"Divar kartondan deyildi ki, alov dərhal palataya keçsin" - 25 nəfərin öldüyü yanğın işi

"Divar kartondan deyildi ki, alov dərhal palataya keçsin" - 25 nəfərin öldüyü yanğın işi

25 xəstənin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilir.

Musavat.com xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Sonuncu məhkəmə iclasında Mərkəzdə müalicə alan, yanğının ilk şahidlərindən olan Nail Talıbov yenidən dindirilib.

Şahid M.Məmmədovun vəkilinin vəsatəti əsasında əlavə şahid qismində dindirilib.

Çünki təqsirləndirilən Məhəmməd Məmmədov deyirdi ki, yanğının onun saxlandığı 14-cü palatadan başlanması barədə deyilənlər yalandır, hadisənin əvvəlində özünü yetirib, alovu söndürməyə çalışan şəxslər də bunu təsdiqləyə bilər.

Dindirilən Nail Talıbov təsdiqləyib ki, yanğını M.Məmmədovun qaldığı otaqda yox, 15-ci palatada görüb.

“Tualetdən qayıdırdım, gördüm, qışqırıq gəlir. Kimsə “kömək eləyin” deyirdi. Qışqırıq 15-ci palatadan gəlirdi, qapısı da açıq idi. İçəri girəndə gördüm ki, çarpayının üstündəki yorğan yanır, orada yatan xəstə Mahir onu söndürməyə çalışır. Qaldıranda gördüm ki, döşək də tüstülənir. Bizim palatada təxminən 5 litrlik qabda su vardı, qaçıb onu gətirməyə getdim. Qayıdana qədər alov bir az da artmışdı”- deyə şahid bildirib.

Ehtimallardan biri budur ki, yanğın M.Məmmədovun qaldığı 14-cü palatada başlayıb, divardan 15-ci palataya keçə bilərdi. Ona görə Nail Talıbovdan soruşublar ki, həmin vaxt o, divarın yandığını görübmü? O, “yox” cavabı verib.

Bu suala həbs edilən M.Məmmədov da münasibət bildirib.

O deyib ki, hamısı uydurmadır: "Divar kartondan deyildi ki, dərhal keçsin. Yanğın bizim otaqdan o biri palataya keçənə qədər gərək mənim yanımdakı xəstə kül olaydı. Mənim boynuma yıxmaq üçün uydurublar onu”.

Hadisədən sonra öncə Xətai Rayon Polis İdarəsində, daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını bir daha təkrarlayan M.Məmmədov onu döyən polislərin məhkəmədə dindirilməsini istəyib.

Hakim Azər Paşayev proses iştirakçılarına məlumat verib ki, təqsirləndirilən M.Məmmədovun hələ məhkəmənin əvvəlindən işgəncə barədə şikayətlərindən sonra məsələ ilə əlaqədar həm Baş Prokurorluğa, həm də Bakı şəhər Prokurorluğuna məktub göndərib. Hakim prokurorluqdan məhkəməyə gələn cavabı da elan edib.

Cavabda yazılıb ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə M.Məmmədovun gətirilməsi, orada saxlanmasında iştirak edən polislər çağrılıb dindirilib: “Araşdırmalar zamanı Məhəmməd Məmmədovun göstərdiyi xüsusatlar təsdiqini tapmayıb. Ona görə də 12 oktyabr 2018-ci il tarixli qərarla Məhəmməd Məmmədovun şikayəti üzrə cinayət işi başlanması rədd edilib”.

M.Məmmədovun vəkili yanğınla bağlı rəy vermiş ekspertin də məhkəmədə dindirilməsini istəyib: “Rəydə yanğının mənbəyi kimi, 14-cü palata, amma yanğına səbəb ola biləcək əşyaların 15-ci palatada olduğu yazılıb. Bu nə deməkdir?”

Məhkəmə bu vəsatəti təmin edib. Martın 19-da məhkəmədə ekspert dindiriləcək.

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA