Qəlbi dağlı ata oğlu Ədalətə ƏDALƏT İSTƏYİR

Qəlbi dağlı ata oğlu Ədalətə ƏDALƏT İSTƏYİR

Əlistan Səfərov: “Mən ədalət mübarizəsində üç oğul itirən atayam...”

“Oğullarımı geri qaytara bilmərəm, amma onların adına vurulan ləkəni təmizləmək atalıq borcumdur. Son nəfəsimə qədər onların günahsızlığını sübut etmək uğrunda mübarizə aparacağam”

“Haqsızlıqla mübarizəyə qalxdığıma görə 38-ci maddənin 3 və 4-cü bəndlərini əsas gətirərək, məni işdən çıxardılar, işlədiyim qarajın müdirinə döydürdülər və haqqımda cinayət işi qaldırdılar”

“Hüriyyət” qəzetinin oxucuları ötən yazılarımızdan Əlistan Səfərovu tanıyır. İxtisasca hüquqşünas olmasa da, illərdir vəkalətli nümayəndə kimi bir çox sadə vətəndaşların hüquqlarını müdafiə edən Ə.Səfərov bu yolda çox böyük çətinliklərlə üzləşib. Yəni müdafiə etdiyi insanlara görə başı çox bəlalar çəkib.

Amma indi dəyərli oxucularımızı bu fədakar insanın, cəfakeş atanın qəmli həyat hekayəti ilə tanış edəcəyik. Üç oğul itirən, amma bu ağır dərdin yükü altında belə əyilməyən mübariz atanın həyat tarixçəsini öz dilindən eşidin:

“Mən Səfərov Əlistan Novruz oğlu, 1941-ci ildə Gədəbəy rayonunu Qalakənd kəndində anadan olmuşam. Atam və iki qardaşı 2-ci Dünya Müharibəsində itkin düşüblər, mən isə 3 aylığımdan yetim qalmışam. Böyük əzab-əziyyətlə, onun-bunun qapısında atasız böyümüşəm. Ailə vəziyyətimiz çox ağır olduğu üçün 8-ci sinifdən məktəbi tərk edib işləməyə başlamışam, elə o zaman da ailə qurmuşam.

İllər keçdi, artıq üç oğul atası idim. Kənddə dolanışıq çox çətin idi, atamdan qalan yurd da abad deyildi, torpaq keyfiyyətsiz idi, əkin-biçin üçün elə də yararlı deyildi. Bu səbəbdən doğma el-obamı buraxıb Sumqayıta gəldim. Burda özümə iş tapıb, ailəmi də yanıma gətirdim, gecə məktəbində tam orta təhsilimi başa vurdum. Kirayə ev tutduq. Amma bir müddətdən sonra kirayə haqqını ödəyə bilmədiyim üçün zirzəmiyə köçməli olduq.

O vaxtkı “Kommunist” qəzetində çap olunan bir yazı həyatımızı dəyişdirdi. Həmin yazıdan öyrəndim ki, SSRİ-də zirzəmidə yaşamaq tamamilə yolverilməzdir. Elə bu fikri özümə istinadgah edib, indiki dillə desək, Sumqayıtın icra hakiminin qəbuluna yollandım. Rəhmətlik Kamal Axundov məni dinləyib dərdimə əlac etdi. Belə ki, onun göstərişi ilə mənə Sumqayıtda ikiotaqlı mənzil verildi, üstəlik həyat yoldaşımı da qeydiyyata saldırıb işlə təmin etdirdi. Maaşı da o dövrə görə çox yaxşı idi. Beləcə, bir az dirçəldik. Allah ona rəhmət eləsin.

Sonradan ikimiz də əl-ələ verib işlədik, evimizi dəyişib, dördotaqlı mənzilə köçdük, bir qızımız və bir oğlumuz da dünyaya gəldi. Böyük çətinliklə, alın tərimizlə onları böyüdüb boya-başa çatdırdıq.

1983-85-cı illərdə, sürücü işlədiyim o vaxtkı Əlvan Metallurgiya zavodunda dövlət əmlakının külli miqdarda oğurlanmasının, rüşvətxorluq və ədalətsizliyin şahidi oldum. Buna biganə qala bilməyib aidiyyati qurumlara şikayət məktubları yazdım. Hətta keçmiş SSRİ-nin o vaxtkı birinci katibi Qorbaçovun birinci köməkçisinin qəbulunda da oldum. Və Qorboçyovun imzaladığı qırmızı möhürlü ərizə baxılmaq üçün Azərbaycanın o vaxtkı baş prokuroru İlyas İsmayılova göndərildi.

Təəssüf ki, İlyas İsmayılov bu məsələyə biganə yanaşdı, vəziyyəti özü yoxlamadı, işi Binəqədi rayonunun o vaxtkı prokuroru Yılmaz Axundzadəyə yönləndirdi. Yılmaz Axundov isə öz qərarında dövlət əmlakının oğurlanması faktını rədd etdi. Qısası, İlyas İsmayılov da, Yılmaz Axundzadə də bu cinayəti ört-basdır etdilər.

Haqsızlıqla mübarizəyə qalxdığıma görə, 38-ci maddənin 3 və 4-cü bəndlərini əsas gətirərək, məni işdən çıxardılar, işlədiyim qarajın müdirinə döydürdülər və haqqımda cinayət işi qaldırdılar.

“Oğlumu əvvəlcə 109-cu maddə ilə (zorlama) ittiham etdilər, zorlama faktını sübuta yetirə bilmədiklərinə görə, 94-cü maddəyə (guya 7 ermənini xüsusi qəddarlıqla qətlə yetirib, ikisinin də ölümünə qəsd edib) keçdilər, bu cinayətin cəzası isə o zaman güllələnmə idi”

Azərbaycanda bu haqsızlığın aradan qaldırılmasına nail ola bilmədiyim üçün yenidən Moskvaya üz tutmalı oldum və 1988-ci ilin 23 fevralında Moskvadan qayıtdım. Moskvadan Bakıya mənim işimlə bağlı sərt ismarıc yolladılar. Yəni işə obyektiv baxılmayacağı təqdirdə Moskvanın bu məsələyə qarışacağını bildirdilər. Amma həmin günlərdə Sumqayıtda cərəyan edən hadisələr hər şeyi alt-üst etdi, mənim işimlə bağlı yoxlama aparılmadı.

Məlum Sumqayət hadisələrindən 15 gün sonra 5-6 nəfər əli avtomatlı şəxs evimizə doluşdu, heç bir order təqdim etmədən üçüncü oğlum Ədalətin qollarını burdular, iki qatlayıb, bağırda-bağırda aparıb maşına basdılar. Üstəlik, evimizi ələk-vələk edib, həyat yoldaşımın min bir çətinliklə oğlanlarım üçün alıb yığdığı xırda-para zinət əşyalarını da oğurlayıb getdilər. Ən pisi isə odur ki, bütün bunlar azyaşlı qızımın gözü qarşısında baş verdi, uşaq çox qorxdu, uzun müddət özünə gələ bilmədi.

Oğlumu əvvəlcə 109-cu maddə ilə (zorlama) ittiham etdilər, zorlama faktını sübuta yetirə bilmədiklərinə görə, 94-cü maddəyə (guya 7 ermənini xüsusi qəddarlıqla qətlə yetirib, ikisinin də ölümünə qəsd edib) keçdilər, bu cinayətin cəzası isə o zaman güllələnmə idi.

“Çox qurumları gəzdim, çox məmurlarla görüşdüm. Bu müddət ərzində günahsız balam həbsxanada can çəkişdi. Mənə görə başına açmadıqları oyun qalmadı. Mənim heyfimi oğlumdan çıxdılar”

Oğlumun “qız zorladığı” iddiasını eşidəndə çox pis oldum, məni rüsvay edən oğulun arxasınca getməməyə qərar verdim. Yalnız bu iddihamın yalan olduğunu biləndə oğlumun müdafiəsinə qalxdım.

Çox qurumları gəzdim, çox məmurlarla görüşdüm. Bu müddət ərzində günahsız balam həbsxanada can çəkişdi. Mənə görə başına açmadıqları ouyun qalmadı. Mənim heyfimi oğlumdan çıxdılar.

Əlim hər yerdən üzüləndə keçmiş SSRİ-nin Baş Prokurorluğunda İstintaq İdarəsinin rəis müavini Vinoqradovun qəbuluna düşdüm. Bütün olanları ona danışdım. Məni diqqətlə dinlədi, onun sayəsində oğlum Ədalətin üzərindən 109-cu və 94-cü maddələr götürüldü. Bu dəfə onu 3 mürəbbə balonunu sındırmaqda ittiham etdilər. Bir azyaşlı uşağı oğlumun əleyhinə ifadə verməyə məcbur etdilər və həmin saxta ifadəyə əsasən, onu 2 il müddətinə azadlıqdan məhrum etdilər.

“Bu ədalətsiz hökmlə barışmayıb, yenə aidiyyatı qurumlara şikayət məktubları ünvanladım. Amma heç kəs Ədalətin hüquqlarını müdafiə etmədi”

Oğlumun işinə hazırda Konstitusiya Məhkəməsində işləyən hakim Rafael Qvaladze baxırdı. Məhkəmə iclasını rus dilində aparan hakimə etirazımı bildirəndə, bura yığışan qohum-əqrəbamızın, eləcə də mənim rus dilini bilmədiyimizi bildirib ondan dövlət dilində danışmağı xahiş edəndə, məni məhkəmə salonundan qovdu. Həmin hakim istintaqın düzgün apparılmadığını əsas gətirərək, oğlumun işini yenidən istintaqa qaytardı.

Həmin dönəmdə baş prokuror olan Murad Babayev Qvaladzenin qərarından protest verdi. O zaman respublika prokurorunun mülki işlər üzrə müavini olan İlyas İsmayılov isə buna səlahiyyəti çatmadığı halda protesti imzalayıb, Ali Məhkəməyə yolladı. Ali Məhkəmə isə protesti təmin etdi. Beləliklə də oğlum 2 il müddətinə şərti azadlıqdan məhrum edildi. Hökm oxunana qədər həbsdə olduğu 18 ay isə nəzərə alınmadı.

Bu ədalətsiz hökmlə barışmayıb, yenə aidiyyati qurumlara şikayət məktubları ünvanladım. Amma heç kəs Ədalətin hüquqlarını müdafiə etmədi. Mən onun hüquqlarının müdafiəsinə qalxdıqca, işinə yenidən baxılmasını tələb etdikcə, onu şərləyib həbsxanaya saldılar. Bu minvalla demək olar ki, qısa ömrü elə həbsxanalarda keçdi, sonda vərəm xəstəliyinə tutulub dünyadan köçdü. Üç qızı yetim qaldı. Onları mən böyütdüm. İkisi artıq ailə qurub, sonuncu qızı 10-cu sinifdə oxuyur.

Özü də əziyyət çəkən, həbsxanaya düşən təkcə Ədalət olmadı, Evimizin həddi-buluğa çatmamış sonbeşiyi Azəri də oğurluqda ittiham edib həbs etdilər, sonra dəfələrlə müxtəlif bəhanələrlə həbsxanaya atdılar. Balam nakam getdi bu dünyadan, ailə qurmağa da çatdırmadı. Böyük oğlumu isə milli zəmində Rusiyada, yaşadığı Xarkov şəhərində qətlə yetirdilər. Onun da bir oğlu qaldı.

““Hürriyyət” qəzeti vasitəsilə bir daha bütün aidiyyati qurumlara, ölkə başçısına müraciət edirəm, oğlum Ədalətə ədalət istəyirəm!”

1988-ci ildən bu günə qədər bütün aidiyyati qurumlara, ölkə prezidentinə, vitse-prezidentə yazıb, oğlum Ədalətə bəraət istəyirəm. Onun cinayət işinə bütün KİV-lərin iştirakı ilə yenidən obyektiv baxılmasını tələb edirəm, amma səsimə səs verən yoxdur. Oğlumun vəkalətli nümayəndəsi olduğum üçün onun cinayət işi ilə tanış olmaq hüququm var, amma buna imkan vermirlər.

Odur ki, “Hürriyyət” qəzeti vasitəsilə bir daha bütün aidiyyati qurumlara, ölkə başçısına müraciət edir və oğlum Ədalətə ədalət istəyirəm!

Bu gün müxalifət partiyaları liderləri arasında yeganə inandığım insan ADP sədri Sərdar Cəlaloğludur. Şəxsən ondan bu işdə mənə dəstək olmağı xahiş edirəm.

Mən ədalət mübarizəsində uç oğul itirən atayam. Oğullarımı geri qaytara bilmərəm, amma onların adına vurulan ləkəni təmizləmək atalıq borcumdur. Son nəfəsimə qədər onların günahsızlığını sübut etmək uğrunda mübarizə aparacağam. Bu yoldan çəkilməyəcəyəm”.

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA