Prezidentin sabiq mühafizəçisinin Avropa Məhkəməsinə ünvanlanan məktubları YOXA ÇIXIB

Prezidentin sabiq mühafizəçisinin Avropa Məhkəməsinə ünvanlanan məktubları YOXA ÇIXIB

Xüsusi Dövlət Mühafizə Xidmətinin "Betta" dəstəsinin sabiq zabiti bu günədək təqib və təzyiqlərə məruz qaldığını bildirir

Asif Lətifov: "SSRİ Əmanət Bankına yerləşdirdiyim 11610 rubl vəsaitin faizlərlə birlikdə götürülməsinə görə süründürməçiliklə üzləşmişəm"

Ötən gün redaksiyamıza müraciət edən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ev-2B, mənzil 40 ünvanında yaşayan, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) xüsusi təyinatlı "Betta" dəstəsinin sabiq zabiti Asif Aydın oğlu Lətifov 2011-ci il martın 11-də qanunsuz olaraq işdən azad edildiyini, mətbuat vasitəsi ilə hüquqlarının bərpa olunmasını tələb etdikdən sonra isə saxta ittihamlarla 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunduğunu vurğulamaqla yanaşı, bu günədək təqib və təzyiqlərə məruz qaldığını bildirdi.

2012-ci ilin avqust ayının 29-da barəsində 3 aylıq həbs qətimkan tədbirinin seçildiyini və elə məhkəmə zalından həbs edildiyini qeyd edən Asif Lətifovun sözlərinə görə, həmin ilin sentyabr ayının əvvəlində tez-tələsik məhkəməsi başlayıb: "Məhkəmə prosesi 4 ay davam edib. Yuxarıdan sifariş gəlmişdi ki, mütləq mənə iş kəsilməlidir. Qeyd edim ki, bir gün hakim məhkəməyə gəlmirdi, bir gün prokuror işə çıxmırdı. Nəhayət, 2013-cü ilin yanvar ayının ortasında mənə hökm oxundu. Hakim isə lağ edərək dedi ki, Asif, get, 5 il 6 ay istirahət elə. Onu da bildirim ki, məhkəmədə həddən artıq qanunsuzluqlarla üzləşdim. Hətta birinci məhkəmə prosesində adını çəkmək istəmədiyim prokuror mənə yaxınlaşıb dedi ki, Asif, insan gərək hər bildiyini mətbuata söyləməsin. Bildirdi ki, elə yerdə işləmisən ki, ona görə də səni cəzalandırırlar və bununla da bildirmək istəyirlər ki, yadında saxla, etiraz və şikayət etməyin nəticəsi budur. Dedi ki, sənə hörmətim bu olar ki, prosesdən imtina edib işə gəlməyəcəm. İmkan düşmüşkən, sizin vasitənizlə insani keyfiyyətlərinə görə həmin prokurora təşəkkürümü bildirmək istəyirəm. Beləliklə, həmin prokuror 3 proses işə çıxmadıqdan sonra Bulud Bəyəliyev adlı başqa dövlət ittihamçısı təyin etdilər. Lakin Prosessual Məcəlləyə görə, əgər prokuror işdən imtina edirsə, o zaman təqsirləndirilən şəxsə bəraət verilməlidir. Hakim isə bildirdi ki, guya prokuror həddən artıq ağır xəstədir və bu səbəbdən də işə çıxmır". Məhkəmə prosesi zamanı Xüsusi Dövlət Mühafizə Xidmətinin "Betta" dəstəsinin rəisi, polkovnik Fikrət Rzayevin əleyhinə yalan və böhtan dolu ifadələr verdiyini iddia edən şikayətçi qeyd etdi ki, o, həqiqəti gizlədərək məsələnin öz xeyrinə bağlanmasına nail olub: "Həm də polkovnik Fikrət Rzayevin arxasında ciddi adamlar dayanmışdı. Ümumiyyətlə, onun məhkəmədə danışdıqlarını bir yerə toplasaq, heç satira teatrına getməyə ehtiyac qalmazdı. Belə ki, Fikrət Rzayev "orda olmamışam", "xəbərim yoxdur", "yadımdan çıxıb" və "dəqiq deyə bilmərəm" sözləri ilə məhkəmə iştirakçılarının gülüşünə səbəb oldu. Bundan sonra məhkəmə iştirakçıları əmin oldular ki, burda bir neçə yalan bir-birinə qarışıb. Bundan əlavə, bildirmək istəyirəm ki, bütün məhkəmə instansiyalarını keçdikdən sonra 23 iyul 2014-cü ildə vəkilim Elçin Sadıqov 7 saylı poçt şöbəsindən Avropa Məhkəməsinə məktub yola salıb. Məktub isə qeyri-müəyyən səbəblərdən ünvanına çatmayıb və it-bat olub. Onu da nəzərinizə çatdırım ki, həbs olunmamışa qədər, yəni 2012-ci ilə kimi bütün məktublarımın ölkə ərazisindən çıxmasına qadağa qoyulmuşdu. Bu səbəbədən də göndərdiyim məktubların heç biri ünvanına çatmamışdı. Düzdür, buna görə də "Azərpoçt" MMC tərəfindən mənə kompensasiya ödənilsə də, bir daha əmin oldum ki, məktublarımın ölkədən çıxışına qeyri-müəyyən səbəblərdən qadağa qoyulub. Bildirim ki, vəkillərim artıq növbəti şikayəti hazırlayır, o cümlədən Avropa Məhkəməsinə ünvanladığımız məktubun itməsinə görə qanuni tədbirlər görüləcək".

Hüququn və ədalətin zəfər çalması üçün əlindən gələni edəcəyini bəyan edən XDMX-nin sabiq zabitinin sözlərinə görə, ona tətbiq olunmuş ittiham və məhkəmə qərarı tam qanunsuz, əsassızdır: "Çünki məhkəmələr məni sosial təhlükəli element kimi mühakimə edib və həmin maddənin tətbiq olunduğu bir sıra cinayətkarlarla bir cərgəyə qoymuşdular. Bundan əlavə, onu da deməliyəm ki, işlə bağlı hara müraciət edirəmsə məni işə götürmürlər. Tanış məmurlardan birinə işlə bağlı müraciət etdim. O isə 3 gündən sonra məni çağırıb dedi ki, Asif, sənin şəxsi işinə nə yazdıqlarından xəbərin var? Dedim ki, xeyr. Bildirdi ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (söhbət general-polkovnik Vaqif Axundovdan gedir-red.) sənin şəxsi işinə yazıb ki, qeyri-səmimidir və cəmiyyətdə mənfi emosiyalar yaradır. Sizin vasitənizlə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə sual vermək istəyirəm: Çox maraqlıdır ki, insanın səmimi və ya qeyri-səmimi olmasını yalan detektor cihazı olmadan necə müəyyən edə bilərsiniz? Bu, absurddur. Yəni rəhbərliyin xoşuna gəlmirsən, vəssalam. Şəxsi işinə qeyri-səmimidir yaz, həbs elə getsin. Nəzərinizə çatdırım ki, qeyri-səmimilik və mənfi emosiyalar yaradır sözü SSRİ-nin "kəşf"lərindəndir. Belə ki, "Brejnev epoxası"nda cəmiyyətdə olan nöqsanları deyən adamları, həmçinin siyasi dissidentləri cəzalandırmaq üçün qeyri-səmimilik söhbətini ortaya atmışdılar. Odur ki, şəxsi işimə yazılanlar həm mənasız, həm də çox gülüncdür".

Həbsdən çıxdıqdan sonra, 24.02.1991-ci il tarixdə keçmiş SSRİ Əmanət Bankına yerləşdirdiyi 11610 rubl vəsaiti faizlərlə birlikdə əldə etmək məqsədiylə ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, maliyyə naziri Samir Şərifova, "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevə, o cümlədən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundova müraciət etdiyini deyən Asif Lətifov bildirdi ki, qeyd olunan əmanəti hələ də ala bilmir: "SSRİ Əmanət Bankına yerləşdirdiyim 11610 rubl vəsaitin faizlərlə birlikdə götürülməsinə görə süründürməçiliklə üzləşmişəm. Nəzərinizə çatdırım ki, bu kateqoriyadan olan əmanətlərin götürülməsi üçün ölkə başçısının sərəncamına əsasən 2013-cü il dekabrın 31-dək qoyduğu müddət ərəfəsində müəyyən səbəblərdən, yəni 29.08.2012-ci ildən 28.02.2017-ci ilədək 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişəm. Hətta 2012-ci ildən 2014-cü ilin əvvəlinə qədər valideynlərim belə, görüşümə buraxılmayıb. Ərizə vasitəsiylə istintaq təcridxanasının rəisinə müraciət etsəm də valideynlərimlə görüşümə qadağa qoyulub. Ona görə də qanuni nümayəndəm olması üçün etibarnamə verə bilməmişəm. Həmçinin, atam 2013-cü ilin yanvar ayında "Kapital Bank"ın Qara Qarayev filialına ərizə ilə müraciət etsə də, ona cavab gəlib ki, narahat olmayın, oğlunuz həbsdən çıxar və gəlib əmanətləri götürər. İndi isə Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov və "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev tərəfindən ünvanıma gələn məktubda deyilir ki, ölkədə devalvasiya getdiyinə görə, sizə 2 manat 50 qəpik düşür. Lakin mən bununla razılaşmıram. Odur ki, sizin vasitənizlə maliyyə naziri Samir Şərifova sual ünvanlamaq istəyirəm ki, həbsdə olduğum müddətdə mənə məxsus olan 11610 rubl vəsaitin arxasına kim keçib?! Nə etməliydim, həbsdən qaçıb gəlib həmin pulu almalı idim?! Həm sifarişlə həbs edilmişəm, həm həbsdə qanunsuz şəkildə cəza kameralarına salınmışam, həm mənə məxsus olan pulun arxasına keçiblər, həm də həbsdən çıxdıqdan sonra 1 sot torpağımı və avtomobil qarajımı əlimdən alıblar. Buna repressiv addımlar deməyə haqqım çatır, yoxsa yox?! Məmurların mənə qarşı bu cür sifarişli hərəkətlərinə hansı ədalət meyarları ilə haqq qazandırmaq olar?!"

Hər zaman dövlətə və dövlətçiliyə sadiq olduğunu vurğulayan Xüsusi Dövlət Mühafizə Xidmətinin "Betta" dəstəsinin sabiq zabiti qeyd etdi ki, üzləşdiyi problemlərin həlli məqsədiylə növbəti dəfə məhkəmələrə müraciət etmək məcburiyyətindədir: "Azərbaycan müharibə şəraitində olan ölkədir. Sözsüz ki, Vətəni qorumağın təmənnası olmur. Lakin sabah əlimə necə silah alıb vuruşa bilərəm ki, bu ölkədə mənim kimi zabitə ayrı-seçkilik və təzyiq olunur?! Həmçinin, məktublarım qəsdən it-bat olunur. Bəlkə də Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi və həbsimdə maraqlı olan bəzi məmurlar mənim onlara qarşı səsləndirdiyim fikirlərdə qərəz tapmağa çalışırlar. Ancaq hal-hazırda heç yerdə işləməyən, demək olar ki, bütün əmlakını itirən zabitin də sözləri yalandır? Bir məsələni də diqqətinizə çatdırım ki, yazdığım məktublarla, eyni zamanda ala bilmədiyim əmanətlə əlaqədar Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə və xidmətin Müfəttiş-təşkilat İdarəsinin rəisi Vüsal Rzayevə müraciət etdim. Bir ay 10 gündən sonra isə məni qəbul etdilər. Vüsal Rzayev dedi ki, narahat olma, əlimizdən gələn köməyi edəcəyik. Düzdür, Xüsusi Dövlət Mühafizə Xidmətində Vüsal Rzayev kimi kadr yoxdur və ona böyük hörmətimiz var. Lakin belə çıxır ki, onun işi ancaq söz verməkdir. Hətta mənə ərizə yazdırdılar ki, yerli icra orqanlarından xahiş edəcəyik ki, səni işlə təmin etsinlər. O cümlədən, əmanət kitabçamdakı vəsaitin mənə verilməsi üçün Maliyyə Nazirliyinə müraciət edəcəklərini də bildirdilər. Ancaq buna rəğmən, hələ də süründürməçiliklə üzləşirəm. Artıq növbəti dəfə məhkəmələrə müraciət etməyə məcburam. Ümid edirəm ki, üzləşdiyim problemlər qanuni müstəvidə öz həllini tapacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz