"600 manat şirinlik götürmüşdü, dedim ki, çoxdur" - Nazirliyin sabiq vəzifəli şəxslərinin işi

"600 manat şirinlik götürmüşdü, dedim ki, çoxdur" - Nazirliyin sabiq vəzifəli şəxslərinin işi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin sabiq vəzifəli şəxslərinin məhkəməsi keçirilib.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Elnur Quliyev və Vidadi Eyvazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüsalə Məlikova ifadə verib.

Şahid bildirib ki, təqsirləndirilən şəxslərdən şikayəti yoxdur: "Mən xəstə adamam. Evdə oturanda zəng gəldi. Dedilər ki, prokurorluqdandır. Təcili Bakıya gəlməyimi istədilər. Mən epilepsiya xəstəsiyəm. Həyəcanlandım, soruşdum ki, nə məsələdir? Dedilər ki, gələndə öyrənəcəksən. Qorxa-qorxa getdim. Bildirdilər ki, guya mənə sosial yardım yazanda ilk ayların pulunu Vidadigil alıblar. Amma mən belə ifadə verməmişəm. Sonra məni Kürdəxanıdakı həbsxanaya apardılar ki, üzləşdirsinlər. Mən xəstə olduğum üçün getmək istəmədim. Sonra məni bir də çağırıb dedilər ki, gəl ifadəni dəyiş. Mən də razılaşmadım. İfadəni özüm yazmamışam, oxumadan imzalamışam. Latın əlifbasında yaza bilmirəm. Onlar yazdı, mən də imzaladım. Mən epilepsiya xəstəsiyəm və yaddaşımda problem var. Evdə uşağın adını xatırlaya bilmirəm. Dəfələrlə evdən çıxıb gedəndə yolda yaddaşım itib. Nə üçün, hara getdiyimi bilmirdim. Zəng edib anamdan soruşurdum ki, mən hara gedim?".

Suallara cavab verən Vüsalə Məlikova qeyd edib ki, indi yox, amma illər əvvəl təqsirləndirilənlərdən Vidadi Eyvazovdan şikayət edib:

"Sənədlərimi vermişdim. Amma sosial yardım ala bilmirdim. Mən də gedib müdirinə şikayət elədim. O da Vidadini çağırıb işi tezləşdirməsini istədi".

Təqsirləndirilən Vidadi Eyvazov ifadənin bu hissəsini təsdiqləyib, bildirib ki, sənədlərdə problem olduğu üçün yardımın verilməsi gecikib.

Vüsalə Məlikova suallara cavabında qeyd edib ki, Vidadi Eyvazova pul verməyib, amma başqa şəxslərin pulla sosial yardım aldıqlarından xəbərdardır: "Bunu hamı bilir. Çox adam pul verib yardım düzəltdirib. Pul verməyəndə sənədləri gecikdirirdilər. Amma Vidadi şəxsən məndən pul istəməyib. Mənim yanımda da heç kim Vidadiyə pul verməyib".

Hakim şahidin istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu bildirib.

Bu səbəbdən də onun ifadəsi elan edilib. Vüsalə Məlikova həmin ifadəsində Vidadi Eyvazova müraciət etdiyini, sosial yardım istədiyini deyib. Həmin ifadəsində qeyd edib ki, Vidadi Eyvazov sosial yardım düzəltmək üçün ondan 400 manat istəyib, amma pulu olmadığı üçün sosial yardım düzələndən sonra ona veriləcək ilk 4 ayın pulunu ona verib.

Vüsalə Məlikova bu ifadə ilə razılaşmadığını, məhkəmədə dediklərini təsdiqlədiyini söyləyib.

Məhkəmədə şahid qismində Tofiq Məhərrəmov da ifadə verib.

Şahid deyib ki, anasına təqaüd düzəltmək üçün Elnur Quliyevə müraciət edib:

"Mənə hansı sənədlərin lazım olduğunu dedi. Əvvəlcədən özüm ona söz vermişdim ki, iş həll olunsa, ona şirinlik verəcəm. Bir müddət keçəndən sonra Elnur zəng elədi ki, sənədlər hazırdır və bankdan kartı götürmək lazımdır. Bildirdi ki, kartı götürəndən sonra anamla birlikdə onun yanında gedək. Kartı aktivləşdirmək üçün anamın imzasına ehtiyac olduğunu dedi. Amma sonra bildim ki, kart aktiv imiş. Bir neçə gün sonra kartı gəlib götürməyimizi istədi. Kartı götürəndə dedi ki, söz verdiyi şirinliyi artıq kartdan çıxarıb. Mən nə qədər götürdüyünü soruşdum. Dedi ki, 600 manat götürüb. Mən də dedim ki, 600 manat şirinlik çoxdur. 50-100 manat nəzərdə tutmuşdum. Puldan sadəcə 100 manatını qaytara biləcəyini dedi. Buna görə də mən şikayət elədim. Prokurorluğa zəng edib bu barədə bildirim. Mənim üzərimə kamera bağlayıb Elnurla görüşməyii istədilər. Elnurdan qaytara bildiyi 100 manatı aldım, aramızda danışıq oldu. Prokurorluq əməkdaşları 100 manatı məndən alıb yola saldılar. Sonra bildim ki, Elnur həbs edilib. Mən belə olacağını bilmirdim. Düşünürdüm ki, yəqin ki, çağırıb xəbərdarlıq edərlər".

Suallara cavab verən şahid 600 manatının geri qaytarılmadığını deyib.

Xatırladaq ki, hər iki şəxsin həbsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğu birgə məlumat yayıb.

Məlumaya əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər şöbəsinin sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb.

E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri V.Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həbs edilən işlər özlərini təqsirli bilmirlər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA