"Dağlı məhləsi"nin dağılan yolları və öz puluna asfalt tökən sakinlərin dərdi... - REPORTAJ, FOTOLAR

"Dağlı məhləsi"nin dağılan yolları və öz puluna asfalt tökən sakinlərin dərdi... - REPORTAJ, FOTOLAR

II Alatava yaşayış massivi şəhərin mərkəzindən uzaqda deyil. Məsələn, Qubanın ucqar Xınalığına, Lerikin ən son kəndinə, Gədəbəyin İvanovkasına elə yollar çəkilib ki, adam mat-məəttəl qalır. Fikirləşirsən ki, bəs, metronun "20 Yanvar" stansiyasına yaxın olan II Alatavanın yolları niyə düzəlmir.

El arasında "Dağlı məhləsi" adlanan Alatavanın yollarının bir hissəsi camaatın öz cibindən xərc çəkməsi hesabına asfaltlanıb. Yasamal bələdiyyəsi isə bunu öz işi kimi rəsmiləşdirmişdi.

Halbuki, buranın sakinləri pul qoyaraq yolların bir tərəfini düzəltdiriblər. Amma qəsəbənin qalan yolları bərbad vəziyyətdədir, dağılıb, tökülüb, sanki asfaltın üstündən tank keçib.

Sakinlər sual edirlər ki, indi gərək onlar da pul yığıb özləri yolları asfaltlasınlar: "Bəs, Yasamal Rayon İcra Hakimiyyəti, yol idarəsi və bələdiyyə hara baxır? Harda görünüb ki, vətəndaşlar öz cibindən pul verib, yol çəkdirsin. Bura şəxsi həyət deyil, qəsəbədir. Yaxşı olardı ki, təzə icra başçımız Alatavaya gəlsin, əhali ilə görüşsün, yollarımızla tanış olsun, görsün ki, bu yollardan öz xidməti avtomobili necə keçəcək. Yolların yaxşılaşdırılması üçün büdcədən maliyyə ayrılır, sonra öz pulumuza yol düzəldirik, bəs həmin vəsait hara gedir?

Yuxarı məhəllənin camaatı hər yerə yazdı, müraciət elədi, gördülər ki, faydası yoxdur, məcbur qalıb pul yığdılar, yolları asfaltladılar. Çünki başqa yolları yoxuydu, bərbad gündəydi, dağılmışdı, qarda-buzda heç gedib-gəlmək olmurdu. Bələdiyyə də işi öz adına çıxardı. İndi belə çıxır ki, bu boyda qəsəbənin bütün camaatı bir-bir pul yığıb yolları özü hamar eləməlidir".

Ümumiyyətə, Alatava darısqal, keçilməz yolları olan, metronun “20 Yanvar” stansiyasından 2-3 kilometr aralıda yerləşən ərazidir. Burada iki maşın yan-yana keçə bilmirlər, mütləq biri, o birinə yol verməlidir. Üstəlik, Alatava dik və təpə massivdir. Qışda qar, yağış yolları qazıyıb tökür. Qarlı günlərdə maşın sürmək mümkün olmur.

Camaat isə fədakarlıq göstərərək illərdir ki, bu çətinliyə dözür. Ancaq bu, onların ilk belə fədakarlığı deyil. Alatava aprel döyüşlərində şəhid vermiş qəsəbədir.

Komandir Mirzə Novruzov aprel döyüşlərində şəhid olub və qarşıdan onun ildönümü gəlir. O zaman Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyev şəhidin evinə gedən yolu yarımçıq asfalt eləmişdi, malalamışdı.

Amma 5-6 maşın asfalt tökməyə əli gəlməmişdi. Belə hörmətsizlikdən sonra sakinlər yuxarılardan bir səs çıxmadığını görüb, çarəsizlikdən pul yığıb, indi yolu düzəldirdilər. Ancaq bu, bütün yaşayış massivini əhatə eləmədi. İndi Alatavanın digər küçələrnin də asfaltlanmasına ehtiyac var...

Onu da deyək ki, adı “gecəqondular məhəlləsi” kimi çıxan və söküləcək yaşayış əraziləri siyahısında olan qəsəbədə nə məktəb, nə xəstəxana, nə də uşaq bağçası var. Sakinlərin dediyinə görə, Alatava “20 Yanvar” metro stansiyasından başlayıb, Tiflis prospektinə qədər olan ərazini əhatə edir.

2013-cü ildə bu qəsəbənin sökülməsi gündəmə gələn zaman Yasamal Rayon İcra Hakimiyyəti əhaliyə 700-800 manatdan kompensasiya təklif edibmiş.

Çünki Alatava qəsəbəsinin bir hissəsi magistral yolun yaxınlığında yerləşdiyindən, tez-tez tıxac yaranan yolun genişləndirilməsi üçün həmin evlərin sökülməsi gündəmdə imiş.

Bu səbəbdən yolun genişləndirilməsi və “İpək yolu” layihəsinin icrasına görə yüzlərlə tikilinin uçurulması nəzərdə tutulubmuş.

Lakin əhali veriləcək kompensasiyanı narazılıqla qarşılamış və mənzillərinin hər kvadratmetri üçün azı, 1000 manat ödənilməsini tələb etmişdi. O gündən Alatavada söküntü məsələsi qeyri-müəyyən müddətə dondurulub./musavat.com/