Putin rusları yenə aldada biləcəkmi? - Prezidentin reytinqi son 13 ildə ən aşağı səviyyədədir

  • 2019-02-28 10:22:15
  • |
  • Region /

Putin rusları yenə aldada biləcəkmi? - Prezidentin reytinqi son 13 ildə ən aşağı səviyyədədir

Kənardan insanlara elə gələ bilər ki, Rusiya prezidenti Vladimir Putin nə istəyirsə, ona nail olur. Belə ki, ABŞ və Avropa arasındakı ittifaq son 70 ilin ən ciddi sınağı qarşısındadır.

Rusiyada millətçilik və populizmin yüksəlişi baş verir. Liberal demokartiya hücumlara məruz qalır. Vladimir Putin Krımı ilhaq edəndən sonra Rusiya vətənpərvərlərinin qəlbləri alovlanmışdı və prezidentin reytinqi ən yüksək zirvəyə çatmışdı. Amma indi prezidentə olan inam son 13 ilin ən aşağı həddindədir.

Rusiya iqtisadiyyatı staqnasiya vəziyyətindədir. Vladimir Putinin Federal Məclisə ünvanladığı müraciət, adəti üzrə nüvə silahıyla əzələ nümayişi ilə bitdi. Putinin çıxışlarının çoxu onun öz imicini yaxşılaşdırmaq üçün sosial xərclərin artırılması vədinə həsr edilib.

Rusiyadakı ictimai rəyin öyrənilməsi üzrə dövlət mərkəzinin məlumatına görə, Vladimir Putinin indiki populyarlıq reytinqi 62% səviyyəsindədir. Amma bu göstərici 2015-ci ildəki 90%-lik zirvə səviyyəsindən çox aşağıdır. Bundan başqa keçən ay keçirilən rəy sorğusunun nəticələrinə görə, Vladimir Putinə rusiyalıların yalnız 33,4%-i inanır ki, bu da 2006-cı ilin müvafiq göstəricisindən sonra ən aşağı nəticədir. Hələ bəlli deyil ki, sosial vədlər vasitəsilə xalqın ələ alınması necə təsir göstərəcək. Ümumiyyətlə isə, Qərb standartlarına görə Vladimir Putinin reytinqi əvvəlki kimi yenə də yüksəkdir.

Müstəqil təşkilat olan “Levada mərkəz”-in apardığı sorğuya görə, ölkənin 45% vətəndaşı hesab edir ki, Rusiya düzgün istiqamətdə getmir. Sorğu göstərir ki, 2006-cı ildən indiyədək ölkənin getdiyi yoldan razı qalmayanların sayı artıb.

Bunun əsas səbəbi iqtisadiyyatdır. Beş ildir ki, rusiyalıların real gəlirləri hər il azalır. Bu, 1990-cı illərin xaosla dolu dövründən sonra əhalinin gəlirlərinin azalmasının ən uzun dövrüdür. İndi rusiyalıların real gəlirləri 2013-cü ilin səviyyəsindən 13% aşağıdır.

Vladimir Putin dörd il baş nazir olduqdan sonra 2012-ci ildə yenidən prezident postuna yiyələndiyində ölkənin illik iqtisadi böyüməsi orta hesabla 1% təşkil edirdi. Təbii resurslardan hədsiz asılılıq, neftin aşağı qiymətləri və Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Qərbin tətbiq etdiyi sanksiyalar üzündən ölkə iqtisadiyyatı ziyan çəkir.

Prezidentin pensiya yaşını beş il artırması rusiyalıların qəzəbinə səbəb olub. Bu ildən isə əlavə dəyər vergisi 18%-dən 20%-ə yüksəldilib. Mövcud ifrat mühafizəkar büdcə-vergi qaydaları üzündən narazılıq daha da artır. Məhz bu siyasət sayəsində keçən il Rusiya büdcəsi Ümumi Daxili Məhsulun 2,7%-i qədər profisitlə yerinə yetirilib.

Amma buna baxmayaraq, xidmətin keyfiyyəti və infrastrukturun vəziyyəti pisləşir və rusiyalıların 13%-i (19 milyon insan) yoxsulluq səviyyəsində yaşayır. Rəsmi aylıq minimum gəlir 11 280 rubldur (172 dollar).

Hakim dairələr dalana dirənib. Əsl iqtisadi islahatlar, mülkiyyət hüququnun möhkəmləndirilməsi və hüququn aliliyi onların hakimiyyətini təhlükə altına qoya bilər. Bunun əvəzində isə Kremldə əhalinin diqqətini daha bir “kiçik müharibəyə” yönəltmək həvəsi yarana bilər. Əksəriyyətin düşüncəsinə görə, Ukrayna və Krımdan savayı digər xarici siyasət problemləri rusiyalıların hisslərinə demək olar ki, az toxunur.

Sovet İttifaqının 1980-ci illərdəki Əfqanıstan işğalı unudulmayıb. Kreml özünün Suriya və Ukraynadakı hərbi əməliyyatlarının əsl miqyasını və həlak olanların real sayını ciddi cəhdlə gizlədir.

Digər tərəfdən isə, rəy sorğuları göstərir ki, rusiyalılar hakimiyyətin Qərb tərəfindən gələn təhlükə qarşısında milli dirçəliş irəli sürməsinin əsl mahiyyətini və bu təhlükənin uydurma olduğunu anlamağa başlayırlar. Artıq anlaşılır ki, bütün bunlar insanları daxili problemlərdən yayındırmağa xidmət edir.

Əgər hakimiyyət pensiyaları, uşaq müavinətlərini və yaşayış subsidiyalarını artırmaq üçün ölkənin böyük maliyyə ehtiyatından istifadə etsə, onda problemləri həll etmək olar. Amma Rusiyanın korrupsiyalaşmış və səmərəsiz bürokratiyası verdiyi vədi yerinə yetirmir və sosial inkişafın yüksəlməsi üçün ayrılmış vəsaitlər praktik olaraq heç zaman real həyat şəraitini yaxşılaşdırmır.

Kreml ictimai narazılığın önünü avtoritar siyasəti sərtləşdirmək yoluyla almağa çalışır. Kreml iqtisadi islahat həyata keçirməzsə, Rusiya həm inkişaf etmiş və həm də Çin kimi inkişaf etməkdə olan ölkələrdən geri qalmağa məhkumdur. Belə bir vəziyyət bir neçə il davam edə bilər. Amma yaşlı rusiyalılar baş verənlərə bənzər hadisləri artıq görüblər. Onlar keçmişdə bunun nə ilə qurtardığını yaxşı xatırlayırlar.

(“Financial Times”-Böyük Britaniya)

Tərcümə azpolitika.info-nundur

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA