"Azərbaycan beynəlxalq silahlanma xaosundan kifayət qədər yararlanmalıdır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"Azərbaycan beynəlxalq silahlanma xaosundan kifayət qədər yararlanmalıdır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"ABŞ və Rusiya çalışacaq ki, Cənubi Qafqaz regionunda təsirini artırsın"

"ABŞ "Orta Mənzilli və Ballistik raketlərin ləğvi haqqında" sazişdən çıxdıqdan sonra bu nəsildən olan raketlərin ilk sınağını keçirdi. Artıq bununla Vaşinqton silahlanma yarışına start verməklə, dünyada yeni siyasi mənzərənin yaradılmasına başlayır". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Onun sözlərinə görə, "Orta Mənzilli və Ballistik raketlərin ləğvi haqqında" saziş 30 ildən sonra Rusiya və ABŞ arasında qüvvədən düşməklə, tərəflər soyuq müharibənin yeni fazasına keçdilər: "Bu, Avropada, Asiyada yeni gərginliyə yol açacaq və Vaşinqtonun dünya jandarmı rolunu inkişaf etdirəcək. Hazırda Rusiya və Çin yeni silahlar üzərində işləyir və demək olar ki, iki qütblü dünya nizamının yaradılmasına çalışır. Ona görə də 1987-ci ildə bağlanmış bu müqavilə ilk əvvəldən Rusiya tərəfindən pozuldu. Çünki Rusiya öz silah arsenalını inkişaf etdirməsi lazım idi. Bununla öz təsir coğrafiyasını genişləndirmək və əvvəlki nüfuzunu bərpa etmək idi. Buna baxmayaraq, iqtisadi sanksiyalarla üzləşən Moskva silahlanma yarışında yeni maliyyə problemləri ilə üzləşəcək".

Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ bu müqavilədən çıxmaqla Çinin artan hərbi qüdrətini zəiflətmək və Rusiyanı küncə sıxmaqla yanaşı, bu iki dövlətlə əlverişli şərtlərlə yeni müqavilə bağlamağı planlaşdırır: "Təəssüf ki, silahlanma yarışı özü ilə siyası aqressiya da gətirir. Cənubi Qafqaz regionu ABŞ və Rusiya arasında geopolitik maraq dairəsindədir. Hər iki dövlət çalışacaq ki, regionda təsirini artırsın. Bununla ABŞ Şərqi Avropa istiqamətində yeni ballistik raketlər yerləşdirə bilər. Rusiya da Xəzər dənizində yeni silahlanmayà start verə bilər. Məhz Suriya münaqişəsində Moskva Xəzərdən "Qanadlı Kalibrli" raketlər atmaqla regionda militarist siyasətini nümayiş etdirmişdi. Məhz bu kontekstdə Azərbaycan və region yeni risklərlə üz-üzədir, siyasi seçim imkanlarında çox ciddi problemlər olacaq. Belə bir situasiyada Azərbaycanın silahlanması mütləqdir və öz ərazilərini işğaldan azad etmək üçün yeni beynəlxalq silahlanma xaosundan kifayət qədər yararlanmalıdır. Bu istiqamətdə ABŞ və Qərb dövlətləri ilə yeni silah alışı müqavilələri bağlaması perspektivi var. Bu silahlanma Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün unikal fürsət verəcək".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA