Qazaxıstanın yeni prezidenti vəzifəsinin icrasına başladı - "Nazarbayev fövqəladə halda Tokayevin yerinə qızını gətirə bilər"

Qazaxıstanın yeni prezidenti vəzifəsinin icrasına başladı - "Nazarbayev fövqəladə halda Tokayevin yerinə qızını gətirə bilər"

Zeynal Əmrəliyev: "Düşünürəm ki, "Nur Otan" Partiyasının növbəti qurultayında partiya sədrliyinə Dariqa Nazarbayeva seçiləcək"

Rusif Məmmədsoy: "Tokayevin hakimiyyəti ələ alması elə də ciddi dəyişikliklərə səbəb olmayacaq, çünki əsas güc Nazarbayevin əlində cəmləşib"

Kamran Sultanlı: "Yeni prezidentinin bu kursu davam edəcəyi, ölkənin başında isə arxa kulisdə yenə də Nazarbayevin olacağı dəqiqdir"

İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Qeyd edək ki, prezident postu uğrunda 7 namizəd mübarizə aparıb və seçkilərin təşkili üçün təxminən, 23 milyon dollar xərclənib. Məlumata görə, ölkənin ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" Partiyasından namizədliyi irəli sürülmüş Tokayev 70,96% səslə seçkilərdə qalib gəlib. Lakin bu, Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərinin sakinlərinin etirazına səbəb olub. Buna görə də onlar icazəsiz mitinqlər keçiriblər.

Nəzərinizə çatdıraq ki, sözügedən aksiyalar zamanı 100-dən çox şəxsin saxlanıldığı, 3 polis əməkdaşının isə xəsarət aldığı bildirilib. Bu barədə açıqlama verən Qazaxıstanın daxili işlər nazirinin birinci müavini Marat Kojayev deyib ki, 3 polis əməkdaşı travma alıb, 2-si kütlə içərisindən atılan daşın dəyməsi nəticəsində xəsarət görüb: "Digəri isə tətbiq edilən bibər qazından dolayı gözündə yanıq xəsarəti əmələ gəlib".

Qazaxıstanın yeni prezidenti Qasım-Jomart Tokayev isə öz növbəsində, ilkin nəticələrin açıqlanmasından sonra həmvətənlərinə göstərdikləri etimada görə təşəkkür edib: "Seçkiqabağı kampaniyanın sivil xarakter daşımasına və sakit keçməsinə çox şadam. Əslində rəqabət seçki proqramları arasında aparıldı. Bir-birinin ünvanına əsassız tənqidlər səsləndirilmədi. Bütün bunlar ölkədə siyasi mədəniyyətin yüksəlməsindən xəbər verir". Eyni zamanda, Tokayev Nursultan Nazarbayevin apardığı xarici siyasət kursunu davam etdirəcəyini də bəyan edib: "Mən bu barədə öz seçkiqabağı kampaniyamda danışmışam. Qazaxıstan davamlılığını qoruyacaq. Xarici siyasət kursuna gəldikdə isə o, birinci prezident Nursultan Nazarbayevin apardığı kimi qalacaq. Xalqımızı bir çox məsələlər narahat edir. Buna görə də seçkilər – ölkəyə kimin rəhbərlik edəcəyini, gələcəkdə ölkədə nə olacağını müəyyən etmək üçün yaxşı haldır".

Qeyd edək ki, Qazaxıstanda keçirilmiş prezident seçkilərini qazanan Kasım-Jomart Tokayevin dünən andiçimə mərasimi keçirilib və o, dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

"Dövlət rəhbərinin dəyişdirilməsi sadəcə Nazarbayevin səhhətinin pozulması halında baş verəcək çevrilişin qarşını almağa planlaşdırılıb"

Картинки по запросу Zeynal Əmrəliyev

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev hesab edir ki, əslində Qasım-Jomart Tokayevin qalib gələcəyi gözlənilən idi. Onun fikrincə, seçkilər nə qədər demokratik keçsə belə, yenə qalib gələn Nazarbayevin dəstəklədiyi namizəd olacaqdı: "Çünki illərdir Qazaxıstanda inzibati resurslardan istifadə edilməklə müxalifətin təsir imkanları minimuma endirilib. Sadəcə, əsas məqsəd onu hədəf kimi qoyulan 70 faizə çatdırmaq idi. Müxalifəti anlamaq olar. Onların post-Nazarbayev dövrünə ümidləri böyük idi. Hətta konstitusiya dəyişdirilib parlamentin səlahiyyəti çoxaldıqdan sonra belə bir ümid yaranmışdı ki, ölkədə müxalifətin güclənməsi üçün maksimum şərait yaradılacaq. Ancaq sonradan göründü ki, bu, sadəcə Nursultan Nazarbayevə hakimiyyəti müəyyənləşdirdiyi şəxsə dinc ötürmək üçün lazım imiş".

Zeynal Əmrəliyev bu qənaətdədir ki, illərin ədalətsizliyinə baxmayaraq, seçkini ədalətli hesab etmək olar: "Ancaq maraqlı bir məqam var. Görünən budur ki, Nazarbayev Tokayevi "taxtda oturtdurub, adına xütbə oxutdurub" dövləti onun adından özü idarə edəcək. Dövlət rəhbərinin dəyişdirilməsi sadəcə Nazarbayevin səhhətinin pozulması halında baş verəcək çevrilişin qarşını almağa planlaşdırılıb. Sadəcə, ölkə prezidentinin adı dəyişdirildi. Dəyişən heç bir şey olmayacaq. Bütün qərarlar Təhlükəsizlik Şurasının iclasında qəbul ediləcək, hazır şəkildə göndəriləcək. Tokayev isə sadəcə ona imza atacaq. Onun Qırğızıstandakı kimi sələfinə qarşı çıxmaq imkanı isə minimumdur. Çünki Nazarbayev Atanbayevin səhvini təkrarlamadı. Tokayevə sadəcə vəzifə verdi, bütün inzibati resursları, hətta partiya hakimiyyətini belə, öz əlində cəmlədi. Qanunverici hakimiyyətin başına da doğma qızını oturtdu. İqtisadi və sosial məsələlərlə hökumət rəhbəri kimi baş nazir məşğul olacaq. Baş nazir vəzifəsinə də Nazarbayev istədiyini gətirib istədiyini vəzifədən kənarlaşdıra biləcək. Çünki parlamentdə böyük əksəriyyətə malik iqtidar partiyasının lideri kimi onun buna tam haqqı çatır. Bundan başqa, güc strukturları və xarici işlər Təhlükəsizlik Şurasının rəhbəri kimi onun nəzarətində olacaq, konstitusiyada bununla bağlı xüsusi maddə belə var".

"Qazaxıstanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik Nursultan Nazarbayev vəfat etdiyi gün başlayacaq"

Qanunverici hakimiyyətin, yəni parlamentin rəhbərinin Nursultan Nazarbayevin qızı olduğunu xatırladan ekspertin sözlərinə görə, eks-prezident fövqəladə bir halda Tokayevi vəzifədən göndərib yerinə öz qızını asanlıqla gətirə bilər: "Belə düşünürəm ki, "Nur Otan" Partiyasının növbəti qurultayında partiya sədrliyinə Dariqa Nazarbayeva seçiləcək. Bu, Nazarbayevə özündən sonra ailəsinin təhlükəsizliyini təmin etmək üçün vacibdir. Tokayev bürokratik adamdır, iddialı fiqur deyil. Belə düşürəm ki, bundan da artığına iddia etməyəcək. Heç edə də bilməz. Çünki sələfindən nə qədər cavan olsa da, onun da heç yaşı az deyil". Zeynal Əmrəliyev hesab edir ki, Qazaxıstanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik Nursultan Nazarbayev vəfat etdiyi gün başlayacaq: "O zaman hakim ailə və partiya rəhbərliyi post-Nazarbayev dövrü üçün öz qərarlarını verəcəklər: Bioloji varisləmi, yoxsa siyasi varisləmi yola davam. Ancaq növbəti prezident seçkilərinə qədər vəziyyət bu cür davam edəcək. Hər hansısa bir siyasi böhran gözləməyə dəyməz".

"Rusiya Nazarbayevdən sonra Qazaxıstana müəyyən mənada təsir göstərmək istəyəcək"

Картинки по запросу Rusif Məmmədsoy

Siyasi şərhçi Rusif Məmmədsoy da "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, Tokayevin qalib gələcəyi elə də gözlənilməz olmadı: "Artıq hər kəsə bəlli idi ki, bu posta Tokayev yiyələnəcək. Çünki Nazarbayev özü gedərkən onu təyin etmişdi. Xalqın da Nazarbayevə inamı yüksəkdir. Nur-Sultan və Almatı şəhərlərində keçirilən mitinqlərə gəlincə, bunun səbəbi bəllidir. Uzun illərdir Nazarbayev prezident səlahiyyətlərini icra edir. Onun rəqibləri də bu zamanı gözləyərək ölkə başçısı seçilmək istəyirdi. Lakin belə olmadı. Tokayev Nazarbayevdən sonra bu vəzifəni müvəqqəti icra edirdisə artıq rəsmi ölkə başçısıdır. Bir məsələni də qeyd etməliyik ki, Nursultan Nazarbayev olduqca populyar, eyni zamanda ağıllı siyasətçidir. Qazaxıstanı çox yüksək səviyyədə idarə etdi. Hansı ki, yerləşdiyi regionu, geosiyasi vəziyyəti nəzərə alsaq, bu, olduqca çətin idi. Bu mənada, Nazarbayevə inam böyükdür".

Rusif Məmmədsoyun sözlərinə görə, Tokayevin hakimiyyəti ələ alması elə də ciddi dəyişikliklərə səbəb olmayacaq, çünki yenə də əsas güc Nazarbayevin əlində cəmləşib: "Yəni, istənilən halda Tokayev Nazarbayevlə hesablaşmalıdır. Əslində, Tokayevin də onun kimi birinə ehtiyacı var. Çünki Tokayevin yaxın aylarda Putinlə görüşündə də göründü ki, o Nazarbayev deyil. Rusiya Nazarbayevdən sonra Qazaxıstana müəyyən mənada təsir göstərmək istəyəcək. Qazaxıstan Mərkəzi Asiyanın, eyni zamanda dünyanın ən böyük ölkələrindir, strateji cəhətdən əlverişli yerdə yerləşir. Bu mənada, Rusiya burada öz təsirini artırmağa çalışacaq. Bu qaçılmazdır. Lakin Nazarbayev ölkədə əsas söz sahibi olacağına görə bu məsələlər bir qədər gecikəcək. Düşünürəm ki, Nursultan Nazarbayev bundan sonra Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük səy göstərəcək".

"Ümumiyyətlə, regionda yaxın müddətdə demokratiya və tam şəffaf seçki gözləmək doğru deyil"

Qazaxıstanda Nursultan Nazarbayevin istefa xəbərindən və öz xəttlərini elan etməsindən sonra hər şey bəlli olduğunu vurğulayan müstəqil ekspert Kamran Sultanlı "Hürriyyət"ə açıqlamasında bildirdi ki, adıçəkilən ölkədə siyasi kurs və sistem dəyişməyib, sadəcə şəxslər dəyişib: "Qazaxıstan çox mürəkkəb bir regionda yerləşir. Nazarbayev hakimiyyətə gələr-gəlməz ölkədə ciddi reformlar və korrektələr etdi. Dindarlarla münasibətləri tənzimləmək üçün onlara yaxınlaşdı, dünyaviliyi qorumaqla onların bir-çox istəklərini yerinə yetirdi. Ölkə tərkibində olan rusların təsir imkanlarını məhdudlaşdırmaq üçün paytaxtın yerini dəyişdi, qazaxları ora köçürdü, Rusiya ilə yaxınlaşdı, Avrasiya İttifaqını qurdu. Bununla yanaşı, Çin və ABŞ, habelə Avropa ilə əlaqələri genişləndirdi. Bu siyasi kurs Qazaxıstanın sağ qalmasına imkan verdi. Qazaxıstanda yeni prezidentinin məhz bu kursu davam edəcəyi, ölkənin başında arxa kulisdə yenə də Nazarbayevin olacağı dəqiqdir". Ekspertin fikrincə, seçki nəticələrinə etirazlar olsa da, dəyişəcək bir şey olmayacaq: "Ümumiyyətlə, regionda yaxın müddətdə demokratiya və tam şəffaf seçki gözləmək doğru deyil. Lakin zənnimcə, qazax xalqı da hələlik bu siyasi kursa alternativ kurs və ya şəxs tapmayıb".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA