"Bu cənub bölgəsinin əhalisinə atılan şər-böhtandır" - Lerik ictimaiyyəti azyaşlı qızla bağlı xəbərə ETİRAZ ETDİ

"Bu cənub bölgəsinin əhalisinə atılan şər-böhtandır" - Lerik ictimaiyyəti azyaşlı qızla bağlı xəbərə ETİRAZ ETDİ

Son günlərdə sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində Lerik rayonunda azyaşlı qızın zorlanması barədə xəbərlər yayılıb.

Lakin Lerik ictimaiyyəti buna etiraz edib. Hurriyyet.org bildirir ki, Lerik sakinləri adından Gununsesi.info-a göndərilən məktubda həmin xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanıb, milli-mənəvi, əxlaqi dəyərlərə zidd olan yoxlanılmamış informasiyanın yayılmasının rayon ictimaiyyətinin, ziyalıların qəzəbinə səbəb olduğu bildirilib.

Qeyd olunub ki, bir sıra KİV-lərdə Lerik şəhər sakini tərəfindən 14 yaşlı məktəbli qızın zorlanması və həmin qızın 4 aylıq hamilə vəziyyətində olması haqqında yayılmış məlumat Lerik Rayon Prokurorluğu tərəfindən müvafiq qaydada qeydiyyata alınaraq araşdırılıb, qızın atası, özü və onun təhsil aldığı məktəbin direktoru rayon prokurorluğuna dəvət edilərək, izahatları alınıb.

“Qızın atası izahatında bildirib ki, övladının dərsə davamiyyəti tədris ili bitənədək daimi olub. Qızı heç kimlə, o cümlədən məlumatlarda adı çəkilən qonşusu ilə intim münasibətdə olmayıb, zorlanmayıb və hamilə də deyil. O, bu məzmunda rayon Polis şöbəsinə və digər dövlət orqanlarına şikayət etməyib. Ailəsi ilə birgə heç yerə köçməyib, sadəcə, arvadı böyrək xəstəsi olduğuna görə onu müalicə olunmaq üçün Bakı şəhərinə aparıb . Eyniz amanda, buna görə də müvəqqəti olaraq uşaqlarını da Bakı şəhərində yaşayan qardaşının evinə aparıb. Məlumatlarda adı çəkilən şəxslə yaxın qonşudurlar, münasibətləri normaldır, aralarında heç vaxt ciddi bir problem olmayıb. Qızın atası sosial şəbəkələrdə övladı haqqında yalan məlumat yayan şəxslər barəsində tədbir görülməsini rayon prokurorluğundan xahiş edib”,-Modern.az-a göndərilən məktubda vurğulanıb.

Bildirilib ki, zorakılığa məruz qaldığı iddia olunan 14 yaşlı qız rayon İcra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədrinin, təhsil aldığı məktəbin direktorunun və atasının iştirakı ilə izahat verərək bildirib ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə onun guya zorlanması və 4 aylıq hamilə olması haqqında yazılanlar tamamilə yalan və böhtandır, onu heç kim zorlamayıb və hamilə deyil.
Azyaşlı qız onu da bildirib ki, adı çəkilən şəxs onlarla yaxın qonşudur və eyni zamanda həmin ailə ilə uzaq qohumluq münasibətləri var. Həmin şəxslə onun arasında sevgi münasibəti olmayıb. Qonşuluqda münasibətləri normaldır, amma evlərinə gediş-gəlişləri yoxdur. O, məktəbə gündəlik gedib-gəldiyini, bütün dərslərdə iştirak etdiyini, yayılan məlumatlarda göstərilən məzmunda rayon Polis şöbəsinə və digər dövlət orqanlarına müraciət etmədiyini, yayılan həmin məlumatların ailə üzvlərini narahat etdiyini bildirib, bütün bu yalan məlumatlara son qoymaq üçün bakirəliyinin və hamilə olub-olmamasının yoxlanılmasını xahiş edib.

Onun qızlıq bəkarətinin pozulub-pozulmamasını, hamilə olub-olmamasını, bədəni üzərində zorlamaya xarakterik xəsarət və əlamətlərin olub-olmamasını müəyyən etmək məqsədi ilə müvafiq qərarla məhkəmə-tibbi ekspertiza təyin olunub və icrası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə həvalə olunub. 14 yaşlı qız Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik, Lənkəran və Masallı rayon şöbələrinin ekspertlərindən ibarət komissiya tərəfindən ekspertiza müayinəsindən keçirilib, “Zorlamanın təyininə görə” ekspert rəyindən aydın olub ki, onun bədənin üzərində hər hansı bir xəsarət, eləcə də qeyri-təbii yolla cinsi əlaqəyə xarakerik hər hansı bir əlamət və xəsarət aşkar edilməyib, onun qızlıq pərdəsinin tamlığı pozulmayıb. Onun ultrasəs müayinəsi zamanı hamiləlik aşkar edilməyib.

Təhsil aldığı məktəbin direktoru verdiyi izahatında azyaşlı qız barəsində yayılmış məlumatın yalan olduğunu, onun təhsil aldığı müddət ərzində müntəzəm surətdə dərslərinə davam etdiyini, nizam-intizam qaydalarına riayət etdiyini, tərbiyəli şagird olduğunu, özünü sinifdə fəal, çalışqan və əlaçı şagird kimi göstərdiyini bildirib.

Araşdırmalar nəticəsində müxtəlif internet saytlarında və kütləvi informasiya vasitələrində 14 yaşlı məktəblinin zorlanması və hamilə olması barədə yayılmış məlumatların yalan olması müəyyən olunub, cinayət hadisəsi aşkar edilməyib. Toplanmış material üzrə Lerik rayon prokurorunun müvafiq qərarı ilə cinayət işinin başlanması rədd edilib. Qərarın surəti maraqlı şəxs kimi qızın atasına göndərilməklə, onun həmin qərardan yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququnun olması izah edilib.

“Ölkə mediasını belə xəbərlər yazarkən daha ehtiyatlı və məsələyə həssas yanaşmasını xahiş edirik. Mətbuat cəmiyyətin milli-mənəvi dəyərlərini daşıyıcı və onun təbliğatçısı rolunda çıxış etməli və bu məsələdə öz töhfəsini verməlidir. Biz Lerik ictimaiyyəti Azərbaycan mediasından ancaq və ancaq bunu gözləyirik.

14 yaşlı qızın tibbi müayinəsi zamanı mediada söylənilən faktın təsdiqini tapmaması bu xəbərin bir daha bir bölgə əhalisinə atılan şər-böhtan kimi qiymətləndiririk. Belə şəxslər isə cəzasız qalmamalıdır. Ona görə ki, cəzasızlıq mühiti yeni özbaşınalıqlara və cəzasızlıqlara yol açır.

Lerik ictimaiyyəti ictimailəşmiş bu xəbəri artıq tək bir şəxsə qarşı aparılan çirkin kampaniya kimi deyil, onların hissiyyatına toxunan hadisə kimi dəyərləndirir. Ona görə də bu xəbəri yayan “Tolışi sədo” qəzetinin baş redaktoru Rafiq Cəlilovun və həyatındakı bütün uğursuzluqlarının səbəbi kimi rayonun ayrı-ayrı rəhbər şəxslərini görən Azər Kazımzadənin bu hərəkətini cəmiyyətin milli-mənəvi dəyərlərinə və əxlaqi prinsiplərə vurulan sarsıdıcı zərbə hesab edir. Onların bu hərəkətini bir bölgəyə atılan şər-böhtan hesab edərək Azərbaycan qanunvericiliyinə uyğun olaraq, xüsusən də “KİV haqqında”, o cümlədən “Jurnalistlərin peşə əxlaqı kodeksi”nə uyğun hərəkət kimi qiymətləndirir və bu şəxsin məsuliyyətə cəlb olunaraq, qanun qarşısında cəzalandırılmasını tələb edirik”,- Lerik ictimaiyyəti bəyan edib.

Loading...

QALEREYA