Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və bölgəyə təsirləri

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və bölgəyə təsirləri

Qara dəniz bölgəsi potensialı, coğrafi yaxınlığı, iqtisadiyyatı ilə bir-birini tamamlayıcı xüsusiyyətlərə malikdir. Bundan faydalanaraq aralarında ikitərəfli və çox tərəfli iqtisadi, texnoloji və ictimai əlaqələri növlərə bölərək daha da inkişaf etdirmə prosesləri daim irəli gedir. Qara dəniz hövzəsi ölkələri ilə əməkdaşlıq sayəsində Azərbaycan bir dövlət olaraq Gürcüstan, Moldova, Ukrayna və Türkiyə ilə strateji müttəfiqlik əldə edibdir. Ona görə də bu qurumun üzvü iolan ölkələr Azərbaycanın problemlərinə heç zaman biganə qalmırlar. Dəfələrlə Ukrayna, Gürcüstan və Moldova Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal boşaldılması məsələsində ölkəmizin yanında durduqlarını bəyan ediblər. Balkan ölkələri və Şərqi Avropa əməkdaşlıq sahəsində isə, bölgə dövlətləri də Azərbaycanın strateji maraqları ilə üst-üstə düşən zəruri addımları atıblar. Beləliklə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin yanında Azərbaycanın beynəlxalq nüfuzu də xeyli dərəcədə yüksəlibdir.

Qara dəniz regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-də İstanbulda 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə yaradılıb. Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynanın dövlət rəsmiləri İstanbul Zirvə görüşünün Bəyannaməsini və Bosfor Bəyannaməsini imzalamaqla QDİƏT-in əsasını qoyublar. QDİƏT çoxtərəfli iqtisadi əməkdaşlıq modeli kimi ortaya gəlməklə siyasi problemləri həll etməyi, bölgəyə sülh və əmin-amanlıq gətirməyi qarşısına məqsəd qoymuşdu. QDİƏT-nin strukturlaşması prosesini təmin etmək üçün üzv dövlətlər 1994-cü ilin martında İstanbulda təşkilatın Daimi Beynəlxalq Katibliyinin yaradılması haqda razılığa gəliblər. Katiblik İstanbul şəhərində yerləşir. Prosesin davamı olaraq 1997-ci il yanvarın 24-də üzv dövlətlər Qara Dəniz Ticarət və Əməkdaşlıq Bankının yaradılması haqda bəyannamə imzalayıblar. Təşkilatın ali orqanı - Xarici İşlər Nazirləri Şurasıdır. Hər üzv ölkə 6 ay müddətində təşkilata sədrlik edir və sədrlik müddətinin sonunda öz ölkəsinin ərazisində XİNŞ-in iclasını keçirir.

Azərbaycan QDİƏT-in bünövrəsini qoyan üzv ölkələrdən biri olsa da, Ermənistanla Azərbaycan arasında gedən müharibə səbəbindən Azərbaycan bu təşkilatın işində tam şəkildə iştirak edə bilmirdi. Hərbi əməliyyatlar 1994-cü ildə dayandırılsa da, müharibədən sonra Azərbaycanda hökm sürən iqtisadi-siyasi vəziyyət ölkəyə hərtərəfli diplomatik əlaqələr qurmağa və beynəlxalq təşkilatlarla münasibətlərini inkişaf etdirməyə imkan vermirdi. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin QDİƏT-in işində ilk dəfə iştirakının 1996-cı il oktyabrın 25-ə təsadüf etməsi də əslində, Azərbaycanın bu təşkilata inteqrasiyasının müharibə ucbatından ləngidiyinin göstəricisidir. QDİƏT dövlət başçılarının işinə ilk dəfə olaraq qatılan Heydər Əliyev nitq söyləyərək təşkilatın perspektvlərindən və regionda oynaya biləcəyi roldan danışıb. Zirvə görüşü çərçivəsində Heydər Əliyev həmçinin Ermənistan prezidenti Levon Ter-Petrosyanla, Türkiyə Prezidenti Süleyman Dəmirəllə, Bolqarıstan Prezidenti Jelyü Jeleylə və Rusiya Federasiyasının Baş naziri Viktor Çernomırdinlə görüşüb. Zirvə görüşünün nəticəsi olaraq QDİƏT-in yeni inkişaf perspektivlərini müəyyənləşdirən Moskva Bəyannaməsi imzalanıb.

Prezident Heydər Əliyevin QDİƏT-in işində növbəti iştirakı 1997-ci il aprelin 28-ə təsadüf edib. Bu təşkilatın üzvü olan ölkələrin İstanbulda "Qara dəniz regionunda yeni imkanlar" mövzusunda keçirilən biznes konfransında Heydər Əliyev nitq söyləyib. Biznes konfrans çərçivəsində Heydər Əliyev Ukraynanın, Türkiyənin, Ermənistanın, Rumıniyanın, Moldovanın və Gürcüstanın dövlət başçıları il görüşərək müzakirələr aparıb.

Yalta Zirvəsi və Azərbaycan

Azərbaycan Prezidenti Heydər Əliyev QDİƏT-ə üzv olan ölkələrin dövlət başçılarının 1998-ci il 4-5 iyun tarixlərində Yaltada keçirilən növbəti görüşünə də qatılıb. İyunun 5-də Heydər Əliyev dövlət və hökumət başçılarının 4-cü zirvə toplantısında nitq söyləyib. Öz nitqində Heydər Əliyev QDİƏT-in perspektivlərindən və mövcud əməkdaşlıq əlaqələrindən danışıb, mümkün əməkdaşlıq sahələrini qeyd edib. Heydər Əliyev həmçinin QDİƏT-ə üzv olan ölkələrin dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda iştirak edib. Zirvə görüşünün nəticəsi olaraq Yalta Bəyannaməsi imzalanıb.
1999-cu il noyabrın 17-də isə Heydər Əliyev QDİƏT-in tarixə düşmüş İstanbul görüşündə iştirak edib. Həmin görüşlərin nəticəsi olaraq QDİƏT-in əməkdaşlıq layihələri, təşkilatlanma, regional proseslər və üzv ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə predmeti olub. QDİƏT-ə üzv olan ölkələrin dövlət başçılarının zirvə görüşündə sonuncu iştirakı 2002-ci il iyunun 24-28-nə təsadüf edib. QDİƏT-in 10 illik yubileyi ilə əlaqədar Türkiyədə keçirilən görüşlərə qatılan Heydər Əliyev Gürcüstan, Türkiyə, Rumıniya və Ukrayna prezidentləri ilə görüşlər keçirib. Zirvə görüşləri çərçivəsində Heydər Əliyev QDİƏT daxilində Azərbaycanın digər ölkələrlə ikitərəfli əməkdaşıq əlaqələrini müzakirə edib. Dövlət başçısı Heydər Əliyevin QDİƏT-in zirvə görüşlərində iştirakı ilə yanaşı, Azərbaycanın müxtəlif səviyyəli dövlət məmurları və xarici işlər naziri təşkilatın görüşlərində iştirak ediblər.

2003-cü ildən sonrakı mərhələ

QDİƏT çərçivəsində ikitərəfli münasibətlərin qurulması və təşkilata daha sıx inteqrasiya prosesini Prezident İlham Əliyev də uğurla davam etdirib. 2003-cü il noyabrın 7-də Prezident İlham Əliyev QDİƏT-in baş katibi Valeri Çeçelaşvilini qəbul edib. Görüş zamanı Prezident İlham Əliyev enerji sektoru ilə yanaşı, nəqliyyat və turizm sahəsində də ölkəmizin regional əməkdaşlıq istiqamətində yüksək nəticələr əldə etməsindən məmnunluğunu bildirib. O, regionda mövcud olan böyük potensialdan hələ tamamilə istifadə edilmədiyini, qarşıdakı illər ərzində təşkilata üzv olan ölkələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bu sahədə böyük işlər görüləcəyini söyləyib.

2004-cü il aprelin 16-da İlham Əliyev QDİƏT üzvü olan ölkələrin təhsil nazirlərini qəbul edib. Prezident İlham Əliyev QDİƏT ölkələri təhsil nazirlərinin Bakı görüşünün uğurla keçməsindən məmnunluğunu bildirib, təhsilin inkişafına dair müxtəlif məsələlərin müzakirə olunmasını müsbət addım kimi səciyyələndirib. Dövlət başçısı İlham Əliyevin fəal siyasəti nəticəsində Azərbaycanla QDİƏT arasındakı münasibətlərin inkişaf tempi sürətlənib. Misal üçün, 2004-cü il aprelin 30-da İlham Əliyev Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasına toplaşmış nümayəndə heyətləri başçılarını qəbul edib. Görüş zamanı İlham Əliyev QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının fəaliyyətini yüksək qiymətləndirərək, ölkəmizin bilavasitə iştirakı ilə regionda çox mühüm, dünya üçün böyük əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyini bildirib. 2004-cü ilin sonunda, dekabrın 27-də Prezident İlham Əliyev QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin baş katibi Tedo Caparidzeni qəbul edib. QDİƏT ilə əlaqələrin daha da genişləndirilməsinə Azərbaycanın böyük əhəmiyyət verdiyini bildirən Prezident İlham Əliyev ölkəmizin bu təşkilat çərçivəsində həyata keçirilən iqtisadi layihələrin gerçəkləşməsində fəal rol oynadığını vurğulayıb. İlham Əliyev eyni zamanda, bu təşkilatın fəallığının artırılması məqsədi ilə yeni maliyyə mexanizmləri yaradılmasının vacibliyini nəzərə çarpdırıb.

Prezident İlham Əliyev 2006-cı il fevralın 14-də QİƏT-in baş katibi Tedo Caparidzeni növbəti dəfə qəbul edib. Görüşdə Azərbaycan ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. 2006-cı il iyunun 12-də isə Prezident İlham Əliyev QDİƏT-in yeni baş katibi Leonidas Xrizantopulosu qəbul edib. Görüş zamanı İlham Əliyev Azərbaycanın müxtəlif beynəlxalq və regional təşkilatlarla, o cümlədən QDİƏT-lə əməkdaşlığının daim genişləndiyini bildirib, iqtisadiyyatın sürətli inkişafı istiqamətində görülən işlərdən danışıb.

Azərbaycanın əməkdaşlıq prisipləri və strateji əməkdaşlıq

2007-ci il iyunun 25-də Prezident İlham Əliyev İstanbulda QDİƏT-ə üzv olan ölkələrin dövlət və hökumət başçılarının qurumun 15 illiyinə həsr edilmiş zirvə görüşündə iştirak edib. Görüş zamanı nitq söyləyən İlham Əliyev Azərbaycanda iqtisadi və neft sektorunda görülən işlərlə bağlı məlumat verməklə yanaşı, Ermənistanın Azərbaycana qarşı işğalı haqda da danışıb. O, Dağlıq Qarabağ münaqişəsinin QDİƏT çərçivəsində effektiv əməkdaşlığa və bölgədə sülhün bərqərar olmasına maneçilik törətdiyini vurğulayıb. 22 oktyabr 2009-cu ildə Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası keçirilib. İclas çərçivəsində quruma sədrliyin Azərbaycandan Bolqarıstana keçməsinə həsr olunmuş mərasim olub. Azərbaycan Respublikasının Milli Məclisi QDİƏT-Azərbaycan əməkdaşlığına təkan verən bir sıra qanunlar qəbul edib, Prezident İlham Əliyev isə bir sıra sərəncamlar imzalayıb. Bu sənədlər arasında "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin hökumətləri arasında cinayətkarlığa, xüsusən onun mütəşəkkil formalarına qarşı mübarizədə əməkdaşlıq haqqında" sazişi, "Terrorçuluğa qarşı mübarizə haqqında" əlavə protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu misal kimi göstərmək olar.

QDİƏT-in yaranma və fəaliyyət tarixinə baxsaq, görərik ki, bu təşkilat əsasən 1999-2007-ci illərdə fəal olub. Təşkilatı 90-cı illərdə yaradan dövlətlərin iqtisadi cəhətdən o qədər də güclü olmaması və QDİƏT-in fəaliyyəti üçün lazımi maddi vəsaitlər ayıra bilməməsi bu təşkilatı nisbətən passiv bir quruma çevirib. 2000-2007-ci illərdə QİƏT-in əsasını qoyan üzv dövlətlərin iqtisadi cəhətdən güclənməsi təşkilatın fəaliyyətini maliyyələşdirilməsi və onun daha aktiv şəkildə fəaliyyət göstərməsinə yardımçı olub.

Amma son illərdəki iqtisadi böhran, üstəlik Qafqaz regionunda baş verən Rusiya-Gürcüstan müharibəsi və müxtəlif böyük dövlətlərin bölgəyə nüfuz etmək cəhdləri QDİƏT-in fəaliyyətini və qurumdaxili inteqrasiya proseslərinin zəiflədib. Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin soyuqluğu, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Rusiyanın Gürcüstandakı separatçı qurumlara dəstək verməsi də QDİƏT daxilində mümkün inteqrasiya prosesini xeyli dərəcədə zəiflədib. QDİƏT siyasi deyil, iqtisadi məsələlərdə konsentrasiya olduğunu iddia etsə də, bəzi üzv dövlətlər arasındakı siyasi problemlər iqtisadi layihələrin birgə şəkildə reallaşdırılmasını qeyri-mümkün edib. Nəhayət, QDİƏT-ə daxil olan ölkələrin bir-biri ilə iqtisadi münasibətləri ikitərəfli qaydada genişləndiməsi və birgə iqtisadi layihələri də QDİƏT-i cəlb etmədən reallaşdırmaları faktiki olaraq təşkilatın iqtisadi funksiyasını zəiflədib. Məhz bütün bu amillər müəyyən mənada Azərbaycanla QDİƏT arasındakı münasibətlərin aşağı templərlə inkişaf etməsini şərtləndirib. Azərbaycan-QDİƏT münasibətlərinin tarixinə baxsaq, bu münasibətləri şərti şəkildə iki mərhələyə bölmək olar: 1992-2003 və 2003-2009. Birinci mərhələdə QDİƏT yeni-yeni formalaşdığı üçün Azərbaycanla bu qurum arasındakı əlaqələr daha çox məşvərətçi xarakter daşıyırdı, amma 2003-cü ildən başlayaraq münasibətlər konkret sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi ilə səciyyələnir. Azərbaycanın QDİƏT çərçivəsindəki diplomatik taktikası da həmin tarixi mərhələlərin xüsusiyyətlərini nəzərə alıb. 1992-2003-cü illər arasında Azərbaycan QDİƏT-dən iqtisadi əməkdaşlıqla yanaşı, siyasi platforma kimi Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya dövlətlərinə çatdırmaq üçün istifadə edib. QDİƏT-in strukturu, maliyyə mexanizmləri yeni-yeni formalaşdığı bir dövrdə bu təşkilatdan siyasi təbliğat məqsədi ilə istifadə etmək olduqca düzgün siyasət idi.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA