"Astana prosesinin aqibətini ABŞ müəyyənləşdirmir" - POLİTOLOQ

"Astana prosesinin aqibətini ABŞ müəyyənləşdirmir" - POLİTOLOQ

İlqar Vəlizadə: "Əgər Tramp Astana prosesinə xitam verilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında təklif irəli sürərsə, o zaman Rusiya buna veto qoya bilər"

"Rusiya, Türkiyə və İran üçlüyünün hansısa tərəfi bundan imtina etsə, onda Astana prosesini bitmiş hesab etmək olar"

Heç kimə sirr deyil ki, Suriya məsələsinin nizama salınması üçün yaradılan Astana formatında iştirak edən ölkələrin, yəni Türkiyə, Rusiya və İranın Suriyadakı maraqları ilə ABŞ-ın maraqları üst-üstə düşmür. Elə bu səbəbdən də tərəflərin maraqları bir-biri ilə toqquşduğundan rəsmi Vaşinqton vəziyyəti öz xeyrinə dəyişmək, daha dəqiq desək, Astana danışıqlarına xitam verilməsi üçün bir sıra yollara baş vurur. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin bugünlərdə məhz bu mövzu ilə bağlı səsləndirdiyi fikirlər də, əslində deyilənlərin sübutu kimi qiymətləndirilməlidir.

Belə ki, "Əgər 14 dekabrda Suriya Konstitusiya Komitəsi çağırılmasa, o zaman Astana prosesinin üzərindən xətt çəkmək olar" deyə, bəyanat verən Ceyms Cefri bunun ABŞ-ın mövqeyi olduğunu qeyd edib. Nəzərinizə çatdıraq ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi bundan öncə də Astana prosesi çərçivəsində zəmanətçi ölkələrin Konstitusiya Komitəsinin iclasını çağırmalı olduğunu, əks təqdirdə BMT-nin bu prosesdə əsas vasitəçiliyi üzərinə götürməsinin vacibliyini vurğulayıb.

Yeri gəlmişkən, bir məqamı da qeyd etmək lazımdır ki, BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura bu il ərzində müxtəlif vaxtlarda Qazaxıstanın Astana şəhərində keçirilmiş Suriya sülh danışıqlarını "itirilmiş imkan" adlandırıb. Bu barədə "Azadlıq radiosu"nda yer alan informasiyaya görə, noyabrın 29-da yayılmış bəyanatda deyilir ki, Staffan de Mistura ölkənin yeni konstitusiyasını tərtib edəcək komitənin təşkili istiqamətindəki on aylıq durğunluqdan "dərin məyusluq" keçirir: "Bu, Astanada 2018-ci ildə keçirilən son təmas idi və təəssüf ki, Suriyanın sahibliyi, Suriyanın rəhbərliyi və BMT-nin vasitəçiliyi ilə etibarlı, balanslı, müştərək konstitusiya komitəsinin yaradılması ilə nəticələnməyib". Məlumat üçün bildirək ki, bu bəyanat de Misturanın Suriya rejimini dəstəkləyən Rusiya və İranın, habelə qiyamçıları dəstəkləyən Türkiyənin nümayəndələri ilə görüşünün ardınca keçirilmiş iki günlük Astana danışıqlarından sonra verilib. Türkiyə, Rusiya və İran arasında razılaşdırılmış bəyannamədə isə ABŞ-ın Suriyadakı hərbi mövcudiyyəti tənqid olunur. Həmin bəyannamədə qeyd olunur ki, qarantlar Suriyada terrorizmlə mübarizə adı altında yeni reallıq yaradılması cəhdlərini rədd ediblər.

Bu arada, Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qüdrət Bülbülün buyaxınlarda yayımlanmış "Suriya hara gedir?" başlıqlı analiz-yazısında isə bildirilir ki, Astana prosesi tərəflərinin Tehran sammiti Qərbin uzaqdan qəzəl oxuduğu, beynəlxalq ictimaiyyətin və təşkilatların susduğu bir dünyada Türkiyənin suriyalıların qırılmaması üçün necə tək qaldığının və təkbaşına dürüst mübarizə apardığının konkret sübutu oldu. İran tərəfindən görüşlərin canlı yayımlanması sayəsində bu çılpaq həqiqət bütün dünyaya bir daha aydın göründü. Təəssüf ki, görüşlərdə Türkiyədən başqa heç bir ölkənin başçısı Suriyada insan faciələrinə dair qayğılı cümlə söyləmədi. Yenə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə atəşkəsin vacibliyini dilə gətirdi, Türkiyənin əksəriyyəti Suriyadan olan 4,5 milyon köçkünə ev sahibliyi etdiyini xatırlatdı. Halbuki Türkiyə də bir çox ölkə kimi sərhədlərini qaçqınlara, ürəyini insanlığa bağlaya bilərdi. Bir neçə min qaçqın görən kimi Avropa İttifaqı dəyərləri, insan hüquqlarını, "azadlıq, bərabərlik, qardaşlıq" şüarını unutdu, üstəlik, qaçqın nifrəti üzərindən səs toplayaraq hakimiyyət qazandı. Türkiyəni isə fərqli edən bu ölkələr kimi etməməsi və edə bilməməsi oldu, tarixi, vicdani və insani məsuliyyət hissinə görə. Müəllif hesab edir ki, Suriya müharibəsinin 7-ci ilində belə, tərəflərin mövqeyində, təəssüf ki, elə bir dəyişiklik yoxdur. Rusiya Suriyadakı bazaları vasitəsilə Aralıq dənizində daha fəal olmaq və Krım, Ukrayna və Gürcüstandan başqa, Qərblə yeni bir məkanda qarşılaşmaq üçün yerli hökumətin yanında yer almağa davam edir. İran regional ekspansiya, yəni təsir dairəsini genişləndirmə siyasətini Suriyada da davam etdirir. Ölkənin dini lider Əli Xamaneyə yaxınlığı ilə tanınan Tehran üzrə millət vəkili Əlirza Zakainin sözlərinə görə, üç ərəb ölkəsi bu gün İranın əlindədir və İslam inqilabına sadiqdir: "Yəmən isə İran inqilabına qoşulmaq yolunda dördüncü ərəb ölkəsidir". Qüdrət Bülbülün sözlərinə görə, Suriya müharibəsinin pərdəarxasında ən kilid ölkə isə İsraildir: "Sanki İsrail bölgədəki rəqiblərinin hamısının birlikdə güc itirməsini gözləyir: müharibə başlanandan bəri səssiz və dərin bir siyasət yürüdür. Bu siyasətin əsasında İsrailin sərhədlərini Türkiyənin cənub-şərqini də nəzərdə tutan "vəd edilmiş topraqlar" xəyalları və "Böyük İsrail" strategiyası durur". Onun fikrincə, ABŞ-ın Suriya siyasəti də İsraildən ayrı və fərqli deyil: "DAEŞ (İŞİD-red.) təhdidi ortadan qaldırılmış olmasına baxmayaraq, ABŞ PKK-PYD terror təşkilatına hər cür silahla dəstək verməyə davam edir. Bu dəstək görüntüdə İranın da əleyhinədir. Türkiyə sərhədində bu başdan o başa PKK-PYD terror dövləti yaratmaq üçün verilən bu böyük dəstək nəinki İranı, birbaşa Türkiyənin özünü parçalamaq niyyəti daşıyır. Nəticədə bu terror dəhlizi İsrailin uzunmüddətli məqsədlərinə çatması üçün açılan bir yol olur. Bəs Avropa İttifaqı və ölkələrinin Suriya siyasəti nədir və nələrdir? İfrat sağın fəaliyyətinin getdikcə artdığı və qaçqınları əsir aldığı bir vəziyyətdə yeganə dərd suriyalı qaçqınlardırmı? ABŞ İsrail indeksli siyasətindən əl çəkməzsə, Avropa İttifaqı boş vədlərlə irəli keçsə də, tətbiq olunmayan qərarlarını işə salmazsa, Rusiya və İrandan Suriyada hakimiyyətin hücumlarını dayandırmasını gözləmək əbəsdir. Görünən odur ki, suriyalıların öz ölkəsində öldüyü və ya didərginlərinin Türkiyədə qaldığı müddət boyu Avropa İttifaqı və ABŞ üçün heç bir narahatlıq və müharibə qayğısı yoxdur".

“Qaşıqçı hadisəsi Trampın nüfuzuna zərbə vurdu” - POLİTOLOQ

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq İlqar Vəlizadə isə hesab edir ki, Astana prosesinin aqibətini ABŞ müəyyənləşdirmir: "Əslində, Amerika heç bunu müəyyənləşdirə də bilməz. Çünki bu, üçtərəfli - Türkiyə, Rusiya və İranın təşəbbüsüdür. Eyni zamanda, BMT-nin baş katibi də bu təşəbbüsü dəstəkləyib. Odur ki, mütəmadi olaraq bu formatda görüşlər keçirilir. Yəni ABŞ-ın istəyi oldu, ya olmadı, bu formatı məhdudlaşdıra bilməz. Çünki bu kimi məsələlər onun səlahiyyətində deyil".

Politoloqun fikrincə, ola bilər ki, Vaşinqtonun səylərindən sonra sözügedən məsələ BMT Təhlükəsizlik Şurası formatında müzakirəyə qoyulsun: "Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasında qərarlar konsensus əsasında qəbul edilir. Odur ki, əgər ABŞ prezidenti Donald Tramp Astana prosesinə xitam verilməsi ilə bağlı təklif irəli sürərsə, o zaman Rusiya buna veto qoya bilər. Beləliklə də bu barədə qərar qəbul olunmayacaq. Ona görə də hesab edirəm ki, Astana prosesinin üzərindən xətt çəkilməsi ilə bağlı səsləndirilən fikirlər boş söz-söhbətlərdir və bunun heç bir əsası yoxdur. Çünki Astana prosesinin aqibəti Rusiya, Türkiyə və İranın verəcəyi qərarlardan asılıdır. Yəni üçlüyün hansısa tərəfi bundan imtina etsə, onda gələcəkdə Astana prosesini bitmiş hesab etmək olar. Lakin hazırda belə bir hal müşahidə olunmur, adıçəkilən dövlətlərdən heç biri bu formatdan imtina etmək niyyətində deyil".

Türkiyə, Rusiya və İranın fəaliyyəti nəticəsində Suriyada təhlükəsizlik zolaqlarının yarandığını vurğulayan İlqar Vəlizadənin sözlərinə görə, məhz Astana formatı çərçivəsində İdlibdə hərbi əməliyyatların dayandırılması mümkün olub: "Təbii ki, hər bir halda Türkiyə, Rusiya və İranın mövqeyində ziddiyyətlər var və mütəmadi olaraq bu ziddiyyətlər ərsəyə gəlir. Lakin buna baxmayaraq, Astan formatının mövcudluğu, müzakirə olunan məsələlər bu ziddiyyətləri minimuma endirir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA