"Alternativ dərsliklər hazırlanmalıdır" - Ekspertdən TƏKLİF

"Alternativ dərsliklər hazırlanmalıdır" - Ekspertdən TƏKLİF

“Dərslik materialları və test bankları arasındakı uyğunsuzluqlar, orta təhsil pilləsi üçün ən ciddi problemdir”.

 

Hurriyyet.org bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib.

 

O, qeyd edib ki, son bir neçə il ərzində xüsusilə, yuxarı siniflərdə dərslik ikinci dərəcəli vəsaitə çevrilib:

 

“Dərslikdən törəmə test, proqram və məcmuələrin dərsliyi, yəni ilkin mənbəni sıxışdırması anormal haldır. Demək olar ki, hazırda vahid dərsliklər işlənmir. Əvəzində, hansısa müəlliflər tərəfindən tərtib olunmuş vəsaitlər daha çox istifadə olunur. Bəzi dərsliklərdə çətin məsələ-misallardan, ibtidai siniflər üçün istifadə olunan dərsliklərdə şivədən, dialekt sözlərdən, uşaqların qavraya bilməyəcəyi şeirlərdən çox istifadə edirlər. Bu isə dərsliklərimizin dilinə ağırlıq, akademiklik gətirir. Dərslik elə tərtib edilməlidir ki, uşaq bu dərsliyi bağlayıb, kənara itələməsin, əksinə, sevsin. İbtidai sinif şagirdi kitabı üçün darıxmalıdır. Onları sevə-sevə açmalıdır. Ancaq təəssüf ki, bizdə bu baş vermir.

 

Azərbaycan və rus bölməsində eyni dərslikdən istifadə edilir. Bu, yolverilməzdir.

 

Təhsili rus dilində aparılan məktəblər üçün dərslik ayrıca olaraq yazılmır. Azərbaycan dilində olan dərsliklər rus dilinə tərcümə olunaraq, rus bölməsinin şagirdlərinin istifadəsinə verilir. Bu baxımdan rus bölməsinin dərsliklərinin daha yaxşı, keyfiyyətli və standartlara uyğun olduğunu demək olmur. Yeganə fərq, tədris dili və ədəbiyyatdır ki, burada da ciddi fərq yoxdur. Məktəbşünaslığı bilən aparıcı ekspertlərin orta məktəb dərsliklərinin yaradılması prosesinə cəlb edilməsinin faydası böyük ola bilər.

 

 

Orta məktəblər üçün alternativ dərsliklər hazırlanmalıdır.

 

Müasir zamanın tələbi, alternativ dərsliklərin hazırlanmasıdır. Dünyanın inkişaf etmiş ölkələrində geniş şəkildə alternativ dərsliklərdən istifadə olunur. Məsələn, Gürcüstanda birinci sinif üçün 5-6 dərslik var. Almaniya, Türkiyə, ABŞ və başqa bir çox ölkədə çeşid-çeşid dərsliyin içindən biri seçilir, təsdiqlənir. Yəni, nazirlik alternativ dərsliklər istifadəyə buraxır, ən uyğun olanını məktəb, müəllim özü seçir. Bizdə isə orta məktəblərdə ancaq bir dərslikdən istifadə olunur. Hazırda ölkədəki 4472 orta məktəbin heç birində alternativ dərslik istifadə olunmur. Yəni, orta ümumtəhsil məktəblərində təhsil alan 1.5 milyon şagirdin hamısı vahid dərslikdən istifadə edir. Buna təsir göstərən amillərdən biri də qəbul və buraxılış imtahanlarıdır. Vahid dərslikdən testlərin hazırlanması çətinlik yaradır. Eyni zamanda, vahid dərslik bütün şagirdlərin bilik və bacarıqlarına uyğun deyil. Müxtəlif bilik və bacarıqlara malik olan şagirdlər üçün alternativ dərsliklər tərtib edib, istifadəyə vermək lazımdır. Tərtib zamanı minimal standart da təmin olunmalıdır”.

 

Ekspert onu da bildirib ki, 2009-cu ildə qəbul edilən “Təhsil Haqqında” Azərbaycan Respublikası Qanununda alternativ dərsliklərdən istifadə nəzərdə tutulsa da, hələ də tətbiq edilməyib.

 

Xatırladaq ki, 2019/2020-ci tədris ili üçün ölkədə 322 adda dərslik və metodik vəsaitin çapı planlaşıdırılır.

 

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA