"Azərbaycan qərbyönlü və dünyəvi dövlətdir" - "Xalqımız əvvəlki xalq deyil..."

"Azərbaycan qərbyönlü və dünyəvi dövlətdir" - "Xalqımız əvvəlki xalq deyil..."

Azərbaycan Milli Məclisinin deputatı Yevda Abramov “AzPolitika.info”-ya qısa müsahibə verib.

Hurriyyet.org həmin müsahibəni təqdim edir.

- Yevda müəllim, Azərbaycanda son vaxtlar bir sıra istiqamətlər üzrə dərin islahatların aparıldığı bəyan olunur. Proses sizi qane edirmi?

– 2018-ci il prezident seçkilərində cənab Prezident xalqa söz vermişdi ki, Azərbaycan dövləti bu dəfə həm ölkənin iqtisadi, həm də siyasi təsisatlarında ciddi təkamülə səbəb olacaq islahatlar həyata keçirəcək. Hər dəfə olduğu kimi, bu dəfə də cənab Prezident verdiyi vədin üstündə durdu. Və bu islahatlar prezident seçkiləri haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mürəkkəbi qurumamış başlandı. İslahatlar bu gün də davam edir, sabah da davam edəcək. Çünki Azərbaycanın daha başqa yolu yoxdur. Azərbaycan demokratiyaya doğru irəliləyən ölkədir, qərbyönlü və dünyəvi dövlətdir. Bunlar da islahatlardan keçməlidir.

- Ancaq müxalifət düşərgəsi elan edir ki, atılan addımlar konseptual baxımdan islahat deyil, sadəcə dəyişikliklərdir…

– Bəzi insanlar deyirlər ki, bu islahatlar təsir altında baş verdi, bizim buna görə əməyimiz oldu, bizim ideya elektoratımızın mitinqlərindən sonra islahatlara başlandı və s. Amma iş ondadır ki, cənab Prezident islahatlara mitinqlərdən əvvəl başlamışdı. Mitinqlər isə sonra oldu. Aydındır ki, indi Azərbaycan xalqı əvvəlki xalq deyil və cənab Prezident də hər zaman elan edib ki, xalqın dəstəyinə arxalanır, xarici siyasətdə, daxili siyasətdə addımlar atılan zaman ancaq xalqa güvənir. Həqiqətən də xalqla Prezident arasında vəhdət var və aparılan islahatlar da bir növ bunun nümunəsidir. Əlavə edim ki, 2019-cu ildə islahatların ümumi tutum həcmi baxımından ən çox pay sosial sahəni əhatə edib. Amma buna baxmayaraq, ölkənin siyasi təsisatlarında, məhkəmə-hüquq sahəsində böyük islahatlar gözlənilir və artıq başlanılıb. Yəni rıçaqlar çoxdan hərəkətə gətirilib, sadəcə olaraq indi real işə keçilir. Bu yaxınlarda xalqımız və cəmiyyət bu islahatların bəhrəsini görəcək. Bizim bu günə qədər olan məhkəmə sistemimiz Roma, German, İngilis məhkəmə sistemlərinə uyğun idi. İndi Avropa və Amerikanın, eləcədə digər dövlətlərin məhkəmə-hüquq sahəsində olan ən gözəl mütərəqqi elementlər, dəyərlər gətirilir. Xalq üçün, jurnalistlər üçün, cinayətkar olan və olmayanların yaxınları üçün məhkəmələr açıqdır. Yəni məhkəmə prosesləri işıqlandırılacaq, hətta prosesin videogörüntüsünü tələb etmək mümkün olacaq. Bu da demokratiyanın, şəffaflığın, hadisələrə dövlət tərəfindən nəzarətin edilməsinin sübutudur. Biz bunu görəcəyik. Hesab edirəm ki, bunun nəticəsində qüsurlu hallar tamamilə aradan qalxacaq.

Əlavə edim ki, Azərbaycanda tibb sahəsində də böyük islahatlara gedilir. Əslində bu islahatlar çoxdan başlayıb, lakin biz istəmədik ki, bir sıra ölkələrin buraxdığı səhvləri təkrar buraxaq. Həmin ölkələrin təcrübələrini öyrəndik, daha sonra Azərbaycanın bəzi rayonlarında icbari tibbi sığortanı sınaqdan keçirdik. 2020-ci il yanvarın 1-dən Azərbaycan dövləti tibbi sığorta sisteminə keçid edəcək və vətəndaşlar bundan yararlanacaq.

2020-ci ildən tibbi sığorta sistemi tətbiq ediləcək. Ancaq bu o demək deyil ki, indiyə qədər insanlara tibbin yolu bağlı olub. Prezidentin təkidi ilə bu il 600 min vətəndaş məcburi müayinədən keçəcək. Xüsusilə köçkünlər, qaçqınlar. Qeyd edim ki, xüsusi statusu olanlar, əlil qrupuna məxsus şəxslər Prezidentin sərəncamı olmadan belə mütəmadi pulsuz müayinələrdən keçirlər.

- Sizcə Azərbaycanda tibb inkişaf edibmi?

– Mən 1,5 ildən çoxdur ki, həm Azərbaycan tibb sisteminə yaxından bələd olmuşam, həm də dünya tibbi ilə tanışam. Bizim böyük uğurlarımız var. İnanın ki, çox tərif etdiyimiz sovet dönəmindəki həkimlərimizdən də güclü həkim mütəxəssislərimiz var.

- Lakin Siz də daxil olmaqla, “Azərbaycanda tibb, səhiyyə inkişaf edib” deyənlərin əksəriyyəti müalicə və müayinə üçün xaricə gedir. Belə çıxır ki, bizim inkişaf etmiş tibbimiz ancaq az təminatlı kateqoriyaya xidmət məqsədi daşıyır?…

– Sizin fikrinizdə müəyyən qədər həqiqət var. Amma tibbin elə sahələr var ki, Azərbaycanda bu istiqamətdə yeniliklər azdır. Yenilik nəzəri cəhətdən varsa da, praktiki baxımdan dünyada istifadə edilən bir sıra texniki vasitələrdən Azərbaycanda olan kadrlar hələ istifadə edə bilmirlər. Odur ki, bir sıra insanlar xaricə gedirlər. Onların xaricə getməsinə Səhiyyə Nazirliyi tərəfdən də maneə olmur. Əksinə, dəstək verirlər. Çünki bilinir ki, tibbin bu sahəsi üzrə Azərbaycan yeni-yeni addımlar atır. Ancaq bu o demək deyil ki, son həddir. Əksinə, biz texnika, müasir avadanlıqları ölkəmizə gətirmişik. Bu gün Azərbaycanda nüvə mərkəzi deyilən mərkəz var. Respublika Tibbi Onkologiya Mərkəzinə tabedir. Şəxsən mən bu mərkəzdən istifadə edirəm. Orada olan texnikanın çəkdiyi fotoları Almaniya, İsrail və Amerikanın mütəxəssisləri bəyəniblər. Hətta belə texnikanın gənc bir ölkəyə necə gəlib çatmasına təəccüb etdilər. Mütəxəssislər artıq peşəkarlaşır.

- Belə iddialar var ki, hakimiyyətdə kimlərsə Prezidentin apardığı islahatlara maneə olur. Siz belə mövqelərlə rastlaşırsınızmı?

– Bu kütləvi hal deyil və ola da bilməz. Cənab Prezident hansı rayona gedirsə, xalq onu alqışlarla qarşılayır, dəstəkləyir, apardığı uğurlu islahatlarda ona uğurlar diləyir. Ümumiyyətlə isə, mütərəqqi olan nə varsa cəmiyyətə çox çətinliklə daxil olur, amma olur. Görürsünüzmü, küçəyə asfalt tökülür, amma hansısa bitki asfaltı yarıb çıxır. Niyə? Çünki onun üçün münbit şərait var. Əgər islahata cəmiyyət aşağıdan və yuxarıdan hazırdırsa və ölkədə münbit şərait varsa, bu islahat gedəcək. Onun qarşısını heç kəs ala bilməz. Sadəcə ürəkbulandırıcı hərəkətlər edə, məqalələr yaza bilərlər. Mitinqlərdə insanları çaş-baş sala bilərlər.

- Müxalifətin mövqeyi bəllidir, mən vəzifədə olan məmurları nəzərdə tuturam…

– Bəzən islahatlar kimlərinsə iqtisadi maraqlarına toxuna bilir. Mümkündür ki, islahat 3-4 kiçik müəssisəni təmərküzləşdirib sindikata çevirə bilər. Təbii ki, bu halda kiçik müəssisələrin rəhbərləri islahatların tez başa gəlməsini istəməyəcək. Amma bütövlükdə dövlət siyasətində elə qüvvə yoxdur ki, cənab Prezidentin həyata keçirdiyi islahatlara qarşı çıxsın.

- Bəs qonşu ölkələr, Azərbaycanın güclənməsini istəməyən xarici qüvvələr?…

– Ümumiyyətlə, müasir dünyada təcrid edilən hər hansı bir dövlət yoxdur. Əgər ölkədə gedən islahat qonşu ölkəni qıcıqlandırırsa, buna haradasa inanmaq mümkündür. Amma biz müstəqil xarici və daxili siyasət yeridir, qonşuların sifarişi ilə dövləti idarə etmirik. Xarici siyasət kursumuzu müəyyən edirik, lazım gəlsə müəyyən korrektələrə də gedə bilərik. Əgər söhbət Azərbaycan xalqının mənafeyindən və dövlətin maraqarından gedirsə. Amma kiminsə bizdən acığı gəlir, bizi sevmir deyə siyasətimiz heç zaman dəyişməz. Odur ki, Prezidentin başladığı islahatlar davam edəcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA