Quduz itləri, yoxsa insanları qoruyaq?

  • 2019-04-12 10:47:55
  • |
  • Sosial /

Quduz itləri, yoxsa insanları qoruyaq?

Küçələrdə, məhəllələrdəki sahibsiz, virus daşıyıcısı olan və adamların həyatına təhlükə yaradan itlərlə bağlı effektiv tədbirlər görülməlidir

Bu günlərdə Göyçay rayon sakini Qoşqar Quliyev iş dişləməsi nəticəsində dünyasını dəyişib. Məlum olub ki, bir müddət bundan əvvəl Q.Quliyevi yaşadığı evin həyətindəki it dişləyib. İt hadisənin səhəri günü ölüb. Səhiyyə Nazirliyinin məlumatına görə, rayon sakini 39 gün müddətində həkimə müraciət etməyib. Yalnız quduzluq əlamətləri müşahidə olunduqdan sonra həkimə müraciət edib, xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Quduzluq nədir? Bu virus insan orqanizmində necə inkişaf edir və öldürür?

Qeyd edək ki, quduzluq (sudanqorxma) ağır ensefalitin inkişafı ilə xarakterizə olunan “zoonoz” virus neyroinfeksiyadır. Bu virus əsasən ət yeyən heyvanlarda, o cümlədən tülkülərdə, çaqqallarda, canavarlarda, həmçinin ev itlərində, pişiklərində mövcud ola bilir. Heyvanlarda xəstəliyin inkişafı 3 mərhələdən ibarət olur: xəstəliyin ilkin mərhələsində heyvanlar gizlənirlər, insanlardan qaçırlar, bəzən isə digər heyvanları və insanları yalamaq istəyirlər. İkinci mərhələdə heyvan qıcıqlanmış olur, gördüyü əşyalara, insanlara, heyvanlara hücum edir. Son mərhələdə isə heyvan hərəkət etmir, komaya düşür və ölür.

İnsanlarda yoluxma əsasən dişləmə və ya zədələnmiş dəri örtüklərinə infeksiyalaşmış ağız suyunun bulaşması ilə baş verir. İnsandan bir qayda olaraq virus ötürülmür. Virus inkubasiya dövrünün sonuncu 7-10-cu günündən başlayaraq bütün xəstəlik dövrü ifraz olunur. İnsan bir çox yırtıcı heyvanlardan fərqli olaraq daha həssasdır. Xəstəliyə yoluxma halları ən çox kənd əhalisi arasında və xüsusən də uşaqlarda yaz-payız aylarında çox rast gəlinir.

Mərkəzi sinir sisteminə keçmiş quduzluq virusu uzunsov beyin neyronlarında, beyin əsasının düyünlərində və onurğa beynin sol hissəsində fiksasiya olunur. Bu isə reflektorlu oyanmanın artmasına, sonradan isə ifliclərin inkişafına səbəb olur. Quduzluq üçün xarakterik olan tənəffüs və udma əzələlərinin qıc olması dil-udlaq, dilaltı sinirlərin zədələnməsi ilə əlaqədardır. Sinir sisteminin qıcıqlanması ağız suyunun axmasına, tər ifrazının artmasına səbəb olur. Daha sonra ürək-damar sisteminin pozulması müşahidə olunur. Bununla da mərkəzdən qaçan sinir lifləri ilə ağız suyu vəzilərinin sinir uclarına çataraq xəstənin ağız suyuna keçmiş olur.

İnsanlarda da xəstəliyin inkişafı 3 mərhələdə olur. Birinci mərhələdə ilk öncə heyvanın dişlədiyi yarada qızarma, narahatlıq yaranır. Daha sonra bədən hərarəti bir qədər yüksəlir, depressiv hal müşahidə olunur. Yuxu pozulur, xəstə qorxulu yuxular görür.

Quduz itlər ile ilgili görsel sonucu

İkinci mərhələdə psixomotor oyanma, qıcıqlanma başlayır. Xəstədə sudan, işıqdan qorxma halları müşahidə olunur. Xəstələr su içmək istəyəndə boğazlarında spazm olur, panika başlayır. Xəstələr işıqdan, səsdən dəhşətli qorxurlar, qıcolmalar olur. Xəstələr öz paltarlarını cırırlar, ətrafdakılara hücum etməyə çalışırlar, dişləməyə can atırlar, idarəedilməz olurlar.

Sonuncu mərhələdə isə artıq paralic, koma baş verir, xəstə hərəkətsizləşir, bədən hərarəti 40 dərəcəyə qədər qalxır, ürək və tənəffüs dayanmasından xəstələr ölür.

Bəzən isə xəstəliyin aktiv əlamətlərinin başladığı 5-8 gün ərzində xəstələr ölür. Uşaqlarda isə xəstəlik daha sürətli inkişaf edir, bəzən bir gün ərzində ölürlər.

Bu baxımdan it dişləməsi zamanı mütləq şəkildə vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Vaxtında müdaxilə ölümün qarşısını ala bilir. Mütəxəssislər bildirir ki, belə bir hal baş verdikdə ilk olaraq, təcili yaranı çoxlu miqdarda su ilə sabunlayıb yumaq, yaranı sıxıb qan çıxartmaq lazımdır. Yaranı yuyarkən 70%-li spirtdən istifadə etmək tövsiyə olunur. Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edib, quduzluq əleyhinə vaksin vurulmalı, sxem üzrə vaksinin vurulması sonrakı günlərdə də davam etdirilməlidir.

Quduz itlər ile ilgili görsel sonucu

Bir faktı da qeyd edək ki, quduzluq virusu bir çox ölkələrdə problem olaraq qalmaqdadır. Məsələn, Hindistanda ildə təxminən 55 min insan quduzluq üzündən tələf olur. Eyni zamanda ildə təxminən 10 milyon insan quduzluğa şübhəli xəstə kimi müalicə alır.

Qeyd edək ki, son illərdə nəinki paytaxt Bakıda, eləcə də regionlarda sahibsiz, küçə itlərinin sayı artmaqdadır. Hətta mərkəzi küçələrdə, parklarda itlər tez-tez insanlara hücum edir, qorxudurlar. Təkcə son 3 ayda Lənkəranda 110 nəfər it dişləməsi səbəbindən xəstəxanaya müraciət edib, quduzluğa qarşı vaksinlər vurulub, onların həyatı xilas olunub. Yaranmış vəziyyətdən ciddi narahat olan yerli sakinlər bunun qarşısının alınması üçün aidiyyəti qurumlardan yardım istəyir.

Bəs nə etməli?

Xatırladaq ki, ötən ilin oktyabr ayına qədər paytaxtdakı sahibsiz küçə itləri ilə bağlı Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki Təmizlik İdarəsi məşğul olurdu. Lakin sonradan qurumun fəaliyyəti dayandırıldı. Əvəzində bu ilin 1 mart tarixində Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsində sahibsiz itlərə sahib çıxan “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi açılıb. Quruma gətirilən itlər tibbi müayinədən keçirilir, peyvəndlər vurulur, qısırlaşdırma və digər proseduralar aparılır. Xüsusi hallarda (açıq ərazilərdə, narahat davranan və s.) itləri tibbi ləvazimatlarla təchiz edilmiş avtomobillərə yükləmək üçün itlərin sağlamlığına ziyan vurmayan xüsusi uyuducu məhlullarla doldurulmuş silahlardan istifadə edilir.

Lakin bu işlər küçələrdəki sahibsiz itlərlə bağlı problemin həll olunmasına ciddi təsir göstərə bilmir. Üstəlik, itlərin sayı çox olduğundan onların hamısının qısırlaşdırılması da mümkün deyil. Bakının mərkəzi küçələrində insanlara hücum edən sahibsiz itlərin sayının artmasına dair çoxsaylı informasiyalar yayılmaqdadır.

Mənsurə Rəsulzadə ile ilgili görsel sonucu

“Alyans” Canlı Aləm və Etika Xeyriyyə Cəmiyyətinin rəhbəri Mənsurə Rəsulzadə isə mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən insanların deyil, heyvanların müdafiəsini üstün bilib. O deyib ki, itlərin sayının artması normaldır: “Diqqət etsək görərik ki, insanların da sayı artıb. Sahibsiz itlərin hətta mərkəzi küçələrdə belə insanlara hücum etməsinə gəldikdə, yəqin ki, velosiped sürən insanlara hücum olub, bu da normal haldır. Heyvanların nəzarətsiz qalması bu işə baxan aidiyyəti qurumların işidir. Heyvanları yaralamaq, onları qısırlaşdırmaq, su, qida olmayan quru ərazilərə buraxmaq qeyri-humanistlik, qəddarlıqdır. O heyvanların hamısı mehriban, insana inanan heyvanlardır. Şəxsən bu vaxta qədər heç bir zaman heyvan aqressiyası ilə rastlaşmamışam. Hətta sürü ilə olan heyvanların içərisinə daxil oluram, problem yaşanmır”.

Lakin fakt ondan ibarətdir ki, küçələrdəki sahibsiz itlərin heç də hamısı sağlam deyil, bir çoxu virus daşıyıcısıdır, quduzluq yayırlar. Vaxtaşırı quduz itlərin insanlara hücum edib dişləməsi də faktdır. Bu səbəbdən insanların, xüsusilə təhlükəsizliyi istiqamətində sahibsiz itlərin məhəllələrdən yığışdırılması üçün müvafiq dövlət qurumları hərəkətə keçməlidir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA