Qobustan sakini polisdən narazıdır - 1 il əvvəl dostlarının yanında avtomobil vurub qaçıb, sürücü hələ də tapılmır

Qobustan sakini polisdən narazıdır - 1 il əvvəl dostlarının yanında avtomobil vurub qaçıb, sürücü hələ də tapılmır

Qobustan rayonu, Təklə kəndində yaşayan Hacıyev Rahil Rafiq oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi avtoqəza nəticəsində onu ağır vəziyyətdə qoyub qaçan sürücünün tapılmamasından şikayətçidir:

“Mən hazırda Qobustan rayonunun Təklə kəndində yaşayıram. Subayam. 20 yanvar 1994-cü ildə anadan olmuşam. Valideynlərim erkən ayrıldığına görə tənha yaşamağa məcbur olmuşam. Əsas məşğuliyyətim xalama məxsus və özümün olan xırdabuynuzlu heyvanlara baxmaqdır. Çobanam.

20 iyun 2018-ci il tarixində qonşu Çuxanlı kəndində gecə saat 12-yə qalmış mağazadan alış-veriş edib qayıdarkən mənimlə yoldaşlıq edən Hacıyev Əhməd Məmməd oğlunun və Mustafayev Elməddin Vaqif oğlunun yanında yol kənarı ilə gedərkən, qəfil olaraq yüksək sürətlə bizə yaxınlaşan NİVA markalı avtomobil məni vuraraq yolun kənarına atdı. Nəticədə sağ qıçımın dizdən aşağı hissəsi bir neçə yerdən sındı.

NİVA hadisə yerindən qaçdı. Mənim yaşıdlarım olan Əhməd və Elməddin dərhal Şamaxı Rayom Xəstəxanasına çatdırdılar. Bir ay xəstəxanada müalicə olundum. Ayağıma aparat qoymuşdular. Sonra 4 ay evdə yatıb, müalicəmi davam etdirdim. 7 aydan sonra ayağımı normal basa bilməsəm də, aparatı xəstəxanaya qaytardım. İndi də əziyyət çəkirəm. İşləyə bilmirəm. İmkanım olmadığına görə əlillik dərəcəsi ala bilmirəm. Baxmayaraq ki, ağır bədən xəsərati alıb, ömürlük şikəst olmuşam.

Bir ayda Bakıdakı Travmatologiya İnstitunda müalicə aldım. 10 aydır ki, yola-izə dava-dərmana, müalicələrə 10 min manata qədər xərc çəkmişəm. Və çox təəssüflər olsun ki, yerli polis baş vermiş cinayətdən məlumatlı olsa da, bu günə qədər aparılan araşdırma heç bir nəticə verməmişdir. Guya cinayətkarı tapa bilmirlərmiş.

Hadisə vaxtı mənim yanımda olan şahidlər Əhməd və Elməddin də qorxduqları üçün NİVA avtomobilinin dövlət nömrəsini polisə deməkdən çəkinirlər. Guya görməyiblər. Hər halda polisə belə ifadə verməyə məcbur olublar.

Lakin hadisə yaxınlıqdakı mağazanın kameralarına aydın formada düşsə də, sonradan kameranın hadisənin baş verdiyi dəqiqə və saat montaj edilərək silinmişdir. Polis isə nədənsə bu cinayətin açılmasında maraqlı görünmür. Çox maraqlıdır ki, polis ya işi birdəfəlik bağlamır, ya da cinayətkarı tapıb məsuliyyətə cəlb etmir. Sadəcə işi uzatmaqla məşğuldur, formal olaraq. Reallıqda isə polis heç bir araşdırma aparmır.

Lakin mənə elə gəlir ki, bu cinayətin adi bir kənddə, kameranın altında və şahidlərin gözlərinin qarşısında baş verdiyinə görə qapalı qalması mümkünsüzdür. Yanımdakı şahidlərin isə NİVA-nın nömrəsini və rəngini görməmələri barədə verdikləri ifadələri absurd və mümkünsüzdür. Sadəcə, onları qorxudublar.

Amma kənddə gəzən söhbətlərə görə, bütün camaat sanki cinayətkarın kim olduğunu bilir. Bilməyən isə mən və Qobustan rayon polis təhqiatçısıdır. Ona görə də Daxili İşlər nazirindən çox xahiş edirəm ki, bu sadə cinayətin açılmasını peşəkar, nəfsi təmiz, vicdanlı bir polis təhqiatçısına həvalə edəsiniz.

Cənab Prezidentdən də xahişim budur ki, məni ömürlük şikəst etmiş cinayətkarın tezliklə tapılaraq barəsində hüquqi qiymət verilməsi üçün bu məsləni şəxsi nəzarətinizə götürəsiniz”.

Kənan, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA