“QƏTİBƏ İNANC”

“QƏTİBƏ İNANC”

Aprel ayının 7-də Azərbaycan Dövlət Akademik Milli Dram teatrında Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında hazırlanmış “Qətibə İnanc” adlı iki hissəli tarixi drama baxdım.

“Qılınc və qələm” romanı keçən əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümunələrindən biridir. Nizami Gəncəvinin həyatından bəhs edən bu romanı demək olar ki, oxumayan insan tapılmaz. Bu roman da nöqsanlardan xali deyilidir. Bu haqda Mehdi Hüseynin ““Qılınc və qələm” haqqında qeydlər” adlı məqaləsi M. S. Ordubadinin özünün sağlığında 1947-ci ildə “İnqilab və mədəniyyət” (№1-2) jurnalında nəşr olunmuşdur. Bədii xüsusiyyətlərinə görə mürəkkəb olan bu romandan dram əsəri hazırlamaq çətin məsələdir. Hər əli qələm tutan insanın işi deyil. Ümumiyyətlə romandan pyes olmur. Bu, məndən əvvəl deyilmiş fikirdir. Çünki romanda hadisələr təsvirlər üstə, dram əsərində isə dialoqlar üstə qurulur...

Картинки по запросу “QƏTİBƏ İNANC”

Premyerası dekabr ayının 14-də oynanılan M. S. Ordubadinin “Qılınc və qələm” romanı əsasında Çingiz Ələsgərlinin yeni səhnə redaksiyasında işlədiyi “Qətibə İnanc” əsərinin ilk tamaşası nümayiş etdirildi.
Tamaşanın quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı, əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatı Kamil İsmayılova məxsus idi.

Mən özüm tamaşaya bilərəkdən gec baxdım ki, tamaşa yetişsin, xırda-para qüsurlardan azad olsun. Amma görünür fikrim düz olmayıb.

“Qılınc və qələm” bildiyimiz kimi böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatından bəhs edən romandır. Bu o deməkdir ki, əsərin adını dəyişmək düzgün deyil. Özü də mənfi personajı əsərin adına qoymaq qətiyyən olmaz. Düzdür bəzi tarixi əsərlərdə var mənfi obrazı romanın və ya pyesin adına qoyurlar. Bu müəllifin səlahiyyətində olan bir işdir. Yoxsa ki, təxminən yetmiş il bundan əvvəl yazılmış bir romanı pyes halına salıb, mənfi obrazın adı ilə adlandırmaq qətiyyən yol verilməzdir.

Картинки по запросу “QƏTİBƏ İNANC”

Bu romanın adı “Qılınc və qələm”dir. Qılınc Fəxrəddindir (İlyas Əhmədov), qələm Nizami (Sabir Məmmədov). Yəni bu o deməkdir ki, biri vuran qoldur, biri düşünən beyindir. Hadisələrdə bu aspektdə cərəyan etməlidir. Bu iki obrazdan sonra Hüsaməddin (Rövşən Kərimduxt), Qətibə (xalq artisti Bəsti Cəfərova), Qızıl Arslan (Rüstəm Rüstəmov), Toğrul (əməkdar artist Ayşad Məmmədov) obrazları ardıclılaşır.

Bəs tamaşada nə olub? Baş gedib ayağa, ayıq gəlib başa. Hansısa bir aktrisanın xatirinə əsəri belə günə qoymaq olmaz. Yenə deyirəm Qəbitə İnanc əsərdə baş rol deyil, əsas roldur. Bunlar fərqli anlamlardır. Bunu bilmək lazımdır. Mərahim müəllim Atabəylər dövrünü yaxşı bilir. O, 1983-cü ildə N. Həsənzadənin “Atabəylər” mənzum dramına quruluş verən rejissordur. Onun teatr tarixinə düşən yaxşı tamaşaları var. Bəs indi nə oldu? Bir aktrisanın sözünə görə qırx illik karyeranı yerə vurmaq düzgün deyil. Mən Mərahim Fərzəlibəyovun xatirini çox istəyirəm, bunu onun özü də bilir. Ancaq Azərbaycan teatrını mövqeyi mənim üçün hər şeydən irəlidir. Bir məsələni də anlamıram ki, bu tamaşanın daxili baxışına teatrşünaslar dəvət olurlar. Bəs onlar belə çatışmazlığı necə göz yuma bilirlər. Hara baxırlar-İlham Rəhimli, Məryəm Əlizadə, İsrafil İsrafilov, Aydın Talıbzadə, MEA-nın teatr şöbəsinin əməkdaşları... Gözləyirlər ki, vəzifəli şəxsin əsəri olsun, başlasınlar bir-birləri ilə bəhsə girib tərifləməyə...

Tamaşada Qətibə İnanca o qədər geniş meydan verilib ki, əsas personajlar olan Nizami və Fəxrəddin kölgədə qalıb. Belə olan halda tamaşaya nöqsanlı olur. Gənc Qətibə obrazının tamaşaya əlavə edilməsi, mənim fikrimcə düzgün deyil. Qətibə özü gəncdir. İkinci bir Qətibənin tamaşaya əlavə edilməsi lüzumsuz bir iş idi.

Romanda Qətibənin təxminən qırxa yaxın yaşı var, bu da yetkin yaş dövrünə aiddir, yəni 21-55 yaş. Tamaşadakı Qətibənin (B. Cəfərova) isə yaşı altımışı haqlayıb bu da ahıl dövrə aid edilir, yəni 56-74 yaş.

Bəsti Cəfərovanın ifasında quruluq var. O, düşdüyü mühitə tamaşaçıları inandıra bilmədi. “Kaş araba aşmayaydı!..” tamaşasındakı Kesariya rolundan başqa Bəsti xanımın heç biri rolu məni tam qane etməyib. Dövlət tərəfindən əksər titulları almış aktrisa ona tapşırılan obrazı belə bəsit ifa etməməlidir. Bir də Qətinə İnanc-Cəfərovanın ölümü tamaşaçıların istehzalı gülüşünə səbəb olur. Zəhəri içən kimi, ani olaraq yıxılıb, ölmək düzdün deyil. Heç zəhər mədəsinə çatmamış ölür...

Картинки по запросу “QƏTİBƏ İNANC”

C. Cabbarlının “Aydın” əsəri yadımızdadır. Finalda Gültəkin zəhər içib Aydının yanına gəlir. İkisi arasında dialoqdan sonra zəhər öz təsirini göstərir və Gültəkin həyatla vidalaşır. Həqiqi zəhər içib, ölmək belə olmalıdır.

Əməkdar artist Sabir Məmmədovun ifasında Nizami, Qətibə İnancın mərkli qadın olduğunu yaxşı bilir. Aktyor vəziyyətdən çıxış yolunu düzgün tapa bilmişdir. O, hər zaman ehtiyatı əlində saxlayır. Təmkinli, qürurlu Nizami obrazını yaratmağa aktyor müvəffəq olmuşdur.

Tamaşada mənim bəyəndiyim rollardan biri də Hüsaməddin obrazıdır ki, onu Rövşən Kərimduxt yaxşı ifa etdi. Ümumiyyətlə Rövşənin yaxşı professional göstəricləri var. Yaşı əllini haqlamış, indiyə qədər qırxa yaxın bədii film və seriallarda müxtəlif xarakterlər canlandırmış Rövşən nədənsə diqqətdən kənarda qalır. İyirmi ildən artıq səhnədə olan (1996) R. Kərimduxt hələ də “əməkdar artist” fəxri adına layiq görülməyib. Halbuki o, bu ada ifa etdiyi səhnə və ekran qəhrəmanları ilə çoxdan layiq olmalı idi...

İlyas Əhmədov Fəxrəddin rolunu öz istedadı çərçivəsində öhdəsindən gələ bildi. Tamaşada Qətibə İnanca o qədər geniş meydan verilir ki, digər obrazlar kimi Fəxrəddin də istər-istəməz kölgədə qalırdı.

Mən elə gəlir ki, Rüstəm Rüstəmov Qızıl Aslanı çılğın ifa etməklə yanlışlığa yol verir.

Elnur Qədirovun Qutluğ obrazına tamaşaçı inanır. Aktyor obraz üzərində bir az da işləməlidir. Hər dəfə təkrar-təkrar Qutluğ-Qədirov Qətibə İnanca “ana” deyə müəraciət edəndə və Qətibə İnancda ona “Ana yox, Məlakə” deməsi kimi təkrarçılıq tamaşaçılarda ikrah hissi oyadırdı. Düşünürəm ki, Elnur Qədirov Qutluğun mənfiliklərini tamaşaçılara göstərə bildi.

Tamaşada digər aktyorlarda Şəhla Əliqızı (Səba), Çümşüd Zeynalov (Zindan keşişçisi), əməkdar artistlər-Mirzə Ağabəyli (Vəzir) Məzahir Cəlilov (Qazı) və Əlvida Cəfərov (Saray əyanı) öz rollarını istedadları müqabilində ifa edə bildilər.

Tamaşada yerə sancılmış nizələr bəzək xarekteri daşımaqdan başqa, aktyorlara da mane olurdu. Yalnız sonda (paklonda) Qutluğ ilə Fəxrəddin hərəsi bir nizə götürüb səhnə önünə qoyulmuş qalxanın üzərində çarpazlaşdırırlar. Bu da münaqişə və müharibələrə son qoyaq-demək idi.

Ümumi götürəndə tamaşadakı çatışmazlıqlar, görülən müsbət işlərdən qat-qat istün idi. Bu da 145 illik tarixi olan Azərbaycan teatrına ancaq xələl gətirə bilər...

İmran AXUNDOV, fəlsəfə doktoru

Loading...

QALEREYA