"Azərbaycanı artıq köhnə sistemlə idarə etmək mümkün deyil" - POLİTOLOQ

"Azərbaycanı artıq köhnə sistemlə idarə etmək mümkün deyil" - POLİTOLOQ

Natiq Cəfərli: "İslahat idarəetmənin fəlsəfəsinə, hüquq-mühafizə orqanlarına, məhkəmə sisteminə, yerli icra hakimiyyətlərinə toxunmalıdır"

"Bu, baş verməsə, o zaman Azərbaycanda idarəetmə xaotik vəziyyətə qədər gəlib çıxa bilər"

"Əgər bu parlament seçkiləri də əvvəlkilər kimi keçiriləcəksə, deməli atılan addımlar imitasiyadan başqa bir şey deyil"

Etiraf etmək lazımdır ki, ötən ilin aprel ayında keçirilən növbədənkənar prezident seçkilərindən sonra ölkənin ictimai-siyasi həyatında, o cümlədən iqtisadi sferada bir sıra dəyişikliklər müşahidə olunmaqdadır. Belə ki, 3 dövlət qurumunun ləğvi, 2-nin yaradılması, 6-sının yenidən təşkili və bəzi dövlət qurumlarının səlahiyyətlərinin alınaraq, digər qurumlara həvalə olunması, eyni zamanda bütün şəhid ailələrinə 11 min manatlıq müavinətin ödənilməsi ilə bağlı qərarın verilməsi, ölkə başçısının fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqının məbləğinin 50 manat artırılaraq 180 manat müəyyən edilməsi və ən nəhayət, problemli kreditlərinin həllilə bağlı imzalanan fərman belə deməyə əsas verir ki, Azərbaycanda yeni islahatlar mərhələsinə start verilib.

Məsələnin maraqlı tərəfi ondadır ki, bütün bunlar yanvarın 19-da paytaxtın Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda Milli Şuranın təşkilatçılığı, Müsavat və REAL partiyalarının, ADR hərəkatı və müxalif düşərgənin digər bir sıra təşkilatlarının, ictimaiyyət və siyasət adamlarının dəstəyi ilə baş tutan izdihamlı mitinqlə əlaqələndirilir. Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert, politoloq Natiq Cəfərli isə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, müavinətlərin, təqaüdlərin və minimum əməkhaqlarının artırılması, o cümlədən fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həllilə bağlı fərmanın verilməsi 2015-ci ildə yaşanan iki devalvasiyanın yaratdığı şəraitin aradan qaldırılması üçün çoxdan atılmalı olan gecikdirilən addımdır: "Əgər dollar ekvivalentində götürsək, minimum əməkhaqqı devalvasiyalardan öncə 134 dollar təşkil edirdisə, bu gün minimum əməkhaqqı artırıldıqdan sonra belə, 106 dollar təşkil edir. Yəni hələ də devalvasiyanın əhaliyə vurduğu ziyan, devalvasiyadan dəymiş zərərin ödənilməsi sona çatdırılmayıb. Bu, çoxdan atılmalı addım idi ki, iqtisadiyyatda normallaşma proseslərinə start verilsin. Əslində, gecikdirilmiş də olsa, bu addımın atılması iqtisadiyyatda tənzimləmənin həyata keçirilməsi üçün verilmiş qərarlar idi. Problemli kreditlərinin həllilə bağlı fərmanın verilməsi də devalvasiyanın vurduğu və 4 ildir ki, davam edən ziyanın aradan qaldırılması üçün atılan addımdır. Çünki devalvasiyanın nəticələrini əhali təkbaşına çiynində daşıyırdı. İndi isə dövlət də nəticələrin aradan qaldırılması üçün müəyyən addımlar atır. Əslində, bunu çoxdan etməli idi. Ona görə ki, devalvasiya qərarını vətəndaş verməmişdi. Devalvasiya ilə bağlı iki qərarı inzibati qaydada dövlət vermişdi. Odur ki, dövlət də bunun məsuliyyətini daşımalıdır".

"Artıq Azərbaycanda yeni bir idarəetmə formasına keçidlə bağlı ilkin qərar verilib"

Картинки по запросу Natiq Cəfərli

Son zamanlar müxtəlif dövlət qurumlarında müşahidə olunan təyinatlara gəlincə, politoloqun sözlərinə görə, bu, ondan xəbər verir ki, artıq Azərbaycanda yeni bir idarəetmə formasına keçidlə bağlı ilkin qərar verilib: "Söhbət menecerlər vasitəsi ilə idarəetmə sisteminə keçidlə bağlıdır. Halbuki əvvəllər hər hansı bir vəzifəli şəxslər böyük oliqarxlara çevrilirdi və onların ölkəyə, büdcəyə, o cümlədən biznesə vurduqları ziyan çox böyük həcmdə olurdu. Yəni məmur həm də biznes sahəsinə müdaxilə etdiyi, bizneslə məşğul olduğu üçün son nəticədə, obrazlı desək, saat 6-ya qədər məmur, sonra isə biznesmen kimi fəaliyyət göstərirdi. Və dövlət vəzifəsindən istifadə edərək öz biznes maraqlarını təmin edirdi. Bu isə 100 milyonlarla vəsaitin göyə sovrulmasına səbəb olurdu. İndi isə menecerlərin təyinatının şahidi oluruq. Onlar isə texnokratdırlar, heç bir biznesləri yoxdur. Çox güman ki, onlara biznes qurmaq qadağan olunub. Sanki onlar müəyyən layihələri həyata keçirmək üçün işə qəbul olunublar. Bunu isə idarəetmə sisteminin təkmilləşdirilməsi üçün atılan addımlar kimi dəyərləndirmək olar".

"Prosesləri birbaşa 19 yanvar mitinqinə bağlamaq doğru deyil"

Yaşanan proseslərin cəmiyyətdəki aktivliklə əlaqəsinə gəlincə, Respublikaçı Alternativ Partiyasının icra katibinin qənaətincə, təbii ki, belə bir əlaqə var: "Lakin bunu birbaşa 19 yanvar mitinqinə bağlamaq da doğru deyil. Çünki proseslər, yəni yeni təyinatlar, müəyyən müavinətlərin artışı da bundan öncə başlamışdı. Eyni zamanda, problemli kreditlərlə bağlı komissiya da bundan əvvəl, təqribən dekabrın ortalarında yaradılıb. Amma bununla yanaşı, ictimaiyyətdə də aktivlik hiss olunurdu. Elə bizim təşkilatın da imzatoplama kampaniyasının aparılması, 500 minə yaxın insanla görüşməsi, 42 minə yaxın imza toplaması, digər müxalif partiyaların da siyasi aktivliyinin artması verilmiş qərarların sürətlənməsində müəyyən rol oynayıb. Ancaq məncə, prosesləri sırf buna bağlamaq doğru deyil. Əslində, söhbət hələ islahatlardan getmir. Çünki müavinətlərin və digər ödənişlərin artımı hələ islahat deyil. Bu, devalvasiyanın vurduğu zərərin dövlət tərəfindən ödənilməsidir. İslahat isə daha ciddi anlayışdır. Belə ki, islahat idarəetmənin fəlsəfəsinə, hüquq-mühafizə orqanlarına, məhkəmə sisteminə, yerli icra hakimiyyətlərinə toxunmalıdır. Əgər idarəetmənin fəlsəfəsi və forması dəyişsə, o zaman bu, artıq ciddi islahat kimi qəbul oluna bilər".

"Bu addımları atmaqla ölkədəki vəziyyətin müəyyən qədər idarəolunan məcrada saxlanılmasına, idarəetmənin keyfiyyətinin artırılmasına start verilib"

Növbəti mərhələdə mütləq qeyd olunan sahələrdə ciddi islahatların aparılmalı olduğunu vurğulayan Natiq Cəfərli hesab edir ki, Azərbaycanı artıq köhnə sistemlə idarə etmək mümkün deyil: "Çünki köhnə sistemin idarəetmə fəlsəfəsinin korrupsiya, məmur özbaşınalığı və digər məsələlərlə bağlı ciddi fəsadları ortaya çıxdı. Bununla bərabər, bölgəmiz də dəyişdi. Belə ki, qonşu Gürcüstan çoxdan parlamentar respublikaya keçib və artıq başqa cür idarəetmə formasını tətbiq edir. Həm bölgələrdə, həm yerlərdə mərkəzi hökumət, yerli özünüidarəetmə orqanları artıq institutlaşıb. Ermənistanda da parlament respublikasına keçid baş verdi və indi də idarəetmənin tamamilə kökündən dəyişməsi prosesi gedir. Odur ki, Azərbaycan bu prosesdən kənarda qala bilməz. Azərbaycanda da yuxarıdan da olsa, bu islahatların aparılması ən azından idarəetmənin təkmilləşdirilməsinə və keyfiyyətinin daha da artırılmasına kömək etməlidir. Əgər bu, baş verməsə, o zaman Azərbaycanda idarəetmə xaotik vəziyyətə qədər gəlib çıxa bilər. Düşünürəm ki, hakim elita da bunu anlayır və bu addımları atmaqla ölkədəki vəziyyətin müəyyən qədər idarəolunan məcrada saxlanılmasına, idarəetmənin keyfiyyətinin artırılmasına start verilib". Politoloq bildirdi ki, bu mərhələnin hansı səviyyəyə qədər getməsi isə növbəti parlament seçkilərində daha aydın şəkildə görünəcək: "Əgər bu parlament seçkiləri digərlərindən fərqli keçiriləcəksə, hökumət heç olmasa seçkiyə bənzər bir şəraitin yaradılması üçün addımlar atacaqsa, o zaman onun səmimiyyəti və islahatlara meylliliyi ortaya çıxacaq. Yox, əgər bu parlament seçkiləri də əvvəlkilər kimi keçiriləcəksə, deməli atılan addımlar imitasiyadan başqa bir şey deyil".

"Görünən odur ki, sistemdaxili dəyişikliklərin olmasını istəyən bir qrup yaranıb və bu qrupun atılan addımlarda müəyyən rolunun olduğunu düşünürəm"

"Belə bir versiya səslənir ki, yeniliklərin ssenarisi xaricdən gəlir və hökumət irəli sürülən təkliflərə uyğun olaraq islahat həyata keçirir. Sizcə, bu, doğrudurmu" sualına cavabında hakim elitanın ciddi xarici məsləhətçi qruplarının olduğunu deyən Respublikaçı Alternativ Partiyasının icra katibi bildirdi ki, bununla yanaşı, sistemdaxili dəyişikliklərin olmasını istəyən bir qrup yaranıb: "Düşünmürəm ki, tam də belədir. Lakin əminəm ki, hakim elitanın özünün də ciddi məsləhətçi qrupları var. Hətta vergi və gömrük işlərində rəsmi əməkdaşlıq etdikləri məsləhətçi şirkətlər də var. Əslində, bu xarici məsləhətçilər əvvəllər də var idi. Ancaq o zaman biz bu addımları görmürdük. Deməli, indi hər hansı bir formada sistem daxilində ciddi rəqabət var. Görünən odur ki, sistemdaxili dəyişikliklərin olmasını istəyən bir qrup yaranıb. Bu qrupun özünün də atılan addımlarda müəyyən rolunun olduğunu düşünürəm. Yəni söhbət hansısa bir ssenarinin xaricdə yazılıb burda tətbiq olunmasından getmir. Amma hər halda xarici məsləhətçilərin də analizlərinə və onların verdiyi tövsiyələrə daha çox fikir verilməyə başlanılıb".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA