"Avropa Parlamentinin qəbul etdiyi qərarın Türkiyəyə ciddi təsiri yoxdur" - ZƏRDÜŞT ƏLİZADƏ

"Avropa Parlamentinin qəbul etdiyi qərarın Türkiyəyə ciddi təsiri yoxdur" - ZƏRDÜŞT ƏLİZADƏ

"Onsuz da Avropa Birliyi ilə Türkiyə arasındakı danışıqlar sıfır səviyyəsində idi"

"Nə Avropa Birliyi ciddi şəkildə Türkiyə ilə inteqrasiya barəsində danışıqlar aparmaq niyyətindədir, nə də Türkiyə Avropanın süründürməçilik siyasətini ciddi qəbul edib hansısa bir gerçək inteqrasiyaya ümidlər bəsləyir"

Avropa Parlamentinin qəbul etdiyi qərara əsasən Avropa Birliyinə üzvlüklə bağlı Türkiyə ilə aparılan danışıqlar təxirə salınıb. Lakin danışıqların hansı müddətə təxirə salındığı barədə məlumat verilməyib.

Nəzərinizə çatdıraq ki, qardaş ölkənin sözügedən birliyə üzvlüyü məsələsi 1959-cu ildə Avropa İqtisadi Birliyinə göndərilən rəsmi əməkdaşlıq müraciəti ilə başlayıb. Bunun ardınca isə proses 1963-cü ildə Ankarada müvəqqəti əməkdaşlıq müqaviləsinin imzalanması, Türkiyənin 1996-cı ildə Gömrük İttifaqına qoşulması və 1999-cu ildə Helsinki Zirvəsində namizədliyinin rəsmi olaraq təsdiqlənməsi ilə davam edib. Gördüyünüz kimi, 60 il ərzində Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesi bir sıra mərhələlərdən keçsə də, indiyədək konkret nəticə əldə olunmayıb və ən azı yaxın on ildə müsbət istiqamətdə dəyişikliklərin baş verəcəyini gözləməyə dəyməz. Avropa Parlamentinin məlum qərarı bunun bariz sübutu kimi dəyərləndirilə bilər.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, rəsmi Ankara sözügedən qərarın qərəzli və ədalətsiz olduğunu bəyan edərək, buna öz etirazını bildirib. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda birmənalı şəkildə deyilir ki, sözügedən qərar Türkiyə üçün heç bir məna daşımır: "Ölkəmiz və Avropa Birliyi arasındakı münasibətləri yenidən canlandırmaq üçün birgə səylərimizi artırdığımız vaxtda, eləcə də Türkiyədəki 15 iyul çevrilişindən sonra islahat prosesini yenilədiyimiz bir ərəfədə Avropa Parlamenti tərəfindən birtərəfli və obyektivlikdən uzaq qərar verilməsinə hər hansı bir dəyər verilməsi mümkün deyil. Qərəzli və ədalətsiz qərarların Avropa Parlamenti seçkiləri prosesində, xüsusilə ölkəmizdə keçiriləcək yerli seçkilər ərəfəsində və Türkiyə ilə Avropa Birliyi arasında təxminən dörd illik fasilədən sonra baş tutacaq Tərəfdaşlıq Şurasının iclasından öncə qəbul edilməsi seçki mədəniyyətinə ziddir. Bu cəhdlər Avropa Parlamentinin təmsil etdiyi dəyərlərə uyğun gəlmir".

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik də Türkiyə ilə müzakirələrin təxirə salınmasını təklif edən hesabatın Avropa Parlamentində qəbul edilməsini sərt şəkildə tənqid edib. "Avropa Parlamenti Türkiyə ilə müzakirələrin təxirə salınmasını təklif edən Türkiyə Hesabatını qəbul edib. Bu, bizim üçün dəyərsiz, heç bir hökmü olmayan, etibarsız bir qərardır" deyən Ömər Çelikin sözlərinə görə, bu etibarsız qərar Avropa Parlamentinin artıq ifrat sağın ideoloji nəzarətinə keçdiyinin elan edilməsidir: "Avropa Parlamenti demokratik inkişafa açıq və dəstəkləyici qərarlar qəbul etməkdən uzaqlaşdı. İfrat sağın dar pəncərəsindən baxır dünyaya. Türkiyə hesabatını hazırlayan şəxsin (məruzəçi Kati Piri) demokratiyadan çox terroru dəstəkləyənlərlə yaxınlığı hər kəsə məlumdur. Salonlarında separatçı terror təşkilatı PKK-nın sərgiləri açılan Avropa Parlamenti hansı üzlə demokratiyamızı məhkum etməyə cəhd göstərir".

Avropa Parlamentinin Ankara ilə üzvlük danışıqlarının dayandırılması barədə qərarını şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Qalın "Avropa Parlamenti tərəfindən səsverməyə çıxarılan birtərəfli və obyektivlikdən uzaq bu qərar bizim üçün yox kimidir. Bu qərar Türkiyə-Avropa Birliyi münasibətlərini pozmağa yönəlmiş təşəbbüsdür", deyib.

Bu arada, Rumıniyanın Ankaradakı səfiri Qabriel Şopanda isə ölkəsinin Türkiyənin Avropa Birliyində iştirak prosesinə dəstək verəcəyini bəyan edib. O, Rumıniyanın hər zaman Türkiyəni Avropa Birliyinin rəsmi və qeyri-rəsmi toplantılarına dəvət etdiyini vurğulayıb: "Səsvermə Avropadakı siyasi ayrı-seçkiliyin nəticəsidir. Avropa Parlamentindəki adamlar öz siyasi mövqelərini əks etdirir. Biz də Avropa Parlamentindəki müzakirələri izləyirik. Bu, Avropa Parlamentinin ortaya qoyduğu bir mövqedir". Bununla yanaşı, Avropa Birliyinin dövri sədri, Rumıniyanın baş naziri Viorika Dansila isə Türkiyənin Buxarestdəki səfiri Füsun Aramazı qəbul edib və iki ölkə arasında strateji tərəfdaşlığa söykənən əlaqələrin əhəmiyyətini qeyd edib: "Avropa Birliyi ölkələrindən sonra Türkiyə Rumıniyanın ən mühüm iqtisadi tərəfdaşıdır. Biz Türkiyənin Avropa Birliyi üzvlüyünü dəstəkləyirik. Türkiyə regiondakı çətinlikləri idarə və birgə maraqları təqib edir. Türkiyə Avropa Birliyi üçün kilid bir ortaqdır".

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, onsuz da Avropa Birliyi ilə Türkiyə arasındakı danışıqlar sıfır səviyyəsində idi: "Sadəcə, hərdən bir "xala xətrin qalmasın deyə" görüşüb danışırdılar. Amma hər iki tərəf bilirdi ki, nə Avropa Birliyi ciddi şəkildə Türkiyə ilə inteqrasiya barəsində danışıqlar aparmaq niyyətindədir, nə də Türkiyə Avropanın süründürməçilik siyasətini ciddi qəbul edib hansısa bir gerçək inteqrasiyaya ümidlər bəsləyir. Lakin diplomatik etiket, qayda-qanunlar tələb edirdi ki, tərəflər vaxtaşırı görüşüb danışsınlar". Avropa Parlamentinin birinci dəfə deyil ki, danışıqları təxirə saldığını və ya dondurduğunu bildirən politoloqun sözlərinə görə, Türkiyə diplomatiyası bu cür hallara öyrəncəlidir: "Rəcəb Tayyib Ərdoğan özü də dəfələrlə deyib ki, iş belə getsə, o zaman Türkiyə ümumiyyətlə Avropa ilə inteqrasiya siyasətindən üz döndərəcək. Düşünürəm ki, Avropa Parlamentinin qəbul etdiyi qərarın Türkiyəyə elə bir ciddi təsiri yoxdur. Çünki inteqrasiya çərçivəsi olsa da, olmasa da, Avropa Türkiyənin əsas tərəf müqabilidir. Onlar ticari, hərbi, siyasi və digər sahələrdə sıx əməkdaşlıq edirlər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA