"AZƏRBAYCAN İNQİLABDAN SIĞORTALANMAYIB" - SƏRDAR CƏLALOĞLU

"AZƏRBAYCAN İNQİLABDAN SIĞORTALANMAYIB" - SƏRDAR CƏLALOĞLU

"Gələn il ölkədə çox ciddi hadisələr gözlənilir"

"Azərbaycanda Rusiya ilə əlaqəli olan müxalifət hakimiyyətə gələ bilər"

"İqtidar heç vaxt monoloqla ictimai rəyə təsir edə bilməyəcək, bunun üçün mütləq dialoq olmalıdır"

Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələr aralarındakı umu-küsüləri, müxtəlif narazılıqları və qarşılıqlı ittihamları bir kənara qoyub ölkəmizin milli maraqları baxımından ortaq məxrəcə gəlməyi, bizə düşmən mövqedə dayanan, eyni zamanda ikilistandartlara üstünlük verərək az qala hər bir məsələdə Ermənistanın maraqlarının təmin olunmasına çalışan xarici qüvvələrə qarşı vahid mövqedən çıxış etməyi bacarmalıdırlar. Əslində, Ermənistanı dəstəkləyən dövlətlərin niyyəti hamıya bəllidir. Onlar nə yolla olursa-olsun İrəvanın haqlı mövqedə olduğunu sübuta yetirməyə və düşmən ölkəni mövcud iqtisadi blokadadan çıxarmağa can atırlar.

Ümumiyyətlə, hazırda Cənubi Qafqaz regionunda elə bir siyasi situasiya hökm sürür ki, bu vəziyyətdən itkisiz və ya minimum ziyanla çıxmağın yeganə yolu iqtidarla müxalifətin həmrəyliyindən, ölkənin gələcək taleyinə dair məsələlərdə hər iki düşərgənin vahid mövqedən çıxış etməsindən keçir. Bir yandan ən ağrılı-acılı yerimiz olan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması, digər tərəfdən xarici qüvvələrin, əsasən də ölkəmizin inkişafında maraqlı olmayan, uzun müddətdir ki, dişini qıcayıb sovet imperiyasını bərpa etməkdən ötrü əlverişli məqamı gözləyən Rusiyanın bəzən açıq, bəzən də məntaltı təhdidləri, mütəmadi olaraq Ermənistana hərtərəfli yardımlar etməsi iqtidar və müxalifət düşərgəsinin həmrəy olmasını zəruri edən əsas səbəblərdəndir. Ola bilər ki, kimlərsə bu fikirlə razılaşmasın, lakin yaxın tariximizə nəzər salsaq görərik ki, əksər hallarda Azərbaycanın taleyi ölkənin daxilində yox, xaricdə nəhəng dövlətlərin məsləhətləşmələrindən sonra həll olunur. Elə buna görə də super güclərin ölkəmizlə bağlı hazırlamış olduqları müxtəlif ssenariləri alt-üst etməkdən, Azərbaycanı mümkün təhlükələrdən sığortalamaqdan ötrü iqtidar müxalifət demədən hamının birgə mübarizə aparmasının vaxtı çatıb. Çünki bu gün dünya siyasi arenasında baş verən olaylar heç də bizim maraqlarımıza cavab vermir. Belə bir vəziyyətdə isə iqtidar-müxalifət dialoqu qaçılmazdır.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/quotazerbaycan_iqtidarinda_xarici_guclere_isleyen_quvveler_varquot_-_srdar_clalolu)

"İqtidarın müxalifəti sistemdən xaric etməsi, xalqla müxalifət arasında baryer yaratması və siyasi sialoq yolunun bağlanması əhalinin aktivləşməsinə səbəb olub"

Bu gün dünyanın qlobal siyasətində mədəniyyətlərarası cəbhələşmənin hökm sürdüyünü deyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu bildirdi ki, cəbhə xəttinin bir tərəfində xristianlar, digər tərəfində isə müsəlmanlar dayanır. Onun fikrincə, iqtidarın müxalifəti sistemdən xaric etməsi, xalqla müxalifət arasında baryer yaratması və siyasi sialoq yolunun bağlanması artıq əhalinin ciddi şəkildə aktivləşməsinə səbəb olub: "Necə ki, xristianlar birləşib bir xristian dövlətinin maraqlarını müdafiə edir, eləcə də artıq müsəlmanlar da başa düşür ki, birləşib müsəlman dünyasının maraqlarına xidmət etməlidirlər. Odur ki, artıq Qarabağ, Kəşmir və Qəzza məsələsi, o cümlədən digər müsəlman ölkələrində yaşanan konfliktlərlə bağlı mədəniyyətlərarası cəbhə formalaşır. Bununla yanaşı, artıq əksər müsəlman ölkələrində ciddi bir oyanış, İslama qayıdış başlayır. Təbii ki, bu da bizim cəbhənin güclənməsinə ciddi təkan verən amildir. Məhz bütün bunlar Azərbaycan xalqında yaranan məğlubiyyət və tənhalıq kompleksini aradan qaldırıb. Xalq dünənə qədər iqtidara qarşı ona görə mübarizə aparmırdı ki, onda həm məğlubiyyət, həm də tənhalıq kompleksi vardı. Bu gün isə bu komplekslər aradan qalxıb. Digər tərəfdən, iqtidarın müxalifəti sistemdən xaric etməsi, xalqla müxalifət arasında baryer yaratması və siyasi sialoq yolunun bağlanması artıq əhalinin ciddi şəkildə aktivləşməsinə səbəb olub. Təbii ki, bu zaman düşmənlərimiz sakit durmayacaq. Onların məqsədi, əsas proyektlərindən biri odur ki, əgər Azərbaycan bu vəziyyətdə saxlanılmazsa, rus qoşunlarını ölkəyə gətirməklə ya hakimiyyətin ömrü uzadılsın, ya da iqtidar getməyə məcburdursa, o zaman Rusiya ssenarisi ilə Ermənistandakı kimi Paşinyan variantı işə salınsın. Əslinə baxsaq, Paşinyan da Kremlin layihəsidir. Lakin bu dəfə müxalifətdən gələn layihədir. Bir neçə ildən sonra görəcəksiniz ki, Ermənistan Koçaryan və Sarkisyanın dövründəkindən fərqlənməyəcək. Bu gün Rusiya Ermənistana deyir ki, bizim dediyimiz xarici siyasət aparacaqsan. Yalnız daxili siyasətdə xalqın narazılığını müəyyən miqdarda aradan qaldırmaq üçün cüzi sərbəstlik verib. Yəni burda heç bir demokratiyadan söhbət getmir".

"Qəfləti inqilablarda dəyişilmələr dağıdıcılıqla bir yerdə getdiyi üçün inqilabın verdiyi acılar nailiyyətlərdən daha çox olur"

ADP sədri bu qənaətdədir ki, Rusiya Azərbaycanda da Ermənistan variantını işə sala bilər: "Yəni mövcud iqtidarın yerinə müxalifəti gətirə bilər. Lakin hansı müxalifəti? Rusiya ilə əlaqəli olan müxalifət hakimiyyətə gələ bilər. O müxalifətin hakimiyyətə gəlməsi, həm də rus qoşunlarının Azərbaycana gəlməsinə gətirib çıxara bilər. Bizim qorxduğumuz, ölkədə hadisələrin inqilabi yolla getməsini sürətləndirən qüvvələrin fəaliyyəti ilə bağlı narahatlığımız bundan ibarətdir. Əgər bu gün Azərbaycan iqtidarı müraciət etsə ki, mən artıq ciddi və real islahatlara razıyam, telekanalları xalqın üzünə açıram, parlament seçkiləri obyektiv keçəcək və müxalifət qalib gələcəyi təqdirdə Milli Məclisdə otura bilər, o zaman baxın görün bu yolu dəstəkləyən olacaqmı? Yox. Çünki bu yol xarici güclərin Azərbaycana müdaxiləsinin qarşısını alır. Rusiyanın Azərbaycanda təsirini artırmaq istəyən, Kremlin maraqlarına xidmət edən qüvvələr dediyimiz məxməri inqilabın baş verməsinə imkan verməyəcək. Onlar çalışacaqlar ki, qanlı inqilab baş versin. Əslinə baxsaq, elə mən də inqilab istəyirəm. Lakin Trotskinin dediyi kimi, məxməri, tədrici inqilab istəyirəm. Çünki tədrici inqilabda inqilab enerjisi bölündüyünə görə, o, dağıdıcılıq qabiliyyətini itirir. Yəni dəyişilmələr olsa da, bu zaman dağıdıcılıq müşahidə olunmur. Amma qəfləti inqilablarda dəyişilmələr dağıdıcılıqla bir yerdə getdiyi üçün inqilabın verdiyi acılar nailiyyətlərdən daha çox olur. Bu isə xalqa böyük ziyan vurur. Bu gün bizim müxalifətin bəzi kəsimi ilə ən ciddi fikir ayrılığımız məhz bununla bağlıdır. Biz deyirik ki, tədrici inqilab olmalıdır, digərləri isə Rusiyanın diqtəsi altında qanlı inqilabı dəstəkləyirlər".

"Rusiyanın B variantını işə salıb Azərbaycan müxalifətindəki adamlarını iqtidara gətirəcəyindən narahatam"

Müxalifətdəki və iqtidardakı bəzi şəxslərin ardıcıl olaraq Rusiyanın planlarına uyğun addımlar atdığını vurğulayan prezidentliyə keçmiş namizədin sözlərinə görə, iqtidarın getməsi hələ o demək deyil ki, onun yerinə mütləq xalqın arzuladığı insan gələcək: "Yəni A variant gedər, yerinə B variant gələr. Xalqa elə gələr ki, B variant qruluşca tamam yenidir, lakin bir müddət sonra görəcək ki, A variantdan heç nə ilə fərqlənmir. Məsələn, bu gün Azərbaycanda rus qoşunu yoxdur, kənardan Rusiya iqtidarı dəstəkləyir. Bu bir cür dəstəkdir, bir də var ki, rus qoşunu burda ola və Ermənistandakı kimi dəstəkləyər. Bu halda xalq həm iqtidar, həm də rus qoşunları ilə vuruşmalıdır. Sovet hökuməti vaxtı məhz bu cür mənzərə hökm sürdüyündən xalq kommunistlərin əleyhinə qalxa bilmirdi. Çünki eyni vaxtda həm iqtidarla, həm də rus qoşunları ilə mübarizə apara bilməz. Bu səbəbədən də mən Rusiyanın B variantını işə salıb Azərbaycan müxalifətindəki adamlarını iqtidara gətirəcəyindən narahatam".

Sərdar Cəlaloğlu hesab edir ki, dəyişilmələrin dinc və tədricən olmasını qəbul etməyən, yalnız radikal şüurlarla xalqın qarşısına çıxan qüvvələr Rusiyanın B variantının oyunçularıdır: "Dünya təcrübəsi göstərir ki, radikallıq heç bir xalqa xeyir gətirməyib. Hətta məzlumların radikallığı zalımları aradan qaldırmaq əvəzinə, onların məzlumluğunu bir qədər də artırıb. Mahatma Qandi deyir ki, zorakılıq zülmü artırmağa, onun əlinin güclənməsinə xidmət edir. Ümumiyyətlə, demokratik mübarizənin fəlsəfəsi bundan ibarətdir ki, zorakı mübarizə ümumi şəkildə zokarı gücə xidmət edir. Ona görə də kim Azərbaycanda zorakılıqla dəyişilmələr istəyirsə, onlar əksinə iqtidara, Rusiyaya xidmət edir. Bu səbəbdən də Mahatma Qandi deyirdi ki, mən zorakı qüvvələrlə Hindistanı azad etməkdənsə, ingilis işğalçılarının yanında durmağa üstünlük verirəm. Görün, zorakı yolla dəyişilmələr nə qədər təhlükəlidir".

"İqtidardan tələb edirik ki, təcili olaraq qeyd etdiyimiz 3 məsələni aradan qaldırsın"

Zorakı mübarizənin Azərbaycan xalqına xoşbəxtlik vəd etməyini deyən ADP sədri bildirdi ki, ölkəmizin qanlı inqilab yolu ilə bir addım belə, irəli getmək şansı yoxdur: "Məhz bu səbəbdən biz iqtidardan tələb edirik ki, təcili olaraq qeyd etdiyimiz 3 məsələni - müxalifəti sistemdən xaric etməyi, xalqla müxalifət arasında yaradılan baryeri və siyasi sialoq yolunun bağlanmasını aradan qaldırsın. Bunun üçün isə təcili növbədənkənar parlament seçkiləri keçirilməli, Azərbaycan müxalifəti aldığı səslərə uyğun olaraq Milli Məclisdə təmsil olunmalı, küçə müxalifəti artıq aradan qalxmalı və sistem daxili müxalifət meydana gəlməlidir. Eyni zamanda, Heydər Əliyevin dövründə olduğu kimi, Azərbaycan telekanalları müxalifətin üzünə açılmalı, küçələrdə, meydanlarda, xarici televiziyalarda aparılan debatlar bu dəfə iqtidar nümayəndələrinin iştirakı ilə daxildə aparılmalıdır. Bu zaman söyüşlər, qarayaxmalar, böhtanlar aradan qalxacaq. Və nəhayət, Azərbaycan müxalifətinin xalqla iqtidar arasındakı əməkdaşlıq missiyasını düzgün aparmasına şərait yaradılmalıdır. Yəni müxalifətlə xalq arasındakı baryer aradan qaldırılmalı, o cümlədən iqtidar həmin müxalifətlə dialoqa getməlidir ki, ölkədə normal dəyişikliklər olsun. Əks halda, Azərbaycan inqilabdan sığortalanmayıb. Ən geci gələn Azərbaycanda çox ciddi hadisələr gözlənilir. Çünki apardığım müşahidə və təhlillər onu göstərir ki, artıq iqtidar nümayəndələrinin belə, şüurunda inqilaba hazırlıq gedir. Küçədə kiminsə inqilab etməsi ilə inqilab qalib gəlməz. İqtidardakı da özünə qarşı inqilabın olacağına inandığı təqdirdə inqilab qalib gəlir. Biz görürük ki, artıq iqtidar nümayəndələri, orta təbəqə məmurlar da inqilabın olacağını deməyə başlayıblar. Əslində, bu, çox təhlükəli bir sindromdur".

"Bu gün iqtidar özü-özünü aldatmaqla məşğuldur"

Azərbaycan xalqını yalnız iqtidarın idarə etmədiyini, müxalifətin də bu və digər formada əhalinin idarə olunmasında iştirak etdiyini qeyd edən Sərdar Cəlaloğlunun fikrincə, hakimiyyət tamamilə ictimai rəyi idarəetmədən məhrum olub: "Biz xalqı qeyri-rəsmi idarə edirik, bəyanat veririk, adamlarımız vasitəsi ilə işlər görürük. Onsuzda Azərbaycan xalqının beynində iki idarəetmə sistemi var ki, onlardan biri rəsmi idarəetmə olan iqtidar, digəri isə müxalifətdir. Ümumiyyətlə, əhalinin 90 faizi müxalifətin nə dediyini axtarır. İqtidar isə Azərbaycan televiziyalarını müxalifətin üzünə bağlamaqla bizi fikirlərimizi xalqa çatdırmaqdan məhrum edir. Buradan da xalqa elə gəlir ki, ya müxalifət yoxdur, ya da xalq ümumiyyətlə Azərbaycan telekanallarından imtina edib. İqtidar bir şeyi başa düşmür ki, hətta öz siyasətlərinin şüurlara işləməsi üçün ən azı müxalifəti efirlərə buraxmalıdır ki, camaat Azərbaycan televiziyasına baxsın. Bu gün isə ölkə vətəndaşlarının böyük əksəriyyəti yerli telekanallara baxmır. Ya internet telekanallara, ya türk, ya da rus televiziyalarına baxırlar. Buna görə də hazırda ictimai rəyin istiqamətlənməsində iqtidarın heç bir rolu yoxdur. Yəni hakimiyyət tamamilə ictimai rəyi idarəetmədən məhrum olub. Bundan sonra da məhrum olacaq. Çünki iqtidar heç vaxt monoloqla ictimai rəyə təsir edə bilməyəcək. Bunun üçün mütləq dialoq olmalıdır. İqtidar yalnız dialoqda üstünlüyünü nümayiş etdirəcəyi təqdirdə ictimai rəyə müsbət təsir edə bilər. Təəssüf ki, iqtidar dialoq yolunu bağlayıb. Bu gün iqtidar özü-özünü aldatmaqla məşğuldur. Bilməlidirlər ki, yalnız milli həmrəylik fonunda aparılan real islahatlar xalqa xeyir verəcək. Ümumiyyətlə, elə bir islahat həyata keçirmək lazımdır ki, əhalinin 90 faizinin marağına xidmət etsin. İqtidar isə bu cür addımlar ata bilmir. Bunun üçün mütləq müxalifətlə dialoqa getmək, mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq lazımdır. Əks halda, inqilab qaçılmaz ola bilər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA