Prezident Zelenski olacaq, Avakov isə... - Ən son rəy sorğuları məsələnin bitdiyini göstərir

  • 2019-04-16 18:35:04
  • |
  • Dünya /

Prezident Zelenski olacaq, Avakov isə... - Ən son rəy sorğuları məsələnin bitdiyini göstərir

Aprelin 21-də Ukraynada keçiriləcək prezident seçkisilə bağlı son rəy sorğularının nəticələri açıqlanıb. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 9-14 aprel aralığında ölkənin bütün regionları üzrə keçirdiyi sorğuların nəticələri göstərir ki, şoumen Vladimir Zelenski ilə hazırkı prezident Pyotr Poroşenko arasındakı fərq birinci turla müqayisədə daha da artıb.

Məlum olub ki, ölkə vətəndaşlarının 57 faizi Zelenskinin qalib gələcəyinə inanır. Poroşenkonun vəzifədə qalacağını düşünənlər isə 25 faizdir. Bununla yanaşı, Ukraynada ən nüfuzlu sorğu şirkəti sayılan “Reytinq” seçicilərə “kimə səs verəcəksiniz” sualı ilə müraciət edib. Rəyi soruşulanların 72 faizi Zelenskini, 25 faizi isə Poroşenkonu dəstəklədiklərini bildiriblər.

Ölkədəki ümumi ab-hava və rəy sorğuları göstərir ki, hər hansı qeyri-adi və fövqəladə hadisə baş verməsə, Ukraynanın növbəti prezidenti Vladimir Zelenski olacaq. Bu səbəbdən artıq ölkə mətbuatında kimin prezident olacağından daha çox Zelenskinin kimlərlə işləyəcəyi, nazirlər də daxil olmaqla, aparıcı postlara kimlərin təyin ediləcəyi müzakirə olunur.

Bu arada bəzi KİV-lər Zelenskinin komandasında hazırkı Nazirlər Kabinetindən və Prezident Administrasiyasından bəzi şəxslərin təmsil olunacaqlarını yazıblar. Lakin V.Zelenskinin müşaviri və rəsmi nümayəndəsi Aleksandr Danilyuk mətbuata açıqlama verərək, deyilənləri qətiyyətlə təkzib edib. Onu da qeyd edək ki, A.Danilyuk elə indiki prezidentin dövründə iki ilə yaxın ölkənin maliyyə naziri postunu tutub. Lakin hökumət başçısının qərarları və aparılan kadr siyasətilə razılaşmayan A.Danilyuk 2018-ci ilin iyununda vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra Zelenskinin komandasında təmsil olunan sabiq maliyyə nazirinin gələcək Nazirlər Kabinetində yer alacağı gözlənilir.

Mətbuatda yazılanlara münasibət bildirən Zelenskinin sözçüsü A.Danilyuk deyib ki, gələcək hökumətdə indiki nazirlərdən heç biri təmsil olunmayacaq. O, Prezident Administrasiyasının da yenilənəcəyini qeyd edərək, indiki nazirlərdən və aparat təmsilçilərindən kimlərinsə yeni komandada yer alacağına dair söylənənləri “feyk” adlandırıb. Zelenskinin adından danışan Danilyuk bildirib ki, bu yalan məlumatları Poroşenkonun qərargahı bilərəkdən yayır.

avakov

A.Danilyukun dediklərindən belə məlum olur ki, heç bir nazir, o cümlədən daxili işlər naziri, erməni əsilli Arsen Avakov da kreslosunu qoruya bilməyəcək. Baxmayaraq ki, A.Avakov son zamanlar Zelenskinin ünvanına çoxlu komplimentlər söyləmiş, hətta hazırkı prezident Poroşenkonu qanunları pozmaqda ittiham etmişdi. Erməni nazir hətta gələcəkdə Poroşenkoya qarşı korrupsiya ittihamları ilə cinayət işinin açılmasının mümkünlüyündən də danışmışdı.

Lakin bütün bunlar ona vəzifəsini saxlamağa kömək etməyəcək. Çünki Ukrayna əhalisinin hakimiyyətdən narazılığının səbəblərindən biri də elə ölkənin hüquq-mühafizə orqanlarının bərbad fəaliyyəti, öz işinin öhdəsindən gələ bilməməsidir. A.Avakovun özünün isə adı dəfələrlə müxtəlif korrupsiya əməllərində hallandırılıb. Hətta onun oğluna qarşı korrupsiya ittihamı ilə cinayət işi açılsa da, sonradan iş qapadılıb./azpolitika.info/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA