"BU BİABIRÇILIQ HƏLƏ ÇOXMU DAVAM EDƏCƏK?" - Narazı vətəndaş Səlim Müslümova müraciət etdi

"BU BİABIRÇILIQ HƏLƏ ÇOXMU DAVAM EDƏCƏK?" - Narazı vətəndaş Səlim Müslümova müraciət etdi

“Ölkənin vətəndaşlarına, özü də əlil vətəndaşlarına, ağbirçək analarımıza, ağsaqqal atalarımıza qarşı bu cür münasibətə nə ad verək?"

Adının qəzetimizdə açıqlanmasını istəməyən Sumqayıt şəhər sakini tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Sözügedən vətəndaş Əlillərin Bərpa Mərkəzinin müvəqqəti yerləşdiyi xəstəxananın bərbad vəziyyətdə olmasəndan narazıdır. O, öz yazısında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova da bir neçə sual ünvanlayıb. Həmin məktubu olduğu kimi dərc edirik:

“Mən Sumqayıt şəhərinin sakiniyəm, boyun osteoxondrozundan əziyyət çəkirəm. Poliklinikadan məni Əlillərin Bərpa Mərkəzində işləyən Kəmalə xanımın yanına yollamışdılar. Amma Sumqayıt şəhər Əlillərin Bərpa Mərkəzi təmirə bağlandığı üçün 26-cı məhəllədə yerləşən 4 saylı xəstəxananın (Bərpa Xəstəxanası) 5-ci mərtəbəsinə köçürülüb. Mən artıq iki gündür ki, orada müalicə olunuram. Həmin xəstəxana demək olar ki, Sumqayıt şəhərinin lap çıxışında, şimal tərəfində yerləşir.

Çətinliklə də olsa, xəstəxananı tapdım. Beş mərtəbəli binadır. Soruşdum, dedilər ki, Kəmalə xanım beşinci mərtəbədə işləyir. Həmin mərtəbəyə qalxıb Kəmalə xanımı tapdım və mənə yüksək səviyyəli xidmət göstərildi. Tibbi personaldan tam razıyam, sağ olsunlar. Əslində şənbə günləri işləmirlər, amma müalicəm yarımçıq qalmasın deyə, öz istirahət günlərində də işə çıxmağa razı olublar.

Amma oradakı şərait mənə çox pis təsir etdi. Belə ki, külək əsəndə pəncərələrdən viy-ha-vıyla içəri dolur, massaj edilən, elektroforez alan xəstələr yelçəkəndə oturmalı, uzanmalı olurlar, həmçinin də mən. Halbuki o cür müalicə alan insana ümumiyyətlə soyuqda qalmaq olmaz, bu çox ciddi fəsadlara səbəb ola bilər. Həddən artıq şəraitsiz bir yerdir. Ümumiyyətlə, xəstəxananın binası çoxdan istismar müddətini başa vurub. Tam təmirsizdir. İki ildir təmirə bağlanan, hələ də təmiri bitməyən Əlillərin Bərpa Mərkəzinin müvəqqəti məskunlaşdırıldığı 5-ci mərtəbə ilə müqayisədə, xəstəxananın digər dörd mərtəbəsi az da olsa, xəstə qəbulu və müalicəsi üçün yararlıdır.

Pasientlərinin əksəriyyəti 1-ci, 2-ci və 3-cü qrup əlillərdən, yaşlı insanlardan ibarət olan Əllillərin Bərpa Mərkəzi üçün ayrılan 5-ci mərtəbədə isə, ümumiyyətlə, heç bir şərait yoxdur. Xəstəxana ideal təmiz olmalıdır, buranın dəhlizində isə çirkin, tozun əlindən tərpənmək olmur. Döşəməyə çox səliqəsiz şəkildə salınan nimdaş, çirkli palaz insanı həm çiyrindirir, həm də ayağını qoyub yeriməyə qorxursan ki, bu dəqiqə yıxılacaqsan. Güclə yeriyən insanlar üçün isə bu vəziyyət hər an ölümlə nəticələnə bilər. Divarlar, tavan dağılıb tökülür, pillələr çox bərbad vəziyyətdədir. Üstəlik, əlilliyi olan insanlar o pillələrlə düz beş mərtəbə qalxmaq məcburiyyətində qalır. Onların arasında çox yaşlı insanlar var. Təəssüf ki, bu insanların vəziyyətini düşünən yoxdur.

Mərtəbədə su yoxdur, ayaqyolu bərbad vəziyyətdədir, xəstələr əllərini yumaq üçün dördüncü mərtəbəyə enməli olurlar.

Müasir tibbi avadanlıq yoxdur, bu üzdən personal da əziyyət çəkir, amma xəstələrlə çox mehriban davranırlar. Onların müalicə olunması üçün əllərindən gələni əsirgəmirlər. Onlar da bu vəziyyətdən çox narazıdırlar. Az da olsa, öz vəsaitləri hesabına həmin mərtəbəyə əl gəzdiriblər. Yəni divarları rəngləyiblər, amma köhnə, uçulub-dağılan bina üçün bunun heç bir xeyri olmayıb. Ən acınacaqlısı isə bilirsiz nədir? 5-ci mərtəbədə xəstələr üçün çarpayı belə yoxdur, onları aşağı mərtəbələrə yerləşdirməli olurlar. 4 saylı xəstəxananın müdriyyəti sağ olsun, əlillərin stasionar müalicəsi üçün 3 palata ayırıb, verib.

Mənim şikayətim bərpa mərkəzinin tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və şəxsən hörmətli nazir Səlim Müslümovadır. Bu biabırçılıq hələ çoxmu davam edəcək? Ölkənin vətəndaşlarına, özü də əlil vətəndaşlarına, ağbirçək analarımıza, ağsaqqal atalarımıza qarşı bu cür münasibətə nə ad verək? Qarabağ savaşında sağlamlığını, iş qabiliyyətini itirmiş Vətən oğullarına qarşı bu cür biganə münasibətin səbəbi nədir? Nəyə görə hökumətin marağında olan obyektlər ildə bir neçə dəfə təmir olunduğu halda, Əlillərin Bərpa Mərkəzinin təmiri iki ildir bitmək bilmir?

Nazir Səlim Müslümova deyil, övlad Səlim Müslümova müraciət edirəm. Səlim müəllim, öz yaşlı valideynlərinizin bu cür şəraitdə müalicə olunmağına razı olardınızmı? Axı istismar müddəti bitmiş o yararsız binada, antisanitariya şəraitində hər gün ölüm təhlükəsi ilə üz-üzə gələrək müalicə olunmağa məcbur olan ağsaqallar, ağbirçəklər də kiminsə valideynləridir. Onlarla bu cür rəftar etməyə nə haqqınız var? Öz adımdan, orda müalicə olunan xəstələr adından, eləcə də iki ildir xəstəxanalarının təmirini gözləyən tibbi personal adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və şəxsən Səlim Müslümovdan ən tez zamanda Əlillərin Bərpa Mərkəzinin təmirinin başa çatdırılmasını tələb edirəm.

Təmiz, şəraitli, müasir avadanlıqla təchiz edilmiş xəstəxanada müalicə olunmaq hər bir vətəndaşın, xüsusilə də fiziki qüsuru olan vətəndaşların doğal haqqıdır. Siz onların haqqına girisiniz. Siz bizim haqqımıza girirsiniz!”

Hazırladı: Banu Oğuz

Loading...

QALEREYA