"ABŞ BU QƏRARI İLƏ İSRAİLİ ODUN İÇİNƏ ATDI" - POLİTOLOQ

"ABŞ BU QƏRARI İLƏ İSRAİLİ ODUN İÇİNƏ ATDI" - POLİTOLOQ

Natiq Miri: “Tramp Təl-Əviv üçün böyük bir quyu qazdı, ABŞ-ın geosiysai maraqları da, İsrail dövləti də “quyuya” düşəcək”

“Bu savaşda İsrail və ABŞ-ın qazanmaq şansı sıfra bərabərdir”

Srağagün ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq fələstinlilər Qəzza zolağında aksiyalar keçirən zaman etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 59 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ölənlər arasında azyaşlı da var. 8 aylıq Leyla Ənvər Qəndur Qəzza zolağının şərq bölgəsində gözyaşardıcı qazdan zəhərləndikdən sonra dünyasını dəyişib.

Qəzza zolağında baş verən hadisələrə dünya ölkələri səssiz qalsa da, Türkiyə və İran ciddi təpki göstərib.Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi məsələsinə münasibətini bildirərək bəyan edib ki, ABŞ Yaxın Şərqdəki münaqişələrin həllində yardımçı olmaq əvəzinə, özü bu problemin tərkib hissəsi olub. Buna görə Vaşinqton vasitəçilik statusundan məhrum olub.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyət yeni dünya müharibəsinin astanasındadır.

Türkiyə prezidenti hazırda İsrailin Suriya torpaqlarına 50-yə yaxın raket zərbəsi endirdiyini də xatırladıb: “Bu, bölgədə savaş təhrikidir. İsrail onsuz da bu bölgədə mütəmadi olaraq terrora əl atır. İndi atılan bu addım da yenə terror tipli bir addımdır. Bunları anlayışla qarşılamaq mümkün deyil. Bu raketlər niyə atılır, nə etmək istəyirlər?”.

Hətta Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini də geri çağırıb. Türkiyə prezidenti ölkədə 3 günlük matəm elan edildiyini bəyan edib.

Türk xalqı da Fələstində ölənlərə və yaralanlara etiraz olaraq nümayişlər keçirib. Nümayişçilər İstanbulun mərkəzinə toplaşıb və İstiqlal küçəsi və Taksim meydanı ərazisində yürüş keçiriblər. Onlar əllərində Fələstin bayrağını tutaraq İsrail və Amerika əleyhinə şüarlar səsləndiriblər.

İranın paytaxtı Tehranda isə İranın məclis başçısı Əli Larincaninin rəhbərliyi altında İslam Əməkdaşlıq Təşkilatı üzvü olan Ölkələrin Parlament Birliyi (İSİPAB) Fələstinlə bağlı fövqəladə iclas keçirib.

Əli Larincani deyib: “ABŞ-ın Fələstin əleyhinə cəhdləri cavabsız qalmayacaq. Trampın səfirliyi Qüdsə köçürmək qərarını şiddətlə qınayırıq”.

Qeyd edək ki, artıq bir neçə gündür ki, İsrail Qəzzanı bombalayır. Yerli mətbuat Qəzzaya 400 tondan çox bombanın yağdırıldığını bildirib.

Əslində, Qəzza zolağında baş verənlərə dünya ölkələri, xüsusən də müsəlman ölkələri səssiz qalmamalı, ABŞ və İsrailin bu addımına qarşı ciddi təpki göstərilməlidir. Müsəlman ölkəsi kimi, Azərbaycan da ABŞ-ın səfirliyin Qüdsə köçürməsinə etirazını bilidirməli və Qəzza zolağında baş verən müsəlman qətlimaına səssiz qalmamalıdır.

Doğrudur, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə “Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların-Fələstinin paytaxtıdır” - bildirib.

O qeyd edib ki, başqa bir dövlətin Qüdsə müdaxiləsi ciddi fəlakətə yol açacaq: “Artıq bu baş verir. 59 müsəlman həlak olub, 2 minə yaxını yaralanıb. 1990-cı ilin yanvarında biz bu təcavüzü yaşamışıq. İndi bu, orda təkrar olunur. Ermənilərin bizə təcavüzü də bunun eynisidir”.

Şeyxülislam onu da vurğulayıb ki, Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır: “Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır. Bəzi dövlətlər də bu birliyin olmamasından məharətlə istifadə edir”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin bəyantı təqdirəlayiq olsa da, Azərbaycan XİN səviyyəsində bu məsələlərə münasibət bildirməlidir. Əslində, Şeyxülislam doğru vurğulayıb ki, “Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır”. Doğurdan da biz müsəlmanlar heç vaxt bir olmamışıq. Ona görə də daima xristian dövlətləri tərəfindən təzyiqlərə, təcavüzə məruz qalmışıq və qalırıq. İsrail demək olar ki, Yaxın Şərqdə bu birliyin olmamasından ABŞ-ın dəstəyi ilə məharətlə istifadə edir. İsrail artıq elə bir həddə gəlib çatıb ki, İranla belə çilik-toxma oynayır, sanki özünü varlı məmur övladı kimi ərköyün aparır. Amma İsrailin bu ərköyünlüyü ona baha başa gələ bilər. Necə ki, ərköyünlük məmur övadının həyatını məhv edir, bir vaxt görəcəyik, İsrail də məhvə məhkum olacaq.

“Qərb dünyasında müsəlmanların ölməsi mənəvi əhəmiyyət daşımır”

“ABŞ BU MƏSƏLƏDƏ İTİRMƏYƏ MƏHKUMDUR”

Qəzza zolağında baş verən müsəlman qətliamına dünya ölkələrinin səssiz qalmasına münasibətini ifadə edən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri “Hürriyyət”ə dedi ki, bu məsələdə əsas səbəblərdən biri tələf olan insanların müsəlman olmasıdır: “Çünki dünyanın əsas aparıcı ölkələri xristian ölkələri, xüsusilə də Qərb dünyasında mövcud olan ölkələr olduğundan, müsəlmanların ölməsi onlar üçün o qədər də mənəvi mənada əhəmiyyət daşımır. İkinci bir tərəfi də nəzərə alsaq, inkişaf etmiş xristian dövlətlərinin böyük əksəriyyəti ABŞ-ın strateji müttəfiqləridir. Bu gün Qərb ölkələrində ABŞ-la münasibətlərdə müəyyən gərginliklər yaşansa da, hələ də ABŞ-ın Avropada mövcud olan xristian ölkələrinə təsir imkanları böyükdür. Ona görə də məhz ABŞ-ın qorxusundan dünyada bu cür qətliamlara bir növ etidallı yanaşıldı. Yəni kəskin təpkilər verilməsə də, diplomatik şablon, standart qaydada bəzi bəyanatlar səsləndirildi ki, bu da bu qətliamın qarşısnı alacaq səviyyədə deyil”.

“ABŞ bu addımı ilə Yaxın Şərqdəki bütün etimadını yox etdi”

N.Miri nəzərə çatdırdı ki, bu məsələ ilə əlaqədar Küveytin təşəbbüsü ilə BMT-nin Təhlükəszilk Şurasının iclası çağırılıb: “Bu iclasda da dünyanın bu qətliama olan münasibətini görəcəyik. Bundan sonra, biz artıq dünya səviyyəsində ABŞ-a qarşı münasibəti müəyyən mənada görəcəyik. Bir şeyi diqqətdən qaçırmaq lazım deyil ki, xristian dünyasının, bütövlükdə dünyanın bu məsələyə səssiz qalması ABŞ və İsrailin zəfər əldə etməsi anlamına gəlməz. Əksinə, ABŞ bu addımı ilə Yaxın Şərqdəki bütün etimadını yox etdi. Əgər əvvəllər Yaxın Şərqin siyasətini və orada nizamı ABŞ tənzimləyirdisə, artıq bu gün onun etimadı bu yöndə sıfra endi. Artıq Türkiyə dövlətinin rəhbər şəxsləri də bu yöndə konkret açıqlama veriblər, xüsusilə də Türkiyənin xarici işlər naziri Çavuşoğlu bildirib ki, artıq ABŞ-ın Fələstin və İsrail münaqişəsindəki vasitəçilk rolu itdi. Çünki ABŞ birmənalı tərəf seçdiyi üçün vasitəçilik rolunda onun neytral olması mümkün deyil”.

“ABŞ bu qərarı ilə strateji müttəfiqi olan İsraili odun içinə atdı”

N. Miri onu da vurğuladı ki, bu qətliama ən ciddi təpki göstərən ölkə müsəlman dünyasının başında gələn Türkiyə oldu: “Türkiyə həm ABŞ-da, həm də İsraildə fəaliyyət göstərən səfirlərini dərhal geri çağırdı. Türkyənin prezidenti səviyyəsində bütün müsəlman dövlətlərinə bir müraciət ünvanlandı və bütün müsəlman ölkələrinin yaxın bir zaman çərçivəsində yenidən Türkiyədə toplanacağı gözlənilir. Bu faktın özü də göstərir ki, əslində, ABŞ bu qərarı ilə gələcək perspektivdə strateji müttəfiqi olan İsraili odun içinə atdı. Yəni bununla İsrail üçün qazanc deyil, gələcək perspektivdə böyük təhlükə yaratmış oldu. Əgər bu məsələyə strateji yanaşmaq lazımdırsa, düşünürəm ki, bu gələcəkdə İsrailin Yaxın Şərqdə var olma məsələsini gündəmə gətirdi. Bu gün kiçik İsrail regionda İran kimi böyük müsəlman dövləti ilə müharibə şəraitindədir. Eyni zamanda İranın da dəstəklədiyi Livanla müharibə şəraitindədir. Bu gün İsrail Fələstin kimi müsəlman ölkəsində böyük qətliam həyata keçirir. Eyni zamanda bu gün İsrail müsəlman dünyasının lideri olan güclü Türkiyə ilə qarşı-qarşıya gəlmək durumundadır. Bu gün Pakistan da həm ABŞ-a, həm də İsrailə ciddi etiraz edib. Bütün bunların üzərinə digər müsəlman ölkələrinin gücünü və etirazını da gəlsək düşünürəm ki, yaxın perspektivdə İsrail üçün çox böyük təhlükələr yarancaq. Baxmayaraq ki, İslam dünyasının içərisində ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn kimi xəyanətkar dövlətlər olmuş olsa da, bütövlükdə bu ölkələrdə olan müsəlman toplumu bu ölkələrin rəhbərliyinə İsraili və ABŞ-ı bu məsələdə dəstəkləməyə imkan verməyəcək. Ona görə də bütün dünyanın, xüsusilə inkişaf etmiş xristian dövlətlərinin bu məsələyə səssiz qalması hələ o demək deyil ki, ABŞ və İsrail bu məsələdə qazandı. Əksinə, ABŞ İsrail üçün bu regionda böyük bir quyu qazdı ki, nəticə etibarilə bu quyuya ABŞ-ın geosiyasi maraqları, həm də İsrail dövləti düşəcək”.

“İsrail İranla müharibənin astanasındadır”

“Bu hadisədən sonra Yaxın Şərqdə müharibə olarsa, Türkiyənin hərbi əməliyyatlara müdaxiləsi mümkündürmü” sualına politoloq belə cavab verdi: “Söhbət Türkiyənin hərbi müdaxiləsindən getmir. Söhbət bu regiondakı yaranmış aktiv hərbi hərəkətlərdən gedir. Bu gün, bilirsiniz ki, artıq İranla İsrail vəkalətən bir-birinə qarşı müharibə aparmırlar. Əgər əvvəl bu gizli olaraq vəkalətən aparılırdısa, bu gün açıq şəkildə İsrail Suriyada mövcud olan İranın hərbi bazalarını havadan raketlərlə bombalayır və buna qarşılıq olaraq İran da raketlərlə İsrail ərazisini hədəf alır. Bu, o deməkdir ki, artıq İsrail regiondakı böyük müsəlman ölkəsi olan İranla bir növ müharibənin astanasındadırlar. İrandan başqa, İranın dəstəklədiyi “Hizbullah” İsrailin sərhəddində yerləşən Livanda seçkiləri yenidən qazandı. Bu da o deməkdir ki, İran və İsrail arasında bir müharibə çıxarsa, təbii ki, Livan da bu prosesə qatılacaq. Eyni zamanda bu prosesin içərisinə digər müsəlman ölıklərini də qatmış olsaq, bu regionda böyük bir savaşın çıxması ehtimalını artırır. Hesab edirəm ki, bu savaşda İsrail və ABŞ-ın qazanmaq şansı sıfra bərabərdir. Əmin olun ki, ABŞ və İsrailin bu cür sərt addımıları bütün dünya müsəlmanlarının bir yumruq kimi toparlanmasına şərait yaradır. ABŞ-da və İsraildə məhz bunu anlamaq istəmirlər”.

“Müsəlman dünyası qeyri-iradi olaraq toparlanacaq”

“Düşünürsünz ki, müsəlman ölkələri birləşəcəklər” sulına gəlincə, N. Miri belə dedi: “Əlbəttə ki. Bütün birliklər məhz bu cür çətin imtahan qarşısında baş verib və müsəlman dünyası da özləri üçün bu böyük təhlükəni hiss etdyi anda qeyri-iradi olaraq toparlanacaq. Ona görə də bunu ABŞ və İsrailin baş bilənləri nəzərə almalı idilər”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA