Qafqazda sabitlik və sülhün qorunması

Qafqazda sabitlik və sülhün qorunması

Xalqlararası münasibətlərin inkişafı istiqamətində əməkdaşlığın dünəni, bu günü və sabahı

Qafqazda xalqlararası və dinlərarası sabitlik mövzusunda hər il Bakıda tədbirlər keçirilir. İstər Cənubi Qafqaz, istərsə də Şimali Qafqaz regionları arasında tolerantlıq baxımından bu tədbirlərin müstəsna əhəmiyyəti vardır. Multikulturalizm baxımından bu tədbirlər həm də ona görə əhəmiyyətlidir ki, Qafqaz xalqları bütövlükdə Ermənistanın ölkəmizə qarşı apardığı ekspansionist siyasətin gerçəkləri ilə daha yaxından tanış olurlar. Bununla yanaşı, regionlararası iqtisadi, ictimai, sosial və mədəni baxımdan həm də əlaqələr sürətlə inkişaf etdirilir. Qaraçay-Çərkəz, Adıgey, Kabarda-Balkar, İnquşetiya, Çeçenistan və Dağıstan respublikalarının rəhbərləri ilə keçirilən görüşlərdə Azərbaycan dövləti ilə bir çox münasibətlər də tənzimlənir. Gürcüstan isə faktiki olaraq, ölkəmizin ən strateji müttəfiqi kimi qəbul olunur. Qafqaz Xalqları Ali Dini Şurasında təmsil olunan nüfuzlu din xadimlərinin də regional sabitlik məsələsində müstəsna xidmətləri vardır.

Regional əməkdaşlığın zirvə toplantıları

Qafqaz Xalqları Ali Dini Şurasının son Bakı toplantısında ölkə prezidenti İlham Əliyev fəxri qonaqları qəbul edərək belə demişdir: Sizlərlə eni görüşümüzə şadam. Bu, çox əhəmiyyətlidir ki, biz tez-tez görüşürük və siz ölkəmizdə tez-tez olursunuz. Biz bunu çox yüksək qiymətləndiririk, bu cür əlaqələr hamımız üçün çox vacibdir. Qafqazın dini liderlərinin bu səviyyədə münasibətləri, Qafqaz xalqları arasında ənənəvi qardaşlığa əsaslanan qarşılıqlı anlaşma bizi çox sevindirir. Əsrlər boyu xalqlarımız arasında həmişə dostluq, qardaşlıq, qarşılıqlı dəstək, qarşılıqlı kömək münasibətləri olmuşdur.

Qafqaz bizim ümumi evimizdir, bu, böyük bir ailə, vahid orqanizmdir. Etimad tədbirlərini gücləndirmək, Qafqazda sabitliyi, təhlükəsizliyi möhkəmlətməyə çalışmaq, bu məsələlər üzərində işləmək çox vacibdir. Biz bunu edə bilərik və öz tərəfimizdən bizim regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə bundan sonra da töhfə verəcəyik. Hesab edirəm ki, burada əsas amil məhz Yer kürəsinin Qafqaz kimi gözəl guşəsində məskunlaşan bütün xalqlar arasında münasibətlərdir. Dini liderlərin bir yerə toplaşması, müzakirələr aparması, əməkdaşlıq formatına malik olması çox vacibdir. Çünki sizin sözünüzü bizim bütün xalqlar, bütün vətəndaşlar eşidir və hörmətli insanlar, ağsaqqallar kimi sizdən çox şey asılıdır”.
Konfransda iştirak edən Şimali Qafqaz nümayəndələrinin əksəriyyəti xüsusilə belə bir mövzunu daha çox qabartdılar: Azərbaycanla Rusiya münasibətləri və əməkdaşlıq Qafqazda regional inkişafı və təhlükəsizliyin möhkəmlənməsinin mühüm amilidir. Bu, regional inkişafın, sabitliyin çox mühüm amilidir. Bizim üçün olduqca xoşdur ki, son illərdə bu münasibətlər çox müsbət, dinamik inkişaf edir. Birgə fəaliyyətimizdən çox şey asılıdır. Əlbəttə ki, bizim cəmiyyətlərin qarşısında öz həllini tələb edən vəzifələr durur. İqtisadi rifah və sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin əsas amillərindən biridir. Bu, qarşıya qoyulmuş məqsədlərə nail olmaq başlıca amildir. Vəzifəmiz, borcumuz təhlükəsiz iş şəraiti olsun, bütün müsbət proseslərə gəncləri fəal cəlb edək. Hazırda biz gənclər siyasətinə dair böyük proqram üzərində işləyirik. Buna görə də biz bu məsələdə məsləhətləşmələr, təcrübə mübadiləsi aparmağa hazırıq. Qafqazda sülh, təhlükəsizlik, tərəqqi, inkişaf olması bizim üçün çox vacibdir. Azərbaycan xalqı ilə Şimali Qafqaz xalqları arasında ənənəvi qardaşlıq, dostluq münasibətləri vardır. Bizim əməkdaşlıq və qarşılıqlı dəstəyimiz çoxəsrlik tarixə malikdir”.
Prezident İlham Əliyev isə cavabında bunları demişdir: “Bu əməkdaşlıq indi həm Şimali Qafqaz respublikalarının rəhbərləri ilə mənim əlaqələrim səviyyəsində, həm də insanlar və biznes qurumları arasında əlaqələr səviyyəsində davam edir. Bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm amildir. Mənə xoşdur ki, ölkəmizin paytaxtında bu cür tədbirlərin keçirilməsi Qafqaz respublikaları arasında əməkdaşlıq çərçivəsində, həm də dünya miqyasında artıq birinci dəfə deyildir. Bu yaxınlarda biz mədəniyyətlərarası dialoq üzrə böyük forum keçirdik, bütün dünyadan qonaqlar qəbul etdik. Keçən il sizin də iştirakınızla dini liderlərin sammitini keçirdik, bu tədbir də çox uğurlu oldu.

Qafqaz Müsəlmanları Ali Dini Şurasının rolu

Qafqaz Müsəlmanları İdarəsinin və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, şeyxülislam Allahşükür Paşazadə bu tədbirdə bildirib ki: “Bölgədə baş verən hadisələr, milli-mənəvi dəyərlərin inkişafına və cəmiyyətdə, xalqlar arasında dostluğun, qardaşlığın daha da genişlənməsində üzərimizə düşən bütün məsələlərdə dövlət rəhbərlərinə mənəvi dəstək vermək bizim dini borcumuzdur. Biz həmçinin radikalizmin, terrorizmin qarşısını almaq, dinc yanaşı yaşamaq və bu istiqamətdə gələcəkdə nə cür hərəkət etmək məsələləri barədə mütəmadi olaraq məsləhətləşirik. Təəssüf ki, bəzən özlərini siyasətçi adlandıran bəziləri xalqları bir-birinə qarşı qoymaq, insan həyatına təhlükə yaradan şər işlərə rəvac verən təhdidlər törədirlər. Biz din xadimləri belələrinə qarşıyıq. Azərbaycanın Qarabağ kimi çətin məsələsinin həlli istiqamətində apardığınız siyasətdə biz Sizin arxanızdayıq. Biz Azərbaycanın haqq işinin müdafiəsi, torpaqlarımızın azad edilməsi istiqamətində gördüyünüz işləri bəyənirik. Biz Allaha dualar oxuyuruq ki, bu məsələ, İnşallah, sülh yolu ilə tezliklə həll olunsun. Deyə bilərəm ki, bu gün Azərbaycan bölgədə lider dövlətdir. Ona görə tam əminliklə deyə bilərəm ki, Azərbaycan dövləti Qafqazda proseslərin sağlam məcrada getməsinə öz təsirini göstərir. Mənim bir neçə vəzifəm var. Qafqaz Müsəlmanları İdarəsinin, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB dövlətləri Müsəlman Dini Məşvərət Şurasının rəhbəri və Dinlərarası Dialoq Məşvərət Şurasının həmsədriyəm. Biz, Qafqaz Xalqları Ali Dini Şurasının müftiləri tez-tez görüşürük. Biz Qafqazda terrorun, qarşıdurmanın əleyhinəyik. Terrordan bizim müftilər ziyan çəkmişlər. Onların bir neçəsi öldürülüb, şəhid olub. Çünki onlar haqq yolunda idilər”.

İsmayıl Berdiyev: “Qafqazda sabitlik bölgənin inkişaf düsturudur”

Qaraçay-Çərkəz Respublikası Müsəlmanları Ruhani İdarəsinin və Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev Bakı konfransının önəmi barəsində bu fikirləri irəli sürmüşdür: “Yenidən burada, Azərbaycandayıq. Adətən, insan o yerə getmək istəyir ki, orada onu sevirlər və yaxşı qarşılayırlar. Azərbaycanda biz bunu daim hiss edirik. Bu gün biz Qafqaz Xalqları Ali Dini Şurasının konfransında bu barədə, Bakının necə qurulması barədə danışmışıq. Biz buraya gələndə bunu görürük.

Biz hamımız terrorizmə, ekstremizmə qarşı birlikdə mübarizə aparmalıyıq. Təkbaşına heç bir ölkə terrorizmə qalib gələ bilməz. Bu, bizim ümumi ağrılı yerimiz, ümumi bəlamızdır. Biz də terrorizmdən əziyyət çəkmişik. Bütün bunların qarşısının alınması üçün Qafqaz xalqları arasında tarixən mövcud olan ənənələri önə çəkərək birlikdə addım atmalıyıq. Qaraçay-Çərkəz Respublikasında yaşayanlı azərbaycanlı icma ilə bizim çox isti münasibətimiz vardır. Onlar özlərini öz vətənlərində olduğu kimi hiss edirlər. Çünki, tarixi ənənələrimizə görə biz onları qonaq saymırıq. Hər birimiz özümüzü qafqazlı kimi hiss edirik”.

Çeçen dini lideri Sultan Mirzəyev: “Azərbaycanı çeçen xalqı heç zaman unuda bilməz”

Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin sədri Sultan Mirzəyev Azərbaycana səfərindən şad olduğunu vurğulayaraq dedi: “Dünən səhər mən Çeçenistan Respublikasının başçısı ilə danışanda o, konfrans iştirakçılarının hər birinə xüsusi salamlarını göndərdi və hamıya möhkəm cansağlığı və uğurlar arzuladığını çatdırmağı xahiş etdi. Azərbaycanın gerçəkdən də çox böyük uğurları vardır. Biz hər dəfə Bakıya göləndə yeni dəyişiklikləri görürük. Bütün bunlar bizləri çox sevindirir. Hacı İsmayılın dediyi kimi, biz hər dəfə buraya gələndə bunları görürük, çoxlu yeniliklər olduğunu görürük və bu, bizi sevindirir. Çeçen xalqı 1944-cü ildə və 1994-1996, 1999-2001-ci illərdə yaşadığı ən dəhşətli zamanlarda Azərbaycanın göstərdiyi yaxşılıqları heç bir zaman unutmayıb və unutmayacaqdır. Yeganə Azərbaycan Respublikası oldu ki, bizim qaçqınlarımıza qucaq açdı və bütün humanitar yardımlarda yanımızda oldu. İndi əksər çeçenlər bu tarixi xatırladıqca Azərbaycana minnətdarlıq duyğularını gizlədə bilmir”.

Hacımurad Qatsalov: Vladiqafqazdakı məscid bizim varlığımızdır

Sonra Şimali Osetiya - Alaniya Müsəlmanları Ruhani İdarəsinin sədri Hacımurad Qatsalov bildirdi ki: “Bizim respublikanın paytaxtında bütün Şimali Qafqazın memarlıq incisi kimi tanınan və Bakı milyonçusu Muirtuza Muxtarovun tikdirdiyi Vladiqafqaz Cümə Məscidi aradan 100 ildən də çox zaman keçməsinə baxmayaraq, möhtəşəmliyi ilə göz oxşayır. Keçmiş Sovet İttifaqı dönəmində Şimali Osetiyada çox tarixi abidələri söküb dağıtdılar. Təkcə bu nadir inciyə toxunmadılar. Çünki, vicdan lazımdır ki, Vladiqafqaz Məscidini yox edəsən. Biz həmin məscidin nəzdində Azərbaycan xalqının timsalında Murtuza Muxtarovun adını ədəbiləşdirmişik. Hər dəfə Azərbaycan gəldiyimizdə daha yeni və bir-birindən gözəl tikilələr görürük. Bakı sadəcə bizim deyil, bütün Qafqazın mirvarisidir. Biz Azərbaycanla qürur duyduğumuzu hər yerdə söyləyirik. Çünki, təkcə Bakı şəhəridir ki, bütün Qafqaz xalqlarının nümayəndələrini davamlı şəkildə bir araya gətirərək, regonda sülhün və əmin-amanlığın müzakirələrini aparırıq”.

Radikal dini siyasətə yox deyildi

Qafqaz Xalqları Ali Dini Şurasının son Bakı toplantısında qeyd olundu ki, 1994-2004-cü illərdə faktiki olaraq, Qafqazın bütün regionlarında radikal dini qruplaşmalar demək olar ki, hər gün terror siyasətini ortaya atırdılar. Bu dəhşət saçan hadisələrdə yüzlərlə din xadimi, sadə vətəndaşlar, dövlət qulluqçuları həyatlarını itiriblər. Qafqazda sülh adına aparılan dialoqların, xüsusi tədbirlərin uğurla həll edilməsi üçün irəli sürülən bütün təşəbbüslərin nəticəsində son illərdə əmin-amanlıq hökm sürür. Belə tədbirlərin sayı nə qədər çox olarsa, regional əməkdaşlıq inkişaf etdirilərsə, bir o qədər də sabitlik öndə olacaqdır. Çünki, Qafqaz isə bizim ümumi evimizdir. Biz islamofobiya təzahürlərinə qarşı mübarizə aparmaq üçün birlikdə işləməliyik və bu istiqamətdə işləyirik. Onlara qarşı birgə səylərlə mübarizə aparmalıyıq. Çünki bizim dinimiz sülh, qardaşlıq və ədalət dinidir.
Beləliklə Qafqaz Xalqları Ali Dini Şurasının son Bakı toplantısında iştirak edən Qaraçay-Çərkəz, Adıgey, Kabarda-Balkar, İnquşetiya, Çeçenistan və Dağıstan respublikalarının dini liderləri Azərbaycanla daim sıx təmasda olmaq, qarşılıqlı əməkdaşlıq perspektivləri barəsində təkliflərini irəli sürdülər. Bu ideyaların əsas məqsədi isə, Qafqazda sabitlik və sülhün qorunmasına, xalqlararası münasibətlərin inkişafına, tolerantlıq baxımından bir daha zəruri işlərin həyata keçirilməsinə çalışılacağı ümidlərini doğrultdu.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA