Qubada yazarlar biraraya gəldi

  • 2019-05-18 15:09:03
  • |
  • Ölkə /

Qubada yazarlar biraraya gəldi

“Gülüstan inciləri -9” və “Vardır intizarı xarı bülbülün” kitablarının təqdimatı keçirilib

Quba rayon MKS-nin Oxu zalında “Gülüstan” elmi-ədəbi məclisinin 9-cu toplusunun və şair Rizvan Qiblədağlının ilk şeirlər kitabının təqdimatı keçirilib. Xaçmazdan, Şabrandan və Qubadan toplaşan yazarların iştirak etdiyi tədbiri giriş sözü ilə “Gülüstan” elmi-ədəbi məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvi Şixəmməd Seyidməmmədov açaraq, iştirakçıları salamladı.

Kitabların təqdimat mərasimində rayon MKS-nin direktoru Saməddin Nəsirov, “Şabran” ədəbi məclisinin sədri, AYB üzvi Qafar Süleyman, AYB üzvləri Mehrəli Qulu, Kərim Dünyamalı, Qüdrət Minhacoğlu, Məmməd Qədir, Cabir Albantürk, Qızbəs Oruc, digər yazarlardan Pirəli Rüklü, Böyükağa Ağa, Asvar Tufandağlı, Mövlud Ağamməd, Nəzər Mirzəyev, Səxavət Ənvəroğlu, Sabir Nemətov. Emfira Ərkli, Məmmədağa Salman, Sabir Kazımoğlu, Yusif Elli, Rəfail Agah, Məhərrəm Mustafa, Müşfiq Fərzəliyev, Fizuli Baratov və başqaları çıxış edərək hər iki kitab haqqında fikirlərini bildirdilər.

S.Nəsirov çıxışında dedi: -“Gülüstan inciləri-9” toplusu və Rizvan Qiblədağlının “Vardır intizarı xarı bülbülün” kitabı “Müəllim” nəşriyyatında nəfis şəkildə çap olunmuşdur. Toplunun tərtibçi və redaktoru Məclis sədri Ş.Seyidməmmədov, “Gülüstanda incilər” başlıqlı “Ön söz” müəllifi isə filologiya elmləri doktoru Vaqif Yusiflidir. Ümumiyyətlə şair və yazıçılarımızın bir araya gəlməsində, onların ədəbi nümunələrinin, yaradıcılıq məhsullarının bölgə, eləcə də respublika ictimaiyyətinə çatdırılmasında “Gülüstan” elmi-ədəbi məclisinin, başda Şixəmməd müəllim olmağla, müstəsna və təmənnasız rolu vardır. Sevinirik ki, gülüstançılar ənənələrinə sadiq qalaraq sayca 9-cu olan bu kitabdakı yeni şeir və hekayələri ilə oxucuların görüşünə gəlib. İnanırıq ki, müasirlərimizin mənəvi aləmi, arzu və istəkləri, vətənə, torpağa, el-obaya bağlılığı, Qarabağ ağrılarını, xalqımızın sarsılmaz birliyini, tarixi keçmişini, bugünkü işıqlı gələcəyini tərənnüm edən şeir, hekayə və publisist yazılar dəyərli oxucularımız tərəfindən maraqla qarşılanacaqdır. Ən qocaman gülüstançılardan olan şair Rizvan Qiblədağlını da ilk kitabının nəşri münasibətilə təbrik edirik.

Q.Süleyman çıxış edərkən qeyd etdi ki, insanların xəyalında ümid çırağı yandıran, zehninə irfan nuru çiləyən, yüzlərlə insanın ürəyinə şirin duyğu toxumları səpən şeirləri ilə oxucu mənəviyatına nüfuz edən Rizvan Qiblədağlının sadə və poetik düşüncələri insanı ovsunlayır. Peyğəmbərimizlə, vətənimizin bayrağı, gerbi ilə bağlı şeirlərinin hərəsi insan qəlbini bir cür duyğulandırır. “Gülüstan inciləri -9” toplusunun tərtibçi və redaktoru Şixəmməd müəllimə, “Ön söz” müəllifi f.e.d. V.Yusifliyə də təşəkkür edir, topluda şeir və hekayələri dərc olunan yazarların hər birinə yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram.

Daha sonra digər çıxışçılar təbrik və arzularını bildirməklə yanaşı, yeni qələmə aldıqları şeirlərini də oxudular. Sonda Ş.Seyidməmmədov və R.Qiblədağlı şəxslərinə və yaradıcılıqlarına, böyük mütəfəkkir, tarixçi, şair Abbasqulu Ağa Bakıxanov Qüdsi yadigarı “Gülüstan” elmi-ədəbi məclisinə göstərilən diqqət və qayğıya görə Quba rayon MKS-nın rəhbərliyinə, fotomüxbiri Nazim Məmmədov timsalında “Şəfəq” rayon qəzetinə, Məclis üzvlərinin yaradıcılıq nümunələrini respublika ədəbi cameəsinə və oxuculara çatdıran “Ədalət” qəzetinə, “Gülüstan inciləri –9” toplusunun ərsəyə gəlməsində və təqdimat mərasimində iştirak edən hər bir kəsə minnətdarlıqlarını bildirdilər.

Pirəli Rüklü,

“Gülüstan” elmi-ədəbi məclisinin üzvi, şair.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA