"AĞAXAN KİMİ USTAD BİR DƏ OLMAYACAQ" - MÜSAHİBƏ

"AĞAXAN KİMİ USTAD BİR DƏ OLMAYACAQ" - MÜSAHİBƏ

Xalq artisti Ağaxan Abdullayevin oğlu: “O bizə, biz də ona ömür-gün yoldaşı seçdik”

“Həm muğamı qəlibdən çıxaranlar, həm də Alimi daşlayanlara qarşıydı”

Alimin muğamdakı özgürlüyünü çox sevirdi. Bəlkə onun rəngarəng, üsyankar oxu tərzi içində gizlədiyi, gerçəkləşdirmədiyi təlatümüydü. Sakit, təmkinli görünüşünün arxasında çoşğulu, ipı-sapa yatmayan yaradıcı təbiət dayanırdı.

Bəlkə zamanında oğlunun da xalq mahnılarına başqa rəng, başqa çalar qatıb oxuması onun ustad kimi ötürdüyü enerjidən qaynaqlanırdı.

Hər halda, muğam ustası, xalq artisti Ağaxan Abdullayevin böyük oğıu Xoşbəxt Abdullayevin danışdığı xatirələr bizə bunları yansıtdı.

Söz-sözü çəkdikcə onun sənətindən, səsindən, tələbələrindən, sevgisindən bir də ölümündən danışdı...

“Səhv dizqnoz xərçəngə çevirdi”

...Atamın xəstəliyi 2010-cu ilin avqustunda başladı. Həkimlər dedilər qripdən sonra qulağında “propka” yaranıb. Amma sonra məlum oldu ki, diaqnoz düz deyilmiş. Həmin səhv diaqnoz ciddi xəstəliyə yol açdı. Məcbur olub onu Türkiyəyə apardıq. Orda dedilər düzgün müalicə almamısız. Burunun arxa divarında “nazofariks” deyilən hissədə şiş yaranıb. Düzgün diaqnoz qoyulmadığı üçün şiş qol-qanad atıb. Ona görə də çoxu elə bilirdi ki, atamın səs tellərinə nəsə olub. Halbuki boğazıyla heç bir əlaqəsi yox idi. Güclü müalicə alırdı deyə səsi dəyişmişdi. Təribən 2 il oxumadı. Sonra sağ olsun, Mehriban xanımın nəzarətiylə atam Almaniyaya göndərildi. İki dəfə yaxşı xəbərlə qayıtdı. Dedilər, şiş tamamə sorulub. Amma 6 aydan bir müayinədən keçməlidi. İlk vaxtlar müayinədən keçirdi. Birinci dəfə nəticələr yaxşı çıxdı. O da həkimlərin bu sözündən sonra arxayınlaşdı. Dedi daha heç yana getmirəm, məndə heç nə yoxdur. Ha çalışdıq onu bir də müayinəyə göndərək, qulaq asmadı.

“Qorxduğumuz başımıza gəldi”

Amma qulaq asmadı. Qorxduğumuz başımıza gəldi. Halı bir az pisləşəndə yoxlatdırdı, məlum oldu ki, o zəhrimar bu dəfə tüpürcək vəzisində yaranıb. Yenidən müalicə almağa başladı. Bu dəfə həkimlər dedilər yaxşılaşacaq, amma əvvəlki kimi tam bərpa olmayacaq, fəsad qalacaq. Elə də oldu. Şüa alma prosesi çox ağrılıydı. Birinci müalicədən sonra bir az babatlaşmışdı deyə təzədən oxuyurdu. Amma sonra yenidən səsini itirdi.

“Bizə ən böyük mirası: heç kimə paxıllıq etməyin”

Atam hər şeyə rəğmən, çox möhkəm adam idi. Allahı tanıyan adamlar bu həyatın müvəqqəti olduğunu üsyansız qəbul edirlər. Çünki bilirlər ki, bir gün gələn, bir gün gedəcək. Atam da dinə bağlı adamdır. Həmişə də deyirdi ki, hamımızın bu dünyada müddəti var, bitən kimi gedəcəyik. Vacib olan odur ki, halal yaşayın, bir də heç kimə paxıllıq eləməyin. Mən yaşadığımız bu müddətdə onda heç vaxt paxıllıq görmədim. Kim haqda nə danışsaydılar, “əla” deyərdi. Çünki hər şeydən gözü tox idi.

“Alim Qasımova ağız büzənlərə dedi ki...”

- Atanız klassik muğam ifaçısıydı. Özü muğamı qəlibdən kənara çıxarmasa da, Alimin istənilən improvizasiyasına “əla” deyirdi. Hətta bəzi həmkarlarının onu qınadığı vaxtlarda da tələbəsinin arxasında dayanırdı...

- Hə, atam ona həmişə dəstək olub. O, atamın ən çox sevdiyi yetirməsiydi. Ola bilər, bu gün yenə də onu bəyənməyən, qınayanlar var. Atam deyirdi ki, Alimə daş atanlar gərək əvvəlcə onun oxuduğunun yarısını oxusunlar, sonra danışsınlar. O, klassik muğamı necə lazımdır, elə də oxuyub. Alimin çox güclü ritmi var, muğamı gözəl bilir.

“Sevgisini hamımıza paylaşırdı”

Amma o biri tələbələrini də çox istəyirdi. Biri Bəyimxanım, onu balalarından ayırmazdı. O da həmişə deyir ki, “Mən Ağaxan müəllimin qızıyam”. Sevgisini hamımızın arasında bölə bilirdi. Övladlarıyla da eləydi. Biz qardaşlardan hamımız deyə bilərik ki, məni hamıdan çox istəyir. O, öz məhəbbətini elə bölürdü ki, sevgisi hamımıza catırdı. Bizimlə də dost kimiydi. Bizi heç nəyə məcbur eləməzdi, amma öz fikrini deməkdən də qalmaqdı. Biz də onun istəklərini həmişə nəzərə alardıq.

“Toylarda mahnı sifariş verəndə qıcıqlanırdım”

- Bir ara qrup yaratdınız. Kifayət qədər də populyarlaşmışdınız. Amma sonradan hər şeyi yarımçıq qoyub səhnədən uzaqlaşdız. Bu da atanızın istəyiydi?

- Bunu həm atamın həm də özümün istəyi ilə elədim. O vaxt Universitetdə oxuyurdum “İmkan” adlı qrup yaratdıq. Yaxşı da qrup idi. Xalq mahnılarını korlamamaq şərtiylə improvizasiya eləyib oxuyurduq. Amma sonra bir-iki toya getdima gördüm ki, bu məslək xasiyyətimə uyğun gəlmir. Mən günü bu gün də oxuya bilərəm. Amma onda gərək öz istədiklərimi oxuyum. Üstəlik, toylar mənimçün qazanc yeri olmasın. Başqaları kimi mini disklə toy yola vermək mənlik deyil. Biri gəlib desə ki, “bəsdir fonoqram oxudun” mən bunu həzm edə bilmərəm. Elə əvvəllərdən də toylarda oxumağı sevmirdim. Çünki orda kimsə mahnı sifariş verəndə qıcıqlanırdım. İstəyirdim, ürəyimdən nə gəlirsə onu oxuyum.

“Hacıbaba Hüseynov dedi, oğlunu mənə ver...”

- “İmkan”da daha çox estrada mahnıları oxuyurduz. Muğam ustadının oğlu nə əcəb estradanı seçmişdi?

- Yadima gəlir, uşaq vaxtı “Bayatı- şirazı” oxuyardım. Ardınca da özümçün “bəytərifi” eləyərdim. Bir dəfə atam mənimçün böyük ad günü keçirdi. Özünə yaxın bildiyi sənətkarların hamısını çağırmışdı. Həmin məclisdə mənə “Bayatı-Şiraz” oxutdu. Onda Allah Hacıbaba əmiyə rəhmət eləsin, atama qayıtdı ki, Xoşbəxti mənə ver. Ondan əla xanəndə olacaq. Atam razılaşmadı, dedi, istəmirəm Xoşbəxt oxuyan olsun.

- Niyə?

- Deyirdi mənim qədər səbirli deyilsən. Bu, çox çətin yoldur. Bir də gördün kimisə döymüsən. (gülür) Məni qorumağa çalışırdı. Amma çox illər sonra özü etiraf elədi ki, gərək sənə mane olmazdım.

“Atamdan xəlvət...”

1993-cü ilin dekabrında, bir də yanvarda “İmkan” qrupunun 4 konserti oldu. Birinci hissədə qonaqlar, ikinci hissədə mən oxudum. Onda atamla-anama bilet verdim ki, dedim kimi istəyirsiz dəvət eləyin. Konsertdən atamın xəbəri yox idi. Təəccübləndi, dedi nə konsert? Onda heç kim inanmırdı ki, atamın bundan xəbəri yoxdur. Hamı deyirdi atası düzüb-qoşub oğlu üçün konsert eləyir. Amma inanın Allaha, hər şeyi atamdan gizli eləmişdim. Pis alınmadı da..

“Səsini balalarına qurban elədi”

Səs bizdə nəsillikcə ötürülüb. Minaxan babamızın da gözəl səsi olub. Müharibədən sonrakı illərdə bir il Filarmoniyada işləyib. Sonra görüb ki, 12 uşağını bu sənətlə bir yana çıxara bilməyəcək, oxumağın daşını atıb. Əmilərimin də, balaca qardaşım Hikmətin də yaxşı səsi var. Həm də yaxşı kamança çalır.

Sözsüz ki, onların içərisində ən təmiz, güclü səs atamınydı.

“Biləndə ki, səsi batacaq...”

Mənim qulağım eşidib gözümün gördüyü hər insana nəsib olmur. Atam xaricə səfərlərə gedərdi. Norveç, İngiltərə, İtaliya, Birləşmiş Ştatlar, daha haralar... Hamısından da qayıdanda bircə sualımız olardı, necə oxudun? Atam da o vaxt müsahibə verəndə də demişdi ki, hardan gəlirəmsə gəlim, heç vaxt uşaqlarım demir ki, bizə nə gətirmisən? Məni öpüb qucaqlayıb bircə söz soruşurlar, ata, necə oxudun? Həqiqətən də elə olardı. O vaxt disk yox idi, konsertlər kasetə yazılardı. Gələn kimi kaseti qoyub qulaq asardıq. Həqiqətən də bizə maraqlıydı ki, atamız necə oxuyub. Çünki bilirdik, oxumaq çox qəliz şeydir. Eləcə ağzını açıb oxudu məsələsi deyil. Elə olar xanəndənin səsi batar, səsi yerində olmaya bilər. Atamla kasetə qulaq asıb soruşurdum ki, filan yerində niyə belə keçid eləmisən? Gülürdü, deyirdi, gördüm o hissədə səsim batacaq, keçid elədim. Onu bilmək üçün gərək muğamın içində böyüyəsən. O mənada bizim evimiz özü elə muğam məktəbiydi.

“İkinci Ağaxan heç vaxt olmayacaq”

Ola bilər, indi kimsə deyər ki, bunlar niyə heç kimi bəyənmir. Elə deyil. Tutaq ki, kimsə ortaya naxışlı sənət əsəri gətirir. Təbii ki, onların içindən ən zərif naxışlısını seçəcəksən. Sonralar da gözün ancaq o naxışı axtaracaq. Deyəcəksən, niyə ondan yoxdur? Cünki o, əsl sənət əsəridir. Tapmayanda da məyus olacaqsan. Bu da onun kimidir. Əlbəttə ki, Ağaxan Abdullayev mənim atamdır, o başqa. Amma sənətkar kimi atam təkrarsız idi. İnanmıram ki, bir də səhnəyə bir daha belə sənətkar gəlsin. İndi də ona təkrar-təkrar qulaq asıram. O cür oxumaq üçün ürək lazımdır.

“Heydər Əliyev dedi, sən oxuyanda həyəcanlandım”

Atam “Pəhləvan” oxuyurdu. O oxumağa başlayanda ürəyim cabalayırdı. Bir dəfə Bakıda Dağıstan günləri keçirilirdi. Atam orda elə oxudu ki... Rəhmətlik Heydər Əliyev səhnənin arxasına gəldi, dedi, sən oxuyub qurtarana qədər mən həyəcan keçirdim, dedim, bu kişiyə nəsə olacaq. Yəni atamın oxumağı adamı həyəcanlandırıdı. Hamının diqqətini çəkirdi. Çünki yanğıyla, sevgiylə oxuyurdu.

“Evə gec gələndə gözünə görünmürdük”

- Tədbirlərdə, verilişlərdə nadir hallarda dodağı qaçardı. Bir az tündxasiyyət adam təsiri bağışlayırdı...

- Yox. Niyə ki... Zarafatı da sevərdi. Amma həm də zabitəli adam idi. Biz zəhmindən çəkinərdik. Qardaşımla evə yubananda çalışardıq ki, gözünə görünməyək. Hansımız yubansaq, elə eləyərdik ki atam bilməsin.

- Bəs oğlanlarını evlənəndirəndə necə, istəyinizi nəzərə aldı, yoxsa gəlinlərini özü seçdi?

“Atamı özümüz evləndirdik”

- Yox. O məsələdə hamımıza sərbəstlik vermişdi. Sadəcə bircə tapşırığı vardı, demişdi ki, kimi seçirsiz, seçin, amma məni ləyaqətli kişinin qapısına göndərin.

Məni hələ 18 yaşımda evləndirmək istəyirdi. Onda anam həyatdaydı, amma xəstəydi. Ona görə ev işlərində əziyyət çəkirdi. Atam da mənə dedi ki, gəl səni evləndirim, anana da kömək olsun. Mən anamın xatiri üçün razılaşdım. Amma anam bunu biləndə məyus oldu, dedi mənə nəsə olacaq ki, oğlumu 18 yaşında evlənməyə məcbur eləyirsən?! Sonra qismət elə gətirdi ki, 93-cü ildə anam rəhmətə getdi. Atam yenə israr eləməyə başladı ki, gəl, səni evləndirim. Biz - Mirzəxan qardaşımla mən məsləhətləşib qərara aldıq ki, atamızı evləndirək. Bilirdik ki, əgər biz qabağa düşsək, o, heç vaxt evlənməyəcək. Anam rəhmətə gedəndə atamın 43 yaşı vardı. Bəlkə bu, kimlərəsə qəribə gələcək. Amma heç kim mənim anamı məndən çox istəyə bilməz. Mən görürdüm ki, atam üçün həyat yoldaşı olmadan çox çətindir. Ona can yoldaşı, qadın qulluğu lazımdır. Ona görə də belə qərar verdik. Ona fikrimizi deyəndə razılaşmadı, dedi, mənim siz boyda oğlanlarım var. Biz də israr elədik, dedik ki, sən kimi gətirsən, biz onun doğmamız kimi qəbul edəcəyik.

“Ana nənəm xəbər göndərdı, Ağaxana deyin...”

Atamın ömür-gün yoldaşını da özümüz tapdıq. Onu bibimə göstərdik. Bibim də atama dedi. O vaxt anamın anası da sağ idi. Allah ona rəhmət eləsin, o da atama xəbər yolladı ki. Ağaxana deyin, evlənsin. Ona qulluq lazımdır. O çox ürəyi geniş, anlayışlı qadın idi. Demişdi ki, Ağaxan qızıma yaxşı baxıb. Nə lazımdır eləyib. Mənim qızım geri qayıdan deyil. Ona da, uşaqülara da qulluq lazımdır. Düzdür, bizim elədiyimizə hamı məəttəl qaldı. Amma biz atamıza qardaşlıq elədik. O qadın atamın son gününə qədər də ona can yoldaşı oldu. İndi atamın ikinci evliliyindən iki qardaşım var. Dünya bir yanadır, o iki qardaşım bir yana. Hazırda balaca qardaşım Hikmət, mənim ailəm, bir də atamın ikinci həyat yoldaşı bir yerdə yaşayırıq.

Rəna, Hurriyyet.org

Loading...

QALEREYA