PUTİN ÇOXDAN BELƏ “İLİŞMƏMİŞDİ” – Uğursuz bir əməliyyat onun sistemini sarsıtdı

PUTİN ÇOXDAN BELƏ “İLİŞMƏMİŞDİ” – Uğursuz bir əməliyyat onun sistemini sarsıtdı

Üzərində narkotik maddə “tapılan” və həbsə atılan jurnalist İvan Qolunovun ətrafında baş verənlər Rusiyada və ondan kənarda böyük rezonansa səbəb olub. Çoxlarının gözləmədiyi halda, bu iş ölkədəki polis və məmur özbaşınalığına qarşı kütləvi etirazlara səbəb oldu.

Rusiya polisi yenə lağ-lağı obyektinə çevrildi

Qısa olaraq, xatırladaq ki, İvan Qolunov ilk olaraq təcridxanaya salınsa da, jurnalistlərin və siyasi fəalların məhkəmə qarşısında etiraz aksiyası təşkil etməsi və sosial şəbəkələrdəki aktivlik, cəmiyyətin təzyiqləri hakimin jurnalisti ev dustaqlığına buraxması ilə nəticələndi. Təbii ki, bu, hakimin yox, hakimiyyətin qərarı idi. Lakin məsələ bununla bitmədi və daxili işlər naziri Kolokoltsevin də müdaxiləsindən sonra jurnalistin üzərindən bütün ittihamlar götürüldü.

kolokol

Həbsin özünə gəldikdə isə, demək olar ki, bu “əməliyyatda” bütün MDB ölkələrində populyar olan “sözə baxmayan” şəxslərin üzərindən narkotik maddə “tapılması” üsulundan istifadə edilib. Lakin bu prosesin özü çox kobud şəkildə həyata keçirilib. Nəinki şahid ifadələri, hətta polisin təqdim etdiyi və guya jurnalistin evindən çəkilmiş, az qala laboratoriyanı xatırladan fotoşəkillərin belə saxta olduğu üzə çıxıb. Bunu Moskva polisi sonradan rəsmən etiraf etdi. Aparılan qan analizi və digər nəticələr isə göstərdi ki, adamın ümumiyyətlə narkotiklə heç bir təması olmayıb. Bu işlə bağlı artıq Rusiyada müxtəlif lətifələr qoşulub və polis növbəti dəfə lağ-lağı obyektinə çevrilib.

Texniki cəhətdən çox bərbad şəkildə həyata keçirilən bu “əməliyyat” istər-istəməz iki FTX agentinin Böyük Britaniyada Sergey Skripala qarşı uğursuz sui-qəsd cəhdini xatırladır. Hər iki hadisə tənqid və ironiya hədəfinə çevrilməklə yanaşı, Rusiya hüquq-mühafizə və xüsusi xidmət orqanlarının “səviyyəsini” göstərmiş olur. Ancaq əgər“Skripal işi” əsasən xaricdə böyük narazılıqlara və hətta Rusiyaya qarşı sanksiyalara səbəb olmuşdusa, Qolunovun ətrafında baş verənlər ölkə daxilində böyük etirazlara və Kremlin qətiyyən arzulamadığı səs-küyə səbəb oldu. Və əslində Putin hakimiyyəti ikincidən daha çox qorxur, nəinki birincidən…

FTX generalları və Moskva meri…

Jurnalisti hədəf seçənlərin kimliyinə gəldikdə isə, Qolunov mətbuata açıqlamasında deyib ki, ona qarşı təzyiqlər və hədə-qorxular “qəbristanlıq biznesi” və bu sahənin himayədarlarına dair araşdırma yazılarından sonra başlayıb. Hesab olunur ki, onun həbsini Moskvada həmin biznesi himayə edən Moskva FTX-sının idarə rəisi general-polkovnik Aleksey Darofeyev və onun köməkçisi podpolkovnik Marat Medoyevsifariş edib. Məsələ ondadır ki, Qolunovun araşdırmaları, mətbuatın yazdığına görə, Rusiya üzrə illik dövriyyəsi bir neçə milyard dollara çatan “qəbristanlıq biznesinin”kimlərin əlində olduğunu ortaya çıxarırdı. Və məlum olurdu ki, bir zamanlar kriminal qruplaşmaların nəzarətində olan bu sahə tədricən ölkənin güc strukturları rəhbərlərinin və icra hakimiyyəti orqanlarının əlinə keçib. Və “balığın iylənən başı” sadəcə FTX generalı deyil, həm də Moskva meri Serqey Sobyaninə qədər uzanır.

Rusiya mətbuatında isə az sayda da olsa belə araşdırmaları dərc edə bilən mətbu orqanların qalması və onların Qolunova “yaşıl işıq” yandırması təbii ki, hakimiyyətdəki mafiyanı “ilanı” məlum səbəbdən, yəni jurnalist olduğu üçün öldürə bilməsə də, “şüşə qəfəsə” salmağa vadar edib. Ancaq hadisələrin gedişi sifarişçilərin planlaşdırdığı istiqamətdə davam etmədi. Artıq çoxlarının fikrincə, reanimasiyada olan Rusiya ictimaiyyətinin nisbətən aktiv kəsimi gözlənilməz dərəcədə təpki göstərdi. Nəticədə, nəinki həbsi təşkil edənlərin “qəbristanlıq biznesi”, digər şaxələnmiş korrupsiya əlaqələri və əməlləri də üzə çıxmağa başladı.

Medoyev kimdir?

999111eaf1594b8ef3d5b9a0e40d529f

Məsələn, Rusiyadakı ən məşhur və fəal müxalifətçi Aleksandr Navalnı Marat Medoyev barəsində apardığı araşdırmanın nəticələrini açıqlayıb. Məlum olub ki, bu FTX rəsmisinin atası İqor Medoyev da məşhur çekist imiş. Əslən Osetiyadan olan, Rusiyanın milli qəhrəmanı adına və general-mayor rütbəsinə qədər yüksələn İ.Medoyev uzun müddət sabiq müdafiə naziri Anatoli Serdyukovun köməkçisi olub. Hazırda istefada olan generalın hakim dairələrdə çox sıx əlaqələrinin, onun ailəsinin isə istər Rusiyada, istərsə də xaricdə, əsas etibarilə də Slovakiyada böyük biznesə və var-dövlətə malik olduğu üzə çıxıb. Moskvada isə bu ailənin adına təkcə rəsmi reyestr sənədlərində qeydiyyatda olan və hər birinin dəyəri milyonlarla dollarla ölçülən əmlaklar var.

O da məlum olub ki, bu ailənin Moskva meriyasında yüksək vəzifə tutmuş məmurla –Yuri Ovsyannikovla qohumluq əlaqəsi mövcuddur. Medoyevlə Ovsyannikov qudadırlar. Bu şəxs Moskva şəhər Yol İnspeksiyası adlı quruma rəhbərlik edib. Və onun sayəsində şəxsən Moskva meri Sobyanin bu ailəyə aid obyektin dövlət qurumu olan yol inspeksiyası idarəsi tərəfindən yüksək qiymətə icarəyə götürülməsinə dair göstəriş verib. “Niyə məhz bu ailəyə aid obyekti?” – mətbuatın merə verdiyi suallardan biri də budur. Bu işdə Moskva meriyası tərəfindən həyata keçirilən bir çox digər korrupsiya layihələri və sxemləri də üzə çıxıb. Və məlum olub ki, bu işlərdə güc strukturları ilə meriya işçiləri əlbirdirlər.

Bu, Putinə lazım idimi?

golunov-1

İvan Qolunovun işi o qədər şişdi ki, uzun illər yığılan daxili ictimai etiraz küçələrə daşdı, etiraz aksiyaları keçirildi, həbs edilənlər oldu. Demək olar ki, prezident seçkisindən sonra Rusiyada bu miqyasda etirazlar qeydə alınmamışdı.

Məsələ adi korrupsiya-kriminal çərçivəsindən çıxaraq, siyasi çalar almağa başladı. Bu isə təbii ki, Rusiya prezidenti Vladimir Putini büdcədən oğurlanan, talan edilən milyardlardan daha çox narahat edir. Bu səbəbdən Putin tərəfindən Qolunovun həbsinə imza atan yüksək vəzifəli iki polis generalı – Yuri Devyatkin və Andrey Puçkov işdən azad edilərək, daxili işlər orqanlarından qovuldu. Lakin Rusiya cəmiyyəti və mətbuatı bilir ki, bu şəxslər sadəcə göstəriş yerinə yetiriblər və gerçək sifarişçilər hələ cəzalandırılmayıb. Mətbuat və siyasi aktivistlər isə barmağını Moskva merinə və Putinin doğma qurumu olan FTX rəhbərliyinə tuşlayıb. İndi hər şey ictimai etirazın səviyyəsindən asılı olacaq. Rusiyada bəziləri bu işə görə “kəllələri gedəcək” şəxslərin yalnız bu iki general olmayacağı qənaətindədirlər. Çünki məmur-oliqarxların və generalların öz “işlərinin” öhdəsindən gələ bilməməsi Putini qəzəbləndirib və hansısa jurnalistin belə yarıtmaz şəkildə şərlənməsinin onsuz da əhalinin getdikcə artan narazılığında qığılcım rolu oynaması qətiyyən onun maraqlarına uyğun deyil.

Müstəqil şərhçilər hesab edirlər ki, bundan sonra hadisələrin gedişi etirazların və cəmiyyətin təzyiqlərinin gücündən asılı olacaq. Bəlkə də bu təzyiqlər nə zamansa generalların, merlərin deyil, elə hakimiyyətin özünün dəyişməsilə nəticələnəcək bir həddə çatacaq. Əgər doğrudan da belə bir şey baş verərsə, sözsüz ki, bunun nəticəsi təkcə Rusiya deyil, bütün MDB ölkələri üçün situasiyanı dəyişmiş olacaq. Ukraynanın yeni prezidenti Vladimir Zelinskinin dediyi kimi – o, hələ seçkidən əvvəl Krımın və Donbasın nə zaman qaytarılacağı ilə bağlı suala təxminən belə cavab vermişdi: “Rusiyada hakimiyyət dəyişəndən sonra…”/azpolitika.info/