Putin Gürcüstanı “boğmağa” başladı - "Mən rusları tanıyıram, Azərbaycan üzərindən gələcəklər..."

  • 2019-06-22 11:13:19
  • |
  • Aktual /

Putin Gürcüstanı “boğmağa” başladı - "Mən rusları tanıyıram, Azərbaycan üzərindən gələcəklər..."

Xəbər verildiyi kimi, ötən gün Rusiya prezidenti Vladimir Putin Gürcüstanda baş verən son hadisələri Təhlükəsizlik Şurasının iclasında müzkirə edib. Müzakirələrin ardınca Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarının iyulun 8-dən etibarən dayandırılması haqda sərəncam verib. Bu qərar “Rusiyanın milli təhlükəsizliyinin təmin edilməsi, Rusiya vətəndaşlarının cinayətkar və digər qanunsuz hərəkətlərdən qorunması zərurəti” ilə əsaslandırılır. Habelə sərəncama əsasən turoperatorlara və turagentlərə tövsiyə edilir ki, Gürcüstan kurortlarına turpaketlərin satışından çəkinsinlər.

Habelə Rusiya XİN iyunun 21-də bəyanatla çıxış edərək ölkə vətəndaşlarına “şəxsi təhlükəsizlikləri baxımından” Gürcüstana səfərlərdən çəkinməyi tövsiyə edib. XİN Gürcüstanda yaranmış daxili siyasi vəziyyətdən ciddi narahatlıq bildirib.

“Radikal gürcü müxalifətinin antirusiya şüarları altında törətdiyi hərəkətlər nəticəsində bizim vətəndaşlarımız-Rusiya Federal Məclisinin pravoslav parlamentlərarası Assambleyasının iclasında iştirak edən nümayəndə heyəti zərər çəkib”,-bəyanatda deyilir.

Xatırladaq ki, pravoslav parlamentlərarası Assambleyasının Tblisidə keçirilən iclası zamanı Rusiya nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının deputatı Sergy Qavrilov Gürcüstan parlamentinin spikerinin kreslosunda oturub. Həmin məqamda spiker İrakli Kobaxidze Azərbaycanda səfərdə idi. Rusiyalı deputata hakimiyyət tərəfindən bu cür diqqətin göstərilməsi müxalifəti hiddətləndirib və iyunun 20-də axşam Gürcüstanda çoxminli etirazlar başlayıb. Təhükəsizlik qüvvələri parlament binasına hücum edən kütləni dağıtmaq üçün güc tətbiq edib, yüzlərlə adam yaralanıb. Bir nəfərin xəstəxanada öldüyü bildirilir. Spiker Kobaxidze dünən istefa verməli olub. Aksiyalar ötən gün də davam edib və müxalifət tərəfdarları bir gün əvvəl tutulanların dərhal azadlığa buraxılmasını tələb ediblər.

Etirazların təşkilatçılarınan biri-“Vahid milli hərəkat” partiyasının lideri, keçmiş xarici işlər naziri Qriqol Vaşadze “Kommersant”a müsahibəsində deyib ki, hadisələrdən bir həftə əvvəl onlar hakimiyyətə deputat Qavrilovun ölkəyə buraxılmaması barədə xəbərdarlıq etmişdilər. Çünki Sergey Qavrilov dəfələrlə Gürcüstan qanunlarını pozub, Abxaziya və Cənubi Osetiyaya səfərlər edib, Tblisini reallıqla barışıb bu separatçı regionların müstəqilliyini tanımağa çağırıb. Lakin hakimiyyət bu çağırışlara məhəl qoymayıb və Qavrilovu ölkəyə buraxıb, üstəlik ona dövlət mühafizəsi ayırıb və spikerin kreslosunda oturmağa imkan yaradıb.

Vaşadze deyib ki, Gürcüstanda baş verənlərin antirusiya xarakteri daşıması haqda deyilənlər yalandır. Çünki rusiyalı turistlər elə indi də Tbilisi küçələrində sərbəst dolaşır.

Müxalifət lideri deyib ki, Rusiya prezidentinin Gürcüstana aviareyləri dayandırması və rusiyalı turistlərin Gürcüstan kurortlarına səyahətini qadağan etməsi işə yaramayacaq.

“Kimdir axı bu Qavrilov? Onu Gürcüstana buraxmazdılar, bütün bunlar da baş verməzdi. İndi isə budur, birbaşa reysləri dayandırırlar və rusiyalı turistləri geri çağırırlar. Lakin mən rusları tanıyıram. Onlar sadəcə olaraq hakimiyyətə orta barmaqlarını göstərəcəklər və deyəcəklər: “Siz bunu bizə necə qadağan edə bilərsiniz? Prinsipial olaraq uçacağıq. Ermənistan üzərindən, Azərbaycan üzərindən, İstanbul üzərindən. Bu, bizim marşruta populyarlıqdan başqa heç nə gətirməyəcək. Rusiyadan turistlər bizim ölkəmizə gəlir, burada bizimlə rahat danışır və məmnun qalmaqdan başqa heç nə əldə etmirlər”,-Vaşadze bildirib./virtualaz.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA