"Əgər Azərbaycan öz əraziləri üzərində iddia edirsə, o zaman nədən 14 rayon yox, məhz 7 rayon qaytarılmalıdır deyirlər?" - SƏRDAR CƏLALOĞLU

"Əgər Azərbaycan öz əraziləri üzərində iddia edirsə, o zaman nədən 14 rayon yox, məhz 7 rayon qaytarılmalıdır deyirlər?" - SƏRDAR CƏLALOĞLU

"Azərbaycan parlamenti ölkə konstitusiyasına zidd fəaliyyət göstərir"

"Minsk Qrupu buraxılmalı, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun həll olunmalıdır"

"Bütün Azərbaycan müxalifəti ölkə başçısını məhz bu bəyanatına görə aktiv şəkildə müdafiə etməlidir"

"Əgər Azərbaycan hökuməti Dağlıq Qarabağa milli-mədəni muxtariyyət verməyə razıdırsa, o zaman bunun üçün referenduma lüzum yoxdur"

Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi görüşü, ölkə başçısının Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü ilə bağlı verdiyi açıqlama, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həll yolları, Türkiyənin Minsk Qrupuna qoşulması ehtimalı, növbədənkənar parlament seçkilərinin zəruriliyi və digər mühüm mövzularla bağlı söhbətləşdik.

- Sərdar bəy, bildiyiniz kimi, ölkə başçısı bugünlərdə Davosda Dünya İqtisadi Forumu çərçivəsində "RİA Novosti"yə verdiyi açıqlamasında Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün və ya təşkilatda müşahidəçi statusu məsələsinin gündəmdə olmadığını bəyan edib. Sizcə, bunu Rusiyanın ölkəmizdəki "5-ci kalonu"na verilmiş tutarlı cavab kimi qiymətləndirmək olarmı? Ümumiyyətlə, prezidentin sözügedən açıqlamasından sonra KTMT məsələsinə birdəfəlik son qoyulacağını düşünmək mümkündürmü?

- Düşünürəm ki, bu məsələdə hələ tələsməməliyik. Düzdür, İlham Əliyev prezident kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı mövqeyini ortaya qoydu. Lakin unutmamalıyıq ki, bir çox hallarda ölkə başçısının verdiyi sərəncamları elə səhəri gün dəyişdiriblər. Bu səbəbdən də bir qədər ehtiyatlı yanaşmaq lazımdır. Yeri gəlmişkən, onu da qeyd edim ki, bütün Azərbaycan müxalifəti ölkə başçısını məhz bu bəyanatına görə aktiv şəkildə müdafiə etməlidir. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük Azərbaycanın dövlət müstəqilliyinin məhdudlaşdırılmasına xidmət edən addım olardı.

- Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin vəziyyəti müzakirə edilib. Bununla bağlı yayılan məlumatlara görə, ilk mərhələdə qeyd-şərt olmadan Azərbaycanın işğal olunmuş 7 rayonu azad edilməlidir. Bunun müqabilində Ermənistan ətrafında yaradılmış blokada Azərbaycan və Türkiyə tərəfindən qaldırılmalı, kommunikasiya vasitələri açılmalı, dəmiryolu və şoselər fəaliyyətə başlamalıdır. Qarabağın statusunun müzakirəsi isə sonraya saxlanılır. Bununla bağlı mövqeyinizi öyrənmək istərdik.

- Burada məni düşündürən bir məsələ var, əgər Azərbaycan öz əraziləri üzərində iddia edirsə, o zaman nədən 14 rayon yox, məhz 7 rayon qaytarılmalıdır? Məgər, işğal olunmuş Qarabağ və digər bölgələr Azərbaycanın ərazisi deyil? Azərbaycan ərazisində yaşayan ermənilər xalq deyil, xalq Ermənistanda yaşayan ermənilərdir ki, onlar da öz müqəddəratını həll edib. Bu, bir oyundur. Referendum məsələsi hələ Andrey Saxarov tərəfindən təklif olunmuşdu. Yəni əvvəllər də Qarabağın Ermənistana birləşdirilməsi üçün çoxlu variantlar təklif edilib. Qeyd edim ki, bu variantların hamısı məhz ermənilərin xeyrinədir. Odur ki, Azərbaycan hökuməti öz iradəsiylə öz ərazisində ermənilərə milli-mədəni muxtariyyət verə bilər. Bunun üçün referendum-filan lazım deyil. Məsələn, biz vaxtilə Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət vermişdik. Məgər, bu, referendumla olub? Eləcə də Naxçıvan Muxtar Respublikası referendum yolu ilə muxtariyyət əldə edib? Belə olan halda, nəyə görə Dağlıq Qarabağda referendum keçirilməlidir? Bu nə deməkdir?! Əgər Azərbaycan hökuməti Dağlıq Qarabağa milli-mədəni muxtariyyət verməyə razıdırsa, o zaman bunun üçün referenduma lüzum yoxdur. Ümumiyyətlə, referendum muxtariyyət statusunu müəyyən etmir, bu, müqəddəratı təyin edir. Odur ki, muxtariyyət statusunu Azərbaycan höluməti müəyyən etməlidir. Lakin referendum o deməkdir ki, ermənilər özləri talelərini həll etməlidirlər. Bu isə millətlərə verilən hüquqdur. Millətlərin hüquqlarını həmin millətin kənarda yaşayan hansısa bir kiçik hissəsi mənimsəyə bilməz. Onda gərək Dağlıq Qarabağ erməniləri Ermənistan dövləti adından istənilən bəyanatı versinlər. Ona görə də hesab edirəm ki, bunlar hamısı oyunlardır. Bu razılaşmadan belə çıxır ki, 7 rayonu verdikdən sonra biz Dağlıq Qarabağı onlara verməyə söz vermişik. Bu isə Ter-Petrosyanın vaxtında Azərbaycanla Ermənistan arasında aparılan və Rusiyanın da təkid etdiyi modeldir ki, Dağlıq Qarabağ ermənilərə verilsin. Həmin 7 rayonu da ona görə işğal etmişdilər ki, bu vəziyyət gəlsin və desinlər ki, biz həmin rayonları qaytarırıq, əvəzində Dağlıq Qarabağı verməlisiniz. Bu, 1993-cü ildə danışılmış bir məsələdir və 20 ildən artıqdır ki, həm Minsk Qrupu bu məsələni bu və başqa şəkildə fırladır, həm də Rusiya və Ermənistan məsələyə bu aspektdən yanaşırlar. Azərbaycan hökuməti isə başını aşağı salıb buna tabe olur. Burda Azərbaycanın xeyrinə olan heç bir məqam yoxdur.

- Sizə elə gəlmirmi ki, münaqişənin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məqsədiylə qardaş Türkiyə də Minsk Qrupunun həmsədrliyində təmsil olunmalıdır?

- Hesab edirəm ki, hətta Türkiyə də Minsk Qurunda təmsil olunsa belə, məsələ həll olunmayacaq. Bunun üçün ilk növbədə Minsk Qrupu buraxılmalı, daha sonra isə Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun həll olunmalıdır. Minsk Qrupu bu məsələnin siyasi müstəvidə həlli deməkdir. Bu isə o anlama gəlir ki, bu problem Azərbaycanın suveren hüquqlarına zidd şəkildə həll oluna bilər.

- Məlumdur ki, 26 sentyabr 2016-cı il tarixində keçirilmiş sonuncu referendumla Konstitusiyaya dəyişiklik edilib və bu dəyişikliyə əsasən, prezidentə növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib. Ölkə başçısı məhz bu səlahiyyətindən istifadə edərək 11 aprel 2018-ci il tarixdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. Məhz həmin vaxtdan etibarən cəmiyyətdə belə bir fikir formalaşıb ki, Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən parlament seçkilərinin də vaxtı önə çəkilə bilər. Sizcə, bu il növbədənkənar parlament seçkiləri keçirilə bilərmi? Bir də partiyanızın bələdiyyə seçkilərinə hazırlığı nə yerdədir?

- Əvvəla, onu deyim ki, Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərə görə, növbədənkənar prezident seçkiləri keçirildikdən sonra parlament seçkiləri keçirilməlidir. Bunun başqa yolu yoxdur. Çünki faktiki olaraq indi Azərbaycan parlamenti ölkə konstitusiyasına zidd fəaliyyət göstərən bir qurumdur. Odur ki, indiyə qədər qəbul edilən qərarların da legitimliyi yoxdur. Bu səbəbdən də mütləq növbədənkənar parlament seçkiləri keçirilməlidir.

Bələdiyyə seçkilərinə gəlincə, açığı deyim ki, ölkədə bələdiyyələrin heç bir əhəmiyyəti olmadığına görə, biz bu seçkilərə o qədər də diqqət ayırmırıq. Lakin üzvlərimizdən kim iştirak edəcəksə, biz seçkiləri təşkil edəcəyik.

- Bugünlərdə ADP-nin qərargahında baş tutan müxalifətin zirvə toplantısında Azərbaycan Xalq Hərəkatının yaradılması ilə bağlı qərar qəbul edilib. Lakin nədənsə rəhbərlik etdiyiniz siyasi təşkilat sözügedən hərəkatın təsisçiliyindən imtina edib. Bu, hansı səbəblə bağlıdır?

- Birinci səbəb odur ki, biz Azərbaycan Xalq Hərəkatının yanvarın 26-da ümumi toplantıda elan olunması ilə bağlı qərar qəbul etmişdik. Lakin sonradan bir qrup adam bizim xəbərimiz olmadan həmin qərarı dəyişiblər və Azərbaycan Xalq Hərəkatının elan olunması ilə bağlı bəyanat hazırlayıblar. Açığı, bizim şübhəmiz var ki, hansısa qüvvələr pərdə arxasından bu hadisənin süni sürətlənməsinə təsir edirlər. Yəni burda kənar təzyiq var. Bir təşkilat özü öz qərarlarının icrasına hörmət etmirsə, indidən qrupbazlıq meydana gəlirsə, bu təşkilatda çox da uzağa gedən iş görmək mümkün deyil.

(Ardı var)

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org