Qaçmış şahzadə... - Niyə qadınlar Fars körfəzi ölkələrindən qaçırlar?

Qaçmış şahzadə... - Niyə qadınlar Fars körfəzi ölkələrindən qaçırlar?

Ötən həftə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) baş nazirinin və Dubay əmirliyinin şeyxi olan Məhəmməd ben Rəşid əl-Maktuma-nın həyat yoldaşları Almaniyaya qaçıblar. Bu hadisə beynəlxalq qalmaqalın meydana gəlməsinə səbəb olub. Banker.az The Sun agentliyinə istinadən verdiyi məlumata görə, şahzadə özü ilə uşaqlarını və 39 milyon dollar pul götürüb qaçıb. Ərəb monarxiyasının səlahiyyətliləri dərhal Almaniyanın Xarici İşlər Nazirliyinə qaçan həyat yoldaşını təhvil vermək istəyi ilə müraciət etsələr də, rədd cavabını alıblar.

Qaçmış şahzadə
DÜNYANIN ən firavan ölkələrindən birində yaşayan şahzadənin 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə birlikdə qaçması qeyri-adi bir hadisə kimi görünür. Yaxın Şərq regionunda olan digər ölkələrlə müqayisədə, BƏƏ öz liberal qanunları ilə fərqlənir və hər il milyonlarla xarici qəbul edir.

Lakin, burada da hər şey göründüyü kimi deyil. Dubay əmirliyinin həyat yoldaşının qaçması istisna hal deyil. Daha əvvəl BƏƏ-nin qızı olan Latifa bint Məhəmməd Əl Maktum şahzadəsi qaçmağa cəhd göstərsə də, ölkəsinə geri qaytarılmışdı. Onun taleyi haqqında heç bir məlumat yoxdur.

Cari ilin əvvəlində beynəlxalq KİV ərəb mənşəli Maxi və Vafi əl-Subay bacıları haqqında danışırdı. Onlar krallıqdan Gürcüstanın Tbilisi şəhərinə qaçaraq, qərb ölkələrinin birində sığınacaq tapa biliblər. 2019-cu ilin yanvar ayında isə Səudiyyə Ərəbistanından qaçmış iki bacı Nyu-Yorkda intihar etdi, bunun əsas səbəbi qadınların vətənə qayıtmaq istəyinin olmaması idi. Rafah Məhəmməd Alkunun – krallığın qaçaraq Kanadada sığınacaq tapmış sakinlərindən biridir.

Ərəb feminizmi
BÜTÜN bu hadisələr ölkənin qanunvericiliyində müəyyən irəliləyişlərin fonunda baş verir. Konservativ islam qanunlarına baxmayaraq, son bir neçə onillikdə ərəb monarxiyaları gender bərabərliyi ilə bağlı vəziyyətin yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyişlər əldə ediblər. Yerli cəmiyyətlərdə “islam feminizm” fenomeni populyarlıq qazanır.

Din ölkənin sosial strukturunda hələ də böyük rol oynayır. Səudiyyə Ərəbistanında Quran demək olar ki, konstitusiyanı əvəz edir, Fars körfəzinin digər ölkələri isə Şəriət qanunları ilə idarə olunur. Maraqlısı odur ki, monarxiyalarda qadın hüququnun əsasını məhz islam qoyub.

Özünü “islam feministi” hesab edən qadınların sayı get-gedə artır, onlar kişilərlə bərabər öz hüquqlarını müdafiə etməyə hazırdırlar. Körfəz ərazisində feminizmin nailiyyətlərini qiymətləndirmək üçün rəqəmlərə müraciət edə bilərik. Ötən əsrin 70-ci illərində bir qadın başına beş və daha çox uşaq düşürdü. İndi monarxiyaların əksəriyyətində bu göstərici ikiyə belə çatmır. Qadınlar arasında savadlılıq artır, Qatarda və BƏƏ-də isə qadınlar kişilərlə müqayisədə daha savadlıdırlar.

Qadınların ölkənin iqtisadi və siyasi həyatında iştirak səviyyəsi artmaqdadır. Əgər qırx il bundan əvvəl BƏƏ-də qadınların yalnız 50% işləyirdisə, indi onlar işləyən əhalinin üçdə bir hissəsini təşkil edirlər. Sektor üzrə bölgüdən danışırıqsa, BƏƏ-də bütün ictimai vəzifələrin 66%-ni qadınlar tutur. Xüsusilə əlamətdardır ki, dünyanın ən gənc qadın naziri də buradadır. Şam Əl-Mazrui hökumətdə gənclər məsələləri üzrə məsul şəxsdir.

Təəccüblüdür ki, islamın konservativ qanunlarına sadiq qalan BƏƏ və digər Körfəz ölkələri qadın hüquqlarının müdafiəsi sahəsində nail olduqları irəliləyişlərdən xəbər verirlər. Nəticədə, qadınlar özlərinə aid olan hüquqları, o cümlədən məişət zorakılığlndan qorunma, müsəlman olmayan şəxslə evlənmə, boşanma və ikinci dəfə ailə qurmaq uğrunda mübarizə aparırlar. Bəzən yeganə çıxış yolu qaçmaqdır.

Qaçış bir seçim kimi
GENDER bərabərliyi məsələsi ilə bağlı vəziyyətin yaxşılaşdırılması bu və ya digər səviyyədə bütün Körfəz ölkələrində var. Yerli qadınlar daha dözümsüz olublar, internetə çıxışın olması isə onlara digər ölkələrdə yaşayan qadınların həyatını izləməyə imkan verir.

Bütün irəliləyişlərə baxmayaraq, bu ölkələrdə həllini tapmamış bir çox problemlər var. Əgər BƏƏ və ya Qatarda qadınların hüquqlarının vəziyyəti bir qədər yaxşıdırsa, Səudiyyə Ərəbistanında hər şey fərqlidir. Qadınların rolu, bir qayda olaraq, ev işləri ilə məhdudlaşır, hər dörd qadından biri işləmir.

Səudiyyə Ərəbistanından qaçmış qadınlar beynəlxalq rezonansın yaranmasına səbəb olaraq, şahzadə Məhəmməd bin Salmanın beynəlxalq imicinə zərbə vurmuş olublar. Səudiyyə taxtına gəlmiş bu gənc varis, krallığı müasirləşdirmək məqsədilə radikal islahatlar keçirəcəyini bildirib. Ən mühüm islahatlardan biri qadınlara avtomobil sürməyə icazə verən qanun olub.

Qadınların hüquqları sahəsində olan irəliləyişlər, digər problemləri kölgə altına salmalı deyil. Körfəz ölkələrində qadınları təcavüzdən qoruyan qanunlar hələ də işləmir. Bundan əlavə olaraq, ərəb ölkələrində qadınlar üçün “şüşə tavan” hələ də qalmaqdadır – qadınların təkbaşına xaricə getməsi, müəyyən vəzifələrdə işləmək və digər məsələlər.

Körfəz ölkələrində qadın hüquqlarının yeni bir səviyyəyə çıxması üçün çox vaxt keçməlidir və çox güman ki, yaxın gələcəkdə bunun tək çarəsi ölkədən qaçmaq olacaq. (banker.az)