"CHP artıq parçalanan AKP üçün olduqca ciddi rəqibdir" - ZEYNAL ƏMRƏLİYEV

"CHP artıq parçalanan AKP üçün olduqca ciddi rəqibdir" - ZEYNAL ƏMRƏLİYEV

"Türkiyədə prezident üsul idarəsinin özünü çox qoruyub saxlaya biləcəyi inandırıcı deyil"

"Əli Babacan bir zamanlar Rəcəb Tayyib Ərdoğanın ən sevimli kadrı idi. Hətta o, Ərdoğanın varisi gözündə görülürdü. Abdullah Gül prezident seçildikdən sonra xarici işləri naziri postunu ona həvalə etmiş, ardınca isə onu özünə müavin edərək iqtisadi blokun rəhbərliyinə gətirmişdi". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyevə məxsusdur.

Onun sözlərinə görə, Əli Babacan AKP-nin digər lider kadrosuna nisbətən gənc, çevik, xarizmatik bir imic formalaşdıra bilmişdi: ""Ərdoğandan sonra Babacanmı?" sualı zamanında hamının ağlına gəlirdi. Babacan Qərb təhsili almış, Qərbin maliyyə dairələri ilə yaxın əlaqəsi olan, vaxtı ilə davamlı olaraq məhkəmə davaları ilə ard-arda partiyaları bağlanan "Milli Görüş" hərakatından çıxmamış azsaylı AKP qurucularından biri idi. Ərdoğan 2014-də prezident seçildikdən sonra onun yerinə potensial namizəd idi. Lakin Ərdoğan AKP-nin quruluşunda yer almayan, siyasət professoru, "açılımların müəllifi" Əhməd Davudoğlunu seçdi. 1 il sonra, 2015-ci ildə isə Babacan hökumətin tərkibindən uzaqlaşdırıldı. Bu uzaqlaşdırma isə şübhəsiz ki, Ərdoğanın varis əməliyyatının tərkib hissəsi idi. Babacan getdikdən sonra kabinetə Berat Albayrak gətirildi. Bu gün də maliyyə və xəzinadarlıq naziri kimi iqtisadi bloka rəhbərlik edir. Ərdoğan bir növ Babacanı kürəkəni ilə əvəz etdi. Babacan gənc siyasətçi kimi təbii olaraq siyasətdə hədəfləri var idi. Qərbin finans çevrələri ilə yaxın əlaqəsi olan və bir zamanların xarizmatik xarici işlər naziri olaraq varis olacağını gözləmək onun təbii haqqı idi".

Zeynal Əmrəliyevin fikrincə, zamanında Nəcməddin Ərbakanın yanında nüfuzlu bələdiyyə başqanı imicinə sahib olan və öz siyasi yüksəlişini arzulayan Ərdoğan da eyni aqibətlə üzləşmişdi: "Ərbakan özünə varis olaraq gənc Gül və ya Ərdoğanı deyil, yaşlı Recai Kutanı seçmişdi. Nəticədə qocaman siyasi ustadlarına etiraz edən bu gənclər başqa partiyada birləşdilər. Eyni prosses bu gün də baş verir. Ərdoğanın tez-tez "yola çıktıqları dava yoldaşlarını satdılar, qoyub gedirlər" ifadəsi məsələyə bir tərəfli yanaşmadır. İlk növbədə partiyanın lideri Rəcəb bəy olsa da, bu partiyanın qurulmasında Gülün də, Babacanın da rolu var. Dava yoldaşı dava yoldaşını yarı yolda qoyub getməz, amma dava yoldaşı da dava yoldaşını oyundan kənar vəziyyətə salmaz. Birgə zəhmətə təkbaşına yiyələnməyə çalışmaz. Aparıcı simalar oyundan kənar edilməsəydi, bu partiyada parçalanma olmazdı. Siyasətdə hər kəsin hədəfləri, məqsədləri olur. Bu bütün siyasilər üçün xasdır. Yüksək dərəcədə iddialı, təcrübəli, xarici əlaqələri və ölkədaxili nüfüzları olan insanların kənarda sakit oturmasını gözləmək sadəlövlük olardı. AKP-dən qopmalar olacaq və onsuz da gün getdikcə zəifləyən bu təşkilat xeyli qan itərəcək. Artıq AKP-nin sağın tək ümid yeri olması barəcə olan fikir gömülür. Bu sağda önəmli parçalanma yaradacaq. Sağın digər önəmli qurumu olan Səadət Partiyası da yeni partiya ilə çalışacaq. Bunun siqnalını hələ xeyli əvvəl partiya rəhbəri Temel Karamollaoğlunun Abdullah Güllə görüşü də təsdiq etdi. Bir şey dəqiqdir ki, iqdisadiyyatı dərindən bilən və Qərbdə bunun təhsilini görmüş Babacan hökuməti iqtisadi uğursuzluğa görə yerdən-yerə vuracaq".

Ekspert hesab edir ki, Əli Babacan var gücü ilə Rəcəb Tayyib Ərdoğanın kürəkənini tənqid edəcək: "Albayrakın onun qarşısında duruş gətirə biləcəyi heç də inandırıcı deyil. Berat bəyin gəlişindən sonra Türkiyə iqtisadiyyatı irəliləmək əvəzinə daha da geriləyir. Düzdür, qayınatası bunun günahını Mərkəzi Bank sədrinin üzərinə qoyub onu istefaya yollasa da, hər kəsə məlumdur ki, ölkənin maliyyə siyasətini müəyyən edən və buna rəhbərlik edən Mərkəzi Bankın sədri yox, maliyyə naziridir. Mərkəzi Bank sadəcə, bu siyasəti tənzimləyir. Böhranın dərin və uzun müddətli olması isə ümumilikdə maliyyə siyasətinin yanlış olduğunu ortaya qoyur. Sağda baş vermiş parçalanma son bələdiyyə seçkilərində öz nüfuzunu artıran solun güclənməsinə səbəb olacaq. CHP artıq parçalanan AKP üçün olduqca ciddi bir rəqibdir. Nəzərə alaq ki, Türkiyədə heç bir siyasi partiyanı dəstəkləmədən bitərəf olan seçicilər də Əkrəm İmamoğluna olan şəxsi rəğbətləri səbəbi ilə CHP seçməni sırasına daxil olmuş vəziyyətdədir. Babacan həm də İmamoğlunun qarşısına çıxmaq üçün yaxşı profildir. Onun qədər gənc, xarizmatik, vəzifədə olduğu dövrdə uğurlu fəaliyyəti ilə ad çıxarmış bir siyasətçidir. Hadisələrin inkişafı Türkiyə sağının və solunun yeni liderlərə qovuşmasına səbəb ola bilər. Bir zamanların xarizmatik liderləri olan Süleyman Dəmirəl və Bülent Ecevitdən sonra Türkiyə siyasətində qütbləşmə yenidən yarana bilər. Onu da qeyd edim ki, Türkiyədə prezident üsul idarəsinin özünü çox qoruyub saxlaya biləcəyi inandırıcı deyil. Belə ki, AKP-nin gedişi ilə bu sistem də tarixə qovuşacaq və hər zaman aktiv siyasətə öyrəşmiş türk siyasətinin yenidən parlament idarəçiliyinə qovuşacağı dəqiqdir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA