"Azərbaycan müxalifətinin siyasi dünya görüşü yoxdur" - SƏRDAR CƏLALOĞLU

"Azərbaycan müxalifətinin siyasi dünya görüşü yoxdur" - SƏRDAR CƏLALOĞLU

"Qafqazda güclü, müstəqil türk-müsəlman dövlətinin olması Rusiyanın maraqlarına uyğun deyil"

"Ruslar azərbaycanlılarda elə dərin kompleks yaradıblar ki, onlar hətta azərbaycanlı olduqlarını belə, danmağa cəhd edirlər"

"Hansı nazirimiz və ya deputat deyə bilər ki, Qarabağ məsələsində Rusiyanın tutduğu mövqe Azərbaycan xalqına qarşı düşmənçilikdir?"

"Rus dili bizi soykökümüzdən, tariximizdən, mədəniyyətimizdən qoparır və düşmən xalqın əsarətinə aparır!"

Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə rus dilində təhsilin fəsadları, Azərbaycan türklərinin milli kimlik problemi, Rusiyadan ölkəmizə yönələn təhdidlər və digər mühüm mövzularla bağlı söhbətləşdik.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/quotbizim_milletin_suurunda_dusmene_dost_deyecek_qeder_deformasiya_varquot_-_srdar_clalolu)

"Rusiyanın son 300 illik tarixi bu bölgədə Azərbaycan türklərinin öz dövlətini yaratmasına, bizim millət olaraq özümüzü dərk etməyimizə imkan verməməyə istiqamətlənib"

- Sərdar bəy, xalqımızı iki yerə bölən "Gülüstan" və "Türkmənçay" müqavilələrinin üzərindən 200 ilə yaxın vaxt keçməsinə baxmayaraq, İrandakı fars rejimi hələ də Cənubi Azərbaycandakı soydaşlarımıza öz milli kimliyini unutdura bilməyib. Ruslar isə Şimali Azərbaycanda buna nail olub. Sizcə, bu nədən qaynaqlanır?

- Necə ki, Çar Rusiyasında və sovet hökuməti zamanında gürcülərlə ermənilər tam manqurtlaşa bilməyib, eynilə İranda da soydaşlarımız öz milli kimliklərini qoruyub saxlayıblar. Bunun əsas səbəbi dinin eyni olmasıdır. Yəni millət və mədəniyyətlər fərqli olsa da, din eynidir. Odur ki, dinin eyniliyi ilə mədəniyyət fərqliliyi arasındakı ziddiyyət hər zaman dinin hesabına kompensasiya olunub. Eynilə, ruslar da olduğu kimi. Yəni ruslar əsarət altına aldığı xristian xalqlarını, bizdən fərqli olaraq din nöqteyi-nəzərdən çox da sıxışdırmayıblar. Bir sözlə, bunu barışan ziddiyyət kimi qiymətləndirmək olar. Bizdə isə barışmayan ziddiyyət var. Belə ki, ruslarla nə dinimiz, nə də mədəniyyətimiz eynidir. Lakin Cənubi Azərbaycandakı soydaşlarımızla İran farsları arasında barışan ziddiyyətdir. Yəni siyasi idarəetmədə asılılıq tələb etsələr də dini nöqteyi-nəzərdən eyni mədəniyyətin daşıyıcılarıdır. Bu səbəbdən də eyni dini mədəniyyətə sahib olmaları Cənubi Azərbaycandakı soydaşlarımızı tam kölə vəziyyətinə salmağa imkan vermir. Bu baxımdan, rusların bizə münasibətində həm dinimizin, həm dilimizin, həm də milli kimliyimizin ayrı olması əsas rol oynayır. Başqa bir səbəb isə Qafqazda erməni və ya gürcü dövlətinin olması Rusiyanın strateji maraqlarına təhdid yaratmır. Sadəcə, geopolitik nöqteyi-nəzərdən NATO qoşunlarının bölgədə möhkəmlənməsi Kremli ciddi şəkildə narahat edir. Amma Qafqazda güclü, müstəqil türk-müsəlman dövlətinin olması Rusiyanın maraqlarına uyğun deyil. Qeyd edim ki, Rusiyanın son 300 illik tarixi bu bölgədə Azərbaycan türklərinin öz dövlətini yaratmasına, bizim millət olaraq özümüzü dərk etməyimizə imkan verməməyə istiqamətlənib. Məhz elə bu səbəbdəndir ki, həm sovet illərində, həm də bu gün heç kim Rusiyanın Cənubi Qafqazda apardığı işğalçılıq siyasətinin nəticəsi olan "Kürəkçay" müqaviləsinin adını çəkmir. Halbuki məhz bu müqavilənin nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi Rusiya tərəfindən işğal olunub. Buna görə də ruslar Azərbaycan tarixində bu müqavilənin təbliğ olunmasını qadağan edib. Çünki "Gülüstan" və "Türkmənçay" müqaviləsi nəticəsində Azərbaycan torpaqları işğal edilib, "Kürəkçay" müqaviləsiylə isə ilhaq olunub. Bu baxımdan, tarixçilərimiz və siyasətçilərimiz demək olar ki, "Kürəkçay" müqaviləsindən danışmırlar. Çünki artıq o işi bitmiş hesab edirlər.

"Ruslar Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin 100-də birini erməni və ya gürcülərə etsəydi, o zaman onlar Rusiya ilə müharibə edərdilər"

- Sizcə, bu gün Azərbaycanda hansı kəsim ruslara sevgini aşılayır? Və onların məqsədi nədir?

- Əslində, hələ Çar Rusiya və sovet hökuməti zamanında da Azərbaycanı rusların əsarətinə salmağa çalışan qüvvələr olub. Məsələn, Qacarın vaxtında İrəvan, Naxçıvan, Qarabağ və Quba xanları ruslarla separat danışıqlar aparıb. Bundan başqa, 1918-ci ildə Azərbaycan parlamentində təmsil olunan kommunist fraksiyası da ruslarla bu cür danışıqlar aparıb. Təəssüf ki, indi də Azərbaycanda bu qəbildən olan insanlar. Onların öz kimlikləri olmadıqları üçün elə bilirlər ki, mütləq kiminsə - ya rusun, ya Amerikanın qucağında oturmalıdır. Biz deyəndə ki, "Rusiyadan imtina etmək lazımdır", bu, o demək deyil ki, gedək ABŞ-ın qoynuna. Biz deyirik ki, gəlin, özümüz olaq. Hazırda Azərbaycanda müəyyən adamlar belə düşünür ki, buranı Amerika tutunca, qoy Rusiya tutsun. Axı, niyə mütləq kimsə bura gəlməlidir? Nə üçün biz mütləq hansısa xalqın köləsi olmalıyıq?! Məgər, biz özümüz ola bilmərik?! Şəxsən biz Azərbaycanın müstəqilliyinin tərəfdarıyıq. Xüsusən də mədəniyyətimiz, dinimiz, tarixi əlaqələrimiz göstərir ki, ruslarla biz düşmən xalqlar olmuşuq. Bu gün də onlar bizə düşmən kimi baxır. Bunu gizlətməyin heç bir mənası yoxdur. Bildiyiniz kimi, Gürcüstanın baş naziri açıq şəkildə dedi ki, ruslar bizim düşmənimizdir. Ruslar bizim ərazilərimizi işğal edib, Azərbaycan türklərinə qarşı genosid siyasəti aparıb, zaman-zaman ziyalılarımızı qırıb, faydalı qazıntılarımızı vəhşicəsinə istismar edib, maddi-mədəniyyət tariximizi məhv etməyə çalışıb. Bu halda biz necə Rusiyaya "dost" deyə bilərik?! Bu gün rus sevgisi ilə yaşayanların və bunu təbliğ edənlərin ağıllarına gəlmir ki, Rusiya 75 min soydaşımızı divara dayayıb güllələyib, mən nə ağılla rusu sevməliyəm? Bax, əsl qoyunluq məhz budur! Axı, hələ Bakıda törədilən terrorların, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının izi qurumayıb. Ruslar Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin 100-də birini erməni və ya gürcülərə etsəydi, o zaman onlar Rusiya ilə müharibə edərdilər. Çox maraqlıdır ki, Rusiya ermənilərə bu qədər dəstək verdiyi halda, bu gün Ermənistanda nə bir rus yaşayır, nə də rus dilində məktəb var, nə də onlar rusca danışırlar. Təxminən, eyni mənzərə Gürcüstanda da müşahidə olunur. Lakin azərbaycanlılar az qalır ki, evdə öz xanımı ilə rus dilində danışsın. Halbuki xalqlar öz dilindən istifadə etmək üçün milyonlarla qurban verir. Azərbaycanda isə bu gün əhalinin yarıdan çoxu evində, küçədə, hansısa istirahət mərkəzində rusca danışır.

"Ölkəni tərk edən azərbaycanlılar Rusiyada rusa, Avropada isə avropalıya çevrilirlər"

- Necə düşünürsünüz, bir insanın doğma ana dilində danışmamasını özünə nifrət kimi dəyərləndirmək olarmı?

- Təbii ki, bu halda istər-istəməz belə bir sual yaranır: Bu xalq nədən özünə bu qədər nifrət edir? Hesab edirəm ki, bu, kompleks, yarımşılıqdır. Yəni səni elə tərbiyə edirlər ki, dilin, mədəniyyətin geridəqalmışdır, tarixin yoxdur. Məhz bu halda sən özünü normal, müasir insan kimi dərk etmək üçün özünü başqa bir insan, digər xalqın nümayəndəsi kimi təsəvvür etməyə başlayırsan. Məsələn, rusca danışırsan, rus mədəniyyətini təbliğ edirsən, evdə ruslar kimi davranırsan və s. Çünki öz kimliyinə nifrət edirsən. Baxın, bu gün övladını rus dilində təhsil aldıran insanların anası, atası hansı dildə danışıb? Azərbaycan dilində. Övladını anasının dilində danışdırmamaq, ona həmin dildə təhsil verməmək, o deməkdir ki, həmin şəxs anasından iyrənir. Əgər belə olmasaydı, onda övladına anasının dilini öyrədərdi. Təsəvvür edin, ruslar azərbaycanlılarda elə dərin kompleks yaradıblar ki, onlar hətta azərbaycanlı olduqlarını belə, danmağa cəhd edirlər. Çalışırlar ki, qanında hansısa digər xalqın qanının olduğunu sübut etsinlər. Halbuki heç belə bir şey yoxdur. Lakin kompleks olduğundan özünü başqa xalqa oxşatmaq istəyir. Elə buna görədir ki, ölkəni tərk edən azərbaycanlılar Rusiyada rusa, Avropada isə avropalıya çevrilirlər. Bu gün Azərbaycanda diaspor deyilən bir şey yoxdur. Baxın, bütün xalqlarda belə bir ənənə var ki, həmin xalqın vətənində bir problem olduqda hamı axışıb ölkəsinə gedir. Biz yeganə xalqıq ki, az qala hamı Vətənin problemindən baş götürüb qaçır. Azərbaycanın torpaqları işğal olunub, ancaq buna rəğmən, əhalinin yarıdan çoxu ölkəni tərk edib.

"Əgər sən iş, vəzifə naminə ananın dilindən imtina edirsənsə, deməli insan deyilsən!"

- Sizcə, gələcəkdə milli kimlik probleminin həlli, ana dilinə olan sevgini bərpa etmək mümkündürmü?

- Təbii ki, mümkündür. Hər şey cəmiyyətin özündən asılıdır. Axı, vətəndaşlara kim məcbur edir ki, dənizkənarı parkda rusca danışırlar? Mənim bir oğlum Norveçdə yaşayır, 14 yaşlı nəvəm var. Norveç dövlətinin qanunlarına görə, o uşağa evdə Norveç dilində danışmaq qadağandır. Əgər bilsələr ki, uşağı evdə Norveç dilində danışdırırlar, onda uşağı valideynlərindən alacaqlar. Yəni qeyri-norveçli evində ancaq öz ana dilində danışmalıdır. Baxın, mənim Norveçdə doğulub böyüyən nəvəm orda Naxçıvan ləhcəsiylə danışır, naxçıvanlı isə gəlib Bakıda rusca danışmağa cəhd edir. Arada bu qədər fərq var. Tutaq ki, hökumət Azərbaycan dilini qadağan edib, bəs bu vətəndaş niyə öz anasının dilində danışmır? Qeyd edim ki, övladlarını rus dilində təhsilə cəlb edənlərin əsas iki arqumentləri var: Birincisi, sabah iş tapa bilməsə, gedib Rusiyada işləsin. İkincisi isə Azərbaycanda rus dilini bilməyənlərə vəzifə vermirlər. Əgər sən iş, vəzifə naminə ananın dilindən imtina edirsənsə, deməli insan deyilsən!

Əfsuslar olsun ki, bu gün Azərbaycanda intiligentlər, yəni dövrün ağlını və ruhunu özündə ifadə edənlər olduqca azdır. Həm də onların xalqa təsiri sıfır səviyyəsindədir. Ən yaxşı halda, 3-5 ziyalıdan ibarət dar bir dairələri var və onlar öz aralarında milli problemlərdən danışırlar. Amma kütlə ilə ünsiyyət yaratmırlar. Onu da qeyd edim ki, rus dilinə münasibətlə bağlı iqtidarın siyasətini pisləyirik, lakin müxalifətin də bu istiqamətdəki fəaliyyəti sıfırdır. Alman sosioloqu Karl Manxeymin təbirincə desək, müasir dövrün əsas sifəti ondan ibarətdir ki, siyasət elmiləşib, elm isə siyasiləşib. Onun sözlərinə görə, siyasəti ancaq hakimiyyətə gəlmək vasitəsi kimi başa düşmək yanlışdır. Siyasət həm də siyasi dünya görüşüdür. Bu gün Azərbaycan müxalifətinin siyasi dünya görüşü, siyasi fəlsəfəsi yoxdur. Buna görə də ancaq hakimiyyətə gəlmək barədə düşünür. Siyasi fəlsəfəsi olmayan qüvvə isə heç bir uğurlu islahat həyata keçirə bilməz. Diqqət yetirsəniz, bu gün hamı deyir ki, Azərbaycanda islahat aparmaq lazımdır. İslahat dedikdə isə əksəriyyət bunu iş yerlərinin açılması kimi başa düşür. Əslində, əgər Azərbaycanda mənəvi islahatlar aparılmasa, o zaman heç bir islahat xalqı xilas etməyəcək. Məşhur filofos İnqa deyir ki, inqilablar ya şüurda olacaq, ya da ümumiyyətlə olmayacaq. Odur ki, islahatlar da şüurdan, yəni mənəviyyatın islahatından başlamalıdır. Ona görə Allah-Təala "Qurani Kərim"də deyir ki, and olsun özü-özünü islah edənə. Özün özünü islah etmək üçün isə mənəviyyatını dəyişdirməlisən. Tutaq ki, hökumət də, müxalifət də satılıb, axı vətəndaş bu halda belə, kökünə bağlı olmalıdır. Hamı birmənalı şəkildə bilməlidir ki, rus dili bizi soy kökümüzdən, tariximizdən, mədəniyyətimizdən qoparır və düşmən xalqın əsarətinə aparır!

"Milli və tarixi şüuru olmayan adamların hakimiyyətə gəlməsiylə cəmiyyətin tipi arasında əlaqə var"

- Sərdar bəy, vəziyyətin bu həddə gəlməsində əsas məsuliyyət mövcud iqtidarın üzərinə düşmürmü?

- Bəli, əsas məsuliyyət iqtidarın üzərindədir. Totalitar cəmiyyətlər haqqında belə bir fikir var ki, bu cür cəmiyyətlərdə hakimiyyətdə istənilən adam təmsil oluna bilməz. Yəni totalitar cəmiyyətlər ən pis cəmiyyətlər olduğuna görə, belə cəmiyyətləri yalnız ən pis insanlar idarə edə bilər. "Pis" deyəndə biz çox vaxt şəxsi konteksdə başa düşürük. Əslində, bu, yanlışdır. Yəni "pis" dedikdə öz kimliyini dərk edə bilməyən, kompleksi olan insanlar nəzərdə tutulur. Məsələn, bu gün elə vəzifə sahibləri, deputatlar var ki, bizim türk olmadığımızı və ya ermənilərin hamısının düşmənimiz olmadığını bildirirlər. Bir sözlə, bu cür gic-gic açıqlamalar verirlər. Axı, "yaxşı erməni" nə deməkdir?! Odur ki, totalitar cəmiyyətlərdə milli və tarixi şüuru olmayan bu cür adamlar hakimiyyətə gələ bilər. Əks halda, totalitar cəmiyyət onu kənara atar. Ona görə də milli və tarixi şüuru olmayan adamların hakimiyyətə gəlməsiylə cəmiyyətin tipi arasında əlaqə var. Bir qədər əvvəl də qeyd etdiyim kimi, Gürcüstanın baş naziri birmənalı şəkildə bəyan edib ki, Rusiya bizim düşmənimizdir. Bizim hansı nazirimiz və ya deputat deyə bilər ki, Qarabağ məsələsində Rusiyanın tutduğu mövqe Azərbaycan xalqına qarşı düşmənçilikdir? Təbii ki, deyə bilməz. Söhbət ondadır ki, cəmiyyətimizin tipi də milli kimlikdən, tariximizə, mədəniyyətimizə və dilimizə sevgidən uzaq olan adamların hakimiyyətə gəlməsinə yaşıl işıq yandırır. Əks halda, kimsə tüpürər vəzifəsinə və deyər ki, ruslar tarix boyu başımıza olmazın müsibətlər gətirib, niyə biz Rusiyaya bu qədər bağlı olmalıyıq?! Əgər rus mənə işğal altındakı torpaqlarımı azad etməyə imkan vermirsə, işğalçıya hərtərəfli yardım edirsə, niyə ona "dost" deməli, dilini öyrənməliyəm?!

"Azərbaycanda rus dilində təhsilin təşkil edilməsi Konstitusiyaya zidd hərəkət, dövləti cinayət, xalqa, dövlətçiliyə qarşı xəyanətdir!"

Yeri gəlmişkən, onu da qeyd edim ki, iş üçün Rusiyaya getmək, bizim xalqın ən böyük səhvlərindən biridir. Çünki həmin adamlar Rusiyanın təsirlərinə məruz qalır və rusun əlində Azərbaycana qarşı istifadə olunacaq alətə çevrilir. Yəni Rusiya onlara ölkəmizə qarşı istifadə oluna biləcək bir silah kimi baxır. Moskvanın bizə münasibəti budur. Nikson deyir ki, bəzən açıq şəkildə özünü düşmən elan etmək insanı təhlükədən qoruyar. Azərbaycan isə düşmənə - Rusiyaya "mən sənin dostunam" deməklə, ona düşmənçiliyini davam etdirməyə imkan verirsən. Və bu zaman heç kim onu ittiham edə bilmir. Çünki Azərbaycan Rusiyaya "dostum" deyir. Baxın, ən təhlükəlisi budur. Halbuki Rusiyanın Qarabağ məsələsində tutduğu mövqeyə, o cümlədən işğalçı Ermənistana edilən yardımlara, verilən dəstəyə görə Putinə ən sərt şəkildə etiraz olunmalıdır. Unutmaq lazım deyil ki, düşməninə "dost" deyən adam heç vaxt düşməndən gələn təhlükələrdən özünü qoruya bilməz və bu halda kənardan onu qoruyan da olmaz. Xalq bilməlidir ki, rus dilində təhsil, rus mədəniyyətinin ölkəmizdə geniş şəkildə yayılması, Azərbaycanı yenidən Rusiyanın boyunduruğuna salmağa, Azərbaycan türkünü öz milli kimliyindən, keçmişindən, adət-ənənəsindən uzaqlaşdırmağa xidmət edir! Azərbaycanda rus dilində təhsilin təşkil edilməsi Konstitusiyaya zidd hərəkət, dövləti cinayət, xalqa, dövlətçiliyə qarşı xəyanətdir!

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz