"Bu gün Qazaxıstan da Rusiyanın nişangahındadır" - HƏRBİ-SİYASİ İCMALÇI

"Bu gün Qazaxıstan da Rusiyanın nişangahındadır" - HƏRBİ-SİYASİ İCMALÇI

Ramil Məmmədli: "Rusiyanın nüvə başlıqlarını Krıma köçürməsi Rumıniya, Bolqarıstan və Türkiyəyə qarşı yönəlib"

"Hesab edirəm ki, bu addım Rusiya Federasiyasına SSRİ-nin taleyini yaşada bilər"

"Vəziyyət gərginləşərsə, Rusiyanın tam ilhaq etmək istədiyi ərazi məhz Belarus olacaq"

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skivitski iddia edir ki, Rusiya nüvə başlıqlarını Krım ərazisinə köçürməyi planlaşdırır. Bununla bağlı axar.az-da yer alan informasiyaya görə, Skivitski Ukrayna kəşfiyyatının artıq bu il nüvə döyüş başlıqlarının köçürülməsinə cəlb olunan birləşmələrin təlimlərə cəlb olunmasını aşkar etdiyini vurğulayıb. O, həmçinin, Rusiyanın Cənub Hərbi Dairəsində yeni bir raket briqadası yaratdığını da qeyd edib. Onun sözlərinə görə, bu briqada "İsgəndər" və nüvə başlığı daşıya bilən, fəaliyyət radiusu artırılmış qanadlı raketlərlə təchiz ediləcək.

Bu arada, ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general Ben Hoces isə "Apostrof" adlı Ukrayna portalına müsahibəsində bəyan edib ki, Rusiya Krımın ilhaqı ilə kifayətlənməyib Odessaya qədər gedə bilər: "Çox təhlükəlidir, çünki bu birincisi onu göstərir ki, onlar Krımı Ukraynaya qaytarmaq niyyətində deyillər. Faktiki olaraq onlar dünyanın qalan hissəsinə deyirlər: "Bizi beynəlxalq hüquq maraqlandırmır, sizin nə dediyiniz vecimizə deyil". Ona görə də Rusiyanın elədiklərinə diqqətlə baxmaq və diqqətlə dinləmək lazımdır. İkincisi, onlar üç Ukrayna hərbi gəmisinə hücum ediblər və dənizçiləri girov götürüblər. Deməli, əgər həmin sularda kimsə yenə görünsə onlar yenə gücdən istifadə etmək istəyəcəklər. Əgər onlar hesab etsələr ki, Qərb heç nə edən deyil, o zaman fikrimcə belə real təhlükə var ki, ruslar Odessaya güclü təzyiq edəcəklər və daha sonra Rumıniya istiqamətində irəliləyəcəklər".

Ukraynanın ABŞ-dakı keçmiş səfiri Yuri Şerbak isə iddia edir ki, Rusiya Ukrayna, Belarus, Qazaxıstan və Arktika istiqamətində müharibəyə hazırlaşır. Şerbak bildirib ki, Moskva 4 istiqamətdə zərbə variantlarını nəzərdən keçirir: "Dörd zərbə istiqaməti var. Birinci istiqamət Ukraynadır. Mən bilmirəm ki, bizim hava hücumundan müdafiəmizin gücü nə yerdədir. Biz boz təhlükəsizlik zonasındayıq. Heç kim bizim yerimizə döyüşməyəcək. Biz NATO üzvü olmayana qədər Polşadan, Amerikadan, Fransadan hərbçilər gəlməyəcək. İkinci istiqamət Belarusdur. Hazırda onun üzərində böyük təhdid yaranıb. Üçüncü istiqamət isə Qazaxıstandır. Moskvanın nəzər yetirdiyi son yön Arktikadır. Rusiya bu ərazini tamamilə əsassız şəkildə öz mülkü elan edib. O, Böyük Şimal Yolunu bağlamaq istəyir".

Nəzərinizə çatdıraq ki, Ukrayna prezidenti Petro Poroşenko bir müddət öncə məhz bu mövzuya toxunaraq, "Rusiyanın Krıma nüvə silahı yerləşdirməsi ehtimalı gözdən qaçırılmamalıdır", deyə qeyd etmişdi. Onun sözlərinə görə, onsuz da Krımda bunun üçün müvafiq infrastruktur mövcud idi, Rusiya son 5 ildə bu infrastrukturu təzələmək üçün işlər aparıb: "Eyni zamanda Qara dənizə kifayət qədər hərbi güc toplayıb. Ukraynanın şərqində yaşanan böhran hazırda Avropada ən uzun müddətli qarşıdurmadır, 5 ildir Ukrayna xalqı qaynar qarşıdurmalar ocağında yaşayır". Rusiyanın başladığı müharibəni başa çatdırmaq niyyəti olmadığını vurğulayan Poroşenko Rusiyanı hibrid müharibəsi aparmaqda da ittiham edib.

"Rusiyanın bu addımı Qara dənizdə yeni gərginliyin yaranmasına və "soyuq müharibə"nin dərinləşməsinə gətirib çıxara bilər"

Картинки по запросу hərbi-siyasi icmalçı

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirdi ki, Rusiya son bir il ərzində Krımda hərbi qüvvələrinin sayını xeyli artırıb: "Söhbət texnikadan gedir. Belə ki, bu müddət ərzində Rusiya Krımda ortamənzilli raket sistemlərinin sayını artırmaqla məşğuldur. Qeyd edim ki, həmin ortamənzilli raket sistemləri həm gəmilər üzərində qurulan, həm də yer-yer tipli taktik raket sistemləridir. Həmin raket sistemləri isə birbaşa Qara dəniz hövzəsindəki NATO ölkələrinə yönəlib. Nüvə başlıqları ilə bağlı məqama gəlincə, ötən il ukraynalı hərbi ekspertlər bu məsələni qaldırmış, açıqlamalarla çıxış etmişdilər. Onlar bəyan etmişdilər ki, Rusiya Krımda nüvə başlıqları olan raket sistemləri quraşdırır. Hesab edirəm ki, bu addımın atılması Qara dəniz hövzəsində, o cümlədən Rusiya-Ukrayna münasibətlərində əlavə gərginlik yarada bilər. Nəzərinizə çatdırım ki, Qara dəniz hövzəsində yerləşən 5 ölkədən 3-ü - Türkiyə, Bolqarıstan və Rumıniya NATO üzvüdür. Gürcüstan və Ukrayna isə NATO ilə tərəfdaş ölkələrdir. Odur ki, Rusiyanın bu addımı atması Qara dənizdə yeni gərginliyin yaranmasına və "soyuq müharibə"nin dərinləşməsinə gətirib çıxara bilər".

"İnanmıram ki, NATO və birbaşa ABŞ bu məsələdə loyallıq nümayiş etdirsin"

Hərbi-siyasi icmalçının sözlərinə görə, Rusiya nüvə başlıqlarını Krım ərazisinə köçürməklə Donetsk və Luqanskda separatçı qüvvələrə dəstək göstərmiş olacaq: "Bu isə məhz Kiyevə qarşı təzyiq vasitəsi kimi dəyərləndirilməlidir. O cümlədən, Rusiyanın nüvə başlıqlarını Krım ərazisinə köçürməsi Rumıniya, Bolqarıstana və baxmayaraq ki, indi Türkiyə-Rusiya münasibətləri yaxşıdır, lakin bu addım həm də Türkiyəyə qarşı yönəlib. İnanmıram ki, NATO və birbaşa ABŞ bu məsələdə loyallıq nümayiş etdirsin. Hesab edirəm ki, bu addım Rusiyaya qarşı yönələn sanksiyaların miqyasını artıracaq, eyni zamanda Qara dəniz hövzəsindəki NATO ölkələrinə yönələn bu təzyiq Rusiya Federasiyasına SSRİ-nin taleyini yaşada bilər. Çünki Rusiyanın iqtisadi imkanları və ideologiyası Avropaya qarşı yeni müharibə qapısı açmağa imkan vermir. Yəni hazırda Rusiya o qədər güclü deyil ki, Avropa və ABŞ-a qarşı açıq müharibə aparsın".

"Odessa Ukraynanın nəzarətindən çıxarsa, o zaman avtomatik olaraq Ukraynanın Qara dənizə çıxışı bağlanır"

Картинки по запросу KRIM XƏRİTƏ

Rusiyanın Odessanı ələ keçirmə niyyətinə gəlincə, Ramil Məmmədli qeyd etdi ki, Krımın ilhaqı prosesindən, o cümlədən Donbasda gərginlik başladıqdan sonra növbəti hücum Xarkov və Odessaya nəzərdə tutulmuşdu: "Yəni Rusiya planlaşdırırdı ki, Xarkov və Odessa istiqamətində olan zolağı tam nəzarətə keçirsin və bununla da Ukraynanın Qara dənizə çıxışı bağlanılsın. Çünki Odessa Ukraynanın nəzarətindən çıxarsa, o zaman avtomatik olaraq Ukraynanın Qara dənizə çıxışı bağlanır. Əlbəttə Kreml bu fikrindən daşınmayıb. Belə ki, Odessa və Xarkovda olan Rusiyameyilli qüvvələr hələ də aktivdirlər. Yəni bu, Kremlin mövqeyidir və Rusiya bu prosesə doğru irəliləməyə çalışır. Odur ki, Ukraynanın müdafiə imkanlarının güclənməsi üçün Qərbin ciddi tədbirlər görməsi olduqca vacibdir".

"Rusiya Belarus vasitəsiylə Ukraynanı hərbi mühasirədə saxlamağa çalışır"

Ukraynanın ABŞ-dakı keçmiş səfiri Yuri Şerbakın Rusiyanın Ukrayna, Belarus, Qazaxıstan və Arktika istiqamətində müharibəyə hazırlaşması ilə bağlı açıqlamasına da münasibət bildirən hərbi-siyasi icmalçı bu qənaətdədir ki, istiqamətlər tamamilə dəqiq göstərilib: "Çünki Rusiya son 5 ildə Arktikadakı hərbi bazalarının sayını artırmaqla, onların maddi-texniki imkanlarının gücləndirilməsi ilə məşğuldur. Hətta bir neçə il öncə Rusiya prezidenti Vladimir Putin hərbi rəhbərliklə birlikdə Rusiyanın Arktikadakı yeni əsas bazasına, mərkəzi qərargahına baxış keçirmişdi. Bundan başqa, hər dəfə Rusiyanın hərbi mətbuatını izlədikdə Arktikadakı hərbi bazaların yeni hərbi texnikalarla təchiz olunmasının şahidi oluram. Qazaxıstana gəlincə, bildiyiniz kimi, Nursultan Nazarbayevin hakimiyyəti dönəmində həyata keçirdiyi siyasət, bütün vasitələrdən istifadə etməklə Rusiyanın hərbi müdaxiləsinin qarşısını almağa yönəlib. Hətta paytaxtın köçürülməsi də bu təsirin azaldılmasına hesablanmışdı. Odur ki, bu gün Qazaxıstanın da Rusiyanın nişangahında olduğunu demək mümkündür. Yəni bu ölkə də Rusiyanın işğal etmək istədiyi ərazilər sırasındadır. Belarus və Ukrayna ilə bağlı məsələyə gəlincə, Rusiya Belarus vasitəsiylə Ukraynanı hərbi mühasirədə saxlamağa çalışır. Görünən odur ki, vəziyyət gərginləşərsə, Rusiyanın tam ilhaq etmək istədiyi ərazi məhz Belarus olacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA