“Qarabağın açarı” və ABŞ-ın 18 il sonrakı ev sahibliyi

“Qarabağın açarı” və ABŞ-ın 18 il sonrakı ev sahibliyi

Üçüncü ölkədə keçiriləcək danışıqlara Moskvanın “xeyir-duası” olacaqmı?; politoloq: “Rusiya Ermənistanın əli ilə Vaşinqton görüşünün nəticəsiz qalmasını təmin edəcək”

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Qarabağ münaqişəsinə dair növbəti yüksək səviyyəli danışıqların ABŞ-da baş tutacağına eyham vurub. Erməni nazir Belçikanın paytaxtı Brüssel şəhərində deyib ki, Vaşinqtonda Əliyev-Paşinyan görüşü hazırlanır.

Qeyd edək ki, ilk olaraq Vaşinqton görüşünün anonsunu ötən ay Azərbaycan XİN başçısı Elmar Məmmədyarov vermişdi. Nazir Varşavada keçirdiyi brifinqdə demişdi ki, ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda təklif edib.

Maraqlısı və təəccüblüsü budur ki, ABŞ indiyədək danışıqların növbəti raundu ilə bağlı açıqlamaları rəsmən təsdiqləməyib. ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger isə ötən həftə mətbuata müsahibəsində bu barədə sualın cavabında birmənalı mövqe bildirməyib. Diplomat deyib ki, ABŞ xarici işlər nazirləri arasında görüşləri alqışlayır. Li Litzenberger deyib ki, görüşə qatılan tərəflər hələ ictimaiyyətə görüş barədə bəyanat verməyiblər: “Düşünürəm ki, hazırda aidiyyəti olan bütün məsələlər müzakirə edilir. Bu kimi görüşlər barədə bir tərəf qərar vermir. Bütün dövlətlər tərəfindən ümumiləşdirilmiş qərar verilir” - səfir əlavə edib. Bu açıqlamadan belə aydın olur ki, ABŞ görüşə ev sahibliyi etməyə tərəddüd edir.

Qeyd edək ki, Qarabağ münaqişəsinin tarixində çoxsaylı görüşlər keçirilib. Lakin ABŞ həmsədr ölkələrdən biri olsa da, ən az görüş bu ölkədə baş tutub. Sonuncu dəfə isə düz 18 il öncə Qarabağ danışıqları ABŞ-ın moderatorluğu və ev sahibliyi ilə aparılıb. 2000-ci illərin əvvəllərində Rusiya Qarabağ məsələsində təşəbbüskar olmadığı üçün Paris və Vaşinqton bu məsələdə daha çox önə çıxmışdı. Belə olan təqdirdə prezident Buşun təşəbbüsü ilə mərhum prezident Heydər Əliyevlə Robert Köçəryan ABŞ-da bir araya gəldi. O zaman Ki-Uest şəhərində baş tutan danışıqlara təkcə Minsk Qrupunun həmsədrləri və ABŞ dövlət katibi deyil, Qarabağ məsələsi və Cənubi Qafqaz regionu üzrə bəzi tanınmış ekspertlər - amerikalı Pol Qobl və britaniyalı Tomas de Vall da cəlb olunmuşdular. Sonradan Tomas de Vall yazırdı ki, prezidentlərin heç biri öz xalqlarını müzakirə edilən kompromislərə hazırlamaq üçün addım atmadılar. Hesab olunur ki, uzun fasilə boyunca prezidentlərin və nazirlərin görüşlərinə ABŞ-ın ev sahibliyi etməməsi ABŞ-ın okeanın o tayında, uzaq məsafədə yerləşməsi ilə əlaqədar deyil, burada Rusiya amili öz sözünü deyir.

Xatırladaq ki, 2016-cı il martın 31-də Azərbaycan və Ermənistan prezidentlərinin Nyu-Yorkda, nüvə təhlükəsizliyi ilə bağlı sammitdə bir araya gələcəyi xəbəri yayılmışdı. Lakin qəfildən aprel döyüşləri başladı və görüş baş tutmadı. Bu mənada iddialar var ki, Kreml postsovet məkanını özünün təsir dairəsinə daxil olan ərazi hesab etdiyindən ABŞ-ın Qarabağ məsələsində təşəbbüslərlə çıxış etməsində maraqlı deyil. Bu mənada Vaşinqton görüşü ərəfəsində hansısa gərginliklərin baş verə biləcəyi iddiası da var.

Qeyd edək ki, İrəvan da Vaşinqton görüşü ilə bağlı “nala-mıxa” vurur. Çox güman ki, burada Rusiyanın təsiri də var. Çünki Lavrovun moderatorluğu ilə keçirilən son görüşdə hansısa uğur əldə olunmadığı halda, Vaşinqton görüşündən irəliyə doğru addımın atılması şimal qonşumuzu razı sala bilməz. Ermənistan Xarici İşlər Nazirliyi isə Qarabağa dair nazirlər səviyyəsində növbəti görüşün Vaşinqtonda keçirilməsi təklifini şərh etməyib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, növbəti görüşün yeri və vaxtı rəsmən məlum olan kimi ictimaiyyətə bu haqda məlumat veriləcək.

Azərbaycanın xarici işlər naziri bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri may ayının sonunda regiona səfər edəcəklər. “Hələlik həmsədrlərin regiona ayın sonunda gələcəyini düşünürük, bunu sonra ətraflı müzakirə edəcəyik. İndi gündəmdə nazirlərin görüşü var, amma bunu hazırlamaq lazımdır. Əvvəl də dediyim kimi, həmsədr ölkələrdən biri tərəfindən nazirlər səviyyəsində görüş keçirmək barədə təklif verilmişdi və bu görüşə hazırlıq görülməlidir” - nazir qeyd edib.

Çox güman ki, həmsədrlərin səfərindən sonra hansısa aydınlıq gətiriləcək. Bəs növbəti görüşdən nə gözləyək? Qarabağın açarı Vaşinqtondadırmı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Vaşinqton Azərbaycan və Ermənistan liderlərini öz ərazisində görüşdürmək istəyir: “Baş tutsa, 18 illik uzun fasilədən sonra ABŞ ərazisində ilk bu növ görüş olacaq. Sonuncu dəfə Azərbaycan və Ermənistan liderləri 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərciyində görüşmüşdülər. Masa üzərinə sazişin mətni qoyulsa da, imzalanmadı. Çünki Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermirdi. Budəfəki görüşdən də iki səbəbə görə real nəticə gözləmək çətindir”.

Ekspertin fikrincə, birinci səbəb odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin köklü həllinə hazır deyil, o, sadəcə, bu mövzuları müzakirə etməyə hazırdır: “Atəşkəsi necə qoruyaq, inam atmosferini necə yaradaq, gediş-gəlişi bərpa edək. Bu mövzular isə münaqişə həll olunmadan bizi maraqlandırmır, maraqlandırmamalıdır da. Çünki bu detallar münaqişənin uzanmasına xidmət edir ki, bu da Ermənistanın maraqlarına uyğundur”.

E.Şahinoğlu deyir ki, Vaşinqton görüşünün nəticəsiz qalmasına dəlalət edəcək ikinci səbəb Ermənistan hakimiyyətinin əvvəlki tək Moskvadan asılı olmasıdır: “ABŞ hazırda Rusiyanın rəqibidir, demək olar ki, bütün məsələlərdə fərqli mövqelərə malikdirlər, üstəgəl, Amerikanın Rusiyaya qarşı sanksiyaları mövcuddur. Belə şəraitdə Moskva Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşündə uğur qazanılmasını istəməz. Görüşün Vaşinqtonda baş tutması həm də o deməkdir ki, Amerika da Cənubi Qafqazda söz sahibi olduğuna eyham vurur. Kreml isə bu cür eyhamları rədd edir və ABŞ-ın Cənubi Qafqazdakı varlığına qısqanc yanaşır. Ona görə də Kreml İrəvanın əli ilə Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mümkün fəallığına mane olmağa çalışacaq”.

Politoloq görüş ərəfəsində savaşın tətiklənməsini real saymır: “Vaşinqton görüşünü pozmaq üçün savaşa ehtiyac yoxdur. Onsuz da Rusiya Ermənistanın əli ilə Vaşinqton görüşünün nəticəsiz qalmasını təmin edəcək”.

Görüş baş tutacağı halda əldə olunacaq nəticələrə gəldikdə, ekspert hesab etmir ki, Qarabağın açarı Vaşinqtonda tapılacaq: “Yenə münaqişənin həllinə təsir etməyəcək detallar üzərində fikir mübadiləsi aparılacaq, hansısa şifahi razılaşmalar əldə ediləcək. Ancaq bu razılaşmaların münaqişənin həllinə təsiri olmayacaq və bir müddət sonra unudulacaq”.

Və belə aydın olur ki, bu görüşlər, sadəcə, statistika üçün lazımdır. Görüş baş tutsa, 2019-cu ildə Paris, Moskvadan sonra Vaşinqton da Qarabağ danışıqlarına ev sahibliyi etmiş olacaq. Yaxud “ABŞ da Qarabağ məsələsinin tənzimlənməsində maraqlıdır”, “arqument”ini söyləmək üçün bu görüş lazımdır... Əks təqdirdə, Vaşinqton işğalçı Ermənistana sanksiya tətbiq edərdi, vaxtilə Küveytə müdaxilə edən İraqı cəzalandırdığı kimi sərt addımlar atardı...

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA