"ABŞ-İran qarşıdurması artıq hərbi müstəviyə keçmək üzrədir" - "Əgər Moskva Tehranı dəstəkləməsə, o zaman bu, Rusiyanın sonu olacaq"

"ABŞ-İran qarşıdurması artıq hərbi müstəviyə keçmək üzrədir" - "Əgər Moskva Tehranı dəstəkləməsə, o zaman bu, Rusiyanın sonu olacaq"

Məhəmməd Əsədullazadə: "İki ölkənin Yaxın Şərqdə maraqlarının toqquşması regionda böyük hərbi qarşıdurmaya gətirib çıxara bilər"

Ramil Məmmədli: "ABŞ-İran müharibəsi baş verərsə, Azərbaycan mövqeyini konkretləşdirməklə bağlı ciddi problemlərlə qarşılaşa bilər"

ABŞ-ın Mərkəzi Komandanlığı İranla mümkün hərbi toqquşma riskinin artması ilə əlaqədar olaraq Pentaqondan daha 10 min hərbçinin göndərilməsini istəyib. Qeyd edək ki, virtualaz.org-un "Reuters" informasiya agentliyinə istinadən verdiyi məlumatda deyilir ki, Mərkəzi Komandanlığın rəhbəri, kontr-admiral Kennet Makkenzi Pentaqona onun sərəncamında olan qüvvələrə dəstək üçün 5 min hərbçinin göndərilməsi haqda sorğu verib. "Assosiated Press" isə bildirib ki, komandan 5 min yox, 10 min hərbçinin göndərilməsini istəyir. Lakin hər iki agentlik əlavə qüvvələrin sırf müdafiə məqsədləri üçün cəlb edildiyini bildirib. "Reuters"in məlumatına görə, Pentaqonun hələlik admiral Makkenzinin sorğusuna necə cavab verəcəyi məlum deyil. Çünki belə sorğular ABŞ-ın bütün komandanlıqlarından müntəzəm olaraq daxil olur, amma əksər hallarda həmin sorğular təmin edilmir.

Bu arada, rusiyalı hərbi analitik Konstantin Sivkov ABŞ-la İran arasında toqquşmanın başlanğıcında Amerika ordusunun hansı itkilər verə biləcəyini proqnozlaşdırıb. Onun fikrincə, döyüşlərin ilk saatlarında İran əməliyyat-taktiki və orta mənzilli ballistik raketləri tətbiq edərək ABŞ-ın regiondakı bazalarını vura bilər. Bu zaman ABŞ-ın 4-5 aviabazasının vurulması onun qüvvələrini 2-3 günlüyə sıradan çıxarar, çünki təyyarələrin və vertolyotların 15 faizi döyüş vəzifələrini yerinə yetirə bilməyəcək. Həmin zərbələr nəticəsində ABŞ-ın yüzlərlə hərbçi itirməsi mümkündür.

Onu da nəzərinizə çatdıraq ki, ABŞ-ın Müdafiə Nazirliyi bugünlərdə prezident Donald Trampa Yaxın Şərqdə hərbi kontingentin yerləşdirilməsi və əlavə olaraq 120 min hərbçinin göndərilməsi planını təqdim edib. Tramp isə öz növbəsində, həmin planı təsdiqləyib. Bundan əvvəl isə ABŞ Fars Körfəzinə "Avraam Linkoln" təyyarə daşıyan hərbi gəmi, ardınca isə Qətərdəki hərbi bazasına bombardmançı təyyarələr göndərib. ABŞ-ın regiona 120 min hərbçi göndərməklə bağlı qərarına münasibət bildirən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qeyd edib ki, Vaşinqtonun Yaxın Şərq regionundakı şübhəli hərəkətləri gərginliyi artırır. Nazir bəyan edib ki, hərbi toqquşma olsa, bunun məsuliyyəti ABŞ-ın üzərinə düşəcək. İrana hücum edən tərəf peşman olacaq. SEPAH rəhbərinin müavini Əli Fədəvi isə bildirib ki, İran Silahlı Qüvvələri ABŞ gəmilərinin Yaxın Şərqdə hərəkətinə tamamilə nəzarət edir: "Fars körfəzində yerləşən gəmilər İranın hərbi-dəniz qüvvələrinin və ordunun tam nəzarətindədir. Narahatlığa əsas yoxdur".

ABŞ Yaxın Şərqdə yeni işğala hazırlaşır və o, bu planda Türkiyə ilə sıx işbirliyində olacaq

Yeri gəlmişkən, Türkiyənin "Yeni Çağ" qəzetinin yazarı Cahid Ərmağan Dilək isə bugünlərdə hazırladığı analitik məqalədə ABŞ-ın Yaxın Şərqdə yeni işğala hazırlaşdığını, eyni zamanda Vaşinqtonun bu planda Türkiyə ilə sıx işbirliyində olacağını iddia edib. Beləliklə, strateq.az-ın tərcümə etdiyi yazıda bildirilir ki, Donald Tramp 2018-ci ilin dekabrında Amerika hərbçilərinin Suriyadan çıxarılacağını bildirərkən, görünür, ona ancaq Türkiyə hökuməti inanıb, qalanları isə bu bəyanata təmkinlə yanaşıb: "Hətta deyiblər ki, ABŞ getməyəcək. Belə də oldu. Axı, Tramp hərbçiləri çıxarmaq üçün bir sıra şərtlər sadalayıb. İsrailin təhlükəsizliyi, İranın hər şeydən qabaq Suriyadan, habelə İraq və Yəməndən gedişi. Bizim burada ilk günlərdən dəfələrlə xəbərdarlıq etdiyimiz kimi, ABŞ təkcə bölgədən getməyib, həm də yenidən yerləşməyə başlayıb. Hətta guya qoşunu çıxarmaq bəhanəsilə bölgəyə əlavə hərbçilər göndərib. O, PKK/YPG güclərinə silah və hərbi texnika tədarükünü daha yüksək templə sürdürür. Tramp bu gedişlə Türkiyənin Suriyada yeni transsərhəd əməliyyatının da qabağını alıb". Müəllif qeyd edib ki, ABŞ və İran arasında son günlərdə mahiyyətcə nəzarət edilən gərginlik qızışır: "Həqiqətdə bu, ABŞ-ın psixoloji əməliyyatının başlanğıc mərhələsidir. Çünki ABŞ Yaxın Şərqdə özünün fəaliyyət zonasını yenidən biçimləyir. Məlumat verilməyə başlayıb ki, ABŞ "İran istənilən an basqın edə bilər" bəhanəsilə bölgəyə hərbi güc (aviadaşıyıcı, ağır B-52 bombardmançıları, "Patriot" sistemləri və s.) göndərir. Əslində, bunun böyük hissəsi psixoloji savaşın gündəlik vəzifəsidir. İran da bildirib ki, bu belədir. Fars körfəzində BƏƏ-nin liman sularında dörd tankerə hücum və İran izi barədə ABŞ-ın açıqlaması da Amerikanın psixoloji əməliyyatının göstəricisidir. Amerika KİV-ləri isə məlumat verib ki, ABŞ İrana qarşı bölgəyə guya tam 120 min hərbçi göndərməyə hazırlaşır! Trampın "Biz altı trilyon dollar itirmişik və heç nə udmamışıq, biz hərbçilərimizi çıxardırırq" deyən və Suriyadan üç min, Əfqanıstandan 15 min hərbçinin çıxarılacağı haqda qərarı elan edən və indi Yaxın Şərqə 120 min hərbçi göndərən şəxs olduğunu gözləmək mümkünsüzdür. Amma ABŞ mühit yaradır. İranla əməkdaşlıq edə biləcəyini hələ də düşünən Avropaya siqnal verir, təəssürat yaradır ki, istənilən an İrana zərbə vura, hətta İranı işğal edə bilər. ABŞ mühit yaradaraq habelə mümkün antiiran koalisiyasının özülünü qoyur. Ehtimal ki, ABŞ bundan sonra böyük güc cəlb etməklə okeanarxası əməliyyatlar keçirməyəcək. O, 2001-ci ildən bəri keçirdiyi əməliyyatlardan məhz bu ibrəti alıb. İŞİD bəhanəsilə İraq və Suriyaya müdaxilə forması bunu göstərir. İranın imkanları nəzərə alınsa, onda böyük sayda gəmini Fars körfəzinə dartmaq, Fars körfəzi ölkələrində İranın yaxınlığında yerləşdirmək İranın açıq hədəfi olmaq deməkdir. Amma ABŞ xeyli böyük dəniz və hava gücləri ilə Yaxın Şərqdə rotasiyalı vəzifə icra edə bilər. Və İraq torpağında da hərbi iştirakını bir az da artıra bilər. İraq İranla mübarizədə ABŞ üçün kritik önəmli mövqe tutur. İraq İranın Ərəbistan yarımadası və Suriya-Livan ilə əlaqələrini kəsmək baxımından önəmlidir".

Cahid Ərmağan Diləyin sözlərinə görə, ABŞ bu qayda ilə bölgədə İraq üzərindən psixoloji təsirə söykənən yeni önləyici işğala hazırlaşır: "Eynilə Buş kimi. Bölgədə koalisiya üçün mühit və infrastruktur yaradarkən ABŞ-ın sıx iş görəcəyi ölkələrdən biri Türkiyə olacaq. Son günlərin yenilikləri göstərir ki, Türkiyə Suriyada ABŞ-ın planlarına qoşulub. Türkiyənin "Suriya Demokratik Qüvvələri" (SDQ) ilə danışıqlarını təmin edən ABŞ dolayısı ilə olsa da, təhlükəsizlik zonası qurmaq yollarını axtarmağa, S-400 məsələsində də, görünür, istədiyinə nail olub. Önəmlidir ki, bununla yanaşı, Öcalanın Suriyaya – SDQ-yə vurğu ilə məktubu meydana çıxıb. Türkiyə Suriyada əməliyyat haqda daha danışmır. S-400 haqda xarici KİV-lərdə çıxan dərcləri təkzib etmir. İddia olunduğu kimi, S-400 Türkiyəyə iyulda gələcək, heyət isə indiyədək onun istismarını öyrənməyə göndərilməyib. Alqısı tələsik siyasi qərar olan, ABŞ-a qarşı kozır kimi qəbul edilən S-400 layihəsini yanlış yönəltmək Türkiyəyə qarşı silaha dönüb və Türkiyə uduzub. Tədarükün guya 2020-ci ilə keçirildiyi haqda ritorikaya və s.-yə fikir verməyin. Təcili tələbat varsa, onda niyə başqa vaxta keçirilir? Bir sözlə, S-400 gəlməyəcək".

"Amerika İran ətrafında halqanı daraldır və lokal hərbi zərbələrin endirilməsi üçün şərait gözləyir"

Картинки по запросу Məhəmməd Əsədullazadə

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ və İran arasında siyasi, o cümlədən iqtisadi qarşıdurma artıq hərbi müstəviyə keçmək üzrədir: "Təbii ki, iki ölkənin Yaxın Şərqdə maraqlarının toqquşması regionda böyük hərbi qarşıdurmaya gətirib çıxara bilər. Çünki nə İran, nə də ABŞ geri çəkilmək fikrindədir. Görünən odur ki, rəsmi Vaşinqton geri çəkilmək əvəzinə, əskinə hücum taktikasına əl atır. İrana gəlincə, SEPAH rəhbərliyi bəyan edib ki, İran Silahlı Qüvvələri ABŞ gəmilərinin Yaxın Şərqdə hərəkətinə tamamilə nəzarət edir. Bu, o deməkdir ki, artıq ABŞ gəmiləri İran ordusunun hədəfindədir. Eyni zamanda, Amerikanın Bəsrə körfəzinə B-52 nüvə potensiallı bombardman təyyarələrini, "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisini və "Patriot" hava hücumundan müdafiə sistemlərini göndərməsindən aydın olur ki, Vaşinqton İran ətrafında halqanı daraldır və lokal hərbi zərbələrin endirilməsi üçün şərait gözləyir".

"Yaxın Şərqdə baş verəcək müharibə İranın körfəz ölkələrinə müdaxiləsinə gətirib çıxara bilər"

ABŞ Mərkəzi Komandanlığının Pentaqondan Yaxın Şərqə əlavə 10 min hərbçinin göndərilməsi ilə bağlı müraciətinə gəlincə, politoloq bildirdi ki, məhz bunun özü regionda müharibə riskinin günü-gündən artdığını göstərir. Vaşinqtonun Tehrana qarşı koalisiyasına İsrail, o cümlədən Səudiyyə Ərəbistanı başda olmaqla, körfəz ölkələrinin daxil olacağını vurğulayan Məhəmməd Əsədullazadənin fikrincə, Yaxın Şərqdə baş verəcək müharibə İranın körfəz ölkələrinə müdaxiləsinə gətirib çıxara bilər: "Həmçinin, Səudiyyə Ərəbistanına qarşı raket atışları həyata keçirilə, İranın sahib olduğu 2 min kilometrlik ballistik raketlər İsrailə tuşlana bilər. Qeyd edim ki, ABŞ artıq Bəhreyndə və İraqın Bəsrə şəhərində yerləşən şirkətlərindəki işçiləri evakuasiya edib. Bununla yanaşı, Bağdaddakı diplomatik korpusların sayını azaldıb. Düşünürəm ki, ABŞ-ın Bağdad səfirliyinin yerləşdiyi "Yaşıl zona"ya edilən raket hücumu, eyni zamanda Bəsrə körfəzində Səudiyyə Ərəbistanına məxsus gəmilərə qarşı mümkün hərbi təxribatlar bir ssenaridir. Burada başlıca məqsəd isə İranı provakasiyaya çəkməklə ona lokal hərbi zərbələr endirməkdir. Göründüyü kimi, baş verənlər Yaxın Şərqdə yeni müharibənin olacağı anonsunu verir. Təbii ki, bu müharibəni önləmək olar. Çünki hələ də diplomatik qapılar açıqdır. Vaşinqton dəfələrlə Tehranla yeni şərtlər ətrafında danışıqlara başlamaq istədiyini bəyan edib. İran isə artıq ABŞ-la heç bir müzakirə aparmadığını elan edib. Belə ki, Amerika prezidenti Donal Tramp bir neçə dəfə iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsi saxlamaq istəyib. Lakin rəsmi Tehran bununla razılaşmayıb. Çünki İranda hakimiyyətdə olan islahatçılar mühafizəkarların ciddi təzyiqi ilə üzləşir və hakimiyyətdən devrilə bilərlər".

"ABŞ-ın yeni nüvə müqaviləsi ilə bağlı diqtə etdiyi şərtlər Tehranda rejim dəyişikliyinə səbəb ola bilər"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bu qənaətdədir ki, ABŞ-ın yeni nüvə müqaviləsi ilə bağlı diqtə etdiyi şərtlər Tehranda rejim dəyişikliyinə səbəb ola bilər: "Göründüyü kimi, hər iki tərəf danışıqlar üçün bir-birinə qarşı qırmızı keçib. Odur ki, hazırda yalnız lokal hərbi toqquşma ilə mümkün danışıqlar prosesinə başlaya bilərlər". Politoloq onu da qeyd etdi ki, ABŞ və İran arasında hərbi toqquşma baş verərsə, Rusiya və Türkiyə bu məsələyə qarışmayacaq: "Bildiyiniz kimi, İran, Türkiyə və Rusiya Astana formatı çərçivəsində Suriyada kordinasiyalı şəkildə fəaliyyət göstərir. Yəni bu üç ölkə əməkdaşlıq edərək, Suriyada müharibənin səngiməsinə gətirib çıxara biləcək proseslərə qol qoyublar. Aydın məsələdir ki, aralarında bəzi ziddiyyətlərin olmasına baxmayaraq, bu ölkələr Yaxın Şərqdə müəyyən məsələlərdə ortaq mövqe nümayiş etdirə bilirlər. Həmçinin, Rusiya və İran müəyyən dərəcədə müttəfiq dövlətlərdir. Bu səbəbdən də İran daim Yaxın Şərqdə Rusiyanın maraqlarını müdafiə edir. O cümlədən, Rusiya İranın nüvə reaktoru tikintisində yaxından iştirak edir. Lakin Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət katibi Mayk Pompeo ilə görüş ərəfəsində qeyd edib ki, ölkəsi yanğınsöndürən briqada deyil və hər alovu söndürməyəcək. Təbii ki, bu, Tehrana mesaj idi. Yəni Putin bu yolla İranın nüvə sazişində qalmasının və Amerika ilə hərbi toqquşmaya getməməsinin vacibliyini önə çəkib. Bunu nəzərə alaraq, düşünürəm ki, İran ABŞ-la hərbi toqquşmaya gedərsə, o zaman Rusiya bu məsələyə qarışmayacaq. Çünki Rusiyanın ABŞ-la savaşı artıq 3-cü dünya müharibəsinə gətirib çıxara bilər. Fikrimcə, Kreml müəyyən bəyanatlarla, diplomatik danışıqlarla ABŞ-İran toqquşmasını önləyə bilər. Hesab edirəm ki, Pompeonun Soçidə Putinlə görüşü İrana qarşı ABŞ-ın mümkün hərbi müdaxiləsi fonunda Rusiyanın neytrallaşdırılması istiqamətində olub. Düşünürəm ki, Moskva bununla müəyyən qədər razılaşa və bunun qarşılığında Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırıla bilər. Türkiyəyə gəlincə, qeyd etməliyəm ki, qardaş ölkə İrana görə özünü oda verməz, ABŞ-la üz-üzə gəlməz. Çünki onlar NATO-da qanuni strateji müttəfiqdir. Odur ki, ABŞ-la İran arasında müharibə başlayacağı təqdirdə, Rusiya və Türkiyə Amerikaya qarşı hərbi əməliyyatlara qoşulmayacaq".

"Düşünürəm ki, Ankara hər hansı tərəfin mövqeyini tutmaq yox, barışdırıcı mövqedən çıxış etməyə çalışacaq"

Картинки по запросу Ramil Məmmədli

İranın region ölkələri arasında mövqeyi, dövlətçilik ənənəsi, təsirli siyasəti və qədim tarixi olduğunu deyən hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, bu səbəbdən də onu İraq və Suriya ilə müqayisə etmək olmaz: "Nəzərinizə çatdırım ki, ABŞ-ın İranla bağlı mövqeyini dəstəkləyən ölkələrin heç də çox olmaması məhz bununla bağlıdır. Yəni Avropanın inkişaf etmiş ölkələrinin böyük əksəriyyəti Amerikanın İranla müharibə aparmasının əleyhinədirlər və bunu da hər zaman söyləyirlər. Məhz buna görə də hazırda İran ətrafında yaranmış gərginliyin müharibə müstəvisinə keçmə şansı o qədər də çox deyil. Təkcə ona görə ki, ABŞ Vyetnam müharibəsindəki uğursuzluğundan sonra fərdi qaydada, yəni təkbaşına hər hansı bir hərbi əməliyyatların keçirilməsindən yayınır. Hazırda İran ətrafında halqanın daralması prosesində Amerikadan başqa digər ölkənin iştirakının şahidi olmuruq. Bir anlıq qəbul edək ki, vəziyyət dəyişdi və ABŞ müttəfiqləri ilə birlikdə İrana qarşı hərbi əməliyyatlara start verdilər. Belə olan təqdirdə, ilk öncə regionda ciddi humanitar problem yaranacaq. Bundan başqa, regionun hərbi, o cümlədən siyasi balansı darmadağın olacaq. Əgər Moskva Tehranı dəstəkləməzsə, o zaman bu, Rusiyanın sonu olacaq. İraq müharibəsindən sonra Rusiyanın hərbi, siyasi uğursuzluğu hər birimizin yadındadır. Belə ki, İraqla müttəfiq olmasına baxmayaraq, birinci ABŞ-İraq müharibəsində Rusiya İraqın yanında ola bilməmişdi. Bu isə SSRİ-nin sonunun əsasını qoydu. İndi Moskva ilə Tehran arasında illər ərzində formalaşmış hərbi-siyasi müttəfiqliyin qarşılığında Rusiyanın İranı dəstəkləməməsi Kremlin öz müttəfiqlərini itirməsinə və Rusiyanın parçalanmasının bünövrəsinin qoyulmasına gətirib çıxaracaq".

Türkiyəyə gəlincə, Ramil Məmmədli hesab edir ki, qardaş ölkə bu məsələdə həmişə olduğu kimi orta mövqe sərgiləyəcək: "Düşünürəm ki, Ankara hər hansı tərəfin mövqeyini tutmaq yox, barışdırıcı mövqedən çıxış etməyə çalışacaq. Burda ən çətin vəziyyətdə isə məhz Azərbaycandır. Çünki ABŞ-la İran arasında hərbi toqquşma baş verərsə, o zaman Azərbaycan cənubdan kütləvi qaçqın axınına hazır olmalıdır. Eyni zamanda, mövqeyini konkretləşdirməklə bağlı ciddi problemlərlə qarşılaşa bilər. Bu baxımdan, hesab edirəm ki, gözlənilməyən ABŞ-İran müharibəsi haqda danışmağın özü belə, ciddi fikir gərginliyi yaradır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA