"AZƏRBAYCANDA QISA MÜDDƏTDƏ YENİ SİYASİ BLOK TƏSİS OLUNACAQ" - SƏRDAR CƏLALOĞLU

"AZƏRBAYCANDA QISA MÜDDƏTDƏ YENİ SİYASİ BLOK TƏSİS OLUNACAQ" - SƏRDAR CƏLALOĞLU

"Qlobal siyasətdə və geopolitik məkanda ciddi dəyişilmələr baş verir ki, bütün bunlar da Azərbaycanda hakimiyyətin dəyişməsini zəruri edir"

"Parlament seçkiləri elan olunarsa, müxalifət xüsusi bir hazırlıq görmədən Milli Məclisdə ən azı yerlərin yarısını əldə edə bilər"

"Nəticədən asılı olmayaraq, demokratik qüvvələrin seçkilərdə iştirakı prosesin müəyyən qədər demokratikləşməsinə xidmət edir"

“Müxalifətdə belə bir fikir var ki, iqtidar qabaqcadan parlament seçkilərinin demokratik keçiriləcəyinə və bizim parlamentə düşəcəyimizə söz verəcəksə, onda gələk seçkilərdə iştirak edək”

“Xalqın böyük bir hissəsi isə dəyişilmələrdə maraqlıdır və bu prosesdə iştirak etmək istəyir. Bu baxımdan, tam əminəm ki, Azərbaycanda parlament seçkiləri elan olunarsa, müxalifət xüsusi bir hazırlıq görmədən Milli Məclisdə ən azı yerlərin yarısını əldə edə bilər”

“Bildiyiniz kimi, mən sonuncu prezident seçkilərində iştirak etdim, lakin Milli Şura və bir sıra partiyalar iştirak etmədi. Şəxsən mən verilən o məhdud imkandan, televiziya debatlarından istifadə etməklə həm əhali arasında müəyyən bir siyasi aktivlik yarada, həm də tərəfdar toplaya bildim”

Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə müxalifətin parlament seçkilərinə hazırlığı, düşərgə daxilində yeni siyasi blokun yaranma ehtimalı, liderlərin bölgələrə səfər etməmə səbəbləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarında sərgilədiyi mövqe və digər mövzularla bağlı söhbətləşdik.

"Əgər əhalinin böyük çoxluğu xalq hərəkatı istiqamətində getmirsə, Əli Kərimlinin mitinq taktikası ətrafında birləşmirsə, bəlkə xalq dinc demokratik islahatlar yolu ilə ciddi dəyişilmələri istəyir"

- Sərdar bəy, ilk öncə Ümid Partiyasının sədri İqbal Ağazadə ilə aprelin 30-da baş tutan görüşünüzdən başlayaq. Maraqlıdır, bu zaman hansı məsələlər müzakirə edilib?

- Bilirsiniz ki, son vaxtlar Azərbaycanda iki blok - Milli Şura və Azərbaycan Xalq Hərəkatı fəaliyyət göstərir. Və bu bloklar cəmiyyətə müəyyən bir siyasi yol xətirəsi təqdim ediblər. Biz bu blokların hər ikisinin fəaliyyətindən bir qədər kənarda dayanmışıq. Düzdür, Azərbaycan Xalq Hərəkatında müşahidəçi kimi iştirak etsək də, lakin bilavasitə təşkilati işlərində iştirak etmirik. Qeyd edim ki, son vaxtlar Azərbaycan Xalq Hərəkatında parçalanma əmələ gəldi. Ümumiyyətlə, biz özümüz üçün bir şeyi müəyyənləşdirmək istəyirdik ki, Azərbaycan xalqı hansı ideyanın arxasınca gedə bilər. Çünki Azərbaycan Xalq Hərəkatı üsyanın, cəmiyyətdə radikal dəyişilmələrin tərəfdarı kimi çıxış edir. Əli Kərimli və onun tərəfdarları isə Azərbaycanda dəyişilmələrin küçə demokratiyası ilə mümkünlüyünə xalqı inandırmaq istəyir, bu istiqamətdə cəhdlərə çağırırlar. Lakin görürük ki, xalq Milli Şuraya və Azərbaycan Xalq Hərəkatına kütləvi şəkildə qoşulmur, onlara ciddi dəstək vermir. Bu səbəbdən də fikirləşdik ki, xalqa yeni alternativ yol təklif edək, baxaq görək, bəlkə bu yolla gedə bilərik. Yəni məşhur bir kəlamda deyildiyi kimi "Demokratiyada çarələr tükənməz". Ona görə də demokratiyanın bizə verdiyi imkanlardan istifadə edərək yeni təkliflə çıxış edirik. Belə ki, əgər əhalinin böyük çoxluğu xalq hərəkatı istiqamətində getmirsə, eyni zamanda Əli Kərimlinin mitinq taktikası ətrafında birləşmirsə, o zaman bəlkə xalq dinc demokratik islahatlar yolu ilə ciddi dəyişilmələri istəyir. Odur ki, bu məsələləri müzakirə etdik və belə bir qənaətə gəldik ki, xalqa üçüncü bir yol təklif edək və bizim kimi düşünən siyasi qüvvələrlə bu yolda birgə hərəkət edək. Qeyd edim ki, İqbal bəylə bu məsələni başlatmağımızın bir əsası var. Çünki onunla uzun müddət bir blokda olmuşuq, bir-birimizi kifayət qədər yaxşı tanıyırıq və ideyalarımız da üst-üstə düşür. Görüş zamanı da məhz bu məsələləri müzakirə etdik. Onu da nəzərinizə çatdırım ki, eyni mövzu ilə bağlı artıq Doğru Yol Partiyası təşkilat komitəsinin sədri Kəramət Salayevlə də görüşümüz olub. Gənc, yeni təşəkkül tapmağa başlayan partiyadır. Bəlkə də ölkənin siyasi həyatında bir çox adam hələ onu tanımır, lakin həddən artıq perspektivli və Azərbaycan gerçəkliyinə cavab verən, kifayət qədər ideoloji hazırlığı olan şəxsdir. Eləcə də bu qəbildən olan digər qüvvələri, Azərbaycan Xalq Hərəkatına qoşulmayan, Əli Kərimlinin apardığı siyasi xəttdə təmsil olanmayan qüvvələri bir araya gətirərək üçüncü bir yolun başladılması qənaətinə gəlmişik. Biz bunu bir blok şəklində nəzərdə tutmuşuq. Ümid edirəm ki, qısa müddətdə yeni siyasi blok təsis olunacaq və biz fəaliyyətimizə başlayacağıq.

"Ümid Partiyasının sədri İqbal bəylə, o cümlədən Doğru Yol Partiyası təşkilat komitəsinin sədri Kəramət bəylə bu barədə razılığa gəlmişik"

- Yeni yaradılacaq siyasi blokun fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmisinizmi?

- Biz fəaliyyətimiz zamanı ölkədə konkret hansı islahatlar və hansı ardıcıllıqla getməlidir, islahatları Azərbaycanın müstəqilliyi və suverenliyinə ziyan vurmadan necə aparmaq olar, xalqı necə bu islahatlara cəlb etmək olar və s. istiqamətlərdə olan səyləri davam etdirmək niyyətindəyik. Məqsədimiz odur ki, hökumətə konkret islahatlarla bağlı təkliflər verək, yol xəritəsi göstərək, eyni zamanda ideyalarımızı cəmiyyətə yayaq və bu yolla tərəfdarlarımızın sayını artıraq.

- Həmin blokda konkret hansı partiyalar təmsil olunacaq? Müttəfiq kimi yanınızda kimləri görürsünüz?

- Demək olar ki, bir çox partiyalarla danışıqlarımız olub. Şəxsən mən Azərbaycan Xalq Hərəkatında olan partiyalarla danışıqlar aparmışam. Qənaətimə görə, həmin adamlar o blokun fəaliyyətinə bir o qədər də inanmırlar və yaxud da perspektivini görmürlər. Həmin adamlarla müzakirələr aparmışıq. Lakin ciddi nəticə, müsbət cavab almamışam. Bəziləri deyib ki, biz sonradan qoşularıq, bəziləri isə qeyd ediblər ki, indiki məqamda seçdiyimiz yoldan dönə bilmərik. Yəni hərə ortalığa bir səbəb qoyub. Lakin biz Ümid Partiyasının sədri İqbal bəylə, o cümlədən Doğru Yol Partiyası təşkilat komitəsinin sədri Kəramət bəylə bu barədə razılığa gəlmişik. Bir neçə nəfər də var ki, onlarla da prinsipial olaraq razılığa gəlmişik, ancaq hələlik cəmiyyətə təqdim etmək baxımından müəyyən danışıqlarımız gedir. Danışıqlar həll olunsa, o zaman hardasa 3-4 qüvvə bir yerdə yeni siyasi blok yaradıb birgə fəaliyyət göstərəcəyik.

"Xalqın böyük bir hissəsi dəyişilmələrdə maraqlıdır və bu prosesdə iştirak etmək istəyir"

- Bildiyiniz kimi, gələn il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Müxalifətin bu prosesə hazırlığını necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, müxalifət istənilən vaxt seçkilərdə iştirak edib nəticələr əldə edə bilər. Qeyd edim ki, hətta hakimiyyətin özünü sevən elə insanlar da var ki, uzun müddət eyni bir qüvvənin iqtidarda olması onları qıcıqlandırır. Hakimiyyətlərin dəyişməsinin əsas səbəblərindən biri insanların yeniliyə meyilli olmasıdır. Məsələn, vaxtilə Çörçil ikinci dəfə namizədliyini verib seçilmədikdə ona "Necə olur ki, sizin kimi nəhəng bir siyasətçi qələbə qazana bilmədi", deyə sual verdikdə o, "İngilis xalqı kimi nəhəng bir xalq mənim kimi nəhəng oğlu ikinci dəfə seçməyə bilər" cavabını vermişdi. Yəni xalq özü nə qədər nəhəngdirsə, bir o qədər də dəyişilmədə maraqlı olur. Ola bilər ki, ən qabiliyyətli, bacarıqlı bir adamın belə, dəyişdirilməsini istəsin və ondan sonra zəif şəxs gəlsin, lakin xalq özü güclü olduğuna görə zəif liderin gəlməsi onun üçün maraqlı deyil. Əsas odur ki, dəyişilmə olsun. Nəsillər dəyişilir, qlobal siyasətdə dəyişilmələr baş verir, geopolitik məkanda ciddi dəyişilmələr var, bütün bunlar hamısı Azərbaycanda hakimiyyətin dəyişməsini zəruri edir. Xalqın böyük bir hissəsi isə dəyişilmələrdə maraqlıdır və bu prosesdə iştirak etmək istəyir. Bu baxımdan, tam əminəm ki, Azərbaycanda parlament seçkiləri elan olunarsa, müxalifət xüsusi bir hazırlıq görmədən Milli Məclisdə ən azı yerlərin yarısını əldə edə bilər. Təbii ki, əgər hər hansı maneə olmazsa, seçkilər demokratik keçirilərsə müxalifət partiyaları və müxalif düşüncəli fərdi şəxslər asanlıqla qələbə qazana bilər.

"Biz planlaşdırdığımız siyasi bloku yaratdıqdan sonra rayonlarda da işimizi quracağıq"

- Sizcə, müxalifət düşərgəsində təmsil olunan partiyaların rəhbər şəxsləri nədən bölgələrə səfər etmir, yerlərdə görüşlər keçirilmir?

- Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycan əhalisinin böyük bir hissəsi Bakıda cəmləşib. İkincisi, siyasi aktivlik baxımından Bakı regionlardan xeyli irəlidədir. Üçüncüsü, təşkilati iş görmə baxımından da paytaxt daha əlverişlidir. Çünki Bakıda əhali kompakt yaşayır. Məhz bu səbəbdən də rayonlara getmək çox böyük xərc tələb etsə də, az effekti olur. Bakıda isə elə bir xərc tələb etmir və paytaxtda təbliğat daha effektli olur. Eyni zamanda, hökumətin də müxalifət liderlərinin, partiya funksionerlərinin regionlara səfərləri zamanı bu və başqa şəkildə müdaxiləsi olur. Lakin biz planlaşdırdığımız siyasi bloku yaratdıqdan sonra rayonlarda da işimizi quracağıq.

"Müxalifətdə belə bir fikir var ki, iqtidar qabaqcadan parlament seçkilərinin demokratik keçiriləcəyinə və parlamentə düşəcəyimizə söz verəcəksə, seçkilərdə iştirak edək"

- Sərdar bəy, indidən parlament seçkilərinə qatılmayacaqlarını, seçkiləri boykot edəcəklərini, nəticələri tanımayacaqlarını bəyan edənlər var. Boykot tərəfdarlarının səsləndirdikləri arqumentləri doğru hesab edirsiniz?

- Açığı, seçkiləri boykot dəfələrlə bu və başqa şəkildə istifadə edilmiş üsuldur. Demək olar ki, nəticələr baxımından seçkilərə getməklə seçkini boykot etmək arasında o qədər fərq olmayıb. Bildiyiniz kimi, mən sonuncu prezident seçkilərində iştirak etdim, lakin Milli Şura və bir sıra partiyalar iştirak etmədi. Şəxsən mən verilən o məhdud imkandan, televiziya debatlarından istifadə etməklə həm əhali arasında müəyyən bir siyasi aktivlik yarada, həm də tərəfdar toplaya bildim. Marksın bir sözü var: "Polad iki cür yeyilir. Bir paslanıb, bir də işləyə- işləyə". Seçkidə iştirak etmək işləyə-işləyə müxalifətin amortizasiyası deməkdir. Amma seçkidə iştirak etməmək, passiv şəkildə boykot etmək paslanıb yeyilmək deməkdir. Mənə elə gəlir ki, işləyə-işləyə yeyilmək paslanıb yeyilməkdən daha yaxşıdır. Çünki biz boykot edib yerimizdə otursaq da, dünya bu boykotun nəticələrini qəbul etməyəcək. Bundan başqa, Azərbaycanda seçkiləri boykot etmək, yəni vətəndaşları seçkidən yayındırmaq qanunla qadağan edilib. Yəni biz bunu aktiv şəkildə də edə bilmərik. Onda sual olunur: Qanunvericilik buna əsas vermirsə, ölkə ictimaiyyəti bunu istəmirsə və lazım olacağı təqdirdə əhalinin böyük əksəriyyəti seçkiyə gələcəksə, beynəlxalq ictimaiyyət də boykotun nəticələrini tanımayacaqsa onda boykot etmənin nə mənası var? Ən yaxşı halda deyəcəklər ki, filan-filan partiyalar seçkilərdə iştirak etməyib. Nə olsun, bu, nəyi dəyişəcək?! Şərt deyil ki, bütün partiyalar seçkilərdə iştirak etsin. Bu səbəbdən də düşünürəm ki, boykot taktikası düzgün deyil. Ümumiyyətlə, müxalifətdə belə bir fikir var ki, iqtidar qabaqcadan parlament seçkilərinin demokratik keçiriləcəyinə və bizim parlamentə düşəcəyimizə söz verəcəksə, onda gələk seçkilərdə iştirak edək. Təbii ki, bu təklifin özü anormaldır. Bir halda deyiriksə ki, anti-demokratik rejim var, bu halda o rejimə belə bir təklifi necə vermək olar?! Odur ki, anti-demokratik şəraitdə də demokratik qüvvələr fəaliyyət göstərməlidir ki, şərait demokratikləşsin. Çünki demokratik qüvvələrin bu şəraitdə iştirakının özü müəyyən qədər demokratikləşməyə xidmət edir. Ona görə bəziləri deyir ki, bizim seçkilərdə iştirakımızla seçkilərə demokratik don geyindirilir. Halbuki bu, tamamilə yanlışdır. Bir daha qeyd edirəm ki, nəticədən asılı olmayaraq, demokratik qüvvələrin seçkilərdə iştirakının özü prosesi demokratikləşdirir. Ona görə də Mahatma Qandi isə deyirdi ki, dinc demokratik mübarizə tərəfdarlarının şüarı ya fəaliyyət, ya ölüm olmalıdır. Ondan fərqli olaraq, anti-demokratiklər isə deyirdi ki, ya qələbə, ya ölüm. Mahatma Qandi deyirdi ki, nəticəni düşünmək olmaz, fəaliyyəti düşünməlisən. Onun nəzəriyyəsinə görə, nəticə yox, fəaliyyətin özü önəmlidir. Odur ki, mən bu nəzəriyyədən çıxış edərək, daim çalışmışam ki, fəaliyyət olsun. Nəticənin necə olması o qədər də maraqlı deyil, əsas odur ki, ortada fəaliyyət olsun.

(Ardı var)

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA