Pulsuzluğun üzü qara olsun!

  • 2019-07-09 21:03:54
  • |
  • İdman /

Pulsuzluğun üzü qara olsun!

Srağagün Prezidentin sərəncamı ilə Minskdə keçirilən 2-ci Avropa Oyunlarında yer tutan idmançılar və onların məşqçiləri üçün pul mükafatlarının məbləği müyyənləşib. Belə ki, 1-ci yeri tutan hər idmançı 50 min, məşqçisi 25 min, 2-ci yeri tutan idmançı 30 min, məşqçisi 15 min, 3-cü yeri tutan idmançı 20 min, məşqçisi isə 10 min manat alacaq. Bizimkilərin Minskdə qazandığı 5 qızıl, 10 gümüş və 13 bürünc medalı mükafat məbləğinə vuranda 1 milyon 215 min manat edir. Milli komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat veriləcəyini də nəzərə alsaq, dövlət büdcəsindən çıxacaq məbləğ milyonyarımı aşmayacaq. Zahirən oxucuya heç nə deməyən quru rəqəmlərin arxasında çox maraqlı mətləblər dayanır ki, mən bunlardan danışmaq istəyirəm.
Ən maraqlı məqam odu ki, son böyük yarışlardan, yəni Olimpiada, İslamiada və 1-ci Avropa Oyunlarından əvvəl mükafat məbləği açıqlanırdısa, bu dəfə ən yüksək, yəni Prezident sərəncamı səviyyəsində məbləğlər yarış bitəndən sonra açıqlandı. Xatırlayırsızsa, Minsk Oyunları başlamamış Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yer tutacaq Azərbaycan idmançılarının necə mükafatlandırılacağı ilə bağlı sualın cavabında belə demişdi: “Yaxın günlərdə heç bir əlavə sərəncam olmasa, idmançıların mükafatlandırılması Bakıda 2015-ci ildə keçirilən ilk Oyunlarda olduğu kimi qalacaq”.
Bu isə o demək idi ki, 28 medala görə Azərbaycan dövləti 3,3 milyon manat xərcə düşəcəkdi. Göründüyü kimi, məbləğin azaldılması üzündən pula təxminən ikiqat qənaət olunub. Amma mükafat məbləğinin Oyunlardan sonra elan olunması şəxsən məndə belə qənaət yaradır ki, medallar daha çox olacağı təqdirdə mükafat məbləği daha aşağı salına bilərmiş.
Elə bu nöqtədən də ikinci maraqlı məqamın izinə düşürük. MOK, AGİN rəhbərliyi səviyyəsində rəsmən etiraf olunmasa da, idmanın maliyyələşdirilməsi baxımından ciddi problemlər var. Necə deyərlər, pulsuzluğun üzü qara olsun! Amma işlərin məhz bu axara düşə, yəni günlərin birində kasıblığın dövlətimizin qapısını döyə biləcəyini zamanında düşünmək lazım idi, heç nə ilə əsaslandırılmayan, ictimaiyyət arasında ən çaşqın reaksiyalara səbəb olan məbləğlərdən qaçmalıydıq. Təsəvvürlərinizin daha da aydınlaşması üçün yalnız 1-ci Avropa Oyunlarının və 4-cü İslamiadanın qalibləri üçün müəyyənləşdirilən mükafatları xatırladıram. Beləliklə, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının qaliblərinə 150, “gümüş” alanlara 80, “bürünc” alanlara isə 50 min manat verilmişdi. Məşqçilərə də uyğun olaraq 75, 40 və 25 min ödənildiyini, eyni zamanda ölkəmizin 56 medal (21 qızıl, 12 gümüş, 20 bürünc) qazandığını nəzərə alsaq, dövlət büdcəsindən həmin vaxt 8 milyondan artıq pul çıxarılmışdı.
Bakıda keçirilən 4-cü İslamiada isə bu mənada daha “faciəvi” olmuşdu. Onda 1-ci yeri tutan idmançı üçün 150, məşqçisi üçün 75, 2-ci yeri tutan idmançı üçün 80, məşqçisi üçün 40, 3-cü yeri tutan idmançı üçün 50, məşqçisi üçün 25 min manat mükafat ayrılmış, 75 qızıl, 50 gümüş, 37 bürünc medal Azərbaycan dövlətinə 25 milyon 650 min manata başa gəlmişdi!
Rəqəmlərin quru axınından da aydın olur ki, milyonlar ağılsızcasına çölə tökülüb və indiki kasıblıq üçün həm MOK-da, həm AGİN-də oturanlar birbaşa məsuliyyət daşıyırlar. Sərəncamı Prezident imzalasa da, ona uyğun bilgiləri əlinin altında çalışanlar, yəni yuxarıda vurğuladığım səlahiyyət sahibləri çatdırırlar. Beləcə aydın olur ki, adamlar Prezidentə, sadəcə, şişirdilmiş rəqəmlər təqdim ediblər.
Təbii ki, ictimaiyyətə idman uğurlarına belə yanaşma daha sərfəlidi. Yəni mükafatlandırma, həvəsləndirmə tədbirləri ölkədəki yaşayış səviyyəsinə az-çox uyğun gəlməli, daha ictimaiyyətin idmana biganə olan təbəqələrini qıcıqlandırmamalıdı. Təəssüf və yenə də çox təəssüf ki, illər uzunu məhz belə olub. AGİN və MOK ölkə başçısına yanlış informasiya, şişirdilmiş rəqəmlər təqdim etməklə idmançılar üçün ağlasığmaz mükafatların ayrılmasına nail olublar. 2015 – 8 milyon, 2017 – 26 milyon, nəhayət, 2019 – milyonyarım. Möhkəm təməl üzərində qurulmayan binanın üzərindən yıxılmaq daha real, ağrımaq, zədə almaq ehtimalın isə yüzdəyüzdü. Bizim idmana rəhbərlik edənlər bax, indi həmin o kardon evin üzərindən yıxılan cocuqlara bənzəyirlər. Ancaq nə edəsən?! Özü yıxılan ağlamaz, dostlar! Pulsuzluq çox pis şeydi. Allah heç kimi çörək ilə sınağa çəkməsin…\\Football-plus.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz