PREZİDENTİN SABİQ MÜHAFİZƏÇİSİ VAQİF AXUNDOVA MÜRACİƏT ETDİ

PREZİDENTİN SABİQ MÜHAFİZƏÇİSİ VAQİF AXUNDOVA MÜRACİƏT ETDİ

Asif Lətifov: "Məni haqsız yerə həbs etdirib, 5 il ailəmdən ayrı salan adamın Allah cəzasını versin"

"Əgər Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi hansısa vəzifəli şəxsin istəyinə uyğun ədalətsiz qərar versə, o zaman Avropa Məhkəməsinə müraciət edəcəm"

"9 saylı Cəzaçəkmə Müəssisəsində Heydər Əliyevin ruhuna hörmətsizlik edilib"

Ötən saylarımızın birində redaksiyamıza müraciət edən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ev-2B, mənzil 40 ünvanında yaşayan Asif Aydın oğlu Lətifovun üzləşdiyi problemi işıqlandırmışdıq. Belə ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) xüsusi təyinatlı dəstəsinin zabiti olduğunu və orada 17 il xidmət etdiyini deyən Asif Lətifovun sözlərinə görə, ona məxsus olan qaraj Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heç bir məhkəmə qərarı olmadan sökülüb.

Həbsdən azad olunduqdan sonra bir sıra problemlərlə qarşılaşdığını deyən Asif Lətifov qarşısına süni əngəllər çıxarıldığını qeyd edib: "2017-ci ilin sentyabr ayında Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Quliyev tərəfindən mənə məktub gəldi. Məktubda yazılmışdı ki, mənə məxsus olan 1 sot torpaq sahəsi və avtomobil qarajı müvəqqəti xarakter daşıyır. Buna görə də təcili surətdə əlimdən alınacaq. Məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq məqsədi ilə icra hakimiyyətinə getdim. Lakin icra başçısının qəbuluna düşə bilmədim. Qapıdakı polis əməkdaşı dedi ki, icra başçısı heç kimi qəbul etmək istəmir. Qeyd edim ki, məhəlləmizin qarşısında 11 qaraj olsa da, ancaq mənim qarajımı hədəfə alıblar. Bir neçə dəfə icra hakimiyyətindən bunun səbəbini öyrənməyə çalışsam da alınmadı. Qeyd edim ki, məhkəmə qərarı olmadan fevral ayında səhər saatlarında 2 saylı Mənzil İstismar Sahəsinin rəisi Kamil İsmayılov yanında tanımadığım mülki şəxslərlə birgə gələrək ekskavatorla hasarımı, həmçinin dövlət tərəfindən çəkilən su xəttimi dağıtdılar, 2 ağacımı kökündən çıxardılar. Öyrəndim ki, mənimlə bağlı göstəriş Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov tərəfindən verilib".

Qeyd edək ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi təyinatlı dəstəsinin zabiti bu günlərdə yenidən redaksiyamıza üz tutdu və "Hurriyyət" qəzetində dərc olunan yazıdan sonra XDMX-in əməkdaşlarının onunla görüşdüyünü bildirdi: "Üzləşdiyim problemlə bağlı qəzet və saytınızda gedən yazıdan sonra, daha dəqiq desəm, mart ayının 28-də Xüsusi Dövlət Mühafizə Xidmətindən zəng olundu və mənimlə görüşmək istədiklərini bildirdilər. Etirazımın olmadığını dedim və üzərindən təxminən, yarım saat keçdikdən sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları yaşadığım əraziyə gəldilər. Onlardan biri özünü Orxan kimi təqdim etdi. Onlara torpaq sahəmi, qarajımı göstərdim, şəkillər çəkdilər. Qaraj yararsız vəziyyətdə idi, qapısı bağlanmır, hasarımı söküblər, 15 ilin 3 ağacını kökündən çıxarıblar. Dövlət tərəfindən çəkilən su borularını da qırıblar. Bunların nəticəsində isdə mənə külli miqdarda ziyan dəyib. Bütün bunlar barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını məlumatlandırdıqdan sonra onları ətrafla tanış etdim. Dedim ki, ətrafda 11 qaraj var, ancaq buna baxmayaraq, ancaq mənim qarajımı sökürlər. Onlardan bunun səbəbini soruşdum. Qeyd etdim ki, bu, mənim zabit şərəfimə olan hörmətdizlikdən başqa bir şey deyil. Hətta onlardan xahiş etdim ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundova çatdırın ki, o, məni nə torpaqla, nə də evlə təmin edib. İndi isə əlimdə olan-qalanı da almaq istəyirlər, heç olmasa siz reaksiya verin. Çünki bu işdə cənab general Vaqif Axundovun adı hallanır. Onlar Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin adını kimin hallandırdığını soruşdular, mən də 2 saylı Mənzil İstismar Sahəsinin rəisi Kamil İsmayılovu göstərdim. Lakin Kamil İsmayılov bunu boynundan atdı və belə bir söz demədiyini bildirdi. Qeyd etdi ki, qarajın sökülməsi ilə tapşırığı mənə Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Hüseyn müəllim verib, ona isə göstəriş icra hakimiyyətindən gəlib".

Bundan sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının məsələnin araşdırılacağına dair söz verdiklərini bildirən Asif Lətifovun sözlərinə görə, bir müddət sonra ona adıçəkilən qurumdan məktub ünvanlanıb: "Onlara dedim ki, haqsız yerə həbs olunsam da, yenə də dövlətə, dövlətçiliyə sadiqəm. Əgər bu ölkədə qalmağımı istəmirsinizsə, sənədlərim hazırdır, yaşıl işıq yandırın ailəmlə birgə Azərbaycanı tərk edim. Bildirdim ki, bu cür üsullarla vətəndaşı dövlətdən narazı salmaq olmaz. Mən kifayət qədər məlumatlı insanam. Onlardan problemin obyektiv şəkildə araşdırılmasını xahiş etdim. Bundan sonra mənə 2 dəfə zəng olundu və araşdırmanın getdiyini dedilər. 20 gün sonra isə məktub göndərdilər ki, məhkəməyə müraciət edin, bununla bağlı bizim heç bir səlahiyyətimiz yoxdur. Hazırda vəziyyət çox kritik həddədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına da dedim ki, məni əsassız yerə həbs etdirməklə "etiraz və şikayət etməyin sonu budur" mesajını verdilər. Məni həbs etdirib, 5 il ailəmdən ayrı salan adamın adını çəkmək istəmirəm. Çünki Vətənimi və dövlətimi çox sevirəm. Lakin həmin şəxsi Allaha tapşırıram. Qoy, Allah onun cəzasını versin".

Bu ilin aprel ayının 4-də Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində növbəti prosesin baş tutduğunu vurğulayan Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi təyinatlı dəstəsinin keçmiş zabiti qarşı tərəfi Abşeron Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rəşad Qubatovun təmsil etdiyini bildirdi: "Həmin vaxt məhkəmədə gülməli nüans yarandı. Belə ki, Rəşad Qubatov qarajımın sökülmısi ilə bağlı göstərişi Abşeron Rayon İcra Hakimiyyətinin vermədiyini dedi. Bu zaman vəkilim Elçin Sadıqov onun qabağına sənəd qoydu və icra hakimiyyətində İlham Quliyevin kim olması ilə maraqlandı. Dedilər ki, İlham Quliyev icra başçısının müavinidir. Məhz onun tərəfindən məktub göndərilib və həmin məktubda qeyd olunur ki, mənə məxsus olan torpaq sahəsi, o cümlədən qaraj müvəqqəti xarakter daşıyır, zərurət yarandıqda əlinizdən alına bilər. Qarşı tərəf məhkəmədə bildirdi ki, məktub səhv gəlib. Dedilər ki, bizim əsas vəzifəmiz yeni tikililərin qarşısındakı bostanları sökməkdir. Mənim qaldığım məhəllə isə 1976-cı ildə təhvil verilib. Daha sonra qarşı tərəf qeyd etdi ki, bunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğlu, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Hüseyn müəllimin göstərişi ilə 2 saylı Mənzil İstismar Sahəsinin rəisi Kamil İsmayılov həyata keçirib. Yəni bu yolla Abşeron Rayon İcra Hakimiyyəti məsuliyyəti boynundan atmağa çalışdı. Növbəti proses isə aprelin 24-də keçirildi. Bu dəfə isə cavabden qismində Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Hüseyn müəllim iştirak etməli idi. Lakin o, prosesə qatılmadı. Buna görə də növbəti proses mayın 18-nə təxirə salındı".

Bu arada, Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Hüseyn Hüseynov vəzifəyə təyin olunduğu vaxtdan etibarən Xırdalan şəhərinin acınacaqlı günlərini yaşadığını iddia edən Asif Lətifov Hüseyn Hüseynov indiyədək heç bir abadlıq işi aparmayıb: "Hüseyn müəllim, siz bilmirsiniz ki, məhkəmə getdiyi müddətdə şəxsin əmlakına toxunmaq, ona ziyan vurmaq olmaz? Niyə o qədər qaraj olduğu halda ancaq mənim qarajımı sökürsünüz? Bunlar mənim haqq-hesab ödəmədiyim üçün edilir. Xırdalan şəhəri, 27-ci məhəllə ev-2B yegənə məhəllədir ki, ancaq bir girişi var. Həmin giriş isə gecəqondu evlər, kafe və restoranlar tərəfindən zəbt olunub. Belə olan halda camaat evinə necə keçsin? Maşınlar məhəlləyə hardan keçsin? Hüseyn müəllim, sizin bunlardan xəbəriniz yoxdur? Mənim qarajımı sökmək yerinə əhalini narahat edən problemləri həll etsəniz daha məqsədəuyğun olar".

Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi təyinatlı dəstəsinin keçmiş zabiti sonda bildirdi ki, əgər Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi hansısa vəzifəli şəxsin istəyinə uyğun ədalətsiz qərar versə, o zaman bütün instansiyaları keçib Avropa Məhkəməsinə müraciət edəcək: "Onu da qeyd edim ki, 2016-cı ilin dekabr ayının 12-si Ulu Öndər Heydər Əliyevin anım günü 9 saylı Cəzaçəkmə Müəssisəsində heç bir şəkildə qeyd edilməyib. Halbuki Baba Şamil oğlu Gülməmmədov rəis gələnə kimi belə bir adət var ki, həmin gün qoyunlar kəsilir, ehsanlar paylanır, yanına adam gəlməyən məhbuslara qazanlarla yeməklər verilir. Lakin Həmin gün dedilər ki, ehsan süfrəsi olmayacaq. Həqiqətən də həmin yeməkxanada nə halva, nə şirniyat var idi. Bizə qaynamamış düyü, üstünə də "duşonka" suyu töküb verdilər. Açığı, bu, məni şox qəzəbləndirdi. Çünki bu, Ulu Öndərin ruhuna olan hörmətsizlikdir. Buna görə də mən əlimdə boşqab qaçaraq rejim rəisinin müavini Ruslan müəllimin yanına qalxdım. Dedim ki, budur verilən ehsan, rəisin atası ölsə, belə ehsan versə kiminsə xoşuna gələr? Heç 10 dəqiqə keçmədi ki, rəis məni qəbul etdi və ona da dedim ki, bu, Ulu Öndərimizə qarşı hörmətsizlikdir. Bildirdim ki, əgər siz layiqincə ehsan verə bilmirdinizsə, o zaman öncədən deyərdiniz mən evdən qoyun gətirdib kəsdirərdim. Bu zaman müəyyən bəhanələr gətirdilər.

Bu arada, üzümü Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundova tutub demək istəyirəm ki, hörmətli general, illərlə Xüsusi Dövlət Mühafizə Xidmətində zabit kimi sədaqətlə xidmət etmişəm. Əgər qarajımın sökülməsi ilə bağlı məmurlara, Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Hüseyn Hüseynova sifarişi siz verməmisinizsə, onda bu adamlara "dur" deyib, əmlakıma dəymiş zərərin ödənilməsinə köməklik edəsiniz".

Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

"Hürriyyət"

Loading...

QALEREYA