfli və məsuliyyətli peşənin nümayəndələri 65 yaşa çatan kimi bu cəmiyyət üçün yarasız olur?”

Картинки по запросу Təhsil eksperti Nadir İsrafilov

Təhsil eksperti Nadir İsrafilov sözügedən mövzu ilə bağlı “Hürriyyət”ə bunları söylədi: “Hazırkı qanunvericiliyə görə yaşı 65-ə çatan müəllimlərlə 1 ildən 5 ilədək əlavə əmək müqaviləsi bağlana bilər. Pensiyaçı müəllimin təhsil sahəsində xüsusi xidmətləri, fəxri adı, kollaktivdə xüsusi hörməti və çalışdığı təhsil ocağında uyğun vakansiya olduğu halda isə bu müddət bir az da uzadıla bilər. Hazırda ölkəmizdə elə kənd məktəbləri var ki, orda müəllim qıtlığı yaşanır. Cavan kadrlar o məktəblərdə işləmək istəmir. Bu üzdən həmin məktəblərdə pensiyaçı müəllimlərə ehtiyac var. Onu da qeyd edim ki, hazırda məktəb direktorları da 1 illik müqavilə ilə işləyirlər. Amma onların müqaviləsi hər dərs ilinin sonunda təzələnir, ya uzadılır, ya da işlərinə xitam verilir. Əslində pensiyaçı müəllimlər üçün də bu qayda tətbiq olunmalıdır, qaydaya nədən əməl olunmur, bax bunu anlaya bilmirəm.

Bir də bizdə çox qəribə bir vəziyyət müşahidə olunur. İnsanlar pensiyaya çıxmaq istəmir. Bunu böyük bir faciə kimi qəbul edirlər, qalmaqal yaradırlar. Halbuki, əksər dünya ölkələrində pensiya yaşına çatan insanlar öz istəkləri ilə işdən ayrılırlar. Tam işsiz qala bilməyənlər isə daha yüngül işlərlə məşğul olur. Təbii ki, orda pensiyaların yüksək olması yaşlı insanlara həyatlarını istədikləri kimi yaşamağa, xarici dövlətlərə səyahət etməyə imkan verir. Bizdə isə pensiyaya çıxan insanların əksəriyyəti özünü gərəksiz hiss edir, aldığı pensiya ilə dolanmağa çətinlik çəkir, ölkəmizdə müəyyən yaşdan sonra iş tapmaq isə asan deyil. Bu üzdən pensiyaya çıxan insanların çoxu qısa müddətdən sonra dünyasını dəyişir. Amma həyatın qanunu belədir: nəsillər bir-birini əvəz etməlidir. Sadəcə insan, konkret halda müəllim hörmətlə təqaüdə yola salınmalıdır. Kiçik bir vida mərasimi düzənlənməli, hansısa bir mükafat təqdim olunmalı, xidmətləri qeyd edilməlidir. İnsan uzun illər çalışdığı kollektivin sevgisini görməli, gərəkli olduğunu hiss etməlidir. Yaşlı nsanların bu cür diqqətə, qayğıya xüsusi ehtiyacları var. Belə münasibət onların ömrünü uzadır, həyatlarına məna qatır.

Mən uzun illər müəllim olmuşam, ali məktəbdə çalışmışam. O illərdə pensiyaçı müəllimlərlə vaxtaşırı görüşlər təşkil olunurdı, onlardan məsləhət alınırdı, ağsaqqal, ağbirçək müəllimlər hörmətli qonaq qismində tədbirlərə dəvət edilirdi. Yəni, o insanlar təqaüddə olduqlarını hiss etmirdi, çünki daim doğma kollektivlərinin arasında olurdular. Nəyə görə bizdə Respublika Ağsaqqallar Şurası var, amma təhsil ocaqlarında Müəllimlər Şurası yoxdur? Axı yaşlı nəslin nümayəndələri öz həyat və iş təcrübələri ilə gənc nəslə bir örnəkdir. Onların iş təcrübəsi gənclərin savadından üstündür. Bəzi məktəblərdə pensiyaçı müəllimlərlə görüşlər təşkil olunur, onlar son zəng tədbirlərinə, əlifba bayramlarına dəvət olunurlar, müəllim və şagirdlər qarşısında çıxış edib, onlara xeyir-dua verirlər. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Təbii ki, bu çox sevindirici haldır. Amma yaxşı olardı ki, bu ənənə kütləviləşdirilsin, bütün məktəblərimizdə yaşadılsın. Bu gün gənc nəsil yaşlı nəslə necə münasibət göstərirsə, sabahın gənc nəsli də ona həmin münasibəti göstərəcək. Odur ki, yaşlı nəsli qorumaq, ona diqqət və qayğı ilə yanaşmaq lazımdır. Əməkli insanları kollektivdən, cəmiyyətdən təcrid etmək olmaz. Onlara hər zaman gərəkli olduqlarını göstərmək lazımdır. Bu kifayət qədər ciddi və həssas bir mövzudur. Söhbət insan taleyindən gedir. Əsl pedaqoq bütün həyat enerjisini, sevgisini peşəsinə verir, onun üçün dərs dediyi şagirdlərin, tələbələrin hər biri doğma övladı qədər əzizdir. Müəllimlik peşəsi şərəfli olduğu qədər də məsuliyyətli və ağırdır. Odur ki, müəllimə ”Müddətin bitdi, xoş getdin”,-deməklə qəlbini qırmaq, onu həyatdan küsdürmək böyük günahdır”.

Hazırladı: İnci TÜRKEL, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA