Pulunuz cırılıbsa atmayın! - Mərkəzi Bank əhaliyə MÜRACİƏT ETDİ

  • 2019-02-13 10:42:19
  • |
  • Sosial /

Pulunuz cırılıbsa atmayın! - Mərkəzi Bank əhaliyə MÜRACİƏT ETDİ

Azərbaycan vətəndaşları əksər hallarda zədələnmiş əskinas problemi ilə qarşılaşır. Kağız pullar tez bir zamanda əzilir və cırılır və vətəndaşlar bunu özəl banklarda dəyişmək istəyərkən bir çox hallarda problemlə qarşılaşırlar. İnsanlar belə olan halda, nominalı aşağıdırsa, bu əskinasları atmağa üstünlük verirlər. Bəzən də az zədələnmiş əskinasların ödəniş vasitəsi kimi qəbul edilməməsi halları ilə də üzləşənlər var.

Hurriyyet.org bildirir ki, məsələ ilə bağlı unikal.org-un sorğusuna Mərkəzi Bank cavab verib.

Cavab:

"a) Mövcud qanunveriliciyə uyğun olaraq, vətəndaşlar dövriyyəyə yararsız milli pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Banka və onun ərazi idarələrinə, eləcə də, ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına təqdim edə bilərlər.

b) “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə və “Bank sistemində pulların ekspertizasının təşkili və aparılması qaydaları”nın 3.3-cü bəndinə əsasən, banklar məhdudiyyət qoyulmadan tədavülə yararlı, tədavülə yararsız və həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət, səthinin 60%-dən az olmayan hissəsini saxlamış pul nişanlarını qəbul etməli və dəyişdirməlidir.

Eyni zamanda, müvafiq qaydaların 3.4-cü bəndinə əsasən, banklar bir neçə hissədən ibarət olan səthinin 100%-ni saxlamış milli pul nişanları hissələrinin eyni əskinasa məxsus olmasını müəyyənləşdirmək məqsədilə qəbul edir və Mərkəzi Banka ekspertizaya təqdim edirlər. Ekspertiza rəyi müsbət olduqda pul nişanlarının dəyəri ödənilir.

c) Bank yararsız pulların qəbulundan imtina edərsə, bu halda vətəndaş Mərkəzi Bankın qaynar xəttinə (+994124931122, daxili-386) və ya elektron poçt ünvanına (mail@cbar.az) müraciət edə bilər".

Mərkəzi Bankdan o da bildirilib ki, qəbul olunmuş “Tədavüldə təmiz pul” siyasəti çərçivəsində 2018-ci il ərzində “Əhaliyə kassa xidməti” vasitəsilə ölkə üzrə 8.5 mln. manat yararsız pul nişanı dəyişdirilmişdir.

Mərkəzi Banka tədavüldən daxil olan 10.1 mlrd. manat pul nişanlarının yüksək texnoloji sistemlərdə emalı təmin edilmişdir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA