Qara dəniz regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya

Qara dəniz regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya

Dövlət idarəçiliyi, islahatlar prosesi, iqtisadi əlaqələr, demokratiya və vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq, siyasi proseslərə birgə baxış, münaqişələr, tranzit siyasəti, nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi məsələləri mayın 17-də “Şərq-Qərb strateji körpüsü: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya” mövzusunda açılan ikigünlük beynəlxalq konfransın əsas mövzularıdır. QDİƏT-ə 11 üzv dövlətdən 20-dən çox beyin mərkəzinin təmsilçiləri məhz bu prosesdə yaxından iştirak edirlər. Çünki, Qara dəniz hövzəsi geniş geosiyasi və geoiqtisadi mərkəzə çevrilib. Bu region Çinlə Qərb arasında körpüdür. Azərbaycan isə bölgənin əsas dövlətidir və onun iştirakı olmadan regionda hər hansı beynəlxalq layihənin reallaşması mümkün deyil.

Qara dəniz hövzəsi: “soyuq müharibə”dən işbirliyinə

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) 1992-ci il iyunun 25-də İstanbulda təsis olunub. Türkiyənin o vaxtkı prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən sammit "soyuq müharibə"nin başa çatması və sosializm düşərgəsi ilə Qərb dünyası arasında ayırıcı xətlərin ləğv edilməsindən sonra yaranmış yeni geosiyasi reallığın göstəricisi idi. Yeni əməkdaşlıq müstəvisi kimi Qara dəniz regionunun seçilməsi də təsadüfi deyildi. Qara dəniz uzun müddət "soyuq müharibə"nin ayırıcı xətlərindən biri olmuşdu. Odur ki, bu təşəbbüs həm də yeni geosiyasi mənzərədə Türkiyənin nüfuz və barış missiyasını təsdiqləmək niyyəti daşıyırdı. Qara dəniz hövzəsinə aid olmayan və Qarabağ müharibəsində qarşı-qarşıya dayanan Azərbaycanla Ermənistanın bu əməkdaşlığa cəlb edilməsi də Ankaranın üzərinə götürdüyü missiyanın tərkib hissəsi idi. Eyni zamanda, Azərbaycana bu əməkdaşlıq formatında önəmli yer ayrılması gələcək regional layihələrdə ölkəmizin oynayacağı strateji rolun etiraf edilməsi idi. Sonrakı proseslər Azərbaycanın Qara dəniz-Qafqaz-Xəzər dənizi regionunun kilid ölkəsi, Avropa-Asiya enerji və nəqliyyat dəhlizlərinin qovuşduğu strateji məkan olduğunu təsdiqlədi. 1992-ci ildə İstanbulda imzalanan «Bosfor bəyannaməsi"nə 9 ölkə (Türkiyə, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Albaniya, Gürcüstan, Azərbaycan, Ermənistan) imza atmışdı. 1995-ci ildə Yunanıstan, 1997-ci ildə Bolqarıstan, ən son isə Serbiya (2004-cü ildə) təşkilata üzv oldu. 1994-cü ildən QİƏT-in Parlament Assambleyası (PA) fəaliyyət göstərir.
1998-ci ilin Yalta sammitində QİƏT-in nizamnaməsi (1999-cu il mayın 1-dən qüvvəyə minib) qəbul edildi, onun daimi katibliyi (İstanbul şəhərində) yaradıldı. 1999-cu ilin 8 oktyabrında BMT Baş Assambleyasının 54-cü sessiyasından QİƏT-ə BMT-də müşahidəçi təşkilat statusu verilib. Sonrakı dövrdə təşkilatın bir sıra sttukturları, Qara dəniz İqtisadi Ticarət Bankı, QİƏT Fondu və s. təsis olunub. Təşkilatda sədrlik 6 ayda bir dəyişir. Qurumun başlıca məqsədi region ölkələri arasında iqtisadi münasibətləri inkişaf etdirməkdir. Quruma 12 ölkə (Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Albaniya, Yunanıstan, Bolqarıstan və Serbiya) daxildir. QİƏT-in toplantılarında müşahidəçi statusuna malik 10-dan çox ölkənin (Avstriya, Almaniya, ABŞ, İtaliya, Polşa, Slovakiya, Misir, İsrail, Xorvatiya, Tunis və s.), eləcə də BMT, Avropa Birliyi, ATƏT, Dünya Ticarət Təşkilatı, Dünya Bankı və s. təşkilatların nümayəndələri iştirak edirlər. Lakin üzv ölkələt arasında iqtisadi işbirliyi yetərli səviyyədə deyil. QİƏT üzvü 12 ölkənin xarici ticarət dövriyyəsinin həcmi 700 milyard dollar olduğu halda, üzv ölkələr arasındakı ticarət dövriyyəsinin cəmi 600 milyon həcmində (2008-ci il) olması da buna sübutdur. Azərbaycan ötən müddətdə QİƏT-in təşkilat kimi daha səmərəli tərəfdaşlıq müstəvisinə çevrilməsi istiqamətində mühüm səylər göstərib. Ölkəmiz QİƏT Fondu və Qara dəniz İqtisadi Ticarət Bankı vasitəsilə bir çox layihələrə dəstək verir. Bununla yanaşı, Azərbaycan rəhbərliyi dəfələrlə diqqətə çatdırıb ki, QİƏT məkanındakı münaqişələr regional əməkdaşlığın qarşısında ciddi maneə olaraq qalır. Regionda sabitliyin bərqərar olması üçün mühüm maneə Dağlıq Qarabağ münaqişəsidir. QİƏT-ə üzv ölkələrdə separatizm probleminin regional əməkdaşlığa əngəl törətdiyi Gürcüstan tərəfindən daima vurğulanır. Yeri gəlmişkən, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr olmasa da, QİƏT-in İstanbuldakı katibliyində bu ölkənin nümayəndəliyi fəaliyyət göstərir.

Etibarlı tərəfdaşlıq və regional təhlükəsizlik

Azərbaycan etibarlı tərəfdaş və sülhün, əmin-amanlığın tərəfdarıdır. Ancaq Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlayan Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edir. Bu da öz növbəsində regional inkişaf proseslərinin qarşısında əyləc deməkdir. Ona görə ki, Ermənistan danışıqlar yolu ilə Azərbaycan ərazilərini qaytarmasa, beynəlxalq hüququn verdiyi digər imkanlar daxilində ərazilər işğaldan azad ediləcək. Halbuki,

Azərbaycanı QDİƏT ilə bağlayan əsas cəhət iqtisadi əlaqələrdir. Hazırda Azərbaycanın ümumi ticarət dövriyyəsinin 20 faizi QDİƏT üzvü olan dövlətlərlədir. Yaxın 10 ildə isə, Azərbaycanın Qara dəniz regionu ölkələri ilə qeyri-neft sektoru sahəsində ticarət əlaqələri 10 milyard dollara çatacaq. Azərbaycan Cənubi Qafqzda həm də tranzit ölkəsi kimi xüsusi çəkiyə malikdir. Buna görə də Qara dəniz regionu ölkələrində iqtisadi və idarəetmə islahatları, dövlət idarəçiliyi, hüquq sistemi, təhsil və demokratiya sahəsində islahatların Avropa dəyərlərinin orta səviyyəsinə çatdırılmalıdır. O da bəllidir ki, keçmiş Sovetlər Birliyi dövründən qalmış səmərəsiz hüquq, pensiya sistemləri biznesin inkişafının qarşısını alır, yoxsul əhaliyə pis təsir edir. Çoxsaylı problemlərin aradan qaldırılması üçün müasir dövlət idarəçiliyi sistemi qurulmalı və institusional islahatlar aparılmalıdır. Buna görə də demokratiya və vətəndaş cəmiyyətlərinin rolu artırılmalıdır. Region QHT-ləri ətraf mühit, gender bərabərliyi, idarəçilik və demokratiya sahələrində əməkdaşlıq etməsi ən doğru addımlardan biridir. Region ölkələri demokratik təsisatlar sahəsində çətinlikləri bölüşür. Bəzi ölkələrdə dövlət orqanları zəifdir, korrupsiya vüsət alıb, vətəndaşların idarəetmədə iştirakı xüsusilə zəifdir. 2009-cu ildən sonra regionda xüsusilə geriləmələr baş verib. İdarəetmədə, korrupsiyaya qarşı mübarizədə, əhalinin maarifləndirilməsində vətəndaş cəmiyyətinin rolundan istifadə etmək lazımdır. Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının ali hakimiyyəti son illərdə bir sıra genişmiqyaslı addımlar atıbdır. Proseslərin inkişafına mane olan iriçəkili bir sıra nazir və məmurlar tutduqları vəzifələrindən uzaqlaşdırılıblar. Beləliklə də öz üzərinə düşən bir çox islahatları həyata keçiribdir. Çünki, bu prosesdə KİV-in rolu, qeyri-neft sektorunun inkişafı, Qara dəniz-Xəzər dənizi əlaqələri, dondurulmuş münaqişələr, ABŞ və NATO-nun Qara dəniz siyasəti, təhlükəsizlik sistemləri, Azərbaycanın regionun enerji təhlükəsizliyində rolu ətrafında atılan addimlar nəinki ölkəmizdə, həm də beynxalq miqyasda təqdir olunubdur. BMT, Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq strukturların Azərbaycana verdiyi dəstəyin əsil mənası da aparılan uğurlu islahatlar və bir çox xarici investorların ölkəmizə maraqlarının artması da bir həqiqətdir. Azərbaycan regional əməkdaşlıq prinsiplərini öz üzərinə götürdüyü öhdəlikləri də həm də şəffaflıq içində aparır. Bu da öz növbəsində regional təhlükəsizlik qaydalarına əməl olunması və vətəndaş cəmiyyətinin inkişafı deməkdir. Qara Dəniz hövzəsi ölkələri ilə əməkdaşlıq çərçivəsində sosial-iqtisadi və digər sahələrdə son illərdə əldə edilən uğurların daha da inkişaf etdirilməsi üçün, Azərbaycan dəfələrlər bu qurumun toplantılarına ev sahibliyi edibdir.

Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda yürütdüyü regional təhlükəsizlik

ABŞ, NATO və Avropa İttifaqından ibarət üçlük Cənubi Qafqaz bölgəsi və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Rusiyadan fərqli olan ikinci əsas bey-

nəlxalq mövqenin daşıyıcıları hesab olunur. Geosiyasi ədəbiyyatda şərti olaraq “Qərb Alyansı” kimi təsnif olunan bu düşərgənin başında ABŞ dayanır və qrupun fəaliyyət strategiyasını da o müəyyənləşdirir. Bu, professor Əli Həsənovun da dediyi kimi:
1. Bölgə üzərində Qərbin geosiyasi, geoiqtisadi və hərbistrateji təsirini artırmaq və onu Rusiyanın inhisarından çıxarmaq;

2. Xəzər hövzəsinin enerji mənbələrinin birgə istismarını, Qara dəniz və Avropaya müstəqil marşrutlarla sərbəst ixracını təmin etmək, ixrac marşrutlarını şaxələndirmək, bölgənin əsas karbohidrogen ehtiyatları üzərində geosiyasi və geoiqtisadi nəzarəti ələ almaq;

3. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz ölkələri ilə hərbi-geostrateji əməkdaşlıq əlaqələri qurmaq, onların milli ordu quruculuğunu dəstəkləmək, NATO standartlarına uyğunlaşdırmaq konseptindən ibarətdir. Yəni bu ölkələr üçün Alyansın təhlükəsizlik sisteminə gələcək strateji tərəfdaşlıq yolunu açmaq. Bu mərhələdə ABŞ artıq NATO, Avropa Birliyi və Türkiyə ilə yanaşı, ortaq maraqlar əsasında bölgədə bəzi yerli tərəfdaşlarla - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Özbəkistan, Qırğızıstan və s. kimi qərbyönümlü siyasət yürüdən ölkələrlə birlikdə hərəkət etməyə başlayır. 1994-2001-ci illərdə ABŞ özünün və müttəfiqi olan Avropa dövlətlərinin enerji təhlükəsizliyini təmin etmək, Qərbin artan enerji ehtiyaclarının ödənilməsini Rusiyanın bu sahədəki ənənəvi asılılığından qurtarmaq, yanacaq təchizatını şaxələndirmək məqsədilə Xəzərin və Orta Asiyanın karbohidrogen ehtiyatlarının birgə istismarına və birbaşa nəqlinə xüsusi səy göstərmişdir. Bu sahədə Azərbaycan və Qazaxıstanla strateji tərəfdaşlıq münasibəti yaradaraq, Xəzərdə Qərb şirkətləri ilə birgə neft-qaz istehsalına, Bakı-Tbilisi-Ceyhan neft, Bakı- Tbilisi-Ərzurum qaz kəmərlərinin və b. enerji dəhlizlərinin yaradılmasına, Xəzərin enerji ehtiyatları ilə Avropa bazarlarının əlaqələndirilməsinə ciddi kapital qoymağa başlayır.

Qeyd edək ki, bu mərhələdə Azərbaycan Cənubi Qafqazda yürütdüyü təhlükəsizlik siyasətini və milli geosiyasi maraqlarını ABŞ və onun qərb müttəfiqlərinin yürütdüyü region siyasəti ilə uzlaşdırmağa və ortaya qoyduqları geoiqtisadi maraqları nəzərə almağa çalışmışdır. Azərbaycanın ABŞ və NATO üçün hərbi-geostrateji əhəmiyyətini artıran amillərdən biri də onun Xəzərə birbaşa çıxışı və İranla qonşu dövlət olması idi. ABŞ-ın siyasi rəhbərliyi və NATO təhlükəsizlik strukturları İranla münasibətlərin son böhran halına çata biləcəyi halda, Azərbaycanın hava məkanından bu ölkəyə hərbi hücum məqsədilə istifadə edəcəyini düşünürdü. Lakin Azərbaycan həm ABŞ və NATO-nun, həm də başqa ölkələrin regiondakı hərbi-geostrateji münaqişələri üçün meydan olmayacağını, İrana, yaxud digər qonşu ölkəyə hər hansı üçüncü qüvvənin hücumuna dəstək verməyəcəyini, qonşularla etibarlı tərəfdaşlıq münasibətlərini daim qoruyacağını və ərazisindən digər dövlətin hərbi məqsədlər üçün istifadəsinə icazə verməyəcəyini bəyan edərək, öz müstəqil iradəsini ortaya qoydu və sona qədər bu mövqeyə sadiqlik nümayiş etdirdi.

“Hürriyyət”