“Qiymətləndirmə şirkətlərinin azı 90 faizi korrupsionerdir” - Hərraclarda korrupsiya üçbucağı yaranıb

  • 2019-05-20 17:42:04
  • |
  • Ölkə /

“Qiymətləndirmə şirkətlərinin azı 90 faizi korrupsionerdir” - Hərraclarda korrupsiya üçbucağı yaranıb

Azərbaycanda hərrac sistemi təkmil deyil. Bunu Azərbaycan Banklar Asossiasiyasının (ABA) sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi adlı tədbirdə bildirib: "Bu günədək Azərbaycan maliyyə sektorunda qeyri-işlək aktivlərin dəyəri 10 milyard manaın üzərindədir. Bu bizim iqtisadiyyat üçün olduqca böyük yükdür".

Onun sözlərinə görə, bu yükün ədalətli bir şəkildə həll edilməsi olduqca vacibdir: “Bugünkü hərrac sistemi effektiv çalışmır. Bu hərrac sistemi hökmən elektron hərrac sistemi ilə əvəz edilməlidir. Bu, həm şəffaflığın artırılmasına, həm də maksimum iştirakçıların müəyyən edilməsinə, eyni zamanda iqtisadi dövriyyədən kənar olan real aktivlərin real dövriyyəyə cəlb olunmasına şərait yaradar. Çünki qeyd etdiyimiz 10 milyard həcmində qeyri-işlək aktivlər həm bağlanmış bankların, həm fəaliyyətdə olan bankların balansında, eyni zamanda Beynəlxalq Bankın ötürülmüş aktivlərində mövcuddur. Hesab edirik ki, bunların daha şəffaf həll edilməsi üçün mütləq elektron hərrac sistemi yaradılmalıdır. Bu məsələyə təkcə hüquqi məsələsinin təkmilləşdirilməsi kimi deyil, həm də iqtisadi artımın elementi kimi baxmaq lazımdır. Hərracın yaradılması ilə biznesin üzərinə düşən yükün azaldılmasına nail olarıq”(Report).

Ölkədə hərrac sisteminin vəziyyətini qiymətləndirən hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov da hesab edir ki, Azərbaycanda normal hərrac sistemi yoxdur: “Hərrac sistemi başdan-ayağa korrupsiyadır. Özü də burada korrupsiya hər iki tərəfdəndir: həm banklarda, həm də borcalanlarda. Ümumiyyətlə, məhkəmə prosesində ortada girov varsa, hər şey onun qiymətləndirməsindən başlayır. Azərbaycanın qiymətləndirmə şirkətlərinin azı 90 faizi korrupsionerdir. Yəni istənilən qiyməti qoyurlara əmlaka. O gün bir vətəndaş müraciət edib. Məlum olur ki, boşanma prosesində qızıllar üzərində yaranan mübahisədir və qiymətləndirici şirkət qızılları görmədən, qadının təsviri əsasında onlara qiymət qoyub. Və bunu beləcə də qeyd edib ki, qızılları görmədən, qadının təsviri əsasında qiymətləndirmə aparıb. Bu, absurd bir məsələdir. Qiymətləndirici şirkətlər necə işləyirlər: kim birinci müraciət edirsə, yaxud daha yüksək məbləğ verirsə, qiymətləndirməni onun mənafeyinə uyğun aparırlar. Yəni əgər borcalan birinci müraciət edirsə, əmlaka dəyərindənm bəzən qat-qat yuxarı qiymət qoyurlar. Yox, birinci bank üz tutursa, qiyməti maksimum öldürürlər. Bunu da ona görə edirlər ki, qanunvericiliyə əsasən 1-ci və 2-ci hərracda satılmayan əmlakın dəyəri 25 faiz ucuzlaşır. Yəni qiymətləndirici şirkətin 100 min manat qiymətləndirdiyi əmlak 2 dəfə hərracda satılmırsa, qiyməti düşçür 75 min manata. Və bank da məcburdur ki, onu həmin qiymətə balansına götürsün. Bank bunu etmirsə, əmlak, ümumiyyətlə, girovluqdan azad olunur. Buna görə də borcalan qiymətləndirici şirkətlə razılaşaraq əmlakına maksimum yüksək qiymət təyin etdirir. Bank isə əksinə, ən aşağı qiymət müəyyənləşdirilməsinə nail olmağa çalışır. Bir çox hallarda məhkəmələr də prosesdə iştirak edirlər. İnsanları əvvəlcədən razılaşdıqları qiymətləndirici şirkətə yönləndirirlər. Hərrac sisteminin qeyri-şəffaf olması bu qaranlıq korrupsiya üçbucağını tamamlayır”.

Ə.Həsənov çıxış yolunun hərrac prosesinin şəffaflaşdırılması ilə yanaşı, qiymətləndirici şirkətlərin prosesdəki mənfi rolunun qarşısının alınmasında olduğunu bildirir: “Belə bir qayda tətbiq etmək lazımdır ki, əmlakın dəyəri onun sahibinin özünün təklif etdiyi qiymətə uyğun hesablansın. Lakin hansı qiymət qoyulur-qoyulsun, 2 hərracda satılmadıqda, 3-cüyə 1 manat simvolik qiymətlə çıxarılsın. Hərrac prosesi şəffaf olduğu halda 1 manata çıxarılan hərrac son nəticədə real bazar dəyərinə satılacaq. Bununla da qiymətləndirmə şirkətlərinin korrupsioner fəaliyyətinin qarşısı alınmış olacaq”./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA