"Azərbaycan da terrordan sığortalanmayıb, məscidlərə polis postu qurulmalıdır" - DEPUTAT

  • 2019-03-16 14:03:03
  • |
  • Aktual /

"Azərbaycan da terrordan sığortalanmayıb, məscidlərə polis postu qurulmalıdır" - DEPUTAT

Xəbər verdiyimiz kimi, Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum olub. Hücum nəticəsində 50-yə yaxın şəxs ölüb, onlarla insan yaralanıb. Şübhəli şəxs olaraq 1-i qadın olmaqla, 4 nəfər saxlanılıb. Bu hadisə məscidlərin mühafizə məsələsini bir daha gündəmə gətirib.

Bununla bağlı big.az-a açıqlama verən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, dini görüşlərinə görə günahsız insanların qətlə yetirilməsi ən böyük vəhşilik, allahsızlıqdır: “Mən bu terroru və vandalizmi pisləyirəm. Bu, Avropa ölkələrinin düşüncəsidir. Bu hadisə Avropa ölkələrində ilk dəfə baş vermir. Müxtəlif vaxtlarda da bu cür qətllər baş verib. Avropa ölkələrində İslama qarşı həyata keçirilən haqsız hücumlar, bu dinə qarşı insanlarda yaradılan istəksizlik terrorçuları stimullaşdırır. Əlbəttə, dünyanın ayrı-ayrı güc mərkəzləri İslamı radikallaşdırmaq üçün müxtəlif terror qruplaşmaları yaradır. Təbii ki, bu, vəhşilik və insanlara qarşı törədilən qətldir”.

Deputat qeyd edib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının səyləri nəticəsində kriminal vəziyyət tam nəzarət altındadır: “Ölkə daxilində bu və ya buna bənzər terror hadisələri üçün əsas yoxdur. Amma kənardan ölkəmizə gəlib bu cür vəhşilikləri törədə bilərlər. Bu təhlükə hər bir ölkə üçün var. Azərbaycanda da bundan sığortalanmayıb. ABŞ kimi nəhəng ölkədə 2001-ci ilin 11 sentyabrında terror hadisəsi baş verdi. Yüzlərlə insan həlak oldu. Düşünürəm ki, Azərbaycan da bu terror hadisələrindən sığortalanmayıb. Ancaq hüquq-mühafizə orqanlarımızın yüksək peşəkarlıqla və operativ şəkildə həyata keçirdiyi əməliyyatlar bizi bu cür terror hadisələrindən xeyli sığortalayır. Bir neçə il bundan öncə Azərbaycan Dövlət Neft Akademiyasında da terror aktı törədilmişdi. Orada da günahsız insanlar qətlə yetirilib. Bu hadisədən sonra hüquq-mühafizə orqanları öz peşəkarlıqlarını daha da artırdılar. Demək olar ki, Azərbaycanda hər hansı bir terror aktını həyata keçirmək çətindir. Amma buna baxmayaraq məktəblərdə, universitetlərdə, məscidlərdə və insanların sıx toplaşdığı ərazilərdə polis postları qurulmalıdır. Bu cür kütləvi yerlər çox ciddi şəkildə qorunmalıdır. O yerlər silahsız və təcrübəsiz mühafizəçilərin ixtiyarına verilməməlidir. Dünya bu gün çox qarışıqdır. Ona görə də Daxili İşlər Orqanlarınının əməkdaşları kütləvi yerlərdə nəzarəti gücləndirməlidir”.

Deputat Tahir Rzayev vurğulayıb ki, Yeni Zelandiyada məscidlərdə törədilən terror aktları ilə bağlı Türkiyə, Rusiya, ABŞ bəyanatlar verərək baş hadisəni pislədi:
"Bu, insanlığa qəsddir. Çünki 49 nəfərin öldürülməsi və xeyli müddət polislərin hadisə yerinə gəlməməsi insanları pis vəziyyətdə qalması yaxşı bir hal deyil. Qınanılası və görülməmiş hadisədir. Yeni Zelandiyanın prezidenti də bunu pislədi. Bildirdi ki, bu, Zelandiya tarixində görülməmiş bir hadisə və insanlığa qəsddir. Təhlükəsizliyimizi təmin edib, terrora qarşı mübarizəni gücləndirməliyik”.

Deputat söyləyib ki, terrordan heç kim sığortalanmayıb. Terrorçunun vətəni, milləti, məzhəbi yoxdur. Çünki bunlar öyrədilmiş və satılmış şəxslərdir. Onlar pul üçün hər şeyə gedirlər. Ona görə də heç bir ölkə terrordan sığortlanmayıb. Təhlükəsizliyin ən güclü təmin edildiyi ABŞ-da 11 sentyabrda nələr baş verdiyi hər kəsə bəllidir. Eləcə də İngiltərə və Fransa da nə qədər terror aktları törədilib. Terror gizli və düşünülmüş addımdır. Ona görə də bu məsələdə iz tapmaq çətindir.Ona görə də ölkənin təhlükəsizlik orqanları yaxşı işləməlidir. Məscidlər də polis postlarının qoyulmasına ehtiyac var. Türkiyə Xarici İşlər Naziri bu hadisədə qərbi günahlandırdı. Qərb İslama qarşı bu təbliğatı gücləndirir. Bu təbliğatın qarşısını almaq üçündə dinlər arasında əlaqələr olmalıdır. Əgər qərb İslamı pisləyib qarşı çıxırsa bu terror aktlarının sayı artacaq. Dinlər azaddır. Təəssüf ki, bu gün bəzi qərb dövlətlər İslam dininə qarşıdır”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA