Qayınatasını döyməkdə təqsirləndirilən dünya çempionu: “Cavab versinlər”

Qayınatasını döyməkdə təqsirləndirilən dünya çempionu: “Cavab versinlər”

Qayınatasını döyməkdə təqsirləndirilən beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təcili yardım briqadasının həkimi Akif Əliyev ifadəsində çağırışla hadisə baş verən yerinə getdiklərini deyib: “ Hadisə yerinə çatıb ilkin yardımı göstərdik. Xəstəxanaya çatanda Bəhriz Dilbazi dedi ki, yeznəsi onu vurub. Özü hərəkət edə, danışa bilirdi”.

Şahidin istintaqa ifadəsi ilə məhkəmədə verdiyi ifadə ziddiyyət təşkil edib.

Bu səbəbdən onun ilkin istintaq ifadəsi elan olunub.

İstintaq ifadəsində Ehram Məcidovun zərərçəkmişi beşbarmaqdan istifadə etdiyini, hadisənin hansı səbəbdən baş verdiyini də danışıb.

Bildirib ki, E.Məcidov qayınatasını küt alətlə vuraraq ağır xəsarətlər yetirib.

İstintaq ifadəsinə aydınlıq gətirən Akif Əliyev bildirib ki, bu deyilənlərə şahidlik etməyib və sadəcə müstəntiqdən eşidib. Lakin bu cür ifadə verməyib.

Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşı Fəqan Ağayev qeyd edib ki, dava baş verəndən sonra hadisə yerinə gediblər: “Biz icra şöbəsinə çatanda Ehram otaqda oturmuşdu, Bəhruz Dilbazi isə xəsarət almışdı”.

Məhkəmədə məlum olub ki, polis əməkdaşı Fəqan Ağayev istintaqa fərqli ifadə verib.

İstintaq ifadəsində qeyd olunub ki, polis əməkdaşı hadisə yerinə çatanda Ehram Məcidov uca səslə söyüş söyüb: “Hadisə zamanı da beşbarmaqdan istifadə etmişdi. Amma biz çatana qədər beşbarmağı gizlətməyi bacarmışdı".

Polis əməkdaşı istintaqa verdiyi ifadədən imtina edib.

O bildirib ki, nə Ehram Məcidovun söyüş söydüyünü eşidib, nə də beşbarmaq görüb: "Məhkəmədə verdiyim ifadəni təsdiq edirəm".

Ehram Məcidov müstəntiq Həsənbəy Kərimov və digər müstəntiqin də məhkəməyə dəvət olunmasını xahiş edib: “Onların yalan ifadələrinə görə, iş bu həddə gəlib. İnsanlardan neçə yalan ifadələr alındığı məhkəmədə sübut edildi. Gəlib burada cavab versinlər".

Məhkəmə prosesi martın 18-də davam edəcək.

Qeyd edək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA